Məhkəmə qərarları › İş №2(006)-117/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-117/2022

15.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-117/2022 15.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd olunmaqla) «daşınmaz əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd olunmaqla) «daşınmaz əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 2 saylı evdə yerləşən 52 nömrəli mənzilin yüklülükdən azad edilməsi üçün cavabdeh "xxxx" KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq ərizənin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X19 ilə "xxxx" KB ASC-nin 8 saylı filialı arasında 06.11.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit xətti müqaviləsi bağlanmışdır. Həmin kredit xətti müqaviləsi əsasında "xxxx" KB ASC-nin 8 saylı filialı ilə X19 arasında 07.10.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana istehlak məqsədi ilə 48 ay müddətinə 06.10.2019-cu il tarixədək illik 20 faiz olmaqla 60.778 ABŞ dolları məbləğində kredit verilmişdir. 01.12.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi bağlanmış və bank tərəfindən borcalana istehlak məqsədi ilə 36 ay müddətinə 01.12.2018-ci il tarixədək illik 20 faiz olmaqla 15.000 manat məbləğində kredit verilmişdir. "xxxx" KB ASC-nin 8 saylı filialı ilə X19 arasında bağlanmış 06.11.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit xətti müqaviləsinin müddəti 18.09.2015-ci il tarixli əlavə sazişə əsasən 18.09.2025-ci il tarixədək uzadılmışdır. "xxxx" KB ASC-nin 8 saylı filialı X19 və onun arasında 06.11.2013-cü il tarixli 61Bi8/13 saylı ipoteka müqaviləsi bağlanmış və ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 2 saylı evdə yerləşən 52 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Nə əsas kredit xətti müqaviləsində, nə də ipoteka müqaviləsində faiz dərəcələri göstərilməmiş, sonradan faktiki kreditin verilməsi zamanı, yəni əlavə kredit müqavilələrində onun razılığı alınmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Banklar haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.5, 14 və 48-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.4, 405.1 və 477.0.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 25 iyul 2019-cu il tarixli qərarına əsasən, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 10.1, 10.5-ci və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddələrinin tələblərinə müvafiq olaraq, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri jərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilir və bu müqavilədən irəli gələn öhdəliklər ipoteka ilə təmin edilmiş öhdəlik hesab edilə bilməz. Həm yuxarıda adı çəkilən qərara, həm də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il tarixli qərarına istinad edərək onun tərəfindən Nəsimi Rayon Məhkəməsində «ipoteka müqaviləsinin bağlanmamış hesab edilməsi» tələbi ilə çıxış edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.09.2020-ci il tarixli qərarında yekun hüquqi mövqe ondan ibarətdir ki, kredit xətti müqaviləsinin təminatı kimi bağlanmış ipoteka müqaviləsində zəruri şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) göstərilmədikdə və sonradan bağlanmış kredit müqavilələrində belə şərtlər barəsində ipoteka qoyanın razılığı alınmadıqda, artıq ipoteka müqaviləsi həmin kredit müqaviləsinə münasibətdə bağlanmamış hesab edilib, müqavilə artıq mövcud olmadığından «əmlakın yüklülükdən azad edilməsi» barədə iddia qaldırmaq lazımdır. Yəni "xxxx" KB ASC-nin 8 saylı filialı, X19 və onun arasında 06.11.2013-cü il tarixli 61Bi8/13 saylı ipoteka müqaviləsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 25 iyul 2019-cu il tarixli qərarının hüquqi mövqeyinə əsasən artıq mövcud deyildir. Müqavilə mövcud olmadığından ona məxsus əmlakın yüklülükdə qalması üçün heç bir əsas mövcud deyildir. Lakin ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 2 saylı evdə yerləşən 52 nömrəli mənzil ipoteka müqaviləsi mövcud olmadığından hələ də yüklü vəziyyətdədir. Onun tərəfindən 14.10.2020-ci il tarixdə cavabdeh "xxxx" KB ASC-yə pretenziya məktubu göndərilmiş və əmlakın yüklülükdən azad edilməsi üçün tədbirlərin görülməsi xahiş edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən heç bir tədbir görülməmişdir. Müqavilə mövcud olmadığından cavabdehin əmlakı yüklülükdən azad edilməsi barədə tədbirlərin görülməsi barədə öhdəliyi yaranmışdır. Lakin cavabdeh həmin öhdəliyi icra etmir. Bu tədbirlərin görülməməsi mülkiyyət hüquqlarının kobud surətdə pozulmasıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1, 445.2-ci maddələrinə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdehin nümayəndəsi X10 məhkəmə iclasında mülki işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını tələb etdi. Məhkəmə qeyd olunanları nəzərə alaraq, mülki işə iddiaçının və mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X10 qızı məhkəmə iclasında iddianı qəbul etmədi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli 2(006)- 3992/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı «ipoteka müqaviləsinin etibarsızlığı və bağlanmamış hesab edilməsi» tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli 2(103)- 2812/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 dekabr 2019cu il tarixli 2(006)-3992/2019 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli 2(102)-4451/2020 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli 2(103)-2812/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli 2(011)-14/2018 saylı qətnaməsi ilə "xxxx" KB ASC-nin X13, İddiaçı, X14, X2, X6rşı «borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası qismən təmin edilmişdir. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyun 2018-ci il tarixli 2(103)- 5953/2018 saylı qətnaməsi ilə Bakı şəhəri, Xətai rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli 2(011)-14/2018 saylı qətnaməsi apellyator olan X13 münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.10.2020-ci il tarixli 2(103)- 351/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 fevral 2018-ci il tarixli 2(011)-14/2018 saylı qətnaməsi apellyator İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli 2(102)-3346/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.10.2020-ci il tarixli 2(103)-351/2020 saylı qətnaməsi kassator İddiaçı münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5721/2021 saylı, 03.11.2021-ci il tarixli qərardadı ilə iddiaçı X9 Cavabdehnə, İddiaçı, X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. - Bakı Apellyasiya Məhkəməsinin 15.12.2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5721/2021 saylı iş üzrə 03 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, 06.11.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsi ilə “Unibank" KB ASC tərəfindən X13 1.000.000 manat məbləğində 60 ay müddətinə 06.11.2018-ci il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi haqqında müqavilə bağlanmışdır. 07.10.2015-ci il tarixli 61B8/13-3 saylı əlavə kredit müqaviləsi ilə ‘Unibank” KB ASC tərəfindən X13 istehlak məqsədi ilə 48 ay müddətinə 06.10.2019-cu il tarixədək illik 20 faiz olmaqla 60778 ABŞ dolları məbləğində kredit verilmişdir. 01.12.2015- ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsi ilə “Unibank" KB ASC tərəfindən X13 istehlak məqsədi ilə 36 ay müddətinə 01.12.2018-ci il tarixədək illik 20 faiz olmaqla 15000 manat məbləğində kredit verilmişdir. 18.09.2015- ci il tarixli əlavə sazişi ilə 06.11.2013-cü il tarixli 61B8/13 saylı əsas kredit müqaviləsinin 1.1-ci bəndində qeyd olunan əsas kredit müqaviləsinin müddəti artırılaraq 18.09.2025-ci ilə kimi müəyyən edilmişdir. 06.11.2013-cü il tarixli 61Bİ8/13 saylı ipoteka müqaviləsi ilə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Bakı səhəri, Xətai rayonu. Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində 2 saylı evdə yerləşən 52 nömrəli mənzili banka ipoteka qoymuşdur. İddiaçı "xxxx" KB ASC cavabdehlər X13, İddiaçı, X14, X4 və X6rşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Fuad Məmmədov) 2(011)-14/18 saylı, 05 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh X8 07.10.2015-ci il tarixli 61B8/13 saylı əlavə kredit müqaviləsi üzrə 44099,2 ABŞ dolları məbləğində əsas borc, 8991,5 ABŞ dolları məbləğində faiz borcu, cəmi 53090,7 ABŞ dolları ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, 01.12.2015-ci il tarixli 61B8/13-4 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 14478,42 manat, faiz borcu üzrə 352,3 manat, cərimə borcu üzrə 500 manat, cəmi 15330,72 manat, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın tutularaq iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin xüsusi mülkiyyət hüququ ilə cavabdeh İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi, 2 saylı evin, 52 saylı mənzilinə yönəldilməsi və ilkin satış qiymətinin 82000 manat olmaqla açıq hərracdan satılması, həmin yaşayış sahəsinə tutma yönəldildikdə və o satıldıqdan sonra, cavabdehlər X20, İddiaçı, X21, X7 və X15 tərəfindən 1 ay ərzində tərk edilmədikdə, həmin yaşayış sahəsindən çıxarılmaları, ipoteka predmetinin satışından əldə olunan vəsaitin hesabına cavabdeh X11 iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh X8 iş üzrə daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın alınaraq "xxxx" MMC-nin hesabına, məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manatın alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Namiq Cəfərov sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Vüqar Həsənov) 13 iyun 2018-ci il tarixli 2(103)- 5953/2018 saylı qətnaməsi ilə apellyasiya şikayəti rədd edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh X11 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh X1 qətnamədən kassasiya şikayəti verməmiş, lakin iş üzrə digər cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər: Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 27 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdeh İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı apellyasiya şikayətinə baxan apellyasiya instansiyası məhkəməsi Mülki- Prosessual Məcəllənin 82.3-cü maddəsinə və “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14.10.2020-ci il tarixli qərardadına istinad edərək qeyd etmişdir ki, iş üzrə digər cavabdeh X11 apellyasiya şikayətinə əsasən mübahisə predmeti olan əsas, faiz və cərimə borcunun tutulması hissəsində qanuni qüvvəsini məhkəmə qətnaməsi olduğundan və həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsinin Bakı Apellyasiya Məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanıldığından hazırda apellyasiya şikayəti vermiş digər cavabedh İddiaçı apellyasiya şikayəti həmin hissədə təmin edilə bilməz. Həmçinin, apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, məhkəmə apellyasiya şikayətinin ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsi ilə bağlı “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinad edərək qeyd etmişdir ki, işdə olan "xxxx" MMC-nin 204 saylı 02.06.2017-ci il tarixli rəyinə əsasən ipoteka predmeti olan mənzilin bazar dəyəri 82000 manat müəyyən edilmişdir. Qeyd olunan rəyin mötəbərliyinə şübhə ilə yanaşmağa əsas verən hər-hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdeh İddiaçı tərəfindən ipoteka predmetinin düzgün qiymətləndirilməməsinə dair hərhansı sübut məhkəməyə təqdim edilməmiş, eyni zamanda iddiaçı ipoteka predmetinin bazar dəyərinin 82000 manat müəyyən edilməsinə dair hər-hansı etiraz bildirməmişdir. Belə olan halda ipoteka predmetinin likvid qiymətinin müəyyən edilməsi məqsədə müvafiq deyil. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli, 2(102)-3346/2021 saylı qərarı ilə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 351/2020 nömrəli iş üzrə 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Ali Məhkəmənin Mülki Kollegiyası sözügedən qərarının əsaslandırıcı hissəsində hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, baxılan iş üzrə cavabdeh İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində məhkəmə iclaslarında iştirakının təmin edilməməsi, borc məbləğinin düzgün müəyyən edilməməsi, ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi ilə bağlı dəlillər irəli sürmüşdür. Apellyasiya instansiyası məhkəməsi də qeyd edilən dəlillər əsasında birinci instansiya məhkəməsinin qətnaməsini yoxlayaraq şikayətin dəlillərinə hüquqi qiymət vermişdir. Cavabdeh İddiaçı hazırki kassasiya şikayətində qeyd etdiyi hallar nə cavabdeh Levent Afətin apellyasiya şikayəti üzrə, nədə ki İddiaçı apellyasiya şikayəti üzrə apellyasiya baxışının predmetini təşkil etməmiş, hazırda mübahisələrindirilən məsələlərlə bağlı apellyasiya instansiyası məhkəməsi hüquqi qiymətləndirmə aparmamışdır. Ona görə də, qeyd edilən dəlillərin kassasiya şikayətində irəli sürülməsi yolverilməzdir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı X9 Cavabdehnə, İddiaçı, X3 qarşı “müqavilənin etibarsız hesab edilməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5721/2021 saylı iş üzrə 03 noyabr 2021-ci il tarixli və onu dəyişdirmədən saxlamış Bakı Apellyasiya Məhkəməsinin 15.12.221-ci il tarixli qərardadlarından görünür ki, həmin iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31.05.2021-ci il tarixli, 2(102)-3346/2021 saylı qərarı nəzərə alınmışdır. Belə ki, iddiaçı X9 mübahisələndirdiyi hallarla bağlı (ipoteka müqaviləsi ilə əlaqədar) qanuni qüvvəyə minmiş məhkəmə aktlarında müəyyən olunmuş hallar mahiyyət etibarı ilə eynilik təşkil edir. Yəni iddiaçının hazırda qaldırdığı iddiada mübahisələndirdiyi məsələlərə (ipoteka müqaviləsinə) artıq hüquqi qiymət verilmişdir. İş materiallarından daha sonra görünür ki, İddiaçı 2019-cu ildə Nəsimi Rayon Məhkəməsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi və Bakı şəhəri 12 saylı Notariat Kontoru mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən uçüncu şəxslər qismində cəlb edilməklə cavabdeh “Unibank" KB ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsızlığı və bağlanmamış hesab edilməsi” tələbinə dair iddiası həmin məhkəmənin 2(006)-3992/19 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim S.Mustafayeva) İddiaçı təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin 27 fevral 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən hakim T.Səmədov, İ.Şirinov və E.Kazımov) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hazırkı iş üzrə 04 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 08.09.2020-ci il tarixli 2(102)-4451/2020 saylı qərarı ilə də İddiaçı kassasiya şikayəti təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27 fevral 2020-ci il tarixli 2(103)-2812/2020 saylı qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır. Məhkəmə hazırki iş üzrə iddia tələbləri ilə bağlı qeyd edir ki, «əmlakın yüklülükdən azad edilməsi» barədə iddianın mahiyyəti ipotekaya xitam verilməsi ilə əlaqədardır. Başqa sözlə, iddiaçı iddia tələbində əsaslandığı əsaslarla Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsi 2 saylı evdə yerləşən 52 nömrəli mənzildə bağlı ipotekaya xitam verilməsini, bunun da nəticəsində mənzilin yüklülükdən azad edilməsi üçün cavabdeh "xxxx" KB ASC tərəfindən ipotekanın dövlət qeydiyyatını aparan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə müvafiq ərizənin göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir və tələbinin əsasını Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.09.2020-ci il tarixli qərarında müqavilə artıq mövcud olmadığından «əmlakın yüklülükdən azad edilməsi» barədə iddia qaldırmaq lazım olmasının göstərilməsi təşkil edir. Məhkəmənin pozitiv öhdəliyindən biri də iddia ərizəsinə münasibətdə oradakı söz və ifadələrlə bağlı olmayaraq bütünlüklə iddia ərizəsinin məzmununa əsasən tərəfin həqiqi niyyətini müəyyən etməkdən ibarətdir. Həmçinin məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Məhkəmə qeyd edir ki, ipotekaya xitam verilməsinin əsasları «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 48-ci maddəsi ilə tənzimlənir. Həmin normaya görə ipotekaya aşağıdakı hallarda xitam verilir: - 48.1.1. ipoteka saxlayan və ipoteka qoyan bu barədə razılığa gəldikdə; - 48.1.2. əsas öhdəliyə xitam verildikdə; - 48.1.3. tutmanın yönəldilməsi nəticəsində ipoteka predmeti satıldıqda; - 48.1.4. ipoteka predmeti məhv olduqda; - 48.1.5. bu Qanunla nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 48.2-ci maddəsinə əsasən bu Qanunun 48.1.1-48.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda ipoteka saxlayan ipotekaya xitam verildiyi gündən 5 təqvim günü ərzində bu barədə ipotekanın qeydiyyatını aparan dövlət orqanına ərizə ilə müraciət etməlidir. İşin faktiki hallarından görünür ki, "xxxx" KB ASC-nin 8 saylı filialı (ipoteka saxlayan), İddiaçı (İpoteka qoyan) və X19 (Borcalan) arasında bağlanmış 06 noyabr 2013cü il tarixli 61B8/13 saylı ipoteka müqaviləsinin 1.2 bəndində nəzərdə tutulmuş Əsas Kredit müqaviləsi üzrə və Əsas Kredit müqaviləsi müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin təminatı olaraq, Azərbaycan Respublikasının Daşınmaz əmlakın Dövlət reyestri xidmətinin Bakı Şəhər Ərazi idarəsi tərəfindən 15.12.2013-cü i tarixində 1273 nömrəli reyestr kitabının 115995 nömrəli vərəqində, reyestr nömrəsi **********20-05101-093028, qeydiyyat nömrəsi ********** qeydiyyatı aparılmış, MA seriyalı ******* №li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində 2 saylı evdə yerləşən 52 nömrəli mənzili (bundan sonra “ipoteka predmeti ) "İpoteka saxlayana” ipoteka qoymağı, İpoteka saxlayanla Borc alan arasında oağlanmış 06 noyabr 2013-cü il tarixli 61B8/13 saylı Əsas Kredit Müqaviləsinə görə borcverən (İpotekasaxlayan) borcalana ******* (bir milyon) manat məbləğində 60 ay müddətinə 06 noyabr 2018-ci il tarixinədək Əsas Kredit Müqaviləsi çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla kredit verməyi, borcalan isə krediti və kreditdən istifadəyə görə Əlavə Kredit Müqavilələrində nəzərdə tutulmuş faizləri Əlavə Kredit Müqavilələrinin ayrılmaz hissəsi olan ödəniş cədvəlində göstərilmiş ödəniş tarixindən gec olmayaraq (bir qayda olaraq, kredit müddəti ərzində hər ayın kreditin borcalanın ssuda hesabına daxil olduğu müfaviq günündə) borcverənə ipoteka saxlayana) ödəməyi öhdəsinə götürmüşdür. Bu Müqavilənin 1.1 bəndində nəzərdə tutulmuş ipoteka predmeti 06 noyabr 2013-cü il tarixli 61B8/13 saylı Əsas Kredit müqaviləsi üzrə və Əsas Kredit müqaviləsi ilə müəyyən edilmiş müddət və kredit limiti çərçivəsində bağlanacaq əlavə kredit müqavilələri üzrə Borc alanın öhdəliklərinin icrasının təmini üsuludur. Buna uyğun olaraq bu Müqavilənin 1.1 bəndində göstərilən daşınmaz əmlaka dair ipoteka saxlayanın ipoteka hüququ Əsas Kredit müqaviləsi çərçivəsində borcalana neçə dəfə kredit verilməsindən asılı olmayaraq, Əsas Kredit müqaviləsi çərçivəsində Əlavə Kredit Müqavilələri bağlanılmaqla borcalan tərəfindən alınan bütün kreditlər üzrə öhdəliklərə şamil olunur. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı sözügedən ipoteka müqaviləsi ilə bağlı ona və digərlərinə qarşı qaldırılan iddia üzrə işə baxılarkən ipoteka predmeti olan mənzilin bazar dəyəri barədə (82.000 manat) verilən rəylə razılaşmamış, mənzilin düzgün qiymətləndirilməməsini göstərmişdir. Daha sonra o, ipoteka müqaviləsinin bağlandığı andan etibarsız hesab edilməsi barədə iddia qaldırarkən tələbində sonradan bağlanmış və müqavilənin əsas şərtləri barədə onun razılığı alınmayan müqavilələrə münasibətdə ipotekanın bağlanmamış hesab olunması və eyni zamanda etibarsız hesab olunması iddiasını irəli sürmüşdür. Tələbini həmin məsələlərlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli, 2019-cu il 25 iyul tarixli şərhləri ilə əsaslandırmışdır. Başqa sözlə, məhkəmə qeyd edir ki, iddiaçı faktiki olaraq həmin müqavilənin mövcudluğunu etiraf etməklə, (qəbul etməklə) ipoteka predmetinin düzgün qiymətləndirilməli, əsas, faiz və cərimə borcunun düzgün hesablanmalı olmasını tələb etmiş, həmçinin sözügedən Konstitusiya Məhkəməsinin Plenum qərarına uyğun Əsas Kredit Xətti müqaviləsində, həmçinin ipoteka müqaviləsində qanunvericiliyin əsas tələbləri olan mühüm şərtlər, o cümlədən faizlər qeyd edilməməsini göstərməklə və Əlavə Kredit müqavilələri bağlanarkən həmin faiz dərəcələri barədə razılığı alınmamasına istinad etməklə həmin müqavilənin qanuniliyini göstərilən qaydada mübahisələndirmişdir. Lakin məhkəmə hesab edir ki, hazırki iddiasının əsasını təşkil edən «ipotekanın bağlanmamış hesab olunması ilə bağlı iş üzrə qəbul edilmiş yekun qərarda müqavilənin artıq mövcud olmadığından «əmlakın yüklülükdən azad edilməsi» barədə iddia qaldırmaq lazım olması göstərilməsinə dair» dəlili tam əsassızdır. Belə ki, həmin qərarda belə bir izah verilməmiş və bunu məhkəmə iddiaçının subyektiv mülahizəsi kimi qiymətləndirir. Sözügedən qərardan aydın görünür ki, qərarda Konstitusiya Məhkəməsinin qeyd olunan şərhi ilə bağlı kassasiya instansiyası məhkəməsinin mövqeyi ifadə olunmuşdur. Belə ki, kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, qərarda (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli qərar) ipoteka müqaviləsinin sonradan bağlanmış və ipoteka qoyanın razılığı alınmayan müqavilələrə münasibətdə bağlanmamış hesab olunmaması barədə ifadə formasını belə iddialar irəli sürülməsinə çağırış kimi başa düşülməməlidir. Qərarın məzmunu baxımından bağlanmamış hesab olunma onu ifadə edir ki, sonradan bağlanmış müqavilələrin əsas şərtləri barədə ipoteka qoyan iradə ifadə etməmişdirsə həmin müqavilə onun üçün yoxdur, həmin müqavilənin ona təsiri, gücü yoxdur. Əslində belə müqavilənin mövcud olmaması ipotekanın həmin müqaviləyə münasibətdə təsiri olmaması, öhdəlik yükü daşımaması anlamını verir. Ona görə həmin qərarlarda qeyd edilmişdir ki, ipoteka müqaviləsində qanunvericiliyin tələblərinə uyğun olaraq bütün zəruri şərtlər göstərildiyi və bu şərtlərin sonradan bağlanmış kredit müqavilələrində ipoteka qoyanın razılığı olmadan onun ziyanına dəyişdirildiyi halda, ipoteka qoyan ipoteka müqaviləsində müəyyən edilmiş şərtlər çərçivəsində məsuliyyət daşıyır. Kassasiya instansiyası məhkəməsi sözügedən qərarda qeyd olunan fikrin ifadə formasını rəhbər tutaraq müqavilənin bağlanmamış hesab olunması barədə iddialar irəli sürülməsini əsaslı saymaraq bunu onunla əsaslandırmışdır ki, Konstitusiya Məhkəməsinin mövqeyindən çıxış etsək əslində qeyd olunan ipoteka müqavilələri və yaxud zaminlik müqavilələri ipoteka qoyan və zamin üçün heç bir öhdəlik yaratmır. Belə hallarda əmlakın yüklülükdən azad olunması, zaminliyə xitam verilməsi barədə iddialar irəli sürülə bilər və yaxud bankların həmin müqavilələri (bağlanmamış) əsas tutaraq tutmanın ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsi, tutmanın zaminlərdən müştərək qaydada tutulması barədə tələblər irəli sürdükdə qeyd olunan əsaslar iddiaların rədd edilməsi üçün əsas ola bilər. Müqavilənin bağlanmamış hesab olunması iddiası məntiqsizdir. Müqavilə ya mövcuddur, ya da mövcud deyil. Konstitusiya Məhkəməsinin şərhi əslində müqavilənin mövcud olmamasını ehtiva edir. Belə iddialara baxmaq və təmin etmək Mülki Prosessual qanunvericiliyin mahiyyəti baxımından düzgün deyil. İddia etmək-qarşı tərəfdən hansısa hərəkətləri etməyi və yaxud hansısa hərəkətləri etməkdən çəkinməyin tələb olunmasıdır (iddianın predmeti olmalıdır). Qarşı tərəfdən elə hərəkətin edilməsi və yaxud edilməsindən çəkinməsi tələb olunur ki, həmin hərəkətləri etmək qarşı tərəfin imkanları dairəsində olur. Məsələn, pul verə bilər, aliment ödəyə bilər, müəyyən hüquqları həyata keçirməyə mane olmaya bilər, iş görə bilər, ziyanı ödəyə bilər və.s. Tələb üzrə qətnamə çıxarılır və ona uyğun olaraq müəyyən hərəkətlər edilməsi qət olunur. İpoteka müqaviləsinin bağlanmamış hesab olunması və ümumiyyətlə əqdin bağlanmamış hesab olunması tələbi heç kimə qarşı yönələ bilməz. Kiminsə müqaviləni bağlanmamış hesab etmək səlahiyyəti yoxdur. Müqavilə ya bağlanıb, ya da bağlanmayıb. Müqavilə yoxdursa tələb edən, olmayan (bağlanmayan) müqavilənin törətdiyi məhrumiyyətlərin aradan qaldırılmasını tələb edə bilər. Analoji iddiaların təmin olunması məhkəmələrə qeyri-müəyyən, çoxsaylı iddiaların daxil olmasına rəvac verir. Qeyd edilən iş üzrə kassasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki iş üzrə müqavilənin bağlanmamış hesab olunması tələbi özlüyündə əsassız bır iddiadır. Ona görə Apelyasiya Məhkəməsinin həmin tələbi hansı əsaslarla rədd etməsindən asılı olmayaraq iddia təmin olunan iddia olmadığından qətnamə həmin hissədə, o cümlədən əqdin etibarsız hesab olunması ilə bağlı yuxarıda qeyd olunan fikirlər nəzərə alınmaqla (əqd bağlanmayıbsa onun etibarsızlığından söz gedə bilməz) həmin hissədə də dəyişdirilmədən saxlanmalıdır. İşin hallarından da mübahisəsiz təsdiq olunur ki, «Unibank" KB ASC-nin 8 saylı filialı (ipoteka saxlayan), İddiaçı (İpoteka qoyan) və X19 (Borcalan) arasında 06 noyabr 2013-cü il tarixli 61B8/13 saylı ipoteka müqaviləsi mövcud müqavilədir və həmin müqavilə ilə də mülkiyyət hüququ üzrə İddiaçı məxsus olan və ipoteka kimi çıxış edən Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində 2 saylı evdə yerləşən 52 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. İddiaçının mübahisələndirdiyi bu mövcud ipoteka müqaviləsi üzrə də münasibətlərə hüquqi qiymət verilmiş, tələb üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmiş, qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətlərinə baxılaraq həmin şikayətlər təmin edilməmişdir. İddiaçının Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə istinad etməsinə də məhkəmə qiymət verərək hesab edir ki, iş materiallarında olan qanuni qüvvəsini almış kassasiya instansiyası məhkəməsinin qərarı iddianın əsaslı olması baxımından ümumiyyətlə preyudisiyal əhəmiyyət kəsb etmir. Əksinə, hazırki iş üzrə qanuni qüvvəsini almış məhkəmə aktları iddianın əsassız olmasının təsdiqi baxımından preyudisialdır. Məhkəmə qeyd edir ki, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küçəsində 2 saylı evdə yerləşən 52 nömrəli mənzilin yüklülükdən azad edilməsi (ipotekaya xitam) üçün heç bir hüquqi əsas olmadığı üçün iddia əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd olunmaqla) «daşınmaz əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDK DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qeyd olunmaqla) «daşınmaz əmlakın yüklülükdən azad edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar