Məhkəmə qərarları › İş №2(006)-1150/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1150/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1150/2021 11.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 13800 manat pulun xx xxxx 2018-ci il tarixdən başlayaraq bank faizinin uçot dərəcəsinin hesablanmaqla alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, cavabdeh xx xxxxx 2018-ci il tarixdə ondan borc olaraq 13800 manat pul almışdır. Aralarında borc müqaviləsi həmin tarixdə bağlanmış, lakin notarial qaydada təsdiq edilməmişdir. Həmin müqavilənin 2-ci bəndinə görə cavabdeh borca aldığı pulu xx xxxx 2019-cu il tarixədək geri qaytarmalı idi. Lakin hər həftə pulu qaytaracağı barədə söz versə də, sözünün üstündə durmamış, hər dəfə yeni- yeni tarixlər göstərmiş, lakin hər dəfə onu aldatmış, pulu qaytarmamışdır. Dəfələrlə yaşadığı ünvana getmiş, lakin hər dəfə, qeyd etdiyi kimi pulu qaytaracağı ilə yeni tarixlər müəyyən etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Cavabdeh yaşayış yeri üzrə ünvanına göndərilmiş məhkəmə bildirişləri geri qayıtmışdır. Cavabdehin yaşayış yeri məhkəməyə məlum olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və müvafiq maddi və prosessual hüquq normalarına uyğun olaraq qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxx 2018-ci il tarixli borc müqaviləsinə əsasən Cavabdeh İddiaçı xx xxxxx 2018-ci ildə 13800 manat pulu borc almış və həmin pulu xx xxxx 2019-cu il müddətinə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan “pulun təhvil verilməsi” barədə qəbzdə qeyd edilir: “Mən Cavabdeh bu qəbzi imzalayıram ondan ötrü ki, xx xxxxx 2018-ci il tarixində İddiaçı 13800 manat məbləğində pulu aldım. İmzamla təsdiq edirəm”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 739-cu maddəsinə əsasən «borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür». Həmin Məcəllənin 740-cı maddəsilə borc müqaviləsinin forması müəyyən edilmişdir. Belə ki, həmin maddəyə görə, «borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər». Azərbaycan Respublikasının MM-nin 427.3-cü maddəsinə görə “əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir”. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq “borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır”. Azərbaycan Respublikasının Mülki Məcəllənin 385.1-ci maddəsinə görə «öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Beləliklə, iddiaçı tərəfindən cavabdehə 13800 manat məbləğində pul vəsaitinin verilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı, Azərbaycan Respublikası MM-nin 739-cu maddəsinə uyğun olaraq kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermişdir. Lakin, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi şəkildə yerinə yetirməmişdir. Odur ki, istinad olunan hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh 13800 (on üç min səkkiz yüz) manat alınaraq İddiaçı verilməlidir. İddianın “xx xxxx 2018-ci il tarixdən başlayaraq bank faizinin uçot dərəcəsinin hesablanmaqla alınıb ona verilməsi” hissəsinə gəldikdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olduğuna görə və iddiaçı həmin tələb üzrə məhkəməyə heç bir sübut təqdim etmədəyindən, halbu ki, MPM-nin 77.1-ci maddəsinə sübut etmə vəzifəsi məhz iddiaçının üzərinə düşdüyündən iddia tələbi həmin hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı iddiası qismən təmin edilsin. Cavabdeh 13800 (on üç min səkkiz yüz) manat alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar