Məhkəmə qərarları › İş №2(006)-120/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-120/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-120/2022 21.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı BOKT QSC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı BOKT QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 əsas borc üzrə 6.698,40 manat olmaqla, faiz borcu üzrə 905,27 manat, cəmi 7.603,67 manat məbləğində pul vəsaitinin və həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulub İddiaçı QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış, Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC -nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agentliyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini “X4 Edilməsi Agentliyi” MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101S saylı Sərəncamının icrası ilə əlaqədar İddiaçı QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satm alınması ilə bağlı borclu şəxs Cavabdeh1 dair sənədlər S-FK-1314 saylı, 06 mart 2018-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı QSC-yə verilmişdir. "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə, № 2578-xx.xx.2014-SM37 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 22 % tətbiq edilməklə, 36 ay müddətinə 12000 (on iki min) manat məbləğində pul vəsaiti verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi oğluna ayrılmış kredit vəsaitini məxaric edərək ssuda hesabından istifadə etmişdir. "xxxx" ASC-nin “Səbail” filialı ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixdə, № 2578-xx.xx.2014-SM37 saylı Zaminlik Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinə əsasən Bank borc alana yaşayış şəraitini yaxşılaşdırmaq məqsədi ilə 12000 (on iki min) manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. Həmin Müqaviləyə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı “Borcalan”ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır. (5.3 bəndi) “Borcalan”a krediti 36 (otuz altı) aymüddətinə (bundan sonra Kredit müddəti) verilir. Qeyd olunan Kredit müqaviləsinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 22 %-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh1 banka hazırda olan əsas borc üzrə 6698.40 (altı min altı yüz doxsan səkkiz manat, 40 qəpik) manat, olmaqla, faiz borcu üzrə 905.27 (doqquz yüz beş manat, 27 qəpik) manat, cəmi 7603.67 (yeddi min altı yüz üç manat, 76 qəpik) manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 yuxarıda qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında zaminlik müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 2578xx.xx.2014-SM37 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, bank borcalana 36 ay müddətinə illik 22% dərəcəsi ilə 12.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2014-cü il tarixli 2578-xx.xx.2014-SM37 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. xx.xx.2015-ci il tarixli “Tələbetmə hüquqlarının güzəşt olunması”na dair müqavilənin surətindən görünür ki, Hüquq sahibi ("xxxx" ASC) borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq əldə edənə ("xxxx" QSC-yə) güzəşt etməyi, Hüquq əldə edən (“Aqrarkredit" QSC) isə qeyd edilən hüquqları qəbul etməyi öhdəsinə götürmüşlər. “Tələbetmə hüquqlarının ötürülməsi barədə” xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, tələbetmə hüquqlarının güzəşt olunmasına dair xx.xx.2015-ci il tarixli müqaviləyə uyğun olaraq xx.xx.2014-cü il tarixli 2578-xx.xx.2014-SM37 nömrəli kredit müqaviləsi üzrə borc tələb etmək hüquqlarının ötürülməsi, “Aqrarkredit" QSC-nin kredit müqaviləsi üzrə kreditor olması və həmin müqaviləyə əsasən borcların həmin Bankın hesablaşma hesabına ödənilməsi barədə “X4 edilməsi Agentliyi” MMC tərəfindən cavabdehlərə bildirilmişdir. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Araşdırılmış iş materiallarından göründüyü kimi xx.xx.2014-cü il tarixli 2578-xx.xx.2014- SM37 nömrəli kredit müqaviləsinə əsasən, "xxxx" ASC borcalan Cavabdeh1 36 ay müddətinə illik 22% dərəcəsi ilə 12.000 manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-120/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı BOKT QSC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair mülki iş üzrə icraata Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən Cavabdeh1 aid hissədə xitam verilməsi qərara alınmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh-borc alanın kredit müqaviləsindən irəli gələn öhdəliyi Cavabdeh2 ilə bağlanan xx.xx.2014-cü il tarixli 2578xx.xx.2014-SM37 nömrəli zaminlik müqaviləsi ilə təmin olunmuşdur. Həmin müqaviləyə əsasən digər cavabdeh – zamin Cavabdeh2 borc alan tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədiyi təqdirdə kredit müqaviləsindən irəli gələn öhdəliyinin tam həcmdə icrası üçün cavabdehdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, zaminliyə xitam verildiyindən cavabdeh-zamin bank qarşısında heç bir məsuliyyət daşımır. Belə ki, MM-nin 477.0.4-cü maddəsinə müvafiq olaraq, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Hazırki zaminlik müqaviləsində onun verilmə müddəti təyin edilmədiyindən, zaminliyin müddəti əsas öhdəliyin icrası vaxtının çatdığı gündən hesablanmalıdır. Əsas öhdəliyin icrası vaxtı isə xx.xx.2017-ci ildir. Beləliklə, əsas öhdəliyin icrası vaxtından artıq 3 ildən artıq vaxt keçmiş və zaminliyə xitam verilmişdir. Qeyd olunmalıdır ki, zaminlik müqaviləsinin 13.2-ci bəndi zaminliyin verilmə müddəti kimi qəbul edilə bilməz. Həmin bənddə göstərilmişdir ki, zaminlik icrasını təmin etdiyi kredit məbləği, faizlər və kredit müqaviləsində nəzərdə tutulmuş digər ödənişlər kreditora tam həcmdə ödənilənə qədər qüvvədə qalır. MM-nin 367-ci maddəsinə müvafiq olaraq, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Maddənin məzmunundan göründüyü kimi, müddət 3 qaydada müəyyənləşdirilə bilər: - dəqiq təqvim tarixi ilə; - illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə; - hökmən baş verməli olan hadisənin göstərilməsi ilə. Zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndində müddət, öhdəliklərin tam icra olunması vaxtı ilə təyin edilmişdir. Bu isə MM-nin 367-ci maddəsinə uyğun deyildir. Belə ki, öhdəliklərin tam icra olunması hökmən baş verməli olan hadisə kimi qiymətləndirilə bilməz. Hökmən baş verməli olan hadisənin göstərilməsi yolu ilə müddətin müəyyən olunmasının xüsusiyyəti ondan ibarətdir ki, mülki hüquq münasibətlərinin iştirakçıları belə müddətin çatmasının dəqiq tarixini qabaqcadan bilmirlər. Ümumiyyətlə, müddətlərin çatması (bitməsi) obyektiv xarakter daşıyır, yəni mülki hüquq subyektlərinin iradəsindən asılı deyildir. Öhdəliyin icra olunması isə subyektiv xarakterlidir, tərəflərin iradəsindən asılıdır və mülki hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və ya xitamına gətirib çıxara bilən hüquqi fakt (hərəkət) kimi qiymətləndirilməlidir. Ona görə də müddətlər öhdəliyin icra edilib-edilməməsi ilə müəyyən oluna bilməz. Bundan başqa, zaminlik müqaviləsinin yuxarıda qeyd edilən bəndi hüquqi müəyyənlik prinsipinə zidd müddəa kimi qiymətləndirilməlidir. Beləliklə məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı BOKT QSC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tutulması” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı BOKT QSC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə pul tutulması” tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar