Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1227/2025 29.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərin əvəzi qismində 4.725 manat, avtomobilin zədələnməsi nəticəsində bazar qiymətinin aşağı düşməsinə görə 5.000 manat və ödənilmiş 118 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X1» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ ilə ona məxsusdur və öz şəxsi istifadəsindədir. Yol-nəqliyyat hadisəsi baş verən zaman, yəni xx.xx.2014-cü il tarixdə, saat 09:00-da o, avtomobili ilə Nərimanov rayonu ərazisində hərəkətdə olan zaman avtomobilinin önünə qəfildən, ani olaraq başqa bir avtomobil çıxmışdır. Onun idarə etdiyi avtomobil həmin avtomobilin orta hissəsindən dəymişdir. O, avtomobilindən enən zaman idarə etdiyi avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində ziyan vuran avtomobilin «VOLVO XC-90» minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu görmüşdür. Yol-nəqliyyat hadisəsi nəticəsində onun mülkiyyətində olan «X1» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin umumiyyətlə bütün ön hissəsi tam sıradan çıxmışdır. «X1» mink markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar ehtiyat hissələrinin dəyişdirilməsi və təmir xərcləri "xxxx" Sığorta Şirkətinin xx.xx.2024-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatında yekun olaraq ümumi məbləğ 11.725,00 manat təşkil edir. Ona məxsus «X1» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsindən sonra toxunulmamışdır. Belə ki, avtomobil yol-nəqliyyat hadisəsindən sonra düşdüyü qəzalı vəziyyətdə də saxlanılmışdır. Yolnəqliyyat hadisəsi zamanı «VOLVO XC-90» minik markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobili mülkiyyətçisi, Cavabdeh idarə etmişdir. Bununla bağlı yol-patrul xidmətinin əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmışlar. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, 40 manat məbləğində cərimə edilmişdir. Ona məxsus avtomobil "xxxx" Sığorta Şirkətində sığorta olunduğundan, sığorta ödənişi kimi 5.000 manat, Cavabdeh tərəfindən 2.000 manat məbləğində pul ona ödənilmiş, lakin cavabdeh tərəfindən ziyanın qalan hissəsi hələ də ödənilməmiş qalmaqdadır. O, özünə məxsus avtomaşına dəymiş maddi zərərin qalan hissəsinin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh qalan məbləğin ödənilməsindən yayınır. Buna görə də, hesab edir ki, ona məxsus «X1» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi zamanı dəymiş ümumilikdə 11.725 manat məbləğində maddi zərərdən 4.725 manat yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsinin) mülkiyyət hüququ üzrə sahibi olan Cavabdeh tutulmalıdır. Bundan əlavə, yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi avtomobil zərbənin gücündən demək olar ki, tam yararsız vəziyyətə düşmüşdür. Halbuki, avtomobili tam saz vəziyyətdə idi və bazar qiyməti təxminən 25.000 manat təşkil edirdi. Buna görə də hesab edir ki, avtomobilinin zədələnməsi nəticəsində avtomobilinin bazar qiyməti 5.000 manat aşağı düşdüyünə görə həmin məbləğ də cavabdehdən tutularaq ona ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" Sığorta Şirkəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, İddiaçı məxsus olan «X1» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi üçün zəruri olan pul vəsaiti 11.725 manat təşkil edir. - 23.10.2024-cü il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan və eyni tarixli TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, yuxarıda qeyd edilən «X1» minik markalı, 77-RZ267 dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi yol-nəqliyyat hadisəsi Cavabdeh tərəfindən («Volvo XC-90» markalı ** AV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü) törədilmiş, o, Azərbaycan Respublikası İXM-nın 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat inzibati cərimə edilmişdir. - 06.11.2024-cü il tarixli CLM**********05 saylı sığorta aktından görünür ki, İddiaçı məxsus olan «X1» minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə sığorta hadisəsi nəticəsində 11.725 manat maddi ziyan vurulmuş, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən ödəniş tapşırığı ilə İddiaçı 5.000 manat sığorta ödənişi verilmişdir. - İddiaçının iddia ərizəsində qeyd etdiklərinə görə, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərə görə 2.000 manat ödəniş edilmiş, qalan zərər məbləği ödənilməmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2025-ci il tarixli 9/1510 saylı ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktına əsasən 2016-cı il buraxılışlı, «X1» markalı, ** RZ *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği nəzəri hesablama yolu ilə təxminən 8.455 manat müəyyən edilir. İş materiallarında olan qüsur aktında göstərilən digər 02 adda ehtiyyat hissələrinin satışına və qiymətinə dair məlumat olmadığından qiymətləndirmə aparılmadı (1-ci sual üzrə). Respublikada yerləşən avtobazarlarda, internet saytlarında (turbo.az) mövcud olan qiymətlərdən və eləcə də mərkəzdə olan ekspert praktikası məlumatlarına əsasən, ekspertiza təyini haqqında qərardadda və mülki iş materiallarında göstərilən 2016-cı il buraxılışlı, «X1» markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 21.000 manat müəyyən olunur (2-ci sual üzrə). Qeyd: tələb və təklifdən asılı olaraq, yuxarıda göstərilən ehtiyyat hissələrinin və avtomobilin dəyərində qismən dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. - 09.12.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 118 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Göründüyü kimi, hazırkı iş üzrə cavabdeh tərəfindən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, iddiaçıya məxsus avtomobilə maddi zərər vurulmuşdur. Məhkəmə hesab edir ki, iddia avtomobilə vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair hissədə qismən təmin edilməli, ekspert rəyi ilə müəyyən edilmiş 8.455 manat, eləcə də, ekspert tərəfindən müvafiq rəy verilməsi mümkün olmayan 2 detalın dəyəri (45 manat (korobka karterin krujkası) + 1.350 manat (ABS)) nəzərə alınmaqla, 9.850 manat maddi zərərin ödənilməmiş hissəsi olan 2.850 manat (9.850 manat – 5.000 manat – 2.000 manat = 2.850 manat) Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, avtomobilə vurulmuş maddi zərər ekspert rəyinə əsasən 8.455 manat, eləcə də, ekspert tərəfindən müvafiq rəy verilməsi mümkün olmayan 2 detalın dəyəri (45 manat (korobka karterin krujkası) + 1.350 manat (ABS)) nəzərə alınmaqla, 9.850 manat təşkil edir. İddia tələbinin avtomobilin təmir ediləndən sonra dəyər itirdiyinə dair hissəsinə münasibətdə qeyd olunmalıdır ki, ekspert rəyinə əsasən 2016-cı il buraxılışlı, «X1» markalı, ** RZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə orta bazar qiyməti təxminən 21.000 manat müəyyən olunur. Avtomobil hazırda təmir edilməmiş vəziyyətdədir. Avtomobil tam təmir olunandan sonra yekun görünüşünün necə olacağı bəlli deyil və iddiaçının hazırda avtomobilin təmir olunandan sonra 5.000 manat dəyər itirəcəyi barədə iddiası obyektiv reallığa deyil, subyektiv mülahizələrə əsaslanır. Ona görə də, avtomobil təmir edilmədən və yekun əmtəə görünüşü əldə etmədən, avtomobilin bazar dəyərini hansı miqdarda itirəcəyi, yaxud itirib-itirməyəcəyini müəyyən etmək mümkün deyil. Bu səbəbdən, hazırda iddia qeyd olunan hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, avtomobilə dəymiş ziyana görə 2.850 manat və ödənilmiş dövlət rüsumunun 35 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Avtomobilə dəymiş ziyana görə 2.850 manat və ödənilmiş dövlət rüsumunun 35 manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. 50 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1227/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1227/2025
29.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver