Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1210/2023 02.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı – İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “X2” Açıq Səhmdar Cəmiyyətinə qarşı «kredit müqavilələrinin ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Əliyev Səyadi Allahbaxış oğluna verdiyi kreditin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəylə məhkəməyə müraciət edərək, Əliyev Səyadi Allahbaxış oğlu ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı Əliyev Səyadi Allahbaxış oğlu uzun illərdir ki, “Şizofreniya paranoid forma, baş beynin az dərəcəli atrofiyası, baş beynin xroniki işemiya xarakter qlioz ocaqları. Krdianın çatışmazlığı” və digər xəstəliklərdən əziyyət çəkir. Dərman qəbul etməyəndə özündə olmur. Müəyyən vaxt bundan əvvəl dərman qəbul edərək, cavabdehin Salyan rayon filialına getmiş və oradan kredit götürmüşdür. Bu baxımdan onun dərmanlarını ala bilməməsi vəziyyəti yaranmışdır. Demək olar ki, anlaqsız vəziyyətə düşmüşdür. Onun narahat olması ailədə də özünü göstərir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndəsi X1 iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2022-ci il tarixli 614nkSLY/22 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixinədək illik 21 faiz ödəmək şərti ilə 1920 manat məbləğində Əliyev Səyadi Allahbaxış oğluna kredit verilmişdir. xx.xx.2021-ci il tarixli 1237nkSLY/21 saylı kredit müqaviləsindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixinədək illik 29,5 faiz ödəmək şərti ilə 2000 manat məbləğində Əliyev Səyadi Allahbaxış oğluna kredit verilmişdir. Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Biləsuvar Rayon Mərkəzi Xəstəxanasi” X4 tərəfindən verilmiş arayışdan görünür ki, Əliyev Səyadi Allahbaxış oğlu “Biləsuvar rayon Mərkəzi Xəstəxanası” X4ndə “Şiziofreniya paranoid forma, baş beynin az dərəcəli atrofiyası, baş beynin xroniki işemiya xarakter qlioz ocaqları. Sol tərəli xroniki frontit, etmaidid. Krdianın çatışmamazlığı. Ezofagit. Mədə xoraları. 12 barmaq bağırsağın xora xəstəliyi. Forest 2c.Bulbodeformasiya.RCA damarlarındakı stent 3 ədəd" diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, tərəflərin irəli sürdüyü faktiki hallar onların iddia tələblərinin qanuni əsaslarının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadırlar; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər - hazırkı iş üzrə isə iddiaçının, qanuni sahibliylərində olduğunu iddia etdiyi mənzilin bu cür statusa malik olduğu, ümumiyyətlə sözügedən mənzilin hər hansı hüquqla iddiaçıya məxsusluğu müəyyən edilməmiş, eyni zamanda mənzilin Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin balansında olması müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, iddiaçını iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Çünki hazırkı işdə kredit müqaviləsi hüquq münasibətinin əmələ gəlməsinə yönəlmişdir. Belə ki, müqavilənin nəticəsi olaraq kredit verənlə kredit alanın arasında öhdəlik hüquq münasibəti əmələ gəlmişdir. Əmələ gələn münasibətinin strukturuna daxil olan 3 elementdən heç birinin iddiaçıya aidiyyəti yoxdur. Məhkəmə bunu aşağıda göstərilənlərlə izah edir: Birincisi, iddiaçı öhdəlik münasibətinin subyekti (kredit verən və ya kredit alan) deyil. İkincisi, iddiaçının, öhdəlik münasibətinin obyektinə (kredit məbləğinə) aid olan hər hansı hüququ, vəzifəsi və ya qanuni mənafeyi yoxdur. Mövcud olmayan hüququn müdafiəsi tələb edə bilməz, hüququn müdafəsi üçün ya o, mövcud olmalı, ya da gözlənilən olmalıdır. Üçüncüsü, öhdəlik münasibətinin məzmununun (subyektiv hüquqların və hüquqi vəzifələrin) iddiaçıya hər hansı aidiyyəti yoxdur. Belə ki, subyektiv hüquq (kreditalanın krediti qəbul etmək hüququ) və hüquqi vəzifə (kredit verənin krediti vermək vəzifəsi) müqavilənin tərəflərinə aiddir. Bundan başqa, iddiaçı iddia ərizəsində Əliyev Səyadi Allahbaxış oğlunun anlaqsız vəziyyətdə olmasını qeyd etsə də, məhkəmə tədqiqatı zamanı Əliyev Səyadi Allahbaxış oğlunun məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli sayılması, eyni zamanda iddiaçının Əliyev Səyadi Allahbaxış oğlunun qəyyum təyin olunması müəyyən olunmamışdır. Beləliklə, hazırkı vəziyyətdə iddiaçı müqavilələrin etibarsız hesab olunmasını tələb etmək hüququna malik olmadığından iddiaçının iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz». Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-1210/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1210/2023
02.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver