Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1183/2022 08.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı "əsassız hesablanmış borc məbləğinin silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" KB ASC-yə qarşı "əsassız hesablanmış borc məbləğinin silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 11.03.2014-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıya 48 ay müddətinə, ilik 26 % olmaqla, 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2016cı il tarixli məhkəmə əmrinə əsasən iddiaçıdan və X1 müştərək qaydada 4521,84 ABŞ dolları əsas borc, 608,51 ABŞ dolları faiz borcu, 45,54 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5175,89 ABŞ dolları borcun və ödənilmiş 20 manat dövlət rüsmunun tutulması əmr edilmişdir. Məhkəmə əmri icraya yönəldilmişdir və iddiaçının əmək haqqından müəyyən tutmalar həyata keçirilmişdir. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı İddiaçı da aid edilmiş və əlavə ödənişlərlə bağlı bu müqavilə üzrə 14.05.2019-cu il tarixdə 1658 manat məbləğində kompensasiya ödənilmişdir. Bank tərəfindən borcun olmaması ilə bağlı arayış verilmişdir. 24.11.2021-ci il tarixdə bank tərəfindən Binəqədi rayon İcra şöbəsinə məktub ünvanlanmış və Binəqədi Rayon Məhkəməsinin 26 avqust 2016-cı il tarixli məhkəmə əmri üzrə iddiaçının borc qalığının 878,93 ABŞ dolları təşkil etməsi və iş yeri üzrə “X3” MMC-yə iddiaçının əmək haqqına yönəldilməsi xahiş edilmişdir. Binəqədi rayon İcra şöbəsi tərəfindən 30.11.2021ci il tarixdə həmin hesablanmış əsassız qalıq borcun tutulması əmək haqqına yönəldilmişdir. İddiaçı tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmişdir. İddiaçının bank qarşısında heç bir öhdəliyi yoxdur. Göstərilənlərə əsasən cavabdeh "xxxx" KB ASC tərəfindən əsassız hesablanmış 878,93 ABŞ dolları məbləğində qalıq borcun silinməsi və ödənilmiş 35 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, məhkəmədən iddianın təmin edilməməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş çıxarışdan görünür ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı İddiaçı da aid edilmiş və ona 1658,88 manat kompensasiya ödənilmişdir. İş materiallarında olan "xxxx" KB ASC tərəfindən verilmiş 13.06.2019-cu il tarixli arayışdan görünür ki, İddiaçı 11.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcu yoxdur. İş materiallarında olan Binəqədi rayon İcra şöbəsinin “X3” MMC-yə ünvanladığı 30.11.2021ci il tarixli məktubda qeyd edilmişdir ki, borclu İddiaçı qalıq 878,93 ABŞ dolları borcun hər ay 50% olmaqla tutularaq, tələbkar "xxxx" KB ASC-nin hesabına köçürülməsi xahiş olunmuşdur. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə, iş materiallarından görünür ki, İddiaçı ilə "xxxx" KB ASC arasında 11.03.2014-cü il tarixdə kredit müqaviləsi bağlanmışdır. İddiaçı "xxxx" KB ASC qarşısında həmin kredit müqaviləsi üzrə heç bir öhdəliyi yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh "xxxx" KB ASC tərəfindən İddiaçı 11.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsassız hesablanmış 878,93 (səkkiz yüz yetmiş səkkiz ABŞ dolları, doxsan üç sent) ABŞ dolları məbləğində qalıq borc silinməli, cavabdeh "xxxx" KB ASC-dən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" KB ASC tərəfindən İddiaçı 11.03.2014-cü il tarixli kredit müqaviləsi üzrə əsassız hesablanmış 878,93 (səkkiz yüz yetmiş səkkiz ABŞ dolları, doxsan üç sent) ABŞ dolları məbləğində qalıq borc silinsin. Cavabdeh "xxxx" KB ASC-dən ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-1183/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1183/2022
08.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver