Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1296/2023 27.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə, Cavabdeh2 və Cavabdeh3 qarşı "maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən, Cavabdeh2 və Cavabdeh3 dəymiş zərərə görə müştərək qaydada 1620 (bir min altı yüz iyirmi) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Nissan Sunny" markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun xüsusi mülkiyyətimdədir və hal-hazırda "Nurgun Motors"un zəmanəti altındadır. 25 aprel 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" şirkəti (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti - VÖEN: **********) tərəfindən icbari qaydada sığorta olunmuş, vətəndaş X2 mülkiyyətində olan və vətəndaş Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi "X3" markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi tərəfindən Ə.Vəfaya məxsus "X7" markalı, **-VZ-*** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 1995 (bir min doqquz yüz doxsan beş) manat məbləğində maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı AR DİN X8 tərəfindən "Volkswagen" markalı, 99-MK-58S dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ə.N.Əsgərov barəsində İXP4600609 nömrəli, xx.xx.2022-ci il tarixli protokol tərtib edilmişdir. Hadisədən sonra sığorta şirkəti tərəfindən onun avtomobilinə baxış keçirimiş və dəymiş zərər təqribən 280 (iki yüz səksən) manat qiymətləndirilərək müvafiq məbləğdə sığorta ödənişi ödəniləcəyi bildirilmişdir. Ə.Vəfanın avtomobili zəmanət altında olduğundan və zəmanət şərtlərinə görə digər servislərdə avtomobili təmir etdirə bilmədiyindən, o, təmir üçün "Nissan" avtomobillərinin servisi mərkəzinə müraciət etmiş, lakin rəsmi servisdə avtomobilə baxış keçirilən zaman təmir və ehtiyat hissə xərclərinin ümumilikdə 1995 (bir min doqquz yüz doxsan beş) manat olacağı müəyyən edilmişdir. Daha sonra "xxxx" şirkətindən (Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətindən) avtomobilimin təmiri üçün rəsmi servisin müəyyən etdiyi real zərərə uyğun 1995 manat sığorta ödənişi tələb etsə də, sığorta şirkəti onun haqlı tələbini yerinə yetirməmişdir. Müraciətinə baxıldığı müddətdə o artıq avtomobilini təmir etdirdiyindən və onun təmirinə 1900 (bir min doqquz yüz) manat ödəniş həyata keçirdiyindən cavabdeh Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkətinə yenidən məktubla müraciət edərək ona ödənilmiş cəmi 280 (iki yüz səksən) manat sığorta ödənişini nəzərə alaraq, dəymiş zərərə görə əlavə olaraq 1620 (bir min altı yüz iyirmi) manat (1900-280=1620) məbləğində ödəniş edilməsini bildirmişdir. Lakin bu günədək nə sığorta şirkəti, nə cavabdehlər tərəfindən dəymiş maddi zərər ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd edilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, xx.xx.2022-ci il, saat 17:45-də Bakı şəhəri, İsmayılov küçəsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Hadisə zamanı Şirkət tərəfindən “Avto nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” müqaviləsi əsasında sığortalanmış, Cavabdeh3 mülkiyyətində olan və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə olunan “X3” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə "X7” markalı, 99- VZ-596 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş sığorta hadisəsi üzrə zərərçəkənə məxsus "X7’’ markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiymətləndirilməsi üçün lazımi tədbirlər görülmüş, qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmədən sonuncuya dəymiş zərər Şirkət tərəfindən tərtib olunmuş dəymiş zərərin hesablanmasına dair 26.04,2022- ci il tarixli akta əsasən 280 manat məbləğində müəyyən edilmiş və bu barədə avtomobilin mülkiyyətçisi İddiaçı Qızına məlumat verilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixində Şirkətə ərizəylə müraciət edərək, sözügedən avtomobilə dəymiş zərərin əvəzi olaraq müəyyənləşdirilmiş məbləğlə razılaşmış və həmin məbləğin ona məxsus bank hesabına köçürülməsini xahiş etmişdir. Bunun əsasında Şirkət tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixində "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 280 manat məbləğində sığorta ödənişi verilmişdir. Hazırda İddiaçı "X7" markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə daha yüksək məbləğdə zərər dəydiyini iddia edərək məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından aydın olur ki, iddiaçı sığorta hadisəsi nəticəsində mülkiyyətçisi olduğu avtomobilə dəymiş zərərin aradan qaldırılması məqsədilə Şirkət tərəfindən müəyyənləşdirilmiş 280 manat zərər məbləğiylə razılaşdığını və ödənilməsini xahiş etdiyi ərizəylə Şirkətə müraciət etmiş, vətəndaşın ərizəsi və razılığı əsas götürülərək Şirkət tərəfindən həmin məbləğdə sığorta ödənişi sonuncunun bank hesabına köçürülmüşdür. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 və Cavabdeh3 iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan: AD N seriyalı, 769888 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdır. "xxxx" MMC ilə İddiaçı arasında bağlanılmış xx.xx.2020-ci il tarixli “Qarantiya və servis xidmətləri barədə” müqavilədən görünür ki, İddiaçı mülkiyyətində olan "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə "xxxx" MMC tərəfindən (istisnalar nəzərə alınmaqla) hansı halın tez baş verməsindən aslı olaraq 5 il və ya 155.000 km qarantiya verilmişdir. AD N seriyalı, 128531 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X3” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Cavabdeh3dur. “Nəqliyyat vasitələrindən istifadə edilməsi” haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh3 tərəfindən Cavabdeh2 xx.xx.2028-ci il tarixədək “X3” markalı, **- MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. İXP serialı, ******* nömrəli, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati xəta haqqında protokolun surətindən görünür ki, olunan “X3” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1ci maddəsində tutulmuş inzibati xəta törədilmişdir. Cavabdeh2 Xətai RPİ DYPŞ-nin rəisinə verdiyi izahatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində etibarnamə əsasında idarə etdiyi maşınla İnqilab İsmayılov küçəsində hərəkətdə olarkən qarşıda olan "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin qəfil dayanmış və ara məsafəsi az olduğundan toqquşma olmuşdur. İddiaçı Xətai RPİ DYPŞ-nin rəisinə verdiyi izahatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində Xətai RPİ DYPŞ-nin rəisinə verdiyi izahatın surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində İnqilab İsmayılov küçəsi ilə hərəkətdə olarkən maşının qarşısına it çıxdığı üçün qəfil əyləci sıxmış, bu zaman arxadan gələn “X3” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil ara məsafəsi saxlamadığından onun maşını ilə toqquşmuşdur. "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş qüsur aktının surətindən görünür ki, İddiaçı məxsus olan "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzrə ehtiyyat hissələrinin qiyməti 385 manat, iş haqqı 1.610 manat, cəmi təmir xərcləri 1.995 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün "xxxx" MMC-yə 1.900 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi ilə əlaqədar nəqliyyat vasitəsinə baxış keçirilib yenidən qiymətləndirmək məqsədilə aşağıda adları göstərilən müstəqil ekspertlər təklif olunmuşdur: 1. "xxxx" MMC, 2 "xxxx" MMC, 3. “Səfərov Rəşad" müstəqil ekspert, 4. '‘Bakı Ekspertizası və Kriminalistika bürosu” MMC. Nəticə barədə Dövlət Sığorta Şirkətinə məlumat verilməsi xahiş edilmişdir. "xxxx" DSKŞ tərəfindən xx.xx.2022-ci il tarixində tərtib edilmiş qüsur aktının surətindən görünür ki, İddiaçı məxsus olan "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan üzrə ehtiyyat hissələrinin qiyməti 40 manat, iş haqqı 240 manat, cəmi təmir xərcləri 280 manat müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli, 09417 nömrəli sığorta aktının surətindən görünür ki, Cavabdeh3 məxsus “X3” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi "xxxx" DSKŞ tərəfindən 55.000 manat məbləğində icbari sığortalanmışdır. İddiaçı mülkiyyətində olan "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərin məbləği 280 manat həddində müəyyən edilmişdir. İddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixində baş vermiş qəza zamanı onun mülkiyyətində olan "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən ödənilən 280 manat məbləğində olan sığorta ödənişi ilə razıdır və həmin məbləğin onun bank hesabına köçürlməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, 36112 nömrəli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı bank hesabına 280 manat məbləğində pul köçürülmüşdür. İşin mübahisələndirilməyən hallarından göründüyü kimi İddiaçı məxsus olan "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh2 etibarnamə əsasında idarə etdiyi “X3” markalı, **-MK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində zədələnmiş, həmin yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən təqsirli bilinmişdir. İddiaçının avtomobilinə dəymiş zərər Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən 280 manat məbləğində qiymətləndirilmiş və iddiaçı həmin məbləğlə razı olmuşdur. Tərtib edilmiş sığorta aktında iddiaçı imza edərək təsdiq etmişdir ki, həmin sığorta aktı ilə müəyyən edilmiş sığorta ödənişi sığorta hadisəsi nəticəsində zərərin əvəzinin ödənilməsi üçün qətidir. Sığorta şirkəti tərəfindən "X7” markalı, **-VZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 280 manat məbləğində sığorta ödənişi xx.xx.2022-ci il tarixdə ödənilmişdir. Lakin iddiaçı avtomobilini "xxxx" MMC-nin mütəxəssislərinə göstərmiş və sonuncu tərəfindən avtomaşına dəymiş ziyan 1995 manata müəyyən edilmişdir. Hazırda iddiaçı onun mülkiyyətində olan avtomobilin zəmanət altında olması və "xxxx" MMC ilə bağlanmış “Qarantiya və servis xidmətləri barədə” müqavilənin şərtlərinə əsasən digər servislərdə avtomobilini təmir etdirə bilmədiyindən, xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş maddi zərərin qalan 1.620 manat hissəsinin cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsini tələb edir. Məhkəmə hazlrki iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Bu Məcəllənin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetinin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə əsasən sığortaçı sığorta hadisəsi nəticəsində dəymiş zərərin məbləğini bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərdə almaqla təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərdə alınmaqla tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Beləliklə, yuxarıda qeyd edilən icbari sığorta qanunvericiliyinə əsasən sığorta hadisəsi baş verdikdə dəymiş zərərin miqdarı sığortaçının özü və ya sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə müəyyən edilir. Zərərin sığortaçı tərəfindən müəyyən edilmiş həcmi barədə tərəflər arasında razılıq əldə edilməklə, zərərin miqdarının qiymətləndirilməsi tərəflərin qarşılıqlı razılığı ilə təyin olunan qiymətləndirmə fəaliyyəti ilə məşğul olan müstəqil ekspert tərəfindən aparılır. Məhkəmə qeyd edir ki, iddiaçı sığorta hadisəsi nəticəsində avtomaşınına dəymiş ziyan məbləği ilə razı olmadığını iddia etsə də, ziyan məbləği sığortaçı tərəfindən müəyyən edilərkən bunu sığortaçıya bildirməmiş, iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə razılığını ifadə edərək sığorta aktını imzalamış və sığorta ödənişini almışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı sığortaçı tərəfindən müəyyən edilmiş ziyan məbləği ilə bağlı razılığını bildirdiyindən və sığorta ödənişi aldığından, o həmin ziyan məbləğini yenidən mübahisələndirmək hüququnu itirmişdir. Belə ki, icbari sığorta qanunvericiliyinə əsasən sığortaçının sığortalı qarşısında öhdəliyi qanunla müəyyən edilmiş həddə yaranır. Yəni sığortaçı sığortalıya sığorta ödənişini qanunla müəyyən edilmiş prosedur həyata keçirildikdən sonra ödəyir. Həmin prosedur sığorta hadisəsinin müəyyən edilməsi, ziyanın hesablanması və sığorta ödənişinin ödənilməsindən ibarətdir. Qanun sığortalıya hər mərhələ üzrə sığortaçının hərəkətlərini mübahisələndirmək hüququnu vermişdir. İddiaçı yol-nəqliyyat hadisəsi zamanı avtomaşınına 1995 manat ziyan vurulmasını hesab etmişdirsə, bu halda sığortaçı tərəfindən müəyyən edilən ziyan məbləği ilə razı olmamaq və onu mübahisələndirmək hüququ var idi. Lakin göründüyü kimi iddiaçı bu hüququndan istifadə etməmiş və ziyan məbləği ilə razı olduğunu bildirərək sığorta ödənişini almışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə dəymiş ziyanın məbləğinin nəqliyyat vasitəsinin sahiblərinin icbari sığortasına dair standart qaydada müəyyənləşdirilmiş 5000 manatdan yuxarı olmadığı müəyyən edildiyindən və 280 manat məbləğində hesablanmış maddi zərər tam şəkildə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən tam ödənildiyindən iddia hər 3 cavabdehə münasibətdə rədd edilməlidir. Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova
Məhkəmə qərarları › İş №2(006)-1296/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1296/2023
27.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver