Məhkəmə qərarları › İş №2(006)-1330/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1330/2021

22.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1330/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərdiyi əmlaklarının dəyəri olan 69.550 manat pulun və mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 79.550 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərdiyi əmlaklarının dəyəri olan 62.615 manat pulun və mənəvi ziyana görə 10.000 manat olmaqla, cəmi 72.615 manatın Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun qonşusudur və o, 2018-ci ilin dekabr ayında onun evindən oğurluq etmişdir. Bunun nəticəsində cavabdeh Bakı Ağır Cinayətlər Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 1(101)-224/2020 saylı hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və onun mülki iddiası baxılmamış saxlanılmışdır. Həm mülki, həm də cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən həmin əmlaklarla əlaqədar mülki mühakimə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkumun ondan oğurladığı əmlaklar aşağıdakılardır: 1. 1.000 manat olan 1 ədəd masa; 2. 9.000 manat olan 1 ədəd divan və 2 ədəd kreslo; 3. 1.900 manat olan 1 ədəd LG markalı televizor; 4. 8.000 manat olan 1 ədəd böyük pərdə; 5. 2.000 manat olan 2 ədəd xalça; 6. 200 manat olan 2 ədəd radiator; 7. 3.000 manat olan çilçıraq; 8. 2.200 manat olan qorkanın içərisinə yığılmış qab-qacaq; 9. 400 manat olan ütü; 10. 180 manat olan 1 ədəd maqnitofon; 11. 120 manat olan 1 ədəd masa süfrəsi; 12. 140 manat olan masa süfrəsi; 13. 12.000 manat olan yataq otağı dəsti (taxt, şifoner, 2 ədəd dolabça, güzgülü siyirtmə); 14. 1.200 manat olan 1 ədəd pərdə; 15. 800 manat olan 4 ədəd yataq örtüyü; 16. 300 manat olan 2 ədəd böyük yorğan; 17. 200 manat olan taxt döşəyi; 18. 1.600 manat olan dəsmallar; 19. 200 manat olan DVD aparatı; 20. 2.100 manat olan HP markalı notebook; 21. 260 manat olan yorğan; 22. 200 manat olan taxt döşəyi; 23. 280 manat olan yun yataq örtüyü; 24. 280 manat olan yay yataq örtüyü; 25. 600 manat olan Sony markalı Playstation aparatı; 26. 150 manat olan DVD aparatı; 27. 1.000 manat olan hər bir otağın qapı dəstəkləri; 28. 200 manat elektrik qidalandırıcıları; 29. 2.700 manat olan xalça; 30. 200 manat olan 1 ədəd radiator; 31. 200 manat olan su vinilləri; 32. 1.600 manat olan LG markalı kondisioner; 33. 800 manat olan 1 ədəd paltaryuyan aparatı; 34. 300 manat olan 2 ədəd samovar; 35. 1.900 manat olan pərdə; 36. 200 manat olan 1 ədəd radiator; 37. 2.000 manat olan mətbəx ləvazimatları (qazanlar, qablar, qaşıq, badə/qədəh, stəkan); 38. 1.200 manat olan 6 ədəd mizlə birlikdə bir ədəd böyük masa; 39. 60 manat olan bir ədəd mikser; 40. 150 manat olan böyük qazan; 41. 150 manat olan blender; 42. 1.600 manat olan güzgülü əl-üz yuyan; 43. 200 manat olan paltarqurudan; 44. 180 manat olan 1 ədəd kran; 45. Sanitar qovşağında olan 800 manatlıq 1 ədəd əl-üz yuyan; 46. Eyvanda dəyəri 1.800 manat olan 1 ədəd kombi; 47. 1.800 manat olan xalça; 48. 2.200 manat olan LG markalı TV. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh cəza çəkdiyi müəsissisəyə ona təqdim edilməsi üçün iddia ərizəsinin surəti göndərilmiş, lakin cavabdeh müəssissə rəhbərliyi vasitəsi ilə öz etiraz və mülahizələrini məhkəməyə göndərməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 26.01.2021-ci il tarixli 1(103)-187/2021 saylı qərarından görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.10.2020-ci il tarixli 1(101)-224/2020 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 26.01.2021-ci il tarixli 1(103)- 187/2021 saylı qərarı ilə məhkumun müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.10.2020-ci il tarixli 1(101)- 224/2020 saylı hökmü apellyasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır. Azərbaycan Respublikası MPM-in 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddiaçı həmin iş üzrə zərər çəkmiş şəxs kimi tanınmış, ona dəymiş və əmlaklarının bəziləri qaytarılandan sonra qaytarılmayan əmlaklarının dəyərinin 62.615 manat təşkil etdiyi təsbit olunmuşdur. İddiaçı cinayət işinə baxılarkən mülki iddia ərizəsi təqdim etmiş, mülki iddia baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 21.1ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə, maddi zərərin ödənilməsi tələbinə dair hissədə iddia təmin edilməli, qeyd olunan maddi ziyan qanunvericiliyə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, vurulmuş 62.615 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə əsasən Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Vurulmuş 62.615 manat maddi zərər və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar