Məhkəmə qərarları › İş №2(006)-1143/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1143/2021

02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1143/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi r-nu, H.B.Əliyev küçəsi, ev 32, 49 saylı mənzildə yaşayan Cavabdeh İddiaçı xeyrinə 85 000 (səksən beş min) manat məbləğində borcun, 2 il 11 ay müddət üzrə 12 395 (on iki min üç doxsan beş) manat gecikdirilmiş faiz borcu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 97 425 (doxsan yeddi mim dörd yüz iyirmi beş) manat məbləğin tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli (Kredit) Müqaviləsi ilə cavabdehə 30.000 ABŞ dolları (otuz min dollar) məbləğində pul borca vermiş, həmçinin xx.xx.2017-ci il tarixli (Kredit) Müqaviləsi ilə cavabdehə 20 000 ABŞ dolları (iyirmi min dollar) məbləğində pul borca vermişdir. Həmin məbləğləri bu müqavilələrdə müəyyən edilmiş müddətə və şərtlərlə Borc alan Borc verənə tam həcmdə qaytarmasını öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan ilk müqavilə ilə 30.000 ABŞ dolları (otuz min dollar) məbləğində pul borcunu xx.xx.2017-ci il tarixədək və digər müqavilə ilə 20.000 ABŞ dolları (iyirmi min dollar) məbləğində pul borcunu xx.xx.2017-ci il tarixinədək bütöv şəkildə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 8-ci bəndinə əsasən Borc alan müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. Müqavilənin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən Borc dollar məbləğində nəğd şəkildə qaytarılacaq. Borcun digər qaydada qaytarılmasına yalnız Borc verənin razılığı ilə yol verilə bilər. Cavabdeh İddiaçı ümumilikdə 50.000 ABŞ dolları (əlli min dollar) məbləğində pul borcunun 2017-ci ilin noyabr ayında ödiyəcəyini öhdəsinə götürməyinə baxmıyaraq bu günə kimi borcu ödəməkdən yayınır. Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2020-ci il tarixə olan məzənnəsinə əsasən 1 ABŞ dolları 1,70 manat təşkil edir. Cavabdeh İddiaçı ödəyəcəyi borc məbləği (50.000 ABŞ dolları * 1,70 Azn=) 85 000 (səksən beş min) manat təşkil edir. Hesab edir ki, ümumilikdə cavabdeh İddiaçı 97.395 (doxsan yeddi min üç yüz doxsan beş) manat məbləği ödəməlidir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia üzrə tələbləri yerində qalmaqla, yalnız iddia ərizəsinin “xahiş edirəm” hissəsində tələb olunan 50.000 ABŞ dolları məbləğində pulun qətnamənin icra ediləcəyi vaxt – gün ABŞ dollarının Azərbaycan manatının məzənnəsi nisbətində manatla hesablanaraq və 2 il 11 ay müddət üzrə 12395 manat gecikdirilmiş faiz borcun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil yuxarıda qeyd olunan məzmunda izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş, 3M-168 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 30.000 USD məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcun xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Cavabdeh ilə İddiaçı arasında bağlanmış, Bakı şəhəri 28 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənmiş, 3M-1567 reyestr nömrəli, xx.xx.2017-ci il tarixli borc müqaviləsindən görünür ki, “Borc verən” İddiaçı “Borclu” Cavabdeh 20.000 USD məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcun xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər borc müqaviləsini imzaları ilə təsdiq etmişlər. Məhkəmə tərəfindən işin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında xx.xx.2017 və xx.xx.2017-ci il tarixində borc müqaviləsi bağlanmış, müqaviləyə əsasən “Borc verən” İddiaçı “Borclu” Cavabdeh xx.xx.2017-ci il tarixli müqavilə üzrə 30.000 USD, xx.xx.2017-ci il tarixli müqavilə üzrə 20.000 USD məbləğində borc verməyi, “Borclu” isə borc müqaviləsi üzrə aldığı borcu müvafiq olaraq xx.xx.2017 və xx.xx.2017-ci il tarixədək “Borc verənə” qaytarmağı öhdəsinə götürmüşdür. Göründüyü kimi, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, yəni tərəflər arasında bağanmış borc müqaviləsi üzrə müəyyən olunmuş məbləğdə cavabdehə borc məbləğini versə də, cavabdeh ödəməli olduğu borc məbləğini iddiaçıya ödəməkdən yayınmışdır. İş materiallarından göründüyü kimi, “Borc verən” İddiaçı tərəfindən “Borclu” Cavabdeh ümumilikdə 50.000 USD məbləğində pulun verilməsi tərəflər arasında yazılı şəkildə bağlanmış borc müqaviləsinə əsasən öz təsdiqini tapmışdır. Məhkəmə, pulun qaytarılmasına dair sübut etmək yükü cavabdehin daşıdığını, lakin onun, məhkəmə tərəfindən məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlmədiyini və beləliklə də pulun iddiaçıya qaytarılmasını təsdiq edən sübutların iş materiallarında mövcud olmadığını, Azərbaycan Respublikasının MPMnin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən isə mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamənin tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarıldığını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən borc müqaviləsinə əsasən 50.000 USD məbləğində pulun alınması öz təsdiqini tapsa da, həmin müqaviləyə əsasən verilmiş pulun qaytarılması sübuta yetirilməmişdir. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən borc müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, borc müqaviləsi üzrə borc verənin müəyyən məbləğdə pulu borc olaraq verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə iddianın “2 il 11 ay müddət üzrə 12395 (on iki min üç doxsan beş) manat gecikdirilmiş faiz borcunun ödənilməsi” hissəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Borcalan-cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdən sonra kreditorun etdiyi xəbərdarlıqlara baxmayaraq pul məbləğinin ödəməsini gecikdirdiyindən, kreditoriddiaçı isə digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədiyindən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Belə ki, məhkəmə ilkin iddianı bu hissədə qismən təmin edərək hesab edir ki, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faiz hesablanmaqla (xx.xx.2017-ci il tarixli müqavilə üzrə: 30000 x 5%=1500:12 ay x 36 ay; xx.xx.2017-ci il tarixli müavilə üzrə: 20000 x 5%=1000:12 ay x 36) X1 7488 ABŞ dolları məbləğində faiz borcu yaranmışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPMnin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, əsas borc üzrə 50.000 ABŞ dolları və bu borcun gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 7488 ABŞ dolları, cəmi 57488 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı cavabdeh Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 50.000 ABŞ dolları və bu borcun gecikdirildiyi vaxt üçün illik 5 faiz hesablanmaqla 7488 ABŞ dolları, cəmi 57488 ABŞ dolları (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 28 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar