Məhkəmə qərarları › İş №2(006)-12/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-12/2021

26.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-12/2021 26.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Muxtar qızının, Cavabdeh iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti borclu Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbi barədə əmr qaydasında ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, 08.02.2011-ci il tarixli, K-11/16 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 12 ay müddətinə, illik 22 faiz dərəcəsi ilə hesablanmaqla 10000 manat məbləğində kredit kart verilmişdir. Kredit Müqaviləsinin 10.2-ci bəndinə əsasən borcalan nbu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Borclu Cavabdeh kredit vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırır. Borclu kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öz öhdəliklərini yerinə yetirmir və borcun ödənilməsini təmin etmir. Hazırda Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumi 1392,66 manat məbləğində borcu mövcuddur. Göstərilənlərə əsasən borclu Cavabdeh əsas borc 0 AZN, 309,31 AZN faiz borcu və gecikdirilmiş vaxt üçün 1083,35 AZN faiz borcu (5%) olmaqla, cəmi 1392,66 AZN və ödənilmiş 20 AZN dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli, 2(006)- 1841/2017 saylı məhkəmə əmri ilə borclu Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 309,31 AZN faiz, gecikdirilmiş vaxt üçün 1083,35 AZN, faiz, cəmi 1392,66 AZN krdit borcu, həmçinin 20 AZN məbləğində dövlət rüsumunun tutulması əmr edilmişdir. 23 iyun 2021-ci il tarixində Cavabdeh Nəsimi Rayon Məhkəməsinin 08 noyabr 2018-ci il tarixli, e-2(006)-7113/2018 saylı əmrinə dair etiraz verərək, əmrin ləğv edilib iddia icraatına keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 28 iyul 2020-ci il tarixli qərardadı ilə X1 ərizəsi təmin edilmiş, Nəsimi Rayon Məhkəməsinin 27 yanvar 2017-ci il tarixli, 2(006)-1841/2017 saylı əmri ləğv edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» barədə ərizəsi ilə bağlı mülki işə ümumi iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Beynəlxalq Bankı” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSCyə keçmişdir. İddiaçı QSC-nin Nizamnaməsinə edilmiş 12.10.2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkiltanın tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-191 saylı, 29.08.2017-ci il tarixli təhvil-təslim aktına əsasən BOKT İddiaçı QSC-yə verilmişdir. Sonradan “X4 edilməsi Agentliyi” MMC-nin ərizəsinə əsasən iddiaçı "xxxx" ASC əsl İddiaçı QSC BOKT ilə əvəz edilmişdir. Məhkəmə iclasında İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə Muxtar qızı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məkhəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, bir müddət azadlıqdan məhrum olunmuş və borcunu ödəyə bilməmişdir. Azadlığa çıxdıqdan sonra borcunun bir hissəsini ödəmiş, lakin sonradan gücü çatmamışdır. Azadlığa yeni çıxmış birindən bu pulu istəməməlidilər. Qeyd olunanlara əsasən, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialı ilə Cavabdeh arasında bağlanmış 08.02.2011-ci il tarixli, K-11/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 22 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş 06 yanvar 2017-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 06 yanvar 2017-ci il tarixədək Banka 0 AZN əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 309,31 AZN məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lik) üzrə 1083,35 AZN olmaqla, ümumilikdə 1392,66 AZN məbləğində borcu vardır. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14570 saylı, 28 sentyabr 2018-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim olunmuş hesabdan çıxarış, arayış məlumatları, 08 fevral 2011-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla 08.02.2012-ci il tarixə Cavabdeh "xxxx" ASC-yə olan borvu 6485,31 AZN məbləğində müəyyən edilmiş (əsas kredit borcu – 6175,84 AZN, faiz borcu – 309,47 AZN), 08 fevral 2011-ci il tarixli, K-11/16 saylı kredit müqaviləsi üzrə 08 fevral 2012-ci il tarixindən 06 yanvar 2017-ci il tarixə olan müddətə illik 5 faiz hesablanmaqla "xxxx" ASC-yə olan borcu 1392,66 AZN məbləğində müəyyən edilmişdir. (əsas krdit borcu – 0 AZN, faiz borcu – 1392,66 AZN). Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 08 fevral 2011-ci il tarixli, K-11/16 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh illik 22 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 10000 manat məbləğində kredit verilmiş, cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzərinə düşən öhdəlikləri tam icra etməmiş və nəticədə onun banka 0 AZN məbləğində əsas borcu, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 309,31 AZN məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lik) üzrə 1083,35 AZN olmaqla, ümumilikdə 1392,66 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Eyni Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən, kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 AZN (iyirmi manat) məbləğində dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh müqavilə müddəti üçün hesablanmış və tələb olunan 309,31 AZN məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lə hesablanmış) üzrə 1083,35 AZN olmaqla, ümumilikdə 1392,66 AZN məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 20 AZN dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilməlidir. Eyni zamanda, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 AZN manat Cavabdeh tutularaq VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh müqavilə müddəti üçün hesablanmış və tələb olunan 309,31 AZN (üç yüz doqquz manat, otuz bir qəpik) məbləğində faiz borcu, müqavilə müddətindən sonra ödənilməmiş faizlər (5%-lə hesablanmış) üzrə 1083,35 AZN (bir min səksən üç manat, otuz beş qəpik) olmaqla, ümumilikdə 1392,66 AZN (bir min üç yüz doxsan iki manat, altmış altı qəpik) məbləğində pul, habelə iddia qaldırılması üçün ödənilmiş 20 AZN (iyirmi manat) dövlət rüsumunun əvəzi alınaraq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına verilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 145 AZN manat Cavabdeh tutularaq VÖEN **********, AZ43CTRE********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar