Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1179/2023 28.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin tutulması qaydasının dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin həcminin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü övladı X2 üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2013-cü il tarixdə bağlanmış nikah Neftçala Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş, birgə nikahlarından dünyaya gələn, xx.xx.2014-cü il təvəllüdlü X2 üçün aylıq 90 (doxsan) manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Sonradan təyin olunmuş aliment məbləğinin həcminin artırılmasına dair qaldırdığı iddialarla həmin məbləğ müvafiq olaraq Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə 136.60 (yüz otuz altı manat altmış qəpik) manat, məhkəmənin xx.xx.2018-ci il qətnaməsi ilə 154 (yüz əlli dörd) manat, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 170 (yüz yetmiş) manat məbləğində artırılaraq dəyişdirilmişdir. Aşağıda göstərilən hallar nəzərə alınmaqla övladları X2 üçün təyin olunmuş alimentin məbləği “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq uşaqlar üçün müəyyən ulunmuş 220 (iki yüz iyirmi) manat həcmində artırılmalıdır. Sonuncu dəfə aliment məbləğinin məhkəmə tərəfindən artırıldığı tarixdən bəri təxminən 3 (üç) ilə yaxın bir müddət keçmiş, həmin müddətdə pandemiya, inflyasiya və digər səbəblərdən ərzaq, enerji və digər istehlak sahələrində bazar qiymətləri kəskin artmış, övladları Betülün təhsil xərcləri və musiqiyə olan marağı ilə əlaqədar piano kurslarına qoşulması, eyni zamanda rus dilli bölmədə təhsil aldığından təhsilinin effektivliyinin artırılması ilə bağlı əlavə ödənişli məşğələlərə getməsi onun saxlanmasında ehtiyac duyulan maddi xərcləri artmış və Cavabdeh digər sözügedən xərclərdə sadəcə 170 (yüz yetmiş) manatla çıxış etməsi artıq yetərsiz qalmışdır. Betül cavabdehin yeganə övladıdır və boşanmadan sonra onun istər tərbiyə olunmasına, istərsə də maddi ehtiyaclarının ödənilməsinə bir valideyn olaraq olduqca qeydsiz yanaşmış, məhkəmə tərəfindən üzərinə qoyulan aliment öhdəliyini vaxtlı-vaxtında icra etməmişdir. Beləcə, ödənilməli olan aliment məbləğinin bir hissəsi borc olaraq yığılmış, bu da “Uşaq hüquqları haqqında” Konvensiya ilə müəyyən edilmiş “uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması” prinsipinin pozulmasına, eləcə də hüquqlarının qorunmasının əhəmiyyətli dərəcədə pisləşməsinə səbəb olmuşdur. Cavabdeh Bakı şəhərində əmək fəaliyyəti ilə məşğuldur və 1000 (min) manatdan yuxarı məvaciblə işləyir. Ailəlidir, ata-anası və həyat yoldaşı ilə birlikdə Bakı şəhərində yaşayır. Anası pensiyaçı, atası isə tikinti üzrə ixtisaslı iş icraçısıdır. Maddi durumları yüksəkdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. İddiaçı iddianın predmetinin dəyişdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.2014-cü il təvəllüdlü övladı X2 üçün Cavabdeh tutulan aylıq aliment məbləğinin onun qazancının 1/4 hissəsi həcmində iddiaçının xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, İddiaçı ərizə təqdim edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, Cavabdeh isə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı 431138 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında X5 qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2611/2020 saylı qətnaməsindən görünür ki, 06 iyun 2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat sabit pul mabləğində aliment Cavabdeh tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 21104 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində “anbardar” vəzifəsində işləyir, aylıq əmək haqqı 1130.0 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-2611/2020 saylı qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hazırda hər ay Cavabdehdan 170 manat miqdarında aliment tutulur. İddiaçı qeyd edir ki, Cavabdeh müntəzəm gəlirə malik olduğundan onun qazancının 1/4 hissəsinin tutulması zərurəti yaranmışdır. Belə ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində anbardar vəzifəsində işləyir və müntəzəm aylıq gəlirə malikdir, aylıq əmək haqqının məbləği isə 1130 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən 1 uşağa görə valideynlərin qazancının və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi miqdarda aliment tutulur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və BMTnin «Uşaq hüquqları haqqında» Konvensiyasının 27-ci maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmayaraq maddi təminatına hüququ vardır. Uşağın ailədə saxlanılması onun valideynləri tərəfindən həyata keçirilir. Onlar öz gəlirlərinin bir hissəsini uşağın qidasına, paltarına, müalicəsinə, təhsilinə və digər ehtiyaclarına xərcləyirlər və beləliklə də öz valideynlik borcunu yerinə yetirirlər. Eyni zamanda, valideynlər uşağın əsas və konstitusion əhəmiyyətli (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsi) hüquqlarından biri olan maddi təminat almaq hüququnu həyata keçirirlər. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndinə müvafiq olaraq, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə hesab edir ki, cavabdehin rəsmi iş yerində işləməklə müntəzəm aylıq əmək haqqı alması ondan tutulan alimentin tutulma formasının dəyişdirilərək aylıq qazancının və (və ya) başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulmasını tələb etməyə iddiaçıya haqq verir. Cavabdehdən alimentin sabit pul məbləğində tutulmasının dəyişdirilərək, aylıq qazancının ¼ hissəsi miqdarında müəyyən edilməsi uşağın mənafeyinə uyğundur, həmçinin, qanunla müəyyənləşdirilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hesab edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı Nəsimi Rayon Məhkəməsinin 2(006)-2611/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutuluraq İddiaçı verilməli, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2611/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay qazancının və (və ya) başqa gəlirlərinin 1/4 (dörddə bir) hissəsi miqdarında aliment tutuluraq İddiaçı verilsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1179/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1179/2023
28.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver