Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1166/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı siyasətçidir. O, Respublikaçı Alternativ (REAL) partiyasının sədridir. O, “X2 Biliklər Məktəbi” adlı vətəndaş cəmiyyəti proqramının Azərbaycanda rəhbəri vəzifəsində işləmişdir. Bundan başqa, həmin dövrdə iddiaçı ekspert kimi də fəaliyyət göstərərək qazanc əldə etmişdir. İddiaçı Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə ittiham olunaraq 04 fevral 2013-cü il tarixdə həbs edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2018-ci ilin avqustun 13-də şərti azad edildi. Beləliklə, həbs qətimkan tədbirinin müddəti ilə birlikdə o, 66 ay istintaq təcridxanasında və cəzaçəkmə müəssisəsində keçirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 12(102)-2(a)2020 saylı qərarı ilə iddiaçının “təqsirliliyi sübuta yetirilmədiyinə görə, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2ci maddəsində nəzərdə tutulmuş əsasla” onun Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə icraata xitam verilmişdir. Plenumun sözügedən qərarında qeyd edilir: “21 aprel 2020-ci il tarixində İddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumuna ərizə ilə müraciət edərək, ona bəraət verilməsi ilə yanaşı, əsassız olaraq məhkum edilməsi ilə əlaqədar məruz qaldığı mənəvi ziyana görə 127.000 avro məbləğində, maddi ziyana görə isə 36.418 manat məbləğində kompensasiyanın ödənilməsi barədə tələb irəli sürmüşdür. Həmçinin, o, həbsdə saxlanıldığı və azadlıqdan məhrum edildiyi müddətlərinin fasiləsiz əmək stajına daxil edilməsini xahiş etmişdir. Cinayət təqibinə bəraətverici əsaslarla xitam verdiyi üçün Plenum iddiaçıya 234.226,10 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsini qət etmişdir. Həbsindən əvvəlki dövrdə iddiaçı sadələşdirilmiş vergi ödəyicisi olan fərdi sahibkar kimi peşəkar məsləhət xidmətləri göstərirdi. Belə ki, Dövlət Vergi Xidmətinin rəsmi saytındakı X1 göründüyü kimi, 2011-ci ilin iyulundan başlayaraq 2013-cü ilin fevralında baş vermiş həbsə qədər əldə etdiyi qazancına görə 4 faizlik sadələşdirilmiş vergi şəklində iddiaçı dövlətə 651 manat 60 qəpik ödəmişdir. Bunu gəlirin həcmini çevirəndə, 16.290 manat edir (651,60x100%/4%=16290). Beləliklə, həbsdən əvvəlki 20 aylıq müddətdə iddiaçının orta aylıq gəliri 814 manat 50 qəpik təşkil edirdi (16290/20=815,50 manat). Rəsmi inflyasiya rəqəmləri nəzərə alınanda, iddiaçının müvafiq illər üzrə aylıq gəliri olmalı idi: 2013-cü ildə 814,50 manat, 2014-cü ildə 825,90 manat, 2015-ci ildə 858,94 manat, 2016-cı ildə 965,45 manat, 2017-ci ildə 1089,99 manat, 2018ci ildə 1115,06 manat. Bu hesabla 2013-cü ilin fevral ayından başlayaraq, 2018-ci ilin avqust ayına qədər iddiaçı 61.648,28 manat məbləğində qazanc əldə edə bilərdi. Göstərilənlərə əsasən iddiaçıya 66 aylıq qanunsuz həbs və azadlıqdan məhrum etmə ilə vurulan maddi ziyanın əvəzi kimi 53.757 manat məbləğində kompensasiyanın təyin edilməsi və onun dövlət hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmiş və bildirmişdir ki, Maliyyə Nazirliyi hazırki iddia üzrə cavab verməli subyekt deyildir. İddiaçıya əsassız məhkum etməsi ilə əlaqədar vurulmuş maddi ziyanın əvəzini müvafiq dövlət orqanları ödəməlidirlər. Maliyyə Nazirliyi iddiaçıya heç bir ziyan vurmamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 12(102)-2(a)/2020 saylı qərarına əsasən İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 28 mart 2019-cu il tarixli qərarı və onunla bağlı Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 13 avqust 2018-ci il tarixli qərarı və Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 mart 2014-cü il tarixli hökmünün ləğv edilməsi, İddiaçı təqsirliliyi sübuta yetirilmədiyinə görə, yəni Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.2-ci maddəsində nəzərdə tutulmuş əsasla onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.1 və 315.2-ci maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə icraata xitam verilməsi, İddiaçı 04 fevral 2013-cü il tarixdən 13 avqust 2018-ci il tarixədək əsassız həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq ona mənəvi ziyana görə 234.226,10 manatın ödənilməsi, İddiaçı həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi müddətlərinin iş stajına daxil edilməsi və bununla bağlı maddi zərərin ödənilməsi üçün mülki məhkəmə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun izah edilməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsə kompensasiya ödənilməsi milli qanunvericilik normaları ilə aşağıdakı qaydada tənzimlənir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsinin İİ hissəsinə əsasən, hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56.0.2 və 56.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş və həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» 29 dekabr 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Azərbaycan Respublikası ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanları tərəfindən hər hansı şəxsin qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkum edilməsi, işdən (vəzifədən) kənarlaşdırılma və ya onun hüquqlarını məhdudlaşdıran digər prosessual hərəkətlərin həyata keçirilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsəalmanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1985-ci il 29 noyabr tarixdə qəbul etdiyi «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannamənin 1-ci maddəsində göstərilir ki, «qurbanlar» termini altında üzv dövlətlərin hakimiyyətindən cinayətkar sui-istifadəni qadağan edən qanunlar daxil olmaqla, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, və ya əsas hüquqların xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 87.6.14, 89.4.12 və 422.3-cü maddələrinə dair» 19 mart 2002-ci il tarixli qərarında da «Cinayət və hakimiyyətdən sui-istifadə qurbanları üçün ədalət mühakiməsinin əsas prinsipləri haqqında» Bəyannaməyə istinad edilmişdir. Bəyannamənin 4-cü maddəsində göstərilir ki, qurbanlara (qurbanlar dedikdə, milli cinayət qanunlarının pozulması nəticəsində bədən xəsarəti və ya mənəvi ziyan, emosional əzab, maddi zərər, yaxud əsas hüquqlarının xeyli dərəcədə sıxışdırılması daxil olmaqla fərdi, yaxud kollektiv şəkildə zərər yetirilən şəxslər başa düşülür) mərhəmət göstərmək və ləyaqətlərinə hörmətlə yanaşmaq lazımdır. Onlara ədalət mühakiməsinin vasitələrindən istifadə etmək və milli qanunvericiliyə əsasən dəymiş zərərin tezliklə ödənilməsini təmin etmək üçün şərait yaradılmalıdır. Lakin nəzərə almaq lazımdır ki, iddiaçı ona maddi ziyan dəyməsinin məhkəmə tərəfindən müəyyən edilməsi üçün müvafiq sübutları təqdim etməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra hallarda ərizəçinin ona maddi ziyan dəyməsini sübuta yetirmədiyinə görə ona maddi ziyana görə kompensasiya ödənilməsindən imtina etmişdir. (Məsələn, «Güleç Türkiyəyə qarşı», 27 iyul 1998-ci il; «Dikmə Türkiyəyə qarşı» 11 iyul 2000-ci il). İddiaçıya vurulmuş maddi ziyanla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ona 53.757 manat ziyanın vurulduğunu bildirsə də, iddiasını əsaslandıracaq sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi kontraktların, mədaxil qəbzlərinin, ödəniş tapşırıqlarının, həmçinin Vergilər Nazirliyinə təqdim etdiyi şəxsi hesab vərəqəsinin kserosurətləri iddiaçının həmin sənədlərdə qeyd olunan dövrdə göstərilən miqdarda qazanc (gəlir) əldə etməsi və iddia olunan məbləğdə ona ziyanın vurulması barədə nəticəyə gəlmək üçün kifayət edə bilməz. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara baxmayaraq, məhkəmə hesab edir ki, iddiaçının əsassız olaraq cinayət məsuliyyətinə cəlb olunması nəticəsində ona mənəvi zərər vurulmuşdur ki, bununla da əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 aprel 2020-ci il tarixli, 12(102)-2(a)/2020 saylı qərarı ilə İddiaçı 04 fevral 2013-cü il tarixdən 13 avqust 2018-ci il tarixədək əsassız həbsdə saxlanılması və azadlıqdan məhrum edilməsi nəzərə alınaraq ona mənəvi ziyana görə 234.226,10 manatın ödənilməsi qərara alınmışdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1166/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1166/2022
15.02.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver