Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-12208/2021 21.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(006)-5744/2021 saylı qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi və icarə haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış 01 fevral 2020-ci il tarixli icarə müqaviləsinin ləğv edilməsi, iyun, iyul, avqust 2021-ci il tarixi üçün ödənilməyən icarə haqqı kimi 1200 manat vəsaitin iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Eyni zamanda iddiaçılar iddianın təmini tədbiri barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 61,5 kv.m, yaşayış sahəsi 36 kv.m olan 4 otaqlı mənzilin boşaldılaraq iddiaçılara təhvil verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(006)- 5744/2021 saylı qərardadı ilə ərizə rədd edilmişdir. Həmin qərardaddan iddiaçılar şikayət verərək, həmin qərardadın ləğv edilməsini və iddianı təmin etmə barədə ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli 2(006)- 5744/2021 saylı qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Ancaq işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, tətbiq olunması xahiş olunan iddianı təmin tədbiri həmin tədbirin məqsədləri ilə uzlaşmır. 01 oktyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublkası Mülki Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, iddianı təmin tədbiri termini müvəqqəti təminat tədbiri termini ilə əvəz edilmiş, tədbirin məqsədi mahiyyətcə dəyişməsə də, qanunvericiliyə olan dəyişikliklərdən sonra müvəqqəti təminat tədbiri qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədindən başqa, cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə də tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası MPM-in : 157.2-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşəcəyinin qarşısını almaq məqsədilə tətbiq edilir. 157.7-ci maddəsinə əsasən, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab edilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia tələbinin təmin olunacağı təqdirdə tətbiq olunması xahiş olunan iddianı təmin tədbirinin tətbiq olunmaması nəticəsində cavabdehin və ya digər şəxslərin hərəkətləri (hərəkətsizliyi) nəticəsində mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya əhəmiyyətli dərəcədə çətinləşə biləcəyinə hər hansı ehtimal yoxdur. Bundan əlavə, mənzilin boşaldılaraq iddiaçılara təhvil verilməsi mahiyyət etibarilə icarə müqaviləsinin ləğv edilməsi barədə iddia tələbinin hüquqi nəticəsidir. Hazırkı mərhələdə bu tədbirin tətbiq edilməsi işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi kimi qiymətləndirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, məhkəmə düzgün olaraq iddianı təmin etmə tədbiri barədə ərizənin rədd edilməsinə dair qərardad qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-158, 398-401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli 2(006)- 5744/2021 saylı qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayəti təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-12208/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-12208/2021
21.12.2021 · Müqavilələrin ləğv edilməsi - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver