Məhkəmə qərarları › İş №2(006)-1137/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1137/2023

18.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1137/2023 18.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 qarşı "pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun 25-ci kilometrliyində Kürdəmir rayon sakini Cavabdeh2 idarə etdiyi “MG” markalı, ** KD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yolun sol kənarına çıxaraq yoldan 18 metr kənarda dayanmış, iddiaçıya məxsus “VAZ- 21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş, nəticədə Cavabdeh2 xəsarət alaraq Kürdəmir rayon Mərkəzi Xəstəxanasına müraciət etmişdir. Nəticədə iddiaçıya 6.923 manat məbləğində ziyan dəysə də, bu günə kimi cavabdehlər - Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 imtina səbəbindən həmin 6.923 manat məbləğində ziyanı ala bilməmiş, onlar açıq-aşkar imtina etmişlər. Göstərilənlərə əsasən 6.923 manat dəymiş ziyana görə pul məbləğinin cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən və Cavabdeh2 müştərək qaydada məcburi surətdə alınaraq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X3 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, onlar tərəfindən iddiaçıya baş vermiş ziyanla bağlı təyin olunmuş sığorta ödənişi ilə iddiaçı razı olmadığından iddiaçının seçimi əsasında müstəqil ekspert təyin edilmiş və həmin ekspert tərəfindən vurulmuş ziyanın məbləği 2595 manat müayyən edilmişdir. Lakin iddiaçı həmin məbləğlə də razılaşmadığından ona şirkət tərəfindən heç bir sığorta ödənişi ödənilməmişdir. Qeyd edilənlərə əsasən iddianın qismən təmin olunması barədə qətamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

5. Əvvəlki məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddiçı qeyd etdiyi yol-nəqliyyat hadisəsini o, idaretməni itirərək törətmişdir. Hadisə zamanı sərxoş olmamış, iddiaçı avtomobilini yol kənarında saxlamış və həmin yoldan avtomobiliylə keçərkən idarəetməni itirərək iddiaçıya məxusus avtomobilə çırpılmışdır.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində sığortalanmış və Cavabdeh2 tərəfindən idarə olunmuş “MG” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olan “VAZ-21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində iddiaçıya məxsus avtomobilə maddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində sığorta hadisəsi baş verdiyindən və həmin yol-nəqliyyat hadisəsində iddiaçı zərərçəkən hesab olunduğundan, onun sığorta hadisəsi ilə bağlı sığorta ödənişi almaq hüququ yaranmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində cavabdeh təşkilat tərəfindən iddiaçıya 2595 manat sığorta ödənişini ödəməyə təklif olunmuşdur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, o, sığorta şirkəti tərəfindən hesablanan sığorta ödənişi ilə razı deyil, ona məxus avtomobilə dəymiş ziyan 6923 manat təşkil edir və iddiaçı vurulmuş ziyanın əvəzi kimi həmin məbləğin ödənilməsini tələb edir.

b) Mülki işin materialları:

9. Mülki işin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, “VAZ-21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı minik avtomobilin təmiri üçün cəmi 6923 manat vəsait hesablanmışdır.

10. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işi başlanılmasının rədd edilməsi barədə qərarına əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən baş vermiş yol-nəqliyyat hadisəsi faktı əsasında toplanmış materiallar üzrə Cavabdeh2 barəsində toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından cinayət işibaşlanmasının rədd edilməsi, Cavabdeh2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surəti Ağsu RPŞnin DYPB-nə göndərilməsi, qərarın surəti prosessual rəhbərliyi həyata keçirən Ağsu rayon Prokuroru və maraqlı və maraqlı tərəflərə göndərilməsi, toplanmış material saxlanılması üçün Ağsu RPŞ-nin dəftərxanasına verilməsi qərara alınmışdır.

11. Mülki işin materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən 2008-ci buraxılış ili olan, “VAZ-21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı hazırki vəziyyətdə ümumi qiymət təxminən 2595 manat müəyyən olunmuşdur.

12. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 9/2118 №-li məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiq edilən 2008-ci il buraxılışlı “VAZ-21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olumamış və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 5110 manat müəyyən edilmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

15. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

16. AR Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

18. AR Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Eyni Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

23. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.

24. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 6923 manat pulu tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 2008-ci il buraxılışlı, “VAZ-21015” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə 5110 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

25. Belə olan halda, iddiaçının avtomobilinə vurulmuş zərərə görə 6923 manat pul tələb etməsi əsassızdır.

26. Məhkəmə hesab edir ki, avtomobilin 2008-ci il buraxılışlı olmasını nəzərə alaraq vurulmuş zərərin məbləği dəyişilməli hissələrin qiymətinə köhnəlmə faizi nəzərə alınmaqla müəyyənləşdirilmiş 5110 manat məbləğ iddiaçının xeyrinə tutulmalıdır.

27. Məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən verilmiş rəydə göstərilmiş məbləğ (2595 manat) yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş avtomobilin hazırki vəziyyəti nəzərə alınmaqla həmin avtomobilin bərpa olunması üçün kifayət deyildir.

28. Həmçinin, qeyd olunmalıdır ki, qəzaya səbəb olan avtomobil “MG” markalı, **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinin mülki məsuliyyəti sığorta şirkətində 5000 (beş min) manatadək məbləğə sığortalanmışdır.

29. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.

30. Həmin Qanunun 56.1.2-ci maddəsinə əsasən üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri - üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat müəyyən edilir.

31. Məhkəmə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin 5110 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini (həmçinin qanunla nəzərdə tutulmuş 5000 manat məbləğində ödənilməli olan limitin) nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 manat, geriyə qalan məbləğ (110 manat) isə Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir.

32. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

33. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərci - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq 50 AZN-nin 13,50 AZN-ni İddiaçı, 36,50 AZN-i isə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir.

34. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

36. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

37. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

38. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

39. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 5000 (beş min) manat, Cavabdeh2 isə 110 (bir yüz on) manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 AZN-nin 13,50 AZN-ni İddiaçı, 36,50 AZN-i isə cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar