Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1146/2023 03.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun silinməsi, arayışların verilməsi və s» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçılar X5, X3, İddiaçı, X7 cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun silinməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Məhkəmənin 2(006)-202/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərardadı ilə iddiaçılar X5, X3, X7, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbi” nə dair iddia ərizəsi ilə bağlı 2(006)-202/2023 saylı mülki işdən iddiaçı X1 cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s” tələbinə dair, iddiaçı X4 cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbi”nə dair, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh2 Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun silinməsi, arayışların verilməsi və s tələbləri ayrılaraq ayrıca icraatda baxılması barədə qərardad qəbul edilmişdir.
3. Tələb onunla əsaslandırılmışdır ki, "xxxx" ASC tərəfindən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində istehlak krediti verilmişdir. Əslində həmin kreditlər "xxxx" ASC-nin "Santexquraşdırma" darəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş kreditlər faktiki olaraq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə sərf edilmişdir. Ona görə də, kredit borclarından cüzi hissələr idarənin rəhbərləri tərəfindən ödənilmiş, təxminən 90%-dən artığı isə ödənilməmiş qalmışdır. Bankın rəhbərliyi də vəziyyəti bildiyi üçün uzun müddət kreditlərin ödənilməsini tələb etməmişdir. Yanlız kredit müqavilələri üzrə icra müddətləri və iddia müddətləri keçdikdən sonra, 2018-ci ildə kreditlərin ödənilməsi üçün məhkəmə mübahisələri açılmışdır. Kredit müqavilələri üzrə borcun və faizlərin ödənilməsi üçün məhkəmələrə verilmiş iddialar iddia müddətininin ötməsi əsası ilə təmin edilməmişdir. Belə ki, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun İddiaçı qarşı iddiası Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə də iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 28 dekabr 2019-cu il tarixli 2(102)-2068/19 saylı Qərarı ilə "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kredit alan həmin şəxslərə qarşı heç bir iddiası təmin edilməmişdir və bankın ləğvedicisinin kredit borclarını geri tələb etmək imkanı qalmamışıdr. Həmin borclar faktiki olaraq ümidsiz borca çevrilmişdir və onların borc siyahısında saxlanmasının heç bir faydası və mənası yoxdur. Bununla belə, "xxxx" ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu yekun məhkəmə qərarlarının qəbul edilməsindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq, hazırki iddiaçıların hesabından həmin borcları silmir və onların adları Mərkəzi Kredit Reyestrindən çıxarılmır.Cavabdeh bu hərəkətsizliyi ilə faktiki olaraq iddiaçıların mülki dövriyyənin subyekti kimi hüquqlarını məhdudlaşdırır. Nəinki iddiaçılara, hətta onların ailə üzvlərinə banklar tərəfindən heç bir kredit verilmir. İddiaçılar öz maddi ehtiyaclarını ödəmək üçün banklardan kreditlər almaq istədikdə, onların adları borclu və problemli şəxs kimi Azərbaycan Kredit Bürosu MMC-nin Mərkəzi Kredit reyestrində olduğu üçün kredit ala bilmirlər və öz ehtiyaclarını təmin edə bilmirlər. İddiaçılara aid tələblər üzrə nəinki müddət keçmişdir, hətta bu vəziyyət məhkəmə qərarları ilə təsdiqlənmişdir. İddiaçılar hazırki işdəki cavabdeh qarşısında heç bir öhdəlik daşımırlar. Onların adlarının borclular siyahısında saxlanılması hüquqlarını əsassız məhdudlaşdırır. Bu səbəbdən də onların adları borclular siyahısından çıxarılmalıdır və bu barədə cavabdeh tərəfindən Azərbaycan Kredit Bürosu MMC-yə arayış verilməlidir.29 mart 2022-ci il tarixdə iddiaçılar onların adına olan borclarının silinməsi, borclarının olmaması və borc məbləğinin Mərkəzi Kredit Reyestrindən silinməsinə dair göstəriş verilməsini xahiş etmişlər.Əmanətlərin Sığortalanması Fondunun aprel-may aylarında iddiaçıların ərizələrinə verdiyi müvafiq cavab məktubları ilə borcların silinməsi barədə fondun üzərinə öhdəlik qoyulmadığını bildirmişdir. Cavabdeh nəzərə almayıbdır ki, həmin iddialar məhkəmələrə onun tərəfindən verilmişdir. İddiaların təmin edilməməsi isə hazırki işdəki iddiaçıların onun qarşısında ödhəliklərinin qalmamasının məhkəmə tərədindən təsdiqidir.Cavabdehin qarşısında öhdəkiləri qalmayan şəxslərin adlarının borclular siyahısında saxlanması qanunsuzluq və özbaşınalıq olmaqla, onların hüquqlarını pozur. Qeyd edilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək bildirmişdir ki, Cavabdeh2ASC tərəfindən iddiaçının adına xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə 6 ay müddətinə illik 28 % ödənilməsi şərti ilə 4700 manat məbləğində istehlak krediti verilmişdir. Əslində həmin kredit "xxxx" ASC-nin “Santexquraşdırma” idarəsinin digər işçilərinin adına rəsmiləşdirilmiş ancaq onlara verilməmiş və idarənin tikdiyi obyektin maliyyələşdirilməsinə cəlb olunmuşdur. Həmin kreditlərin cuzi hissəsi sonradan həmin müəssisənin rəhbərliyi tərəfindən ödənilmiş, qalan hissəsi isə ödənilməmiş qalmışdır. Daha sonra Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddiaçıya qarşı həmin ödənilməmiş kredit borcunun ödənilməsi barədə ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(007)-3027/2018 saylı qətnaməsi ilə iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbi rədd olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11793/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(007)-3027/2018 saylı qətnaməsi ləğv olunmuş və yeni qətnamə çıxarılmışdır. Həmin qətnamədə iddiaçı tərəfindən təqdim olunmuş 38/2 saylı, xx.xx.2016-cı il tarixli çıxarışa əsasən İddiaçı banka olan borcunu tam şəkildə ödədiyindən bank qarşısında heç bir öhdəliyi olmadığı müəyyən olunmuşdur. Buna görə də məhkəmə o qənaətə gəlmişdir ki, iddia tələbi öhdəliyin qalmaması səbəbindən təmin oluna bilməz. İddiaçı bank tərəfindən həmin arayışın doğruluğunu şübhə altına qoyan heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-2068/2019 saylı qərarı ilə Cavabdeh2 ASC-nin ləğvedicisi ƏSF-nin kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Qeyd olunan yekun aktlar qanuni qüvvəsini almışdır. Qeyd olunan aktlarla təsdiq olunmuşdur ki, iş üzrə iddiaçının cavabdehə qarşı heç bir öhdəliyi yoxdur. Qeyd olunan halda onun adının hələ də Mərkəzi Kredit Reyestrində saxlanması onun hüquqlarının kobud surətdə pozulmasıdır. Buna görə də, qeyd olunanlara əsasən iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddia tələbinini qəbul etməmiş və təmin olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları:
7. İş materiallarında olan Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli çıxarışda İddiaçı aktiv öhdəlikləri üzrə kreditin məbləğinin 4.600,00 manat, kreditin qalığ məbləği 4.100,00 manat, faiz məbləğinin isə 9.783,92 manat olduğu qeyd olunmuşdur. İş materiallarında olan Azərbaycan Kredit Bürosu Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib edilən xx.xx.2022-ci il tarixli çıxarışda İddiaçı aktiv öhdəlikləri üzrə kreditin məbləğinin 4.700,00 manat, kreditin qalığ məbləği 160,00 manat, faiz məbləğinin isə 3.616,62 manat olduğu qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh2 ASC-nin Binəqədi filialı tərəfindən verilmiş xx.xx.2016cı il tarixli arayışın surətindən görünür ki, İddiaçı kredit və ona hesablanmış faiz borcunu tam ödədiyi üçün bank qarşısında heç bir öhdəliyi qalmamışdır.
8. İş materiallarında olan Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)- 3027/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi» tələbinə dair iddiası iddia müddətinin ötürülməsi ilə əlaqədar rədd edilmişdir.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3027/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnaməsinin qəbul edilməsi, iddianın rədd edilməsi qət edilmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2068/2019 saylı Qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(103)-11793/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. İş materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən İddiaçı ünvanlanmış məktubda qeyd olunmuşdur ki, Cavabdeh2 ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə bank tərəfindən 4700 (üç min yeddi yüz) manat məbləğində kredit verilmişdir. Sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Nizami Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(007)-3027/2018 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-3027/2018 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini qət etmişdir. Ali Məhkəmə xx.xx.2019-cu il tarixli 2(102)-2068/2019 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsini qüvvədə saxlamışdır. Sözügedən məhkəmə qərarına əsasən Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəlik qoyulmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. xx.xx.2011-ci il tarixli kredit müqaviləsi ilə İddiaçı 6 ay müddətinə, illik 28% ödənilməsi şərtilə 4700 manat məbləğində kredit verilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 2(007)-3027/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi iddia müddətinin ötürülməsi ilə əlaqədar təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-3027/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnaməsi qəbul edilmiş, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-2068/2019 saylı Qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçı məhkəməyə iddia verərək qeyd olunan kreditin onun adında qalmasını əsassız hesab edərək borcun silinməsini və məlumatların ləğv edilməsini xahiş etmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
15. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 (üç) il müəyyən edilmişdir.
16. Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
17. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
18. Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir.
19. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
20. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
21. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli Qərarına əsasən kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə , bütün tələblər on il ( adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
25. Həmin Məcəllənin 551.2. maddəsinə əsasən aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər ; 551.2.2. ərzaq məhsulları, qida və içki satışı və ya gələnlərə yaşayış yeri verilməsi üzrə tələblər; 551.2.3. zavod tikintisi, mallar satışı, daşımalar üzrə tələblər, sərbəst peşə adamlarının (məsələn, həkimlərin, vəkillərin və ya məsləhətçilərin) tələbləri, habelə işçilərin əmək münasibətləri üzrə tələbləri; 551.2.4.məhkəmə qərarına əsasən əmələ hələn tələb otuz il keçdikdən sonra qüvvəsini itirir.Bu qayda tələbin daha qısa müddətlə bağlı olduğu halda da tətbiq edilir.
26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair » 15 fevral 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətlərinin tətbiq edilməsi qərara alınmışdır.
27. Məhkəmə qeyd edir ki, ləğv prosesində olan Cavabdeh2 ASC ilə İddiaçı arasında kredit borcunun ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və bununla əlaqədar artıq qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin məhkəmə aktında hazırki iddianın predmeti olan kredit müqaviləsinə artıq hüquqi qiymət verilmiş və belə qənaətə gəlinmişdir ki, 29 iyul 2011-ci il tarixli 135 saylı kredit müqaviləsi üzrə cavabdehin (İddiaçı) iddiaçı (ləğv prosesində olan Cavabdeh2 ASC) qarşısında öhdəliyi qalmamışdır. Eyni zamanda, qeyd olunan qətnamədə bankın xx.xx.2016-ci il tarixli arayışına da hüquqi qiymət verilmiş və həmin arayış iddianın rədd edilməsi üçün mötəbər sübut kimi çıxış etmişdir.
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
29. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
30. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır.
31. «Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli, 3 saylı Qərarının 7-ci bəndində göstərilmişdir ki, MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.
32. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən kredit müqaviləsi üzrə borcun qaytarılması ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur.
33. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.
36. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 550-ci maddəsinə əsasən öhdəliyin xitamı üçün müddətin keçməsinə istinad etsədə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair» 15 fevral 2023-cü il tarixli qərarındakı hüquqi mövqe ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlərin hüquqi təbiəti baxımından iddia müddətləri olması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan müddətlərin keçməsindən sonra öhdəliklər xitam olunmur. Belə öhdəliklər mövcud, lakin iddia ilə təmin edilməyən (natural) öhdəlik xarakteri almış olması müəyyən edilmişdir.
37. Məhkəmə qeyd edir ki, iddia tələbinin iddiaçı tərəfindən əsası kimi öhdəliyə müddətin keçməsi ilə xitam verilməsini qeyd etsədə, məhkəmə tərəfindən hazırki iddiaçının cavabdehə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə heç bir öhdəliyinin mövcud olmaığı müəyyən edilmişdir. Bu halda isə olmayan bir öhdəliyin xitamından da söhbət gedə bilməz.
38. Məhkəmə iddiaçının iddia tələbində qeyd olunan ikinci hissəsi ilə ( borcun olmaması barədə arayışın verilməsi) bağlı qeyd edir ki, mülki iş materiallarında olan məhkəmə aktlarına əsasən (Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 06 noyabr 2018-ci il tarixli 2(103)-11793/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş) məhkəməyə borcun mövcud olmaması barədə zatən arayış verilmişdir ki, artıq hazırki mülki işdə bununla bağlı mövcud olan arayışın yenidən verilməsinə də zərurət qalmamışdır.
39. Həmçinin iddianın sonuncu hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, mülki işin materiallarında olan reyestr məlumatlarına əsasən xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə (öhdəliyə xitam verilmiş) iddiaçının aktiv olan ödəniş cədvəli üzrə adı siyahıda mövcud olduğundan iddia tələbi onun adının Mərkəzi Kredit Reyetsrindən çıxarılması üçün borcun olmaması barədə arayış Mərkəzi Kredit Reyetsrinə göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi hissəsində təmin edilməlidir.
40. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən hesablanmış bütün borcun silinməsi ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməli, İddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyetsri Sisteminndən çıxarılması üçün 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayış Mərkəzləşdirilmiş Kredit Reyetsrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsini ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
43. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
44. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
46. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh2 ASC arasında bağlanmış 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə ləğv prosesində olan Cavabdeh2 ASC tərəfindən hesablanmış bütün borcun silinməsi ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin, İddiaçı adının Mərkəzləşdirilmiş Kredit Reyestri Sistemindən çıxarılması üçün 135 saylı, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə borcun olmaması barədə arayışın Mərkəzləşdirilmiş Kredit Reyestrinə (Mərkəzi Banka) göndərilməsi vəzifəsinin ləğv prosesində olan Cavabdeh2 ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov