Məhkəmə qərarları › İş №2(006)-1140/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1140/2021

19.04.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1140/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh-yə qarşı «icarə müqaviləsinin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 21.02.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, həmçinin Cavabdehnin direktor və digər üzvləri ilə birgə ona məxsus mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o - X1 ümumi sahəsi 77.6 kv.metr olan ƏMKD-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən 31.10.2019-cu il tarixdə **********52-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ona məxsus yaşayış sahəsini 21.02.2020-ci il tarixdən Cavabdeh-yə direktor Mohammad Navvazın şəxsinə icarəyə vermişdir. Müqaviləyə əsasən Cavabdeh icarəçi, o, isə icarəyə verəndir. Müqavilənin 4-cü bəndinə görə Cavabdeh-nin direktoru Mohammad Nawaz müqavilə bağlandıqdan sonra ona hər ay 1000 (min) manat ödəniş etməli idi. Lakin cavabdeh müqavilə bağlanan ana qədər ona bir qəpikdə olsun ödəniş etməmiş hətta tələb etməsinə baxmayaraq evindən belə çıxmamışdır. Hesab edir ki, cavabdehin ona ödəməli olduğu pul ödənilməli həmçinin Cavabdeh məhkəmə tərəfindən onun hüquqları qorunaraq onun məcburi çıxarılması təmin edilməlidir. Hesab edir ki, qeyd olunan ünvanda yerləşən mənzili alqı-satqı müqaviləsi əsasında əldə etmişdir və onun həmin mənzilə mülkiyyət hüququ yaranmışdır ki, bu da Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışda öz əksini tapmışdır. Lakin cavabdehlə aralarında bağlanmış müqavilədən irəli gələn öhdəlikləri və Azərbaycan Respublikasının qanunvericilik aktlarından irəli gələn normaları pozur və mənzili tərk etməyərək onun mülkiyyətindən istifadə və sahiblik hüquqlarının realizəsinə maneə törədirlər. Bu səbəbdən də cavabdehlərin mülkiyyət hüququ ona məxsus mənzildən çıxarılması ilə bağlı qətnamə qəbul edilməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin artırılması barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, Cavabdeh ilə aralarında bağlanmış 21.02.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, ödənilməmiş 12.000 manat məbləğində icarə haqqının cavabdehdən tutulması, həmçinin Cavabdeh MMC-nin direktorun ona məxsus olan mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 160, 4 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 21.02.2020-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İddiaçı (icarəyə verən) Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi, ev 160, 4 saylı mənzilini (ümumi sahəsi 77,50 kv/m) xidmət məqsədi ilə Cavabdeh-nin istifadəsinə verməyi, Cavabdeh isə (icarəçi) icarəyə verilmiş əmlakdan ancaq müqavilə şərtlərinə uyğun təyinatı üzrə istifadə etməyi öhtəsinə götürmüşdür. Aylıq icarə haqqının məbləği 1.000 manat, müqavilənin müddəti isə 21.02.2025-ci ilədək müəyyən edilmişdir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin 1 ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanan pretenziya məktubundan görünür ki, icarəyə götürülmüş əmlakdan çıxmadıqları təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında icarə müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 160 saylı evin 4 saylı mənzili İddiaçı mülkiyyətindədir və o, həmin yaşayış sahəsini müxtəlif şəxslərə icarə müqaviləsi əsasında icarəyə verir. 21.02.2020-ci il tarixli tarixli icarə müqaviləsinə əsasən iddiaçı həmin mənzili istismara yararlı vəziyyətdə 21.02.2025-ci il tarixədək Cavabdeh MMC-yə direktorun şəxsi yaşayışı üçün icarəyə vermişdir. Mohammad Navvaz mənzildən təyinatı üzrə istifadə etmiş, lakin istifadə etdiyi dövr üçün icarə haqqını ödəməmişdir. Cavabdeh MMC-yə direktoru Mohammad Navvaz icarə müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi barədə obyekt sahibi tərəfindən xəbərdarlıq olunmuş, lakin icarəyə götürən edilən xəbərdarlığa münasibət bildirməmiş, obyektdən istifadə etməyə davam etmiş, nəticədə onun obyekt sahibinə icarə haqqı borcu yaranmışdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Bu Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Mülki Məcəllənin 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Göründüyü kimi, müqavilə üzrə mənzilin yaşayış üçün yaralı vəziyyətdə icarəçiyə təhvil verilməsi halı məhkəmə tərəfindən müəyyən edilməsinə baxmayaraq, cavabdehin həmin müqaviləyə əsasən icarə haqqının ödənilməsinə dair üzərinə götürdüyü öhdəliyin lazımi qaydada icra etdiyi halının işdə olan materiallara əsasən müəyyən edilməsi mümkün olmamışdır. Halbuki sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmək vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, icarə müqaviləsi üzrə icarə haqqının iddiaçıya ödənilmiş olduğunu sübut etmək vəzifəsi cavabdeh üzərinə düşür. Beləliklə məhkəmə, icarə haqqın ödənilməsinə dair sübut etmək yükünü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya ödənilməsini təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılmalı olduğunu nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən bağlanmış icarə müqaviləsinə əsasən icarə haqqının vaxtlı-vaxtında icarə verənə ödənilməsi halı öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Beləliklə, yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməli, 12000 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları icarə müqaviləsinin ləğvini də tələb etmişdir. MM-nin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 685.2.1-ci maddəsinə əsasən kirayəçi iki ardıcıl müddət üçün kirayə haqqının və ya onun xeyli hissəsinin ödənilməsini gecikdirdikdə kirayəyə verən xəbərdarlıq müddətini gözləmədən kirayə müqaviləsini ləğv edə bilər. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, mənzilin icarəyə verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, müqavilənin ləğvi barədə tələb təmin olunmalıdır. Məhkəmə həmçinin iddianın “Cavabdeh MMC-nin direktorun ona məxsus olan mənzildən çıxarılması” tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülki Məcəllənin (bundan sonra – MM) 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Yuxarıda qeyd edilən normalarda mülkiyyət hüququnun müdafiəsinin əşya hüquqi vasitələri təsbit edilmişdir. Bu vasitələr onunla xarakterizə olunur ki, onlar mülkiyyət hüququnun mütləq subyektiv hüquq kimi müdafiəsinə istiqamətlənib, hər hansı bir konkret öhdəliklə bağlı deyildir. Əşya-hüquqi iddialara aşağıdakılar aiddir: əmlakın başqasının qanunsuz sahibliyindən tələb edilməsi barədə iddia (vindikasiya iddiası); sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması ilə haqqında iddia (neqator iddia); mülkiyyət hüququnun tanınması haqqında iddia. MM-nin 157.2-ci maddəsində mülkiyyət hüququnun vindikasiya iddiası vasitəsi ilə müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Vindikasiya iddiası dedikdə, əmlaka sahiblik etməyən mülkiyyətçinin, əmlakın faktiki sahibinə qarşı yönəlmiş, əmlakın naturada qaytarılması barədə tələbi başa düşülür. Qüvvədə olan qanunvericiliyə görə vindikasiya iddiasının irəli sürülməsi üçün aşağıdakı şərtlər eyni zamanda mövcud olmalıdır; - iddiaçı əmlakın mülkiyyətçisi olmalıdır; - mülkiyyətçi öz əmlakı üzərinə faktiki sahiblikdən məhrum olmalıdır; - mülkiyyətçinin məhrum olduğu əmlak naturada mövcud olmalıdır və başqa şəxsin faktiki sahibliyində olmalıdır; - vindikasiya iddiası qaydasında yalnız fərdən-müəyyən olunan əşya tələb oluna bilər, yəni bu iddia mülkiyyətçinin sahibliyindən çıxmış, məhz həmin əşyanın qaytarılmasına istiqamətlənir; - cavabdehin əşyaya sahiblik hüququ olmamalıdır. Məhkəmə tərəfindən, iddiaçının tələbinin təmin edilməsi üçün zəruri olan bütün əsasların mövcudluğu müəyyən edilmişdir: iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehin faktiki sahibliyindədir, icarə müqaviləsi ləğv olunduğundan cavabdehin əşyaya sahiblik hüququ yoxdur. Beləliklə, məhkəmə cavabdehin hazırda iddiaçının mülkiyyətində olan obyektdən istifadəsinə əsas olmuş icarə müqaviləsi üzrə hüquq münasibətlərinə məhkəmə qaydasında xitam verildiyini nəzərə alaraq hesab edir ki, cavabdehin həmin sahədən istifadə etməsi, əmlakın mülkiyyətçisi olan İddiaçı mülkiyyət hüquqlarından sərbəst surətdə istifadə etməsinə məhdudiyyətlər yaradır və qüvvədə olan qanunvericiliyə əsasən bu yolverilməzdir. Məhkəmə yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, cavabdehin icarə müqaviləsinin obyekti olan mənzildən çıxmaması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia bu hissədə təmin edilməli, Cavabdeh MMC-nin direktoru Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 160 saylı evin 4 saylı mənzilindən çıxarılmalıdır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı ilə Cavabdeh ilə arasında bağlanmış 21.02.2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməli, müqavilə üzrə ödənilməmiş 12.000 manat məbləğində icarə haqqı Cavabdeh-nin direktoru Mohammad Nawazdan tutulmalı, həmçinin Cavabdeh MMC-nin direktoru Mohammad Nawaz İddiaçı məxsus olan mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 21.02.2020-ci il tarixli icarə müqaviləsi ləğv edilsin. Müqavilə üzrə 12.000 manat və dövlət rüsumu kimi ödənilmiş 10 manat, cəmi 12.010 məbləğində pul Cavabdeh-nin direktoru Mohammad Nawazdan tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC-nin direktoru Mohammad Nawaz İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsi 160 saylı evin 4 saylı mənzilindən çıxarılsın. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar