Məhkəmə qərarları › İş №2(006)-1219/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1219/2021

31.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1219/2021 31.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məmmədov İlkin Umud oğlunun katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinə qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, inəyinin tələf olması ilə əlaqədar dəymiş 1500 manat maddi ziyanın və ödədiyi 30 manat dövlət rüsumunun cavabdeh «xxxx» ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində, fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırdığını, 2015-ci il tarixdə 980 manata bir baş inək aldığını, həmin inəyin tələf olduğu vaxta yanında bir aylıq balası olmaqla 8 illik olmasını, xx.xx.2019-cu il tarixdə həyat yoldaşı Əslinin səhər 06 radələrində inəyi evlərinin həyətindəki tövlədən dəmir yolu istiqamətində naxıra ötürərkən inəyin Şabran şəhəri, M.Hüseynzadə küçəsindəki yol döngəsində olan işıq dirəyinə toxunduğunu, həmin anda inəyi elektrik cərəyanı vuraraq öldürdüyünü qeyd etmişdir. Qeyd olunan yerin onun evindən təxminən 500-600 metr məsafədə yerləşdiyini, daha sonra həyat yoldaşı inəyin yıxıldığını zənn edib kömək üçün inəyə tərəf gedərkən həmin vaxt ətrafda olan qonşu Absətdər yaxın getməməyi istəmiş və inəyi elektrik cərəyanı vurduğunu demişdir. Absətdərdən başqa həmin vaxt qonşulardan X11, X8, X5, X7 və X2 orada olmuş və elektrik dirəyinə inəyin toxunarkən cərəyan vurduğunun şahidi olmuşlar. Bundan sonra həmin yerdə akt tərtib edilərək fotoşəkillər çəkilmişdir. İnəyin halhazırda qiyməti 1500 manat təkil edir. İnəyin tələf olması ilə əlaqədar hüquq mühafizə orqanlarına müraciət etmiş və onlar tərəfindən araşdırma aparılmışdır. xx xxxxxx 2020-ci il tarixdə hadisə yerinə ekspertin iştirakı ilə keçirilmiş baxış protokolu və ona əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri Şabran rayonu, M.Hüseynzadə küçəsində yerləşən "xxxx" ASC-nin balansında olan, dəmir materialdan hazırlanmış hündürlüyü 7.5 metr 10 kv-luq elektrik dirəyidir. Açıq ərazidə yerləşən dirəyin ətrafı yol və yaşayış evi ilə əhatə olunmuşdur. «xxxx» ASC-nin X17 Təchizatı və satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsi tərəfindən təqdim olunmuş 10 kv-luq "Beşmərtəbə" hava xəttinin pasportundan görünür ki, hava xəttinin uzunluğu 1710 metrdir, naqil As markalıdır, en kəsiyi 35 mm2, xətt boyunca 54 ədəd dəmir, 11 ədəd ağac, 144 ədəd beton və 211 ədəd aralıq dayaqlar vardır. Hava xəttindən buraxıla bilən cərəyan 130 A-dir. Həmin pasportda olan "17 Hava xəttinin təmir barəsində məlumat" başlıqlı cədvəldən görünür ki, hava xəttində sonuncu dəfə xx.xx.2020ci il tarixdə qəzalı beton dayaqların dəyişdirilməsi, ******* saylı TM-in sxemdən çıxarılması və budaqlanmanın sökülməsi işləri görülmüşdür. Bundan başqa «xxxx» ASC-nin X17 Təchizatı və satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsinin istismar üzrə aparıcı mühəndis X15 əlavə izahatında hadisədən bir neçə ay sonra həmin elektrik dirəyində təmir işlərinin aparıldığını, bununla da hadisə yerinin ilkin vəziyyətdə saxlanılmadığını göstərmişdir. Nurlan Orucov tərəfindən araşdırmaya təqdim olunmuş bir ədəd diskdən və fotocədvəldən də inəyin Şabran şəhəri, M.Hüseynzadə küçəsində «xxxx» ASC-nin X17 Təchizatı və satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsinin balansında olan elektrik dirəyinə toxunduqdan sonra öldüyü görünür. Şabran rayon Baytarlıq İdarəsi tərəfində xx.xx.2019cu il tarixli rəyində, bir baş inəyin cəsədinə baxış keçirilərkən onun elektrik dirəyinə söykənmiş halda öldüyü, dərinin tamlığının pozulmadığı, heç bir travma və xəstəlik əlamətlərinin olmaması və heyvanın ölüm səbəbinin cərəyan vurması nəticəsində baş verdiyi göstərilmişdir. Beləliklə, araşdırma nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus olan bir baş inək Şabran şəhəri, M.Hüseynzadə küçəsində yerləşən «xxxx» ASCnin X17 Təchizatı va satışı İdarəsinin Şabran Elektrik Şəbəkəsinin balansında olan elektrik dirəyinə toxunduqdan sonra ölmüşdür. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Şabran Rayon Prokurorluğu tərəfindən tərtib edilmiş, xx.xx.2020-ci il tarixli, 104C-19 saylı məktub, həmin tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərar və Şabran RPŞ tərəfindən tərtib edilmiş, xx.xx.2019-cu il tarixli cinayət təqibinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətlərindən görünür ki, İddiaçı müraciəti araşdırılmış və fakt üzrə cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işinin başlanılması rədd edilmiş, ərizəçiyə mülki mühakimə icraatı qaydasında müraciət etmək hüququ izah edilmişdir. xx.xx.2019-cu il tarixli aktdan görünür ki, X11, X8, X5, X7 və X1 İsbat Müslüm oğluna məxsus bir baş inəyi elektrik cərəyanının vurmasından ölməsinin şahidi olmuşlar. xx.xx.2019-cu il tarixli, Şabran Rayon Baytarlıq İdarəsinin əməkdaşı tərəfindən tərtib edilmiş rəydən görünür ki, İddiaçı məxsus bir baş inək elektrik cərəyanının vurması nəticəsində ölmüşdür. «X18» MMC tərəfindən verilmiş arayışdan görünür ki, MMC-nin ərazisində satılan 1 kq. mal ətinin qiyməti 11 manat 50 qəpik təşkil edir. xx.xx.2021-ci il tarixli, Xaçmaz Rayon Mal Bazarı tərəfindən verilmiş cavab məktubundan görünür ki, 5-6 yaşında inəyin 2 aylıq balası ilə birlikdə indiki bazar qiyməti 1500-1800 manatdır. Ödəniş tapşırığından (qəbzindən) görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh tərəfindən məsuliyyət daşıdığı yüksək təhlükə mənbəyinin yarada biləcəyi risklərin qarşısının alınması üçün zəruri olan tədbirlər görülməmiş, bu səbəbdən baş vermiş hadisə nəticəsində iddiaçıya məxsus inək tələf olmuş və iddiaçıya 1500 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, yüksək gərginlikli elektrik enerjisinin verilişi ilə məşğul olan cavabdeh qəbul olunmuş Qaydaların tələblərinə riayət olunmasını və yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağının təhlükəsizliyini və həmin zonaya kənar müdaxilələrin məhdudlaşdırılmasını təmin etməmişdir Məhkəmə iş materiallarında olan sənədləri, yuxarıda sadalalnan xüsusatları və iş üzrə tərəflərin izahatlarını müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, baş vermiş hadisənin qarşısıalınmaz qüvvənin təsiri və ya iddiaçının qəsdi nəticəsində əmələ gəlməsi faktı cavabdeh tərəfindən sübuta yetirilmədiyinə görə iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci- maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, vurulmuş maddi ziyana görə cavabdeh «xxxx» ASC-dən 1500 manat və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh «xxxx» ASC-dən vurulmuş maddi ziyana görə 1500 (bir min beş yüz) manat və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar