Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1316/2020 08.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Baş Səhiyyə İdarəsi X7rşı "sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı Şəhər Baş X8 Tibbi Mərkəz tərəfindən sağlamlığına vurulmuş zərərə görə müalicəsi üçün ona dəyən 3.000 manat məbləğində maddi ziyanın və 5.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2019-cu ildə ağır vəziyyətdə Bakı şəhəri 1 saylı xəstəxanaya daxil olmuşdur. Uzun müddətdir ki, şəkərli diabetdən əziyyət çəkir. Vəziyyəti ağır olduğu üçün onu reanimasiyaya yerləşdirmiş və müalicə etməyə başlamışlar. Əvvəl şöbənin 3-cü mərtəbədəki reanimasiyasında müalicə etmiş, sonra isə 2ci mərtəbədəki reanimasiyasına köçürmüşlər. Onun hal-hazırkı bu vəziyyətə düşməyinin səbəbi 1 saylı Kliniki Xəstəxananın 2-ci mərtəbəsində yerləşən reanimasiya şöbəsi olmuşdur. Ona sistem qoşulmalı idi. Sistem qoşan tibb bacısı sistemi qoşduqdan sonra ona nəzarət etməli idi. Lakin tibb bacısı nəzarət etmədən əlində olan telefonla musiqi dinləyirdi. Ona qoşulan sistem getdikcə şiddətli ağrı verməyə başlamışdır. Tibb bacısını səsləmiş, qolunda ağrının olduğunu bildirmişdir. O isə yenə telefonla məşğul olmuş, musiqi dinləmiş, ona məhəl qoymamışdır. Beləliklə, başına gələn bu bəla 1 saylı Klinik Xəstəxananın tibb bacısının səhlənkarlığının ucbatından olmuşdur. Qolu şişməyə başlamışdır. Reaminasiyada onu müalicə etmək əvəzinə tez bir zamanda 3-cü mərtəbənin palatasına yerləşdirdilər. Orada müalicə etsələr də, qolunun ağrısından özünə yer tapa bilmirdi. Qoluna hər gün tibb bacısı maz çəkib sarıyırdı. Daha sonradan öyrənmişdir ki, qoluna maz da çəkmək olmazmış. Qolu isə günü-gündən şişirdi. Ona edilən müalicə nəticəsiz qalmışdır. Palatada 10-12 gün müalicə aldıqdan sonra tam sağalmadan ağrılı-acılı halda onu evə yazmışlar. Evə gəldikdən sonra bir neçə gün keçmişdir. Şiddətli ağrılar ona imkan verməmişdir. Artıq dövlət xəstəxanalarına etibarı qalmadığı üçün “Mediland” Hospitalına getmişdir. Uzman doktor olan Əliş Təhməzliyə müraciət etmişdir. Onu analizlərə göndərmişlər. Analizlərin nəticəsi göstərmişdir ki, 1 saylı Klinik Xəstəxanasında onun qoluna “Escherichia Coli” adlı infeksiya salmışlar. İnfeksiya məlum olandan sonra o, ərizə ilə Səhiyyə Nazirliyinə müraciət etmişdir. Onlar yazdığı ərizə ilə tanış olduqdan sonra onu Bakı şəhər Kliniki Mərkəzin baş həkimi cənab Ədalət Dadaşova təqdim etmişlər. Ə.Dadaşov bu məsələni araşdıracağına söz vermişdir. Ona evə getməyini, bu məsələ ilə maraqlanacağını və ona cavab verəcəyini bildirmişdir. O, 3-4 gündən sonra baş həkimin yanına getmişdir. Baş həkim ona demişdir ki, reanimasiya şöbəsinin müdiri Rauf Cəfərquliyevin dediyinə görə guya o, evdən qolu infeksiyalı vəziyyətidə xəstəxanaya gəlmişdir. Bu ağ yalandır. Onun şəkəri ölçülən vaxtı H-1 idi və şəkəri olduqca yüksək olduğuna görə onun evdə qoluna heç bir müdaxilə olmamışdır. Nə sistem köçürülmüşdür, nə də iynə vurulmuşdur. Bunların verdiyi məlumat haradan qaynaqlanır, bunu o dərk edə bilmir. İnsan nə iş görürsə görsün o, birinci Allahın varlığını dərk etsin, vicdanı qarşısında cavab versin. Onlarda vicdan deyilən bir anlayış yoxdur. Ərizəni təqdim etdikdən sonra doktor Əliş Təhməzli onun qolunu əməliyyat etmişdir və qolundakı irinli iltihabı təmizlənmişdir. Lakin iltihab hələ davam etməkdədir. İki gündən bir sarğıya gedir. “Mediland” Hospital ödənişlidir. Şəhid ailəsi olduqları üçün ödənişin ödənilməsini həmən tələb etmirlər. Lakin ödənişin ödənilməsini gözləyirlər. Edilən əməliyyatın məbləği tezliklə ödənilməlidir. Borcu ödəməyə hal-hazırda maddi imkanı yox dərəcəsindədir. Aldığı əlillik təqaüdü 170 manatdır. Bu aldığı təqaüdlə borcunu ödəyə bilərəmmi? Bu səbəbdən də, məhkəməyə müraciət edərək, cavabdeh “1 saylı X5” tərəfindən sağlamlığına vurulmuş zərərə görə müalicəsi üçün ona dəyən 3.000 manat məbləğində maddi ziyanın və 5.000 manat məbləğində mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsini tələb edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd edilən məzmunda izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə-Tibbi Ekspertiza və X3"nin təqdim etdiyi ekspert rəyi ilə razı deyildir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, infeksiya düşüb. Lakin qeyd edilən infeksiya bağırsaq infeksiyası olduğu üçün inyeksiya vasitəsilə düşməsi qeyrimümkündür. İddiaçı xəstəxanadan çıxarkən normal vəziyyətdə olmuşdur. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan “Mediland” Hospital tərəfindən verilmiş epikrizin surətindən görünür ki, diabetik toksikoz sonrası komaya girən xəstə X6 1 saylı X9 (Semaşko) xx.xx.2019 tarixdən etibarən 19 gün müddətində ilk 8 günü reansimasiyada olmaqla daha sonra isə stasionar şöbəsində yatmışdır. Sağ daban nahiyəsində yara, sol qolda damar yolundan qaynaqlanan geniş abses səbəbilə klinikaya müraciət etmişdir. Xəstəyə təcili əməliyyat planlanaraq stasionara yatırılmışdır. Yanaşı xəstəliklər: HCV +,Tip İ Şəkərli Diabet. Dərman və maddələrə qarşı allergiyası olmadığını bildirir. Fiziki Müayinə: Sağ daban nahiyəsində yara. Sol qolda geniş abses, şişlik, həssaslıq, ağrı, kəskin hərəkət məhdudluğu. Xəstə sol qolunu fleksiyon vəziyyətinə gətirə bilmir. Diaqnoztik müayinə: Yara möhtəviyyatının əkilməsi-> Escherichia Coli tapıldı. ESBL-pozitiv. İş materiallarında olan Bakı şəhəri X10 şöbə müdiri R.M. Cəfərquliyev tərəfindən Mərkəzin baş həkimi cənab Ədalət Dadaşova ünvanlanan xx.xx.2019-cu il tarixli məlumatdan görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri Xəlilov küç, ev 4 mən.13-də ünvanında yaşayan İİ qrup əlil, 1967-ci il təvəllüdlü, X6 xx.xx.2019-cu il saat 20:40-da ailə üzvlərinin müşayətilə KTM-in qəbul şöbəsinə çox ağır vəziyyətdə ( A/t 70/40mmcs. PS dəqiqədə 62 vurğu), ritmiki zəif dolğunluqda, qanın biokimyəvi müayinəsində qlıikoza 29.3; kreatinin 363mq. nəzərə çıxdığı üçün xəstə “Şəkərli diabet İİ tip. Hiperqlikemiya. Diabetik ensefalopatiya” diaqnozu müəyyən olunaraq xəstənin müayinə və müalicəsini stasionar şəraitdə davam etdirilməsi üçün reanimasiya şöbəsinə qəbul olunmuşdur. Daxil olarkən xəstənin istər yuxarı, istər aşağı ətraflarında nəzərə çarpan ödem müşahidə olunmuşdur. Xəstənin vəziyyətinə uyğun olaraq müvafiq müayinə və müalicə keçirilmişdir. Stasionarda olan zamanı həkim ümumi cərrah tərəfindən baxılmış və daimi onun nəzərət altında olmuş və absess əlamətləri qeydə alınmamışdır. 29.10.19 xəstə sahə həkiminin və endekrinoloqun mütəmadi nəzarəti altında evə buraxılmış və müvafiq təyinatlar, tövsiyələr verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Məhkəmə- Tibbi Ekspertiza və X3"nin 88/KEŞ saylı ekspert rəyindən görünür ki, İddiaçı adına X9 tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, ona “Şəkərli diabet İİ tip. Hiperqlikemiya. “Diabetik ensefalopatiya” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyinolunmuş və aparılmış müalicələr diaqnoza uyğun olmuşdur. İddiaçı adına “Mediland Hospital”da tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, aparılmış bakterioloji müayinə zamanı onda “Escherichia Coli“nin (bağırsaq çöpü) pozitiv olduğu müəyyən edilmişdir. Müəyyən edilən infeksiya alimentar mənşəlidir, orqanizmə qeyri steril imalə və anti sanitar qida məhsullarından keçir.İddiaçı müəyyən edilən “Escherichia Coli” infeksiyası alimentar mənşəli olduğundan sistemin köçürülməsi və aparılmış müalicələr zamanı qeyd edilən infeksiyanın keçməsi istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Eyni Məcəllənin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, iş üzrə müəyyən olunmuş faktiki hallardan məlum olur ki, iddiaçının iddia etdiyinə görə ona "X13" tərəfindən həyata keçirilmiş müalicə nəticəsində “Escherichia Coli” adlı infeksiya salınmışdır. Yəni iddiaçı ona keçən infeksiyanın səbəbi kimi "X13"in tibb işçiləri tərəfindən köçürülmüş sistemi (inyeksiyanı) əsas gətirərək, cavabdehdən sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 1096.1, 1097.1 və 1112-ci maddələrinin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, şəxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Beləliklə, mülki hüquq pozuntusundan (o cümlədən tibb müəssisəsinin vurduğu zərərdən) irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Qeyd edilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehlərin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Məhkəmə qeyd edir ki, tibb müəssisəsində müalicə zamanı şəxsin sağlamlığına vurulmuş zərər üzrə müəssisə və ya onun hər hansı işçisinin məsuliyyət daşıması üçün ilk növbədə tibb müəssisəsinin (və ya işçisinin) əməli (yəni, göstərilmiş tibbi xidmət) qeyrihüquqi (qanunvericiliyə və ya müqavilə öhdəliyinə zidd) olmalıdır. Əməlin qeyri-hüquqi olması dedikdə, onu törədən şəxs tərəfindən hansısa hüquq normasının pozulması başa düşülür. Bu mənada, məhkəmə, iddiaçının qeyri-hüquqi olduğunu iddia etdiyi əməlin xüsusi bilik tələb edən sahəyə aid olduğunu nəzərə alaraq, mübahisənin düzgün və ədalətli həlli üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmişdir. Məhkəmə-tibbi ekspertizanın rəyində iddiaçıya qoyulan “Şəkərli diabet İİ tip. Hiperqlikemiya. “Diabetik ensefalopatiya” diaqnozunun aparılmış müvafiq müayinələr əsasında düzgün təyinolunduğu və aparılmış müalicələrin diaqnoza uyğun olduğu, İddiaçı adına “Mediland Hospital”da tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, aparılmış bakterioloji müayinə zamanı onda “Escherichia Coli“nin (bağırsaq çöpü) pozitiv olduğu, müəyyən edilən infeksiyanın alimentar mənşəli olması, orqanizmə qeyri steril imalə və anti sanitar qida məhsullarından keçməsi vəİddiaçı müəyyən edilən “Escherichia Coli” infeksiyası alimentar mənşəli olduğundan sistemin köçürülməsi və aparılmış müalicələr zamanı qeyd edilən infeksiyanın keçməsinin istisna edildiyi vurğulanmışdır. Mübahisənin düzgün həlli üçün qeyd edilən halların müəyyənləşdirilməsinin xüsusi bilik tələb etdiyini, məhkəmə-tibbi ekspertizasına aid bütün sualların tibbi ekspertlər tərəfindən tam olaraq cavablandırıldığını, həmin rəylə razılaşmamaq üçün hər hansı dəlilin olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, "X13" tərəfindən iddiaçıya göstərilmiş tibbi xidmətdə qüsur aşkar olunmamışdır. Bu nəticəyə gələrkən məhkəmə, onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, rəydə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi “maddi zərər” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsinin tələbin “maddi zərərin ödənilməsi” hissəsi ilə bilavasitə bağlı olduğunu və iddia tələbin həmin hissədə təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi “mənəvi zərərin ödənilməsi” hissəsində də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə göstərilənlərə məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər Baş Səhiyyə İdarəsi X7rşı "sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddiaçı cavabdeh Bakı Şəhər Baş Səhiyyə İdarəsi X7rşı "sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №2(006)-1316/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1316/2020
08.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver