Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1155/2025 18.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı “yeni müqavilənin bağlanılması” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı “yeni müqavilənin bağlanılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" X1 Tural Hüseyn oğlunun xeyrinə xx.xx.2015-ci il tarixli 1xx/xx/96046/15 saylı “Kredit müqaviləsi” üzrə borcunun restrukturizasiyaya edilmiş 2416.91 (iki min dörd yüz on altı manat, doxsan bir qəpik) manat məbləğə yönəldilməsini və yeni müqavilənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/96046/15 saylı “Kredt müqavilə”si ilə o "xxxx" KB QSC-nin “28 May” filialından illik 25% dərəcəsi ilə 5000 USD (beş min ABŞ Dolları) məbləğində 12 ay müddətinə kredit götürmüşdür. Kredit götürdükdən 2 (iki) gün sonra, yəni 2015-ci fevral ayının 21-də Azərbaycan manatının devalyasiyası baş verdi və Azərbaycan manatının məzənnəsi ABŞ dollarına nisbətdə kəskin şəkildə dəyərdən düşdüyündən müqavilə üzrə öhdəliklərini yerinə bilmədi. "xxxx" KB QSC-nin ərizəsi əsasında, xx.xx.2016-cı il tarixdə Zəngilan Rayon Məhkəməsi ondan 5273.40 (beş min iki yüz yetmiş üç dollar, qırx sent) ABŞ dolları və 20 manat dövlət rüsumunun "xxxx" KB QSC-nin xeyrinə tutulmasını əmr etmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən ləğv prosesində "xxxx" KB QSC-ilə bağladığı kredit müqaviləsi üzrə Azərbaycan Respublikasının Maliyyə Nəzarət Palatasının elektron portalında borcu 2416.91 (iki min dörd yüz on altı manat, doxsan bir qəpik) müəyyən edilmişdir. Sözü gedən Fərmana əsasən hələ 2019-cu il tarixdə dəfələrlə ləğv prosesində olan "xxxx" KB QSC-nə və eləcə də Əmanətlərin Sığortalanması Fonduna müraciət edərək, yeni müqavilənin bağlanmasını xahiş etmişdir. Cavab olaraq bildrilmişdir ki, onunla əlaqə saxlanılacaq və yeni müqavilə bağlanacaq, ancaq bu günə kimi də onunla həmin kredit borcunun sözü gedən Fərmanın tələblərinə uyğun müqavilə bağlanılmamışdır. xx.xx.2024cü il tarixdə Əmanətlərin Sığortalanması Fonduna rəsmi formada poçt vasitəsilə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən kredit borcu üzrə yeni kredit müqaviləsinin bağlanmasını xahiş etdi. Ancaq bu günə kimi də müraciətinə heç bir cavab verilməmişdir. Bu səbəbdən də, pozulmuş mülki hüquqlarını bərpa etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, onun banka olan borcu restrukturizasiya edilmiş və son ödənişi 2021-ci ildə etmişdir. Hazırda Bank onunla qalıq borcun aylara bölünməsi barədə yeni müqavilə bağlamaqdan imtina edir. Bu səbəbdən, iddiaçı iddianın təmin edilməsini, yəni Bank ilə onun arasında borcun aylara bölünməsi barədə yeni müqavilənin bağlanması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra– MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, mülki işin materiallarında olan: - Zəngilan Rayon Məhkəməsinin 2(034)-1759/16 saylı iş üzrə 13 dekabr 2016-cı il tarixli Məhkəmə Əmrindən görünür ki, xx.xx.1986-cı il tarixində ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı 4589.49 ABŞ əsas borc, 474.93 ABŞ dolları məbləğində faiz borcu, 208.98 manat məbləğində cərimə borcu, cəmi 5273.40 ABŞ dolları ödənildiyi gün Azərbaycan məzənnəsinə uyğun olaraq və dövlət rüsumu olaraq ödənilmiş 20 (iyirmi) manat məbləğində pul tutularaq Bakı şəhəri, Azərbaycan pr. 4 ünvanında yerləşən kreditor QSC "xxxx" KB-yə ödənilməsi əmr edilmişdir. - Borclu İddiaçı “Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 04 noyabr 2024-cü il tarixli son bildirişdən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli 551 saylı Fərmanına əsasən kredit borcu üzrə yeni kredit müqaviləsinin bağlanmasını və pretezniyaya 15 gün müddətində münasibət bildirilməyini xahiş etmişdir. - “problemli kreditlərin kompensasiyası” barədə xx.xx.2025-ci il tarixli çıxarışdan görünür ki, İddiaçı "xxxx" KBB QSC-yə 2416.91 manat borcu var. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmçinin, Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həlli tələbinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Həmin Fərmanın 6.1-ci bəndinə əsasən Banklara tövsiyə olunmuşdur ki, bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 10-cu bəndi ilə Əmanətlərin Sığortalanması Fonduna və ləğvedici funksiyalarının həvalə olunduğu digər şəxslərə tövsiyə edilmişdir ki, ləğvetmə prosesində olan banklarda fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyasını təmin edən tədbirlər görsünlər. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının № ********** 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” barədə qərarının 6.16-ci maddəsinə qeyd edilmilşdir ki, fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Araşdırılmış iş materiallarından göründüyü kimi, hazırda iddiaçıya aid borcun «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisələndirilməyən halıdır. Həmin Fərmana əsasən İddiaçı borcu restrukturizasiya edilmiş və iddiaçının "xxxx" Kommersiya Bankı ilə bağladığı xx.xx.2015-ci il tarixli, 1xx/xx/96046/15 saylı müqavilə üzrə Azərbaycan Respublikasının Maliyyə Nəzarət Palatasının elektron portalında onun borcu 2416.91 manat müəyyən edilmişdir. Lakin İddiaçı borcu üzrə Banka son ödənişi 2021-ci ildə etmiş, hazırda isə Bankın onunla qalıq borcun aylara bölünməsi barədə yeni müqavilə bağlamaqdan imtina etməsi səbəbindən məhkəməyə müraciət etmişdir. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bu prinsipə əsasən, hər bir hüquqi şəxs və ya fiziki şəxs yalnız öz iradəsi ilə müqavilə bağlamağa borcludur. Heç bir tərəf digər tərəfi müqavilə bağlamağa məcbur edə bilməz. Hazırkı iş üzrə cavabdeh Bank yeni müqavilə bağlamaq istəmədiyini bildirmiş, iddiaçı isə bu müqavilənin məhkəmə qərarı ilə bağlanmasını tələb etmişdir. Lakin bu tələb müqavilə azadlığı prinsipi ilə ziddiyyət təşkil etdiyindən təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən hər hansı bir hüquqi və ya fiziki şəxsin üstünə müqavilə bağlamaq öhdəliyinin qoyulması Mülki Məcəllənin 6-cı maddəsi ilə müəyyən edilmiş subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığına zidd olduğundan İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı “yeni müqavilənin bağlanılması” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankına qarşı “yeni müqavilənin bağlanılması” tələbinə dair rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1155/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1155/2025
18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver