Məhkəmə qərarları › İş №2(006)-1164/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1164/2022

30.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1164/2022 30.11.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «başqasının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılaraq qanunsuz artırmanın sökülməklə əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «başqasının qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi və zərər vurmaya səbəb olan halların aradan qaldırılaraq qanunsuz artırmanın sökülməklə əvvəlki vəziyyətə qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz tikililərin sökülərək əvvəlki vəziyyətə qaytarılması, ona məxsus Kaveroçkin 21 ünvanında yerləşən 95 saylı mənzilə vurulmuş zərərə görə 4.000 manat məbləğində maddi ziyanın, həmçinin 4 aylıq ayı 500 manatdan olan kirayə pulunun və dövlət rüsumunun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin 21 ünvanında 2-ci mərtəbədə yerləşən 95 saylı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur və həmin mənzildə yaşayırdı. Hal-hazırda mənzili yaşayış üçün yararsız hala düşdüyü üçün o, kirayədə qalır. Həmin binanın 3-cü mərtəbəsində yerləşən 171 saylı mənzil Cavabdeh məxsusdur. Həmin mənzildən daima hamam otağı və mətbəxdən axıntı olduğu üçün onun mənzilinin dəhlizi, mətbəx və hamam otaqları bərbad hala düşmüşdür. Bununla əlaqədar cavabdehə dəfələrlə məlumat vermişdir. İllər boyunca ona məxsus 95 saylı və divar qonşusu X1 məxsus 96 saylı mənzillərin elektrik naqilləri sıradan çıxmış, divarlar və tavan bərbad vəziyyətə qalmışdır. Pandemiya zamanı mənzilində qalmış, pandemiyadan sonra mənzilini təmizlətdirdiyi zaman yenidən su axıntılarının olduğunu və çöl qapının şişməsini aşkarlamışdır. Növbəti gün qapısına yaxınlaşanda qapısının önündə çöl tərəfdən yüksək təzyiqlə su axırdı. Üst mərtəbəyə qalxdıqda evdəki kirayəşin qapını açan zaman qapının önündə taxta ilə metlağın arasında böyük bir dəliklərin olduğunu gördükdə mənzilin yiyəsinə xəbər etmişdir. Problemin aradan qaldırılması üçün dəfələrlə Hürü xanımın hərbçi oğlu X2 müraciət etmişdir. Gündüz Əkbərov bir neçə dəfə gələrək, sonradan atasının bu işlə məşğul olacağını söyləmişdir. xx.xx.2021-ci il tarixində üstdəki “takkıltını” eşidərək tez yuxarı qalxmışdır. 171 saylı mənzildə Hürü xanımın həyat yoldaşı Famil müəllim tərəfindən özbaşına söküntü aparılmasını gördükdə, söküntünü dayandırmaq istəmiş, dəfələrlə xəbərdar etmişdir ki, tavan uça bilər, lakin buna baxmayaraq, 171 saylı mənzilin sahibi "nə istəyirəm onu da edirəm" deyərək söküntünü dayandırmamışdır. MKİS-dən gəlsələr də, heç bir nəticə verməmişdir. O, "öz mənzilimdi, nə istəyirəm onu da edirəm" deyərək özbaşına söküntünü davam etmişdir. xx.xx.2021-ci il tarixində o, mənzildə olmayan zaman mənzilinin tavanı aşmış, xoşbəxtlikdən evdə heç kim olmadığı üçün xəsarət alan olmamışdır. Qonşunun evindən döşəməsinin böyük bir hissəsi onun mənzilinin döşəməsinə çökmüşdür. Tavan çat-çat olaraq axıra kimi çatlamış, mənzil yaşayış üçün yararsız hala düşmüşdür. Buna səbəb 171 saylı mənzilin qanunsuz hamam otağını artıraraq daima mənzillərə su axıtması olmuşdur. FHN nümayəndələri də hadisə yerinə baxış keçirmişlər. Aktda mənzilinin yararsız hala düşməsi qeyd olunsa da, cavab məktubunu hələ də ala bilməmişdir. Belə ki, FHN 102 çağrı mərkəzi vasitəsi ilə müraciət etdiyi üçün yazılı cavabı ona təqdim etmirlər, Aktı isə Nəsimi rayon İcra Hakimiyyətinə göndərmişlər. Mənzili yararsız hala düşdüyü üçün o, kirayədə qalır. 171 saylı mənzilin sahibinin həyat yoldaşı Famil müəllimlə dəfələrlə danışıq aparmasına baxmayaraq, mənzilini düzəltdirməkdən imtina edir, heç bir iş görmək istəmir, pulunun olmadığını söyləyir. Bunu nəzərə alaraq Cavabdeh məxsus Kaveroçkin 21 ünvanında yerləşən 171 saylı mənzilə həbs qoyulmasını xahiş edir. Belə ki, mənzilin əsl sahibi olan oğlu Gündüz Əkbərov özünü qırağa çəkərək, anasının təqaüdçü olduğunu işarələyərək, "Nə istəyirsiniz edin" söyləyir və yaşayış üçün yararsız olan mənzilini düzəltdirmək istəmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasda iddianı qəbul etmədi və məhkəməyə etiraz ərizəsi təqdim edərək, bildirdi ki, Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 171 saylı mənzilini alğı-satqı yolu ilə 2021-ci ilin aprel ayında almışlar. Aldıqları vaxtdan bu günədək bu mənzildə yaşamamışlar. Çünki təmirsizdir. Hələki təmir etməyə imkanı yoxdur. Onunla qonşu olan (2-ci mərtəbədə) İddiaçı orada (yəni 95 saylı mənzildə) yaşamadığı halda xeyli müddətdir ki, onları narahat edir. İndi də məhkəməyə müraciət edib. İddiası tamamilə əsassızdır. Əvvələn qeyd etdiyi kimi, o, mülkiyyətində olan mənzilində yaşamır, çünki şərait yoxdur. İddiaçı özü də uzun illərdir ki, o evdə yaşamır, çünki onun evi də tam bərbad vəziyyətdədir. İddiaçı ona demişdir ki, “sənin evində mənim evimə su axır”. O, isə bildirmişdir ki, bu evdə yaşayan yoxdur, sudan istifadə olunmur. Əvvəlcə demişdir ki, su hamamdan axır, çox iddiadan sonra hamamın bəzi yerlərini sökmüş, su aşkar olunmamışdır (sızıntı yoxdur). Sonra dəhlizdə taxtanın çürümüş yerini göstərərək oranı sökməsini, oradan su axdığını bildirmişdir. Çox iddiadan sonra taxtaları da çıxarmış, orada da su axıntısı aşkar olunmamışdır. Mənzilin yerləşdiyi bina qədim binadır. 100 yaşı var, qəzalı vəziyyətdədir. Hara toxunursan uçub dağılır. Bütün bunlar 11 noyabr 2021-ci il tarixində baş vermişdir. O, da həmin yeri sökəndə görmüşdür ki, arakəsmələr taxtadır, aralari isə torpaqla doldurulub. Taxta materialdan olan arakəsmələr çürüyüb, öz ömrünü başa vurub, həmin sökülən yerdən onun mənzilinə (95 saylı mənzilə) kiçik bir deşik açılmışdır. Bütün hay-küylər bundan sonra başlamışdır. O, bildirmişdir ki, “sən dedin, mən də sökdüm, hadisədir olubdur, uçan yeri düzəldərik narahat olmayın”. Özünə də demişdir ki, “sən o mənzildə yaşamırsan ora tam təmirsizdir”. O, özü də orada yaşamadığını öz ərizəsində etiraf etmişdir. Qeyd etmişdir ki, pandemiya dövründə orada yaşamayıb, axı pandemiyanın mənzildə yaşamağa nə adiyyəti var?. Deməli şəraiti olmadığına görə o mənzildə yaşamamışdır. Sonra qeyd etmişdir ki, mənzili zibillərdən təmizlətdirən zaman su axıntısı görmüşdür. Normal mənzili zibildən təmizləməyə ehtiyac varmı? Ərizəsinin birinci səhifəsinin sonuncu abzasında guya onun özbaşına söküntü apardığını qeyd etmişdir. Bu da bir böhtandır. Özünün göstərdiyi yerləri sökmüşdür. Tavandan deşik açılan kimi, hay-küy salmışdır ki, evini təmir etdirməlidir. Bundan sonra bir neçə dəfə görüşmüşlər ki, uçan yeri təmir etdirsin, o isə ondan evin tam təmirini tələb etmişdir. Sonra məhkəməyə müraciət etmək üçün müxtəlif bəhanələr axtarmış, bəzi yerlərə şikayət etmişdir. İndi də məhkəməyə getmişdir. Ona dəfələrlə demişdir ki, “səni də o biri qonşuların gününə salacağam”. Ona demişlər ki, iddiaçı ona qədər bəzi qonşuları məhkəməyə verib onlardan pul da almış, əfsuslar olsun ki, o pulun bir manatını da o mənzilin təmirinə xərcləməmiş , indi də onlardan külli miqdarda tələb edir. Onun mənzili sığortalıdır. Sığortadan verilən arayışı da etiraz ərizəsinə əlavə edir. Cəmi zərər 152 manat təşkil edir. İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. Həmin binanın 67 saylı mənzilində yaşayır. Sual olunur niyə öz mənzilində qeydiyyatda deyil və yaşamır?. Çünki mənzil tam təmirsizdir. Bina da qədim tikilidir, bərbad vəziyyətdədir. Qaldı ki, onun kirayədə yaşamasına onlar günahkar deyillər. Öz rahatçılığı üçün yaşayır. Kirayə müqaviləsi də formal da ola bilər, çünki öncədən Hənifə Ələskərova küçəsində özünə və valideynlərinə məxsus iki müxtəlif mənzilin olduğunu bildirmişdir. Hər zaman bu ərazidə bir neçə mənzilinin olduğunu bildirirdi. O ki, qaldı qanunsuz artırmaya orada heç bir artırma yoxdur. O, mənzili o vəziyyətdə almışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı, 072277 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 95 saylı mənzili İddiaçı mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 171 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan 16 saylı MKİS-in işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli aktdan göründüyü kimi, Kaveroçkin küçəsi 21, mənzil 95 ünvanında yaşayan İddiaçı mənzilinə baxış keçirilmişdir. Həqiqətən də məlum olmuşdur ki, üst 171 saylı mənzildə yaşayan Cavabdeh məxsus mənzildə konstruksiya dəyişikliyi edilərək, sanitar qovşağın az bir hissəsi binanın eyvanına artım edilmişdir. Boruların nasazlığı səbəbindən su sızıntısı baş verərək, 95 saylı mənzilin sanitar qovşağının tavan, divar və döşəmə hissələrinə, qonaq otağının tavan və divarına ziyan dəymişdir. Elektrik naqilləri sıradan çıxmışdır. Qaz borusunda sızmalar yaranmışdır. Bu səbəbdən 171-ci mənzildə su sızıntısının qarşısının alınması məqsədilə təmir işləri aparılmışdır. Həmin təmir zamanı dəhlizdə uçqun baş vermişdir. Xəsarət alan olmamışdır. 95 saylı mənzilin dəhlizinin tavanı uçmuş, divar və döşəməsinə ciddi ziyan dəymişdir. Uçqun zamanı sanitar qovşağın qapısı da zədələnmişdir. Sızıntılar səbəbindən binanın 2-ci mərtəbəsinə məxsus fasad hissəsi zədələnmişdir. Mənzilin əsas giriş qapısı su sızıntısından erroziyaya uğrayaraq qabarma baş vermişdir. Hal-hazırda mənzil qəzalı vəziyyətdə olduğundan, yaşamaq təhlükəlidir. Bu hadisə ilə bağlı sahə müvəkkili polis mayoru X.Axundov 171 saylı mənzildə yaşayan vətəndaşdan izahat almışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, qeyd edilən müqavilə İddiaçı ilə X3 arasında bağlanmışdır. Müqavilənin: 1-ci bəndinə əsasən ev sahibi ona məxsus olan mənzili kirayəçiyə müvəqqəti yaşamaq üçün icarəyə verir. 10-cu bəndinə əsasən mənzilin kirayə haqqı məbləği 500 manat məbləğində edilmişdir. Qeyd: xx.xx.2021-ci il tarixdə 200 manat behin ödənildiyi, qalan məbləğin isə hesaba köçürüləcəyi, habelə müqavilə müddətinin uzadıla biləcəyinə dair müvafiq qeydlər müqavilədə öz əksini tapmışdır. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, İddiaçı tərəfindən S.M.Rüstəmovanın bank hesabına – xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.200 manat, xx.xx.2022-ci il tarixdə 1.600 manat məbləğində ödəniş edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/1187 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 171 saylı mənzilinin hamamayaqyolunun divarlarının aşağı hissəsində su sızma izlərinin olmasını, döşəməsinin və taxta tirlərin çürüməsini, 95 saylı mənzilinin divarlardakı su sızma izlərini və 16 saylı MKİSin əməkdaşları tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, mübahisəli 95 saylı mənzilə 171 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunur. Lakin 171 saylı mənzilin sanitar qovşağının kanalizasiya xətləri söküldüyündən, su sızmasının texniki səbəbini konkret olaraq müəyyən etmək mümkün olmamışdır. Tədqiq olunan 95 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1.052 manat məbləğində müəyyən olunur. Eyni zamanda, mərtəbə arası çürümüş taxta tirlərin dəyişdirilməsi üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 620 manat məbləğində müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/6428 saylı rəyindən görünür ki, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 171 saylı mənzilinin hamamayaqyolu ümumi istifadədə olan dəhlizə doğru 0,52 m enində, 1,05 m uzunluğunda artırılmışdır. Lakin ümumi dəhlizə doğru aparılmış əlavə artıma dair icazə sənədləri olmadığından, həmin aparılmış əlavə tikinti işləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 160 №li qərarı ilə təsdiq edilmiş “Təsdiq olunmuş şəhərsalma sənədləri üzrə yeni obyektlərin yerləşdirilməsi, bina və qurğularda yenidənplanlaşdırma aparılması, mövcud şəhərsalma obyektlərində dəyişikliklər edilməsinin tərtibatçılarla və sənədləri təsdiq edən müvafiq icra hakimiyyəti oqanları ilə razılaşdırılması Qaydalarının 4.1 və 4.2-ci bəndlərinin tələblərinə uyğun aparılmamışdır. Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin İddiaçı mülkiyyətində olan 95 saylı mənzilinin mərtəbə arası örtüyü, tavanı, divarları, döşəməsi yararsız hala düşdüyü müəyyən olunmuşdur. Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 95 saylı mənzilin divarlarında və tavanında mövcud olan qüsurları su sızmaya xarakterik olduğunu, mülki iş materiallarında olan 16 saylı MKİS-in əməkdaşları tərəfindən tərtib edilmiş aktın məlumatlarını nəzərə alaraq, 171 saylı mənzildən 95 saylı mənzilə su sızması baş vermiş və nəticəsində 95 saylı mənzil istifadə üçün yararsız hala düşmüşdür. Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin İddiaçı mülkiyyətində olan 95 saylı mənzildə yaranmış qüsurların (mətəbəarası örtüyü, tavanı, divarları, döşəməsi) aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi ümumi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 3.101 manat məbləğində müəyyən olunur. İlkin ekspertiza ilə hazırki ekspertizanın dəymiş ziyanın nəticələri arasında yaranmış fərq, əlavə qüsurların aradan qaldırılması üçün çəkilməli xərcin dəyərinin müəyyən olunması ilə izah olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, işin mahiyyətindən göründüyü kimi, iddiaçı hazırki iddia ərizəsində bir neçə tələblə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddia tələblərinin hərtərəfli, obyektiv və tam araşdırılması məqsədilə, həmin tələblərə mərhələli şəkildə hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Araşdırma zamanı xx.xx.2022-ci il tarixli 10/6428 saylı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə hesab edir ki, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 95 saylı mənzilinə 3.101 manat məbləğində ziyan dəymişdir. Ziyan məhz 171 saylı mənzildən suyun sızması nəticəsində vurulmuşdur. Beləliklə, məhkəmə qeyd edir ki, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia qismən təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddianın “kirayə haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci madəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 689.1-ci maddəsinə əsasən kirayə müqaviləsi üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdikdə xitam verilir. Məhkəmə qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı mənzilinin yararsız vəziyyətə düşməsi səbəbilə kirayə müqaviləsi bağlamaq və həmin müqavilə əsasında başqa mənzildə yaşamaq məcburiyyətində qaldığını bildirmişdir. Cavabdeh isə iddia tələbinə etirazında iddiaçının evində yaşayış olmadığına, kirayə müqaviləsinin formal olaraq bağlandığına istinad etmişdir. Məhkəmə bu hissədə iddiaçının dəlilini əsaslı hesab edib qeyd edir ki, məhkəmə iddiaçının mənzilinə su axıntısı nəticəsində dəymiş zərərin məbləği ilə yanaşı onun mənzilinin iddia tələbində qeyd edildiyi kimi su axıntısı nəticəsində yaşayış üçün yararsız hala düşüb-düşməməsini də müəyyən etmək məqsədilə öncə yerində müayinə aparmış, ardınca müvafiq ekspertiza təyin etmişdir. Yerində müayinə apararkən məhkəmə həqiqətən də iddiaçıya məxsus mənzilin yaşayış üçün yararsız olduğunu müəyyən etmiş və bu halı təsdiq edən yerində müayinə zamanı çəkilmiş bir sıra fotoşəkillər iş materiallarında öz əksini tapmışdır. Digər tərəfdən daxil olmuş ekspert rəyində iddiaçının mənzilinin yaşayış (rəyə əsasən istifadə) üçün yararsız olduğu açıq-aydın şəkildə qeyd edilmişdir. Bu halda isə iddiaçı müvəqqəti olaraq başqa mənzilə köçmək məcburiyyətində qalaraq, kirayə müqaviləsi bağlamaq və həmin müqavilə əsasında ödədiyi pulun əvəzini cavabdehdən tələb etməkdə haqlı olmuşdur. Məhkəməyə təqdim edilmiş qəbzlərlə iddiaçının kirayə müqaviləsinin bağlanması nəticəsində xx.xx.2021-ci il tarixdə 500 manat, xx.xx.2021-ci il tarixdə 1.200 manat, xx.xx.2022-ci il tarixdə 1.600 manat olmaqla, ümumilikdə 3.300 manat ödədiyi müəyyən edildiyi halda, sonuncu iddia tələbinin həcminin artırılması barədə MPM-in 53-cü maddəsinə əsasən ərizə təqdim etməmiş, yalnız 4 ayın əvəzi olaraq 2.000 manat məbləğin cavabdehdən alınaraq ödənilməsi tələb etmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxılmamaqla bu hissə iddia tələbinə uyğun təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə son olaraq iddia tələbinin “qanunsuz tikililərin sökülərək əvvəlki vəziyyətə qaytarılması” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə əsassız olduğundan, təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: - 23.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. - 23.2-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. - 24.1-ci maddəsinə əsasən yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. - 27.1-ci maddəsinə əsasən bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. - 27.2.2-ci maddəsinə əsasən bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. - 27.3-cü maddəsinə əsasən bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. Göründüyü kimi, Bakı şəhəri Nəsimi rayonu Kaveroçkin küçəsi 21 saylı evin 171 saylı mənzilində aparılmış əlavə tikinti işləri (hamam-ayaqyolu ümumi istifadədə olan dəhlizə doğru 0,52 m enində, 1,05 m uzunluğunda artırılmışdır) ilə bağlı yarana biləcək hər hansı bir məqamla (tikinti işlərinin müvafiq icazəverici sənədlər olmadan aparılması və s.) bağlı iddiaçının subyektiv hüququ mövcud deyil, həmin hüquq müvafiq İcra Hakimiyyətinə məxsusdur. İcra Hakimiyyəti isə həmin tikinti (artırma) işləri bağlı hər hansı narahatçılıq, narazıçılıq bildirməmiş və bununla bağlı öz subyektiv hüququndan istifadə edərək iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 80 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 3.101 manat, ödənilmiş kirayə haqqının əvəzi olaraq 2.000 manat və ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Məhkəmə qeyd edir ki, işin hallarından görünür ki, iddiaçının mənzilinə dəymiş zərəri müəyyən etmək məqsədilə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Lakin daxil olmuş ekspert rəyi tam olmadığından, məhkəmə tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması iş üzrə əvvəlcədən tədqiqat aparmış ekspertə həvalə edilmişdir. Məhkəmə hesab edir ki, əlavə ekspertizanın təyin edilməsi məhz daxil olmuş xx.xx.2022-ci il tarixli 10/1187 saylı rəyin natamamlığı ilə bağlı olduğundan, ilk ekspert rəyinin verilməsi ilə əlaqədar çəkilmiş xərclərin cavabdehin üzərinə qoyulması ədalətli olmamaqla, həmin xərclər ondan tutula bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə 3.101 manat, ödənilmiş kirayə haqqının əvəzi olaraq 2.000 manat və ödənilmiş 80 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesab üzrə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar