Məhkəmə qərarları › İş №2(006)-1320/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1320/2025

03.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1320/2025 03.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 3.150 manat maddi ziyanın və ödənilmiş 51,50 manat dövlət rüsumunun cavabdeh "xxxx" ASC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Lerik rayonu Davidonu kəndində yaşayır. 22 iyun 2024-cü il tarixdə səhər saatlarında fərdi təsərrüfatlarında olan iri buynuzlu heyvanları Davidonu kəndinin örüş sahəsinə buraxmışdır. Həmin tarixdə axşam saatlarında inəyi geri dönməmişdir. Ona məxsus 1 baş qırmızı rəngli inək örüş sahəsində elektrik naqilinin üstünə düşməsi nəticəsində tələf olmuşdur. Həmin inəyin çəkisi 450 kq olmaqla dəyəri 3.150 manat təşkil edir. Bu səbəbdən, kənd sakinləri və ƏİN-in iştirakı, həmçinin baytarlıq idarəsinin nümayəndəsinin iştirakı ilə akt tərtib olunmuşdur. Həmin hadisə ilə bağlı fotoşəkillər çəkilmişdir. Sözügedən ziyanın ödənilməsi ilə bağlı "xxxx" ASC-nin Lerik rayon filialına müraciət etsələr də, ziyanın ödənilməsindən imtina edilmişdir. Belə ki, ərizəsinə əlavə etdiyi HSBX idarəsinin nümayəndəsinin də imzaladığı aktla, ƏİN və kənd sakinlərinin iştirakları ilə tərtib olunmuş aktla müəyyən olmuşdur ki, ona məxsus 1 baş iri buynuzlu qaramal elektrik cərəyanı vurması nəticəsində tələf olmuşlar. Həmçinin ƏİN və kənd sakinləri tərəfindən tərtib olunmuş aktdan da görünür ki, ona məxsus iri buynuzlu inək xx.xx.2024-cü il tarixdə Lerik rayonu Davidonu kəndi ərazisində yüksək gərginlikli elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində tələf olmuşlar. Ona məxsus iri buynuzlu inək cavabdehin təqsiri üzündən ona görə tələf olmuşdur ki, elektrik xəttinə elektrik əməkdaşları tərəfindən vaxtlı-vaxtında nəzarət olunmamışdır. Həmçinin elektrik xətləri yerlə çəkilmiş olsa belə, onda həmin xətlər ətrafdakılar üçün təhlükə yaratmadan çəkilməlidir. Bununla da müəyyən olunur ki, cavabdehin təqsiri və səhlənkarlığı nəticəsində ona ziyan dəymişdir. Ərazidə olan hava elektrik ötürücü xətlərinin yerlə olan məsafəsi qanunla müəyyən olunmuş qaydaya uyğunluq təşkil edilməmişdir. Belə olan halda, ona məxsus heyvanın tələf olmasına yaranmış səbəb elektrik xəttinin qırılıb yerə düşməsi ilə sübuta yetir. Əgər bu belə deyilsə, onda cavabdeh tərəf sübut etməlidir ki, həmin vaxt elektrik xətti onun iri buynuzlu inəyini tələf etməyib. Hazırda cavabdehin təqsiri üzündən ona 3.150 manat ziyan dəymişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, 22 iyunda heyvan tələf olmuşdusa və yarma protokolu 23 iyunda tərtib edilmişdirsə, tələf olmuş heyvan 1 gün harada saxlanılmışdı? Bu suala cavab tapılmadığından hesab edir ki, heyvanın tələf olmasında təqsirin məhz "xxxx" ASC-də olması sübuta yetirilmir. Göstərilənlərə əsasən, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materialları: 24 iyun 2024-cü il tarixdə İddiaçı və digər şəxslərin iştirakı ilə tərtib və təsdiq edilmiş əlyazma şəklində aktdan, eləcə də, Lerik RİHB Nücü kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən tərtib edilmiş eyni tarixli aktdan görünür ki, 22 iyun 2024-cü il tarixdə saat 08 radələrində Lerik rayonu Davidonu kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq İddiaçı məxsus, diri çəkisi 450 kq. olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Aktı tərtib edən şəxslər iddiaçının müraciətinə əsasən ərazidə olaraq, həqiqətən iribuynuzlu heyvanın elektrik cərəyanı vurması səbəbindən tələf olduğunu müəyyən etmişlər. Lerik rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli yarma protokolundan görünür ki, X4 məxsus 5 yaşlı, qırmızı rəngli dişi qaramalın cəsədi yarılmış və qaramala burun dəliklərində axıntı və elektrik vurması nəticəsində dərinin yanması diaqnozu qoyulmuşdur. Masallı rayon heyvan bazarının arayışından görünür ki, İddiaçı məxsus 1 baş 5 yaşlı diri çəkisi 450 kq olan iribuynuzlu heyvanın orta bazar qiyməti alıcılar və satıcılar arasında təxminən 2.800-3.000 manat civarında dəyərləndirilir. Lerik RİHB Nücü kənd Ərazi İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 5-65-5-29/2-201/2024 saylı arayışından görünür ki, İddiaçı hal-hazırda Lerik rayonu Davidonu kəndində yaşayır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi ilə müraciət olunması üçün iddiaçı tərəfindən 51,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrik qəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Göründüyü kimi, 22 iyun 2024-cü il tarixdə saat 08 radələrində Lerik rayonu Davidonu kəndinin ərazisində yüksək gərginlikli elektrik xətti qırılaraq İddiaçı məxsus, diri çəkisi 450 kq olan inəyin üzərinə düşməsi nəticəsində iribuynuzlu heyvan tələf olmuşdur. Nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə qeyd edir ki, yuxarıda adı çəkilən elektrik xəttinin cavabdehin balansında olması işin mübahisə edilməyən halıdır. Həmin elektrik xəttinin saz vəziyyətdə saxlanılmasına görə məsuliyyəti cavabdeh daşıyır. Ümumiyyətlə mülki hüquq nəzəriyyəsinə görə, dəymiş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması; - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; - zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması; - zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. İddiaçıya dəymiş maddi zərərin açıq-aşkar mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və iddiaçıya dəymiş maddi zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması mülki iş materialları ilə öz təsdiqini tapdığından, məhkəmə iddianın təmin edilərək, iddiaçıya dəymiş olan maddi ziyanın ödənilməli olması qənaətinə gəlir. Bu səbəbdən, elektrik xəttinin nasaz, qəza vəziyyətində olması səbəbindən iddiaçıya vurulmuş maddi ziyanın ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Vurulmuş maddi ziyanın həcminin müəyyən edilməsi məsələsinə hüquqi qiymət verən məhkəmə qeyd edir ki, iddiaçıya məxsus tələf olmuş heyvanın dəyəri təqdim edilmiş arayışa görə çəkisinə, yaşına və digər amillərə görə diri vəziyyətdə 3.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin arayışın əksini təsdiq edəcək hər hansı bir sənəd təqdim edilmədiyinə görə məhkəmə arayışda qeyd edilən məbləğlə razılaşıb iddiaçıya vurulmuş maddi zərərə görə ödəniləcək məbləğin 3.000 manat olduğunu hesab edir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 3000 manat maddi ziyan və ödənilmiş 51,50 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Vurulmuş 3.000 (üç min) manat maddi ziyan və ödənilmiş 51,50 (əlli bir manat əlli qəpik) manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar