Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1331/2024 30.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı Cavabdeh MMC-yə qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən vurulmuş maddi ziyana görə 25.559,9 manat pul vəsaitinin və ödənilmiş 167 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Qeyd edir ki, cavabdeh “İnvest.M Construction'’ Məhdud Məsuliyyətli Cəmiyyəti iddiaçının evinin yerləşdiyi ərazidə yeni tikili binaları inşa etmək üçün bir sıra qonşularla danışıqlar apararaq, onların evini alaraq söküntü işlərini həyata keçirdir. Xüsusilə qeyd edilməlidir ki, iddiaçı ilə “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bununla əlaqədar heç bir razılıq əldə edilməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə işdən evə qayıdan zaman Cavabdeh tərəfindən evinə külli miqdarda maddi ziyan vurulduğunun, divar və dam örtüyünün dağıdıldığının, eyni zamanda evdə olan televizorun, kondisionerin, notbukun, masanın, stulun, şkafın, 2 tikiş maşınının, qabların, 2 ütünün, nərdivanın, pəncərənin, barmaqlıqların, pəncərə altı mərmərlərin, pərdələrin, tülün, karnizin və çılçırağın yararsız vəziyyətə düşdüyünün şahidi olmuşdur. “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin İctimai Televiziyaya verdiyi müsahibəsində həmin işlərin guya onunla razılığı əsasında aparıldığını qeyd edərək həmin işlərin “İnvest.M Construction’’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən aparıldığını etiraf etmişdir. Təkrarən qeyd edir ki, iddiaçı ilə “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti bununla əlaqədar heç bir razılıq əldə edilməmişdir. O, ailəsilə birlikdə hal-hazırda da həmin ünvanda yaşamağa davam edir. Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli rəyə əsasən “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 25.559,9 manat təşkil edir (avadanlıq və əşyalara görə 12.630 manat+evin təmirinə görə 12.929,9 manat). Tərəflərin iştirakları və izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil məhkəmədə iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın tam həcmdə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qismən etiraf edərək iddia ərizəsinin məzmununda göstərilən predmetlərlə bağlı qiymətlərin şişirdilməsini, mənzilin hazırda mövcud olmadığı üçün təmir xərci hissəsinin tam əsassız olmasını, mənzilin sökulməsi ilə bağlı prokurorluqda araşdırma aparılmaqla evin ümumilikdə dəyəri üzrə ekspertiza rəyinin alınmasının nəzərə alınmasını nəzərə alaraq iddianın qismən, yəni predmetlərin dəyəri üzrə təqdim edilmiş sonuncu rəy üzrə təmin edilməsini məhkəmədən xahiş etdi. İş materialları: Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 60 nömrəli ümumi sahəsi 83,8 m2 olan mənzil xx.xx.2014-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. Qiymətləndirmə və Consulting Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli hesabatdan görünür ki, “İnvest.M Construction" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya vurulmuş ziyanın ümumi məbləği 25.559,9 manat təşkil edir (avadanlıq və əşyalara görə 12.630 manat + evin təmirinə görə 12.929,9 manat). Bakı şəhəri Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli «cinayət işinin başlanması haqqında» qərarından görünür ki, İddiaçı müraciətləri əsasında toplanmış 502- C-23 saylı material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 186.2.1-ci maddəsi ilə cinayət işi başlanmış, cinayət işi istintaqın aparılması üçün aidiyyəti üzrə Nəsim RPİ-nin İŞ-ə göndərilmişdir. Həmçinin həmin qərarda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixli Bakı şəhər icra Hakimiyyətinin sərəncamında qeyd olunmuşdur ki, Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yerləşən 1.55 ha torpaq sahəsi həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında Cavabdeh MMC-yə icarəyə verilsin. Həmin qərarda daha sonra göstərilmişdir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən ünvan 3 ünvanda yerləşən 3 mərtəbəli yaşayış binasının texniki vəziyyət haqqında rəydən görünür ki, qeyd edilən ünvanda yerləşən yaşayış evlərinin mövcud tikinti norma və qaydalarına cavab verilmir, fasadlarda, ümumi sahələrdə və mənzillərdə qalınlığı 3-5 mm olmaqla müxtəlif istiqamətli çatlar yaranmış, binanın kommunikasiya sistemləri yararsız vəziyyətdədir, mənzillərin əksəriyyətində döşəmə hissləri deformasiyaya uğramışdır. Həmçinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi “Azərdövləttikintilayihə” DLİ tərəfindən Bakı şəhəri, Nəsimi rayonu Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin əhatə etdiyi ərazidə yerləşən yaşayış evlərinin mövcud vəziyyəti haqqında təsdiq edilmiş xx.xx.2020-ci il tarixli rəyinə əsasən qeyd edilən ünvanda yerləşən yaşayış evlərinin mövcud tikinti norma və qaydalarına cavab verilmədiyi, yükdaşıyan konstruksiyaları texniki cəhətdən yolverilməz vəziyyətdə olduğu, qüvvədə olan seysmik normaların tələblərinə cavab verilmədiyi qeyd olunmuşdur. Cavabdeh MMC ilə X4 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “söküntü, qazıntı və daşınma xidməti müqaviləsin”dən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov, Xan Şuşinski, İmran Qasımov və Mustafa bəy Topçubaşov küçələrinin kəsişməsində yeni tikiləcək çoxmənzilli hündürmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü, qazıntı və daşınma işlərinin görülməsi fərdi sahibkar kimi fəaliyyət göstərən X1 həvalə olunmuşdur. Həmçinin müqavilənin 6-cı bəndində qeyd olunmuşdur ki, görüləcək işlər zamanı üçüncü şəxslərə dəymiş zərərə və ziyana ya da hər hansı bədən xəsarətinin yetirilməsinə və ya ölüm hadisəsinə icraçı, yəni Ceyhun Məmmədov cavabdehdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, ümumi sahəsi 83,80 kv.metr olan İddiaçı Murad oğluna məxsus mənzilin hazırki orta bazar qiyməti təqribən 201.000,0 (2400x83,80) manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası barədə qərardadın icrası ilə əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tədqiqat obyektinə baxışın nəticələrinə dair aktdan görünür ki, ekspertlər iddiaçının oğlunun və cavabdehin vəkilinin iştirakı ilə tədqiq olunan ünvanda olmuşlar və tədqiqat obyekti olan mənzil tikilisinin tamamilə söküldüyü, yerində çoxmərtəbəli yaşayış binası inşa olunması üçün özül qazıldığı müəyyən olunmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli UNİ/A-80-505/2024 saylı daşına əmlakın qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “İnvest.M Construction" Məhdud Məsuliyyətli tərəfindən siyahı üzrə təqdim edilmiş əmlakların- məişət avadanlıqlarının ədalətli bazar dəyəri 5.870 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ******* qeydiyyat nömrəli çıxarışa əsasən xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla xx.xx.2023-cü il tarixdə mənzilin divar və dam örtüyü dağıdılmış, eyni zamanda evdə olan televizorun, kondisionerin, kompüterin, masanın, stulun, şkafın, 2 tikiş maşınının, qablar, 2 ütü, nərdivan, pəncərə, barmaqlıqlar, pəncərəaltı mərmərlər, pərdələr, tül, karniz və çılçıraq yararsız vəziyyətə düşmüşdür. İddiaçı tərəf bütün bunların iddiaçının evinin yerləşdiyi ərazidə yeni tikili binaları inşa etmək məqsədilə söküntü işlərini həyata keçirən “İnvest.M Construction'’ Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən həyata keçirilməsini, cavabdeh tərəf isə bunun MMC deyil, onun podratçısı tərəfindən həyata keçirilməsini və bununla əlaqədar hazırda araşdırma aparılmasını bildirmişdir. Beləliklə də, müəyyən edilmişdir ki, İddiaçı mülkiyyətində olmuş Bakı şəhər, Nəsimi rayonu, Mirqasımov küçəsi, ev 4, mənzil 60 hazırda mövcud deyildir. Məhkəmə hesab edir ki, cavabdehin podratçısı tərəfindən iddiaçının mülkiyyətinə vurulmuş ziyanla bağlı prokurorluqda araşdırma aparılmasına və təqsirli şəxs və ya şəxslər müəyyən edilməməsinə baxmayaraq hər bir halda iddiaçının mülkiyyətinə vurulmuş ziyanla ələqadar cavabdeh mülki məsuliyyət daşıyıcısıdır. Belə ki, mülkiyyətçinin mənzilinin yerləşdiyi ərazinin xx.xx.2020-ci il tarixli Bakı şəhər İcra Hakimiyyətinin sərəncamı Cavabdeh MMC-yə icarəyə verilməsini, sərəncamda həmin ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında qurulmalı olmasını, eləcə də, cavabdehin nümayəndəsinin məhkəmə iclasında iddia üzrə mübahisəni sülh yolu ilə həll etmək niyyətlərinin olmasını bildirməsi məhkəməyə bu qənaətə gəlməyə əsas verir. Lakin, iddiaçı tərəf cavabdehin bütün iddia üzrə təklif etdiyi 8-10 min manat məbləği ilə razılaşmayaraq iddia olunan məbləğin tam ödənilməsini tələb etmiş, bunu həmçinin cavabdeh tərəfin hərəkətlərinin iddiaçının mənəviyyatına toxunan halların olması ilə əsaslandırmışdır. Cavabdeh tərəf isə təklif etdikləri məbləğin iddiaçı tərəfindən razılaşdırılmadığı üçün artıq bu təklifi etmədikləri və mübahisənin məhkəmə tərəfindən həll edilməsinə üstünlük verdiyini göstərmişdir. İddia tələbindən isə görünür ki, vurulmuş ziyanın ümumi məbləği olan 25.559,9 manat puldan evin təmirinə görə 12.929,9 manat tutulması xahiş edilir. Məhkəmə Bakı şəhəri, Nəsimi rayon prokurorluğunun 08 aprel 2024-cü il tarixli «cinayət işinin başlanması haqqında» qərarında göstərilənləri və mövcud real vəziyyəti nəzərə alaraq hesab edir ki, iddianın evin təmirinə görə 12.929,9 manat tutulması hissəsi əsaslı sayıla bilməz. Belə ki, qeyd olunduğu kimi ev artıq mövcud olmadığından onun təmiri də mümkünsüzdür. Tələbin bu hissəsi üzrə ziyan tələbi isə məhz evin təmirinə görədir. Məhkəmə bu qənaətə gələrkən prokurorluqda araşdırma zamanı iddiaçıya dəymiş maddi ziyanın məbləğinin müəyyən edilməsi üçün material üzrə təyin edilmiş məhkəmənin müvafiq ekspertizasının 29 mart 2024-cü il tarixli saylı rəyi ilə mənzilin hazırki orta bazar qiymətinin təqribən 201.000,0 (2400x83,80) manat məbləğində müəyyən olunmasını, başqa sözlə, mənzillə bağlı dəymiş zərərin yekunda ona ödəniləcəyini nəzərə alır. Məhkəmə iddia tələbinin digər hissəsi olan avadanlıq və əşyalara görə 12.630 manat tələbi ilə bağlı qeyd edir ki, yararsız hala salınmış əmlakların iddiaçıya mülkiyyət hüququ əsasında məxsusluğu mübahisəsizdir və iddiaçının bu əmlakların yararsız hala salınması ilə onlardan mülkiyyət hüququ əsasında öz mülahizəsinə görə istifadəsində hüquqları məhdudlaşdırılmışdır. İddiaçının təqdim etdiyi “Qiymətləndirmə və Consulting Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, QCM/D01-134/23 nömrəli rəyində əşya və avadanlıqların alınma tarixi və dəyərləri deyil, rəy tərtib edilərkən təqdim edilmiş fotoşəkillər əsasında həmin tarixə əşyaların hazırki, yəni yeni vəziyyətdə olan qiymətləridir. Lakin, iddiaçı tərəf hansı əşyanın yeni və ya daha əvvəl alınmasına dair mötəbər sübut təqdim etməmişdir. Halbuki, fotoşəkillərdən də görünür ki, mənzil köhnə tikilidir və orada uzun müddət yaşayış olmuşdur. Məsələn pəncərənin, barmaqlıqların, pəncərə altı mərmərlərin, pərdələrin, tülün, asılqanın və çılçırağın yeni olması inandırıcı deyildir. Mənzildə olan televizorun, kondisionerin, notbukun, masanın, stulun, şkafın, 2 tikiş maşınının, qabların, 2 ütünün, nərdivanın da təzə və rəydə göstərilən dəyərlərdə olması ağlabatan deyildir. Məhkəmə razılaşır ki, iddiada sadalanan əşya və avadanlıqların zədələnməsi faktı mübahisəsizdir, lakin iddiaçı onların bəzilərinin artıq təyinatı üzrə istifadə edilməsinin mümkünlüyünə dair sübut təqdim etməmişdir. Təqdim edilmiş şəkillərdən və diskin məzmunundan da görünür ki, hadisə baş verən zaman əşyalar hələ də mənzildə idi və iddiada sadalanan müəyyən əşyaların tam yararsız hala düşməsi müşahidə olunmur. Lakin cavabdeh tərəfin təqdim etdiyi hesabatdan görünür ki, əşya və avadanlıqların mövcud vəziyyəti, təyinatı, istifadə imkanları nəzərə alınmaqla onların bazar dəyərləri ədalətli qiymət kimi müəyyən edilmişdir ki, məhkəmə də bu qiymətlərin rəydəki qiymətlərdən daha ağlabatan və real olması baxımından onlarla razılaşır. Məhkəmə göstərilən qənaətə gələrkən qiymətləndirmə sahəsində ümumi formalaşmış təcrübəni nəzərə alır. Belə ki, qiymətləndirmə zamanı əmlakın bazar dəyəri, mübadilə zamanı yaranan dəyəri və ya bazar dəyərinin müəyyənləşdirilməsi tələblərinə uyğun olaraq açıq bazarda konkret tarixə olan qiymətlə satışa çıxarılmış mülkiyyət obyektinin daha səmərəli və ya ağlabatan istifadəsini qiymətləndirmədir. Bazar dəyəri əmlakın xarakterinin və onun açıq bazarda daha çox satışı ehtimalını özündə əks etdirən qiymətləndirmə metod və qaydalarının tətbiqi ilə müəyyən edilir. Bazar dəyərinin müəyyənləşdirilməsi üçün bu və ya digər metod və qaydanın tətbiqi açıq bazarda satılan əmlakın xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir. Bazar informasiyasına əsaslanmış hər bir metod öz mahiyyəti etibarilə oxşardır. Qiymətləndirici hər dəfə bazar dəyərini müəyyənləşdirərkən hər bir metodu nəzərdən keçirməli və onlardan daha uyğun olanını seçməlidir. Qiymətləndirmənin məqsədinə və əmlakın xüsusiyyətlərinə uyğun olaraq daşınmaz əmlakın bazar dəyərinin müəyyən olunması prosesi zamanı əldə edilmiş nəticələr əmlakın real bazar qiymətini və dəyərini daha dəqiq əks etdirir. Beləliklə də məhkəmə hesab edir ki, iddiaçının mülkiyətində olmuş mənzildə olan iddiada sadalanan əşya və avadanlıqlara vurulmuş ziyan 5870 manat müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Cavabdeh MMC-dən dəymiş maddi ziyana görə 5.870 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 78,70 manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən dəymiş maddi ziyana görə 5870 (beş min səkkiz yüz yetmiş) manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 78,70 (yetmiş səkkiz manat yetmiş qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-1331/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1331/2024
30.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver