Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1300/2024 05.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən aldığı 10.000 manat borcun və 40 manat dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 8.650 manat borc qalığının və ödənilmiş dölət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh bir müddətdir ki, tanıyır. Həmin zamanlar onların münasibətləri yaxşı olmuşdur. Bir müddət sonra Cavabdeh əlinin hər yerə çatdığını və kimi isə düzəltmək lazım olarsa, ona deməsini bildirmişdir. Bu səbəbdən, o, Qalibdən oğlunu FHN-ə işə düzəldə biləcəyini soruşmuş və Qalib heç bir problem olmadığını bildirmişdir. Bir neçə gündən sonra Qalib onun oğlunu FHN-də işə düzəltmək üçün 10.000 manat pul lazım olduğunu bildirmişdir. O, təcili olaraq avtomobilini sataraq oğlunun işə düzəlməsi üçün Qalibə verəcəyini bildirmişdir. Qalibə verəcəyi pulun məbləği çox olduğu üçün pulu notariat kontorunda müqavilə bağlamaqla verəcəyini bildirmişdir. Eləcə də, Qalibə demişdir ki, oğlunu işə düzəldəcəksə, notariat qaydasında verəcəyi puldan imtina edəcək, əgər oğlunu işə düzəldə bilməyəcəksə, Qalib ona verdiyi pulu bir dəfəyə qaytaracaq. Cavabdeh onun təklifini qəbul etmişdir. Bu səbəbdən, onlar birlikdə Bakı şəhəri 24 saylı notariat ofisinə gedərək xx.xx.2021-ci il tarixdə kredit müqaviləsi bağlamışlar. Kredit müqaviləsinin 1-ci bəndində borc verən borc alana 10.000 manat məbləğində borc pul verildiyini və müqavilənin 2-ci bəndində isə borc alan kredit borcunu xx.xx.2021-ci il tarixdə qaytarılacağı göstərilmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh iddiaçının kart hesabına ümumi borcdan 1.350 manat pul köçürmüşdür. Hazırda qalıq borc məbləği 8.650 manat təşkil edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri 24 saylı notariat ofisində bağlanmış 13 fevral 2021-ci il tarixli 3M-26 reyestr saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 13 may 2021-ci il tarixədək qaytarmaq şərti ilə faizsiz olaraq İddiaçı 10.000 (on min) manat borc almışdır. 13 fevral 2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, İddiaçı kredit müqaviləsindən irəli gələn öhdəliyini icra edərək borc alana verilməsi üçün 10.000 manat pul vəsaitini notariusun məktubuna əsasən müvafiq hesaba ödəmişdir. 14 avqust 2023-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra edərək borc məbləğini qaytarmasını tələb etmiş, əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Toplanmış və tədqiq olunmuş sübutları məcmusu ilə müəyyən olunur ki, cavabdeh iddiaçıdan 10.000 manat borc almış, həmin borcu kredit müqaviləsində nəzərdə tutulmuş müddətdə ödəməyərək, iddiaçıya borclu qalmışdır. Cavabdeh iddiaçıya borclu olduğu məbləğin bir hissəsini ödəmiş, 8.650 manat borcu qalmışdır. Mübahisənin həllinə tətbiq olunmalı maddi hüquq normalarının tələbinə görə, cavabdeh iddiaçıya borclu olduğu 8.650 manat pul vəsaiti ödəməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 8.650 manat pul vəsaiti və ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 8.650 manat pul vəsaiti və ödənilmiş 38 manat dövlət rüsumu Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1300/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1300/2024
05.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver