Məhkəmə qərarları › İş №2(006)-1159/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1159/2023

05.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1159/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh, Cavabdehin vəkili Nümayəndə iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı «əmlaka (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «əmlaka (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 4.196 manat 82 qəpik, 50 manat mediasiya xərci və ödənilmiş 13 manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(022)-691/2022 saylı qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(106)-2293/2022 saylı qərardadı ilə Biləsuvar Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli 2(022)-691/2022 saylı qiyabi qətnaməsi ləğv edilərək, mülki iş ərazi aidiyyəti üzrə baxılmasından ötrü Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2018-ci il tarixli 574-k saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və «X4» haqqında müqavilə imzalanmışdır. xx.xx.2020ci il tarixli 473-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində xx.xx.2019cu il və xx.xx.2020-ci il tarixlərdə İddiaçı MMC-nin OBA Biləsuvar 2 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli «İnventarizasiyanın Nəticələri»nə dair Aktlara əsasən yekun ziyan məbləği 6.725 manat 48 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 2.528 manat 66 qəpik hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 4.196 manat 82 qəpik borcu qalır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, Cavabdeh həm Azərbaycan Respublikası Əmək Məcəlləsinin müddəalarını, həmçinin Mülki Məcəllənin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, şirkətin daxili qaydalarına əsasən, mağazanın illik ümumi dövriyyəsinin 0,5 faizi miqdarında güzəşt tətbiq edilir. Bunun səbəbi də, qida məhsullarının qaldıqda çəki itirməsidir. Şirkət tərəfindən cavabdehdən alınmış izahatda izahatın alınma tarixi vardır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, şirkətdən işdən çıxanda 2020-ci il idi. İddiaçı isə onu 2022-ci il tarixdə məhkəməyə vermişdir. Əgər onun borcu varı idisə, ilk olaraq onun əmək kitabçası verilməməli idi. Daha sonra onun əmək haqqından tutulmalar olmalı idi. Bundan əlavə, onun işdən çıxan zaman son haqq-hesabı verilməməli idi. Şirkət tərəfindən administratorlar işdən ayrılarkən onlara məlumat verilir ki, borcları var ya yox. O, işdən ayrılarkən, ona bu barədə heç bir məlumat verilməmişdir. İşdən ayrıldıqdan 10 gün sonra şirkətə zəng edərək, əksiklərinin olubolmaması barədə məlumat almışdır. Ona bildirmişlər ki, onun şirkətə heç bir borcu yoxdur. Bu sadaladığı hadisələr 2020-ci il tarixdə baş vermişdir. 2022-ci il tarixdə şirkətdə rəhbərlik dəyişdiyi üçün şirkət onu məhkəməyə vermişdir. Barışıqla bağlı onu qeyd edir ki, onun tərəfindən dəfələrlə şirkətə müraciət edilsə də, şirkət bununla razılaşmamışdır. Kassada olan artıq qalmış pul məbləğləri ilə bağlı onu qeyd etmək istəyir ki, müştərilər tərəfindən hər dəfə xırda məbləğlərdə pul götürülmədiyi üçün həmin məbləğ kassada yığılmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, həmin məbləğ artıq məbləğdir, əksik məbləğ deyildir. Kassada artıq çıxan məbləğ onun tərəfindən şirkətə verilmişdir. İzahatda qeyd edilənlərə münasibətdə onu bildirə bilər ki, bölgə müdiri bəzi malları onun administrator olduğu mağazadan fakitiki olaraq götürsə də, sistemdən transfer etmədiyi üçün həmin mallar onun adında görünürdü. Bu barədə onun tərəfindən şirkət rəhbərliyinə müraciət edilsə də, şirkət rəhbərliyi bununla bağlı heç bir tədbir görməmişdir. X4 haqqında müqavilədə olan imza ona məxsusdur. İddiaçı ilə onun arasında heç bir şəxsi-qərəzlik olmamışdır. O, öz arzusu ilə işdən çıxmaq istəmişdir. İşdən çıxarkən iddiaçı ilə təhvil-təslim etmişdir və heç bir çatışmazlıq aşkar edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Nümayəndə məhkəmə iclasında bildirdi ki, iddia ərizəsindən görünür ki, iddiaçı guya ona cavabdeh tərəfindən ziyanın vurulmasını xx.xx.2019-cu və xx.xx.2020-ci il tarixlərdə aşkar etmişdir. Cavabdehlə əmək müqaviləsinə isə xx.xx.2020-ci il tarixdə Əmək Məcələsinin 68-ci maddəsinin «a» bəndi ilə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilmənin əsası cavabdehin ərizəsi olmuşdur. Əgər cavabdehin göstərilən məbləğdə çatışmamazlığı olsaydı, onda məntiqlə cavabdehlə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilərdi. Çünki 4.196 manat 82 qəpik məbləği az məbləğ deyil və bu qədər çatışmamazlıq artıq mənimsəmədir. Əgər cavabdehin əməlində mənimsəmə vardısa, onda necə ola bilər ki, işəgötürən cavabdehin öz ərizəsi ilə işdən çıxmasına seyrçi qalmışdır? Necə ola bilər ki, işəgötürən onun əmlakını mənimsəmiş şəxsin son haqq-hesabını apardığı zaman heç bir tutma aparmasın. Cavabdeh işə qəbul edildikdən sonra onunla işəgötürən arasında X4 haqqında müqavilə bağlanılmış və bu müqavilə işəgötürənə onun orada işlədiyi dövrdə əmək haqqından tutulmalar etməyə imkan verirdi, iddia ərizəsindən də görünür ki, cavabdehin əmək haqqından heç bir tutma həyata keçirilməyib. Əmək qanunvericiliyinin tələbinə görə, işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, işçinin əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri-hərəkətsizliyi arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olma, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir (Əmək Məcəlləsinin 203-cü maddəsi). Bu məsələ ilə bağlı, yəni iddia ərizəsində göstərilən məbləğdə çatışmamazlığın əmələ gəlməsi ilə bağlı cavabdeh işəgötürən tərəfindən məlumatlandırılmamışdır, ondan heç bir izahat alınmamış, heç bir akta imza etməmişdir. Əgər işəgötürən tərəfindən məhkəməyə hər hansı akt və yaxud da izahat təqdim ediləcəksə, həmin sənədlər sonradan tərtib edilmiş saxta sənədlərdir. Yeri gəlmişkən apellyasiya məhkəməsində iddiaçının nümayəndəsi məhkəməyə bir akt təqdim etmişdir ki, həmin akt bir neçə manat çatışmamazlığın əmələ gəlməsi ilə bağlı alınmış izahat və tərtib edilmiş aktdır. Onu da qeyd edir ki, cavabdehin işlədiyi dövrdə qəbul etdiyi meyvə və tərəvəzlərin çəki itirməsi nəticəsində xırda məbləğlərdə əskik yaranırdı. Amma həmin məğləğlər böyük məbləğ təşkil etmirdi. Əgər iddiaçı 1 manat çatışmamazlığa görə tərtib edilmiş aktı və alınmış izahatı qoruyub saxlayırsa, məbləği minlərlə ölçülən çatışmamazlıqla bağlı aktın iddia ərizəsinə əlavə edilməməsi suallar doğurur. Maraqlı olan məqamlardan biri isə dörd min manatdan yuxarı çatışmamazlığın aşkar ediliməsinə rəğmən hüquq mühafizə orqanlarına şikayət edilməməsidir. Əgər bu məbləğdə əksiklik aşkar edilibsə, bu artıq əksik deyil, oğurluq və yaxud da mənimsəmə cinayətinin əlamətidir. Nəyə görə həmin vaxt işəgötürən polisə müraciət etməmişdir? Çatışmamazlığın aşkar edildiyi andan öz ərizəsi ilə işdən çıxmasına qədər bir dövrdə əmək haqqından tutulmalar aparılmalı və həmin məbləğin geri qaytarılması ilə bağlı tədbirlər görülməli idi. Belə bir tədbirlərin görülməməsi isə çatışmamazlığın olmaması, sonradan süni şəkildə təşkil edilməsinin göstəricisidir. Beləliklə, mülki işin halları onu göstərir ki, cavabdeh tərəfindən iddiaçıya hər hansı bir ziyan vurulmamışdır. Başa düşdüyü qədər İddiaçı MMC-nin bəzi işbaz əməkdaşları cavabdehin işdən çıxdığından istifadə edərək, adına borc yazmışlar. Cavabdehin eşitdiyinə görə eyni ssenari üzrə işdən çıxmış müxtəlif şəxslərin də adına oxşar borclar yazmışlar. İddia ərizəsindən görünür ki, guya cavabdeh tərəfindən ziyanın vurulmasını xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə aşkar etmişdir. Ziyanın vurulmasından məhkəməyə iddia ilə müraciət edilməsinə qədər keçən müddət bir ildən daha çox sonra həyata keçirilmişdir. Bu isə mülki prosessual qanunvericiliyin tələbinə görə ona iddia müddətinin tətbiqi barədə ərizəni məhkəməyə təqdim etmək hüququ verir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296.4-cü maddəsinin tələbinə görə işəgötürən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın aşkar edildiyi gündən 1 il müddətinə məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia ərizəsində cavabdeh hüquqlarının artıq 2020-ci il ərzində pozulduğunu bildiyini qeyd edir. İnsan Hüquqları üzrə Avropa məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericiliklə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə görə mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı MMC-nin cavabdehə qarşı «pul» tələbinə dair mülki iş üzrə iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin, cavabdehin və cavabdehin vəkilinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı ilə bağlanmış əmək müqaviləsi, həmin müqaviləyə əlavə, iddiaçıya münasibətdə olan əmrlərdən çıxarışlar, X4 haqqında müqaviləyə əsasən məhkəmə qeyd edir ki, Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2018-ci il tarixdə əmək müqaviləsi bağlanaraq satıcı-kassir vəzifəsinə işə qəbul olunması, işəgötürənin xx.xx.2018-ci il tarixli 574-k saylı əmri ilə administrator vəzifəsinə keçirilməsi və «X4» haqqında müqavilə imzalaması, nəhayət, xx.xx.2020-ci il tarixli 473-K saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilməsi işin mübahisə edilməyən faktiki hallarıdır. İddiaçı ilə əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilməsindən sonra iddiaçı 17 may 2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh tərəfindən ona maddi ziyan vurulduğunu iddia etmiş və həmin ziyanın cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia tələbinin əsası kimi mülki işin 22-35-ci vərəqələrində olan «İnventarizasiya siyahısı»na və aktlara, eləcə də, mülki işin 36-48-ci vərəqələrində olan «İnventarizasiya siyahısı»na və aktlara istinad etmişdir. Cavabdehin iddiaya olan etirazının əsası ondan ibarətdir ki, onun iddiaçıya hər hansı borcu olmamış, iddiaçıya heç bir ziyan vurmamışdır. Öz xahişi ilə işdən azad ediləndən 2 ilə yaxın müddət keçəndən sonra, ona qarşı əsassız iddia irəli sürülmüş, iddiaçının iddia tələbini əsaslandırdığı sənədlər onun işdən azad edilməsindən xeyli sonra, saxta məlumatlar əsasında hazırlanmışdır. O, həmin sənədlərlə tanış edilməmiş, həmin sənədlər onun tərəfindən imzalanmamışdır. İşdən öz xahişi ilə azad edilən dövrdə işəgötürən onun iddiaçıya hər hansı borcunun qalmadığını bildirmişdir. Mülki işə tam, obyektiv və ədalətli şəkildə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-1159/2023 saylı qərardadına əsasən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş və ekspert qarşısında cavablandırılması üçün aşağıdakı sual qoyulmuşdur: 12 sentyabr 2019-cu il tarixli inventarizasiya siyahısında, 12 sentyabr 2019-cu il tarixli aktda, aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktda, 13 iyun 2020-ci il tarixli növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktda, 11 iyul 2020-ci il tarixli aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun aktda olan imzalar Cavabdeh tərəfindən, yoxsa başqa şəxs tərəfindən icra edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 4/584 saylı ekspert rəyindən görünür ki, tədqiq olunan imzalar mülki işin 22-35-ci vərəqələrində olan inventarizasiya siyahısında və aktlarda Cavabdeh adından olan imzalardan, «maddi məsul şəxs» və «üzləşmə nəticələri ilə tanış oldum» qrafalarındakı imzalardan ibarət olub, göy rəngli rəngləyici maddə ilə icra olunmuşdur (Tədqiqat prosesinin təsviri). Ekspertizaya təqdim edilmiş, mülki işin 22-35-ci vərəqələrində olan «İnventarizasiya siyahısı»nda və aktlarda Cavabdeh adından olan imzalardan, «maddi məsul şəxs» və «üzləşmənin nəticələri ilə tanış oldum» qrafalarındakı imzalar – Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, mülki işin 36-48-ci vərəqələrində olan «İnventarizasiya siyahısı»nda və aktlarda Cavabdeh adından olan imzalar, «maddi məsul şəxs» və «üzləşmənin nəticələri ilə tanış oldum» qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 manat təşkil edir. Azərbaycan Republikası MPM-nin 101.7 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla barəbər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər o vaxt yüksəkdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bunun əksi olduqda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməlidir. Məhkəmə işin araşdırılmış halları və qeyd edilən prosessual normaların tələbləri baxımından Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 4/584 saylı ekspert rəyini hazırkı mübahisənin həll edilməsi üçün və işə baxılması üçün əsas sübut kimi qəbul edir. Belə ki, həmin rəydə ekspertiza qarşısında qoyulmuş suallara cavab verilmiş və rəy qeyri-müəyyən xarakter daşımır. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd olunan Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Göründüyü kimi, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi, mülki işin 36-48ci vərəqələrində olan «İnventarizasiya siyahısı»nda və aktlarda Cavabdeh adından olan imzaların, «maddi məsul şəxs» və «üzləşmənin nəticələri ilə tanış oldum» qrafalarındakı imzalar – Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunması sübut növlərində biri olan ekspertiza rəyi ilə müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin sənədlər (13 iyun 2020-ci il tarixli «Növbədənkənar inventarizasiya nəticələrinə dair yekun akt», 11 iyul 2020-ci il tarixli «Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun akt») mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, qeyd edilən sənədlərdə cavabdehin imzaları onun tərəfindən icra edilməyərək saxtalaşdırılmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 191-ci maddəsinin İV hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. - 194-cü maddəsinin İ hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. - Həmin normanın İİ hissəsinə görə ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. - 199-cu maddənin İ hissəsinin «a» bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda işçi qanunaz zidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. - 202-ci maddəsinin 1 hisəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. - həmin normanın İİ hissəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmçinin məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə, əmək və mülki qanunvericiliyin maddi ziyanın ödənilməsi ilə bağlı normalarının, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə Mülki Prosessual Qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh qarşı «əmlaka (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası əsassız olduğu üçün rədd edilməlidir. Bununla yanaşı məhkəmə cavabdeh tərəfin iddiaçının məhkəməyə müraciət üçün iddia müddətinin buraxılmasına dair ərizəsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və ya digər əmlak tələbləri ilə əlaqədar işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini də üzürsüz səbəblərdən ötürmüş olsa da belə, məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Eləcə də, ödənilmiş 50 manat mediasiya xərci (xx.xx.2022-ci il tarixli MŞB/5-01517 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışa əsasən) iddiaçıya aid edilməlidir. 126 manat ekspertiza xərci İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba köçürülməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh qarşı «əmlaka (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçıya aid edilsin. Ekspertiza xərci olan 126 manat İddiaçı MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar