Məhkəmə qərarları › İş №2(006)-131/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-131/2023

14.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-131/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X9 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil Babalı oğlunun, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya dəymiş ziyana görə 4979 manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35, 18 saylı mənzilin, Cavabdeh isə Bakı şəhəri Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35, 24 saylı mənzilin mülkiyyətçiləridir. Cavabdehin mənzilindən iddiaçının mənzilinə su axması nəticəsində iddiaçıya məxsus mənzilə zərər dəymişdir. İddiaçı tərəfindən dəvət edilmiş 23 saylı MKİS-in əməkdaşları mənzilə zərər dəyməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli akt tərtib etmişdirlər. Bundan başqa, "xxxx" MMC-yə edilmiş müraciət əsasında tərtib edilmiş rəyə əsasən iddiaçıya dəymiş zərərin məbləği 4979 manat müəyyən edilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil Babalı oğlu iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X4 iddianı qəbul etməyib, iddia tələbinin əsassız olduğunu bildirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, 1 mr., A.Məhərrəmov küçəsi, ev 35, mənzil 18-dir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MH seriyalı ******* №-li, reyestr nömrəsi **********89-05101-093009 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsində istifadədə olan 0.0645 ha torpaq sahəsində yerləşən 35 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində 41.5 kv.m ümumi, 27.3 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 18 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 208 nömrəli reyestr kitabının 25914 nömrəli vərəqində xx.xx.2009-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş reyestr nömrəsi **********89- 05101-093036, qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, ev 35, mənzil 24 xx.xx.2018-ci il tarixdə tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan "xxxx" MMC-nin 02-69/22 №-li mütəxəssis rəyindən görünür ki, İddiaçı məxsus olan ünvan 2 ünvanına subasma nəticəsində dəymiş ziyanın məbləği aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2022-ci il tarixinə 4979,0 (dörd min doqquz yüz yetmiş doqquz) manat təşkil edir. Mülki işin materiallarında olan Bakı şəhəri Məhərrəmov küçəsi 35 saylı binanın 18-ci mənzilində yaşayan İddiaçı müraciəti əsasında onun mənzilində olmaqla 23 saylı MKİS-nin rəisi Y.Əliquliyev, mühəndis Ə.Qasımov, sahə nəzarətçisi Ə.Quliyevanın iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, mənzilə baxış keçirilən zaman həmin binada 24-cü mənzildə yaranmış nasazlıq səbəbindən 21-ci mənzilə mütəmadi olaraq axan su 18-ci mənzilin tavan və divarını isladaraq sarı ləkələr əmələ gəlmişdir. 24-cü mənzilin sahibi Cavabdeh xəbərdarlıq olunmuşdur ki, ona məxsus mənzilin hamam otağının trapını söküb təmir etsin. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon İcra Hakmiyyəti Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi 23 saylı Mənzil Kommunal İstismar Sahəsinin Vəkil ünvanladığı xx.xx.2022-ci il tarixli, 15 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 35 saylı binanın 21-ci mənzilinin sahibi xx.xx.2014-cü ildən RX-0358355 saylı Çıxarışa əsasən X1r, qeydiyyatı yoxdur. Mənzildə 2 (iki) nəfər mənzilin keçmiş sahibinin həyat yoldaşı X2 və oğlu X8 qeydiyyatdadırlar. A.Məhərrəmov küçəsi, 35 saylı binanın 24 saylı mənzilində mənzilin sahibi xx.xx.2018-ci ildən RX-1390963 saylı Çıxarışa əsasən Cavabdehdır və o 2018-ci ildən daimi qeydiyyatdadır Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə 70 (yetmiş) manat rüsum ödənilmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli 10/6248 saylı ekspert rəyindən görünür ki, mülki işin materiallarında olan aktda qeyd olunanları, tədqiq oluan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 18 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehin yaşadığı 24 saylı mənzilin isə binanın 3-cü mərtəbəsində yerləşdiyini, 18 saylı mənzilin otaqlarında qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya xarakterik olduğunu nəzərə alaraq, 18 saylı mənzilə yuxarı mərtəbədə yerləşən 24 saylı mənzildən (24 saylı mənzildən 24 saylı mənzilə, ordan da 18 saylı mənzilə) su axıdıldığı müəyyən edilir. Baxış zamanı cavabdehin faktiki istifadəsində olan 24 saylı mənzilin konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərində də, su sızmaya xarakterik izlər mövcud olduğundan, cavabdehin mənzilinə suyun sızmasının səbəbi 24 saylı mənzilin üstündə yerləşən mənzillərin su, kanalizasiya boru xətlərində, sanitar texniki avadanlıqlarda nasazlıq yaranması və ya həmin mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi ola bilər. ünvan 3 ünvanında yerləşən 18 saylı mənzilində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyərinin mövcud olan orta bazar qiymətlərinə uyğun olaraq 5374,2 manat məbləğində olduğu müəyyən edildi. Mülki işin materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza tədqiqatının dəyəri 50 manatdır. Beləliklə, məhkəmə tərəfindən təyin edilmiş ekspertiza tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35-in 1-ci mərtəbəsində yerləşən 18 saylı mənzilə su sızması nəticəsində maddi ziyan dəymişdir. Lakin həmin ziyan Cavabdeh məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, ev 35-in 3-cü mərtəbəsində yerləşən 24 saylı mənzildən suyun axıdılması nəticəsində deyil, cavabdehə məxsus mənzilin üstündə yerləşən mənzillərin su, kanalizasiya boru xətlərində, sanitar texniki avadanlıqlarda yaranmış nasazlıq və ya həmin mənzillərin sakinləri tərəfindən sudan nəzarətsiz istifadə edilməsi səbəbindən vurulmuş ola bilər. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya ziyan dəysə də, onun cavabdehin təqsiri ucbatından dəyməsi müvafiq qaydada sübuta yetirilmədiyindən iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.2-ci maddələrinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1, 1097.1-ci maddələrinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki Prosessual Məcəllənin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə iş üzrə əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 30 dekabr 2022-ci il tarixli 10/6248 saylı ekspert rəyini qiymətləndirərək hesab edir ki, iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halını təşkil edir. Lakin ona dəyən ziyanda cavabdehin təqsiri müəyyən edilmədiyindən, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilə bilməz. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir: İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülməlidir. Qeyd olunmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə müvafiq tələbin olub-olmamasına bağlı deyildir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN: **********, Hesab: AZ34CTRE********************, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3, Dövlət xəzinədarlığı Agentliyi, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ013601**********3944, SWİFT BİK: CTREAZ22) köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar