Məhkəmə qərarları › İş №2(006)-1340/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1340/2024

20.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1340/2024 20.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı, Cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" ASC, "xxxx" MMC və "xxxx" ASC-yə qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ona məxsus pay torpaq sahəsinə ümumilikdə vurulan 37995,6 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Beyləqan rayonu ərazisində yaşayır. Ailəsi ilə birgə kənd təsərüfatı ilə məşğul olur və qazanc əldə edir, ailəsinin dolandırır. Respublikada islahat gedərkən onlara pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsini əkib-becərməklə və icarəyə verməklə dolanır. Həmin pay torpaq sahəsini Azərbaycan Respubilikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət reyestrindən AN-462677 saylı, reyestr nömrəsi **********55 olan Çıxanrı və Azərbaycan Respubilikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında daşınmaz əmlakın Dövlət Reyestri Beyləqan Ərazi İdarəsinin reyestr nömrəsi X6 və ölçüsü ilə 3.73 ha pay torpaq sahəsi qanuni qaydada sənədləşdirməklə mülkiyyətimnə keçirmişdir. Həmin torpaq sahəsinə təzə vaxtlarda yonca məhsulu əkmişdir. Cavabdeh "xxxx" ASC-i, "xxxx" MMC ona məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik xətti çəkməklə yeri və məhsulu məhv etmişdir. Eyni zamanda iddia ərizəsinə əlavə etdiyi video disklərdən (2 ədəd) məlum olur ki, ağır tonnajlı maşınların təkərləri altında torpaq eroziyaya uğramış, yer bərkiyərək sıxılmış və əkilmiş bitki məhv edilmişdir. Beləliklə, ona məxsus pay torpaq sahəsində yüksək gərginlikli elektrik dirəyinin basdırılması və enerjinin ötürülməsi ilə torpaq sahəsi azalmış və ziyana məruz qalmışdır. 166 metr uzunluğundə , 4 metr enində torpaq və bitki kolları məhv edilmişdir. Belə məhv edilmiş əkin sahəsində 2 hissə vardır. Bundan əlavə əkin sahəsində ağır tonnajlı avtomabillərin dönmə əməliyyatı apararkən 34 m uzunluğunda 4 m enində əlavə sahə yararsız vəziyyətə salınmışdır. Ümumi ciddi ziyan dəyən sahə 0.14 ha pay torpaq sahəm si eroziyaya uğramışdır. 4 metr uzunluğunda, 0.95 metr dərinliyində iri tutumlu 2 ədəd əhəmiyyətli, əsas suvarma kanal məhv edilmişdir. Nəticədə bərpa edilməsi üçün 500 manat xərc tələb edir. 3.73 ha pay torpaq sahəsindən hər il ərzində əkdiyi arpa əkinin məhsuldarlığı hər\hektara 45 sentiner (4.5 ton ) arpa (toxumuluq) götürdüyünü nəzərə almaqla 0.14 ha pay torpaq sahəsindən il ərzində bir mövsümdə 628 kq arpa toxumu götürmək mümkündür. 3.73 ha-16.785 ton, 0.14 ha-628 kq məhsul əldə edilir. Arpa toxumunun qiyməti, xüsusilə toxumluq arpa toxumunun hazırda region bazarmda 0.70 qəpiq (0.7 AZN) olduğunu nəzərə almaqla 628 x 0.70= 439,60 manat edir. Zərər çəkmiş ərazini 366 m uzunluğunda, 4 m enində ərazinin biçindən sonra yemdən torpaq, gübrə daşınıb tökülməsi və texnika vasitəsilə yayılması, malalanması və sarr təmir xərcləri 500 manata qədər məbləğ edir. Arpa dənli bitkisi bir ilin 8 ayına tam başa gəlir. İyun ayının əvvəlində biçindən sonra arpa altı sahə otlanacaq kimi 4 aylıq arendaya verilir və ya yay fəsi üçün xarakterik olan qarğıdalı, darı 45-60 günlük bitkilər əkilir. Orta hesabla arpa altı sahəni arendaya otlanacaq kimi versə hektarı üçün 400 manat arenda haqqı alınırki buda ümumi sahə üçün 3.73ha-- 3492 manat edirsə, zərər verilmiş 0.14 ha üçün 56 manat edir. Sahəsinə basdırılan dirək gələcəkdə enerji verilişi təmin olunduqdan sonra yüksək gərginlikli (110 min kilovatlıq) xətt olduğu üçün hər tərəfdən 20 metr, ümumilikdə 40 metr mühafizə zolağı olmalıdır. Buda yerin (40x166) 6640 kv-metr və ya 66 sot (0.66 hektar) məhv edir. Yerin hazırkı bazar qiyməti hazırda hər hektar üçün 25.000 manat təşkil edir. 3.73 ha-93,250 manatdırsa, 66 sotun qiyməti 16.500 manat təşkil edir. Yüksək gərginlikli elektrik xətli olduğu üçün enerji verilişi haqqında qanuna əsasən 110.000 kv-luq xəttə mühafizə zolağı mütləq lazımdır. Bu ailənin ümumi mülkiyyət payıdır və islahatdan sonrakı 25 ildə ailəsin məxsus olubsa, ondan sonra bütün vərəsələrinə (uşaqlanrına, nəvələrinə) mülk kimi gəlir gətirəcəyindən ümumi olaraq gəlcəkdə nəzərə alınmaqla, dirəyin basdırılmaqlaa torpağa dəyən ziyan 10.000 manat təşkil edir. Bundan əlavə yüksək gərginlikli elektirik xətdinin altında insan işləyir yə yoxsul kəndlinin əməyi zamanı insan həyatı təhlükədədir. Təhlükəni əvvəlcədən sığortalamaq düşünulməmişdir. Əkin sahəsində il uzunu iş gedir və bu elektrik xəttinin insan həyatı üçün təhlükəsi enerji mütəxəsisləri tərəfindən hesablanmalıdır. Qəzalardan sığortalanmaq üçün 10.000 manat idda edir. Bütün bu hesablamaları aqronom mütəxəsislə birlikdə araşdırmaqla aparmışdır. Bir neçə dəfə cavabdehdən ona vurulan ziyanı istəsə də onlar, ödəməkdən imtina edirlər. Cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 məhkəməyə iddia ərizəsinə etiraz təqdim edərək, etirazı onunla əsaslandırmışdır ki, iddiaçının iddiası qanunsuz və əsassızdır. Belə ki, iddiaçının iddiasını sübut edən heç bir sübut və ya ekspertiza rəyi mövcud deyildir. İddiaçı bütün bu hesablamaları aqronom mütəxəssislə birlikdə araşdırdığını qeyd etsə də, buna dair heç bir sənəd təqdim etməmişdir. Bu da ona əsas verir ki, iddiaçının hesablamaları formal mülahizələrə əsaslanır və qeyri-dəqiqdir. Şirkət olaraq sadəcə iş icraçısıdır və çəkilmiş xətlərin bizə heç bir aidiyyatı yoxdur. Çəkilmiş maqistral xətlər dövlətə məxsusdur. Belə olan halda iddiaçının onlara qarşı iddia verməsi də əsassızdır. İddiaçının iddiası tamamən əsassız və qanunsuzdur. Konstitusion hüquqlarını və azadlıqlarını kobud surətdə pozur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər "xxxx" ASC və "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdeh "xxxx" ATSC-nin nümayəndəsi X3 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəl keçirilmiş məhkəmə iclasında cavabdeh "xxxx" ATSC-nin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Beyləqan rayonu ərazisində yerləşən 3,73 ha torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Aqronom mütəxəssis X4 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli rəydən görünür ki, "xxxx" ASC-nin sifarişi ilə podratçılar “Azərelektrik Şəbəkə Tikinti" ASC və "Azərelektrik Tikinti Quraşdırma ” MMC yüksək gərginlikli eJektirik xəttini çox hündür, ağır çəkidə beton, diametri 0.80-1 metr elektirik dirəkləri ilə çəkib əkin sahəsinə maddi ziyan vurmuşdur. Belə ki, şirkətə məxsus ağır tonajlı texnikalar sahənin ortası ilə hərəkət edərək torpağın üst münbit (humus) qatını batıraraq bərkidib, kristallaşdırıb, bitki üçün yararsız hala salmışdır. Həmin ağır texnika quraşdırma zamanı sahənin ortası ilə eni 4 m, uzunluğu 166 m, eyni ilə sahənin digər hissəsilə uzunluğu 166 m, eni 4 m sahəni (yəni iki zolaqda) tapdalayaraq bərkidmiş, bitki örtüyünü və torpağın münbit qatını məhv etmişdir. Bitki örtüyü və torpağın humus qatı cəmi 332 metr uzunluqda, 4 m enində məhv edilmişdir, Mülkiyyətçinin əkin sahəsinin cəmi 0.14 ha-nı yararsız vəziyyətə salmışdır. Əkin sahəsinin sahə içi 10 ədəd, 4 metr uzunluğunda, 0.40 metr dərinliyində, cəmi 40 metr uzunluğunda xırda suvarma kanalları məhv edilmişdir, bundan əlavə uzunluğu 4 metr olan 0.95 metr dərinliyində iri tutumlu 2 ədəd əhəmiyyətli, əsas suvarma kanal məhv edilmişdir. Ən yaxşı halda bu suvarma kanalları içərisi təmizlənilməklə, ümumilikdə yenidən çəkilməlidir. Hər biri 224 metr uzunluqda,0.95 m dərinlikdə 2 ədəd iri (əsas) suvarma kanalı, hər biri 224 metr uzunluqda, 0.40 m dərinlikdə 10 ədəd xırda (sahə içi) suvarma kanalı, ümumilikdə 1486 m3 (kub metr) suvarma kanalı yenilənməlidir. Suvarma kanalları tamamilə doldurulduğu üçün, kanalların yenidən əsaslı təmirə ehtiyacı vardır. Aqranom mütəxəsis olarqa belə nəticəyə gəlir ki, münbit-humus qatı yararsız hala düşmüş, 0.14 ha torpaq sahəsində ağır texnika humus qatın 30-40 sm dərinliyində sahənin relyefini pozmuş, nahamar relyef yaratmışdır. Həmin sahənin gələcəkdə mülkiyyətçi tərəfindən istifadə olunması üçün 0.14 ha ərazi yenidən hamarlama texnikası ilə hamarlanma işi aparılmalı, sahənin relyefi düzəldilməlidir. Bunun üçün ərazidə 464 kub metr topaq hamarlama aparılmalıdır. Bundan sonra həmin sahə yenidən şumlanmalı, yararsız hala düşmüş ərazi əkin üçün yararlı hala gətirlməsi üçün üzvi gübrələr daşınmaJlı, insan əməyi və texnikanın vasitəsilə torpağın üzərində məsaməlilik, yəni bitki üçün yararlı qat (münbit qat) yardaılmalıdır. Bundan əlavə Şirkətə məxsus ağır texnikalar dəfələrlə dönmə əməliyyatı apararaq əkin sahəsini çox hissəsini yararsız vəziyyətə salmışdır. Eyni zamanda dirər basdırılan ərazidə 5-6 metr dərinlikdə quyu qazılarkən dərin qatda bataqlıq və gil çıxarılaraq dirəyin əhatəsində eni 5 metr, uzunluğu 5 metr ərazini tamam məhv etmişdir. Həqiqətən ağır tonajlı texnika qeyd olunan 0,14 ha torpağın humus qatının yararsız hala düşməsilə bərabər sahənin suvarma kanallarını dağıdılmasına və yararsız hala düşməsinə səbəb olmuşdur. Külli miqdarda maliyyə vəsaiti hesabına aqro texniki tədbirləri həyata keçirmək mümkündür. Əkin sahəsi arpa əkini altındadır. Burda məhsuldarlıqda aşağı sentinerlə olacağı qaçınılmazdır. "X2" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 146 saylı qiymətləndirmə rəyindən görünür ki, Beyləqan rayon ərazisində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan 3.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ağırtonnajlı texnikaların hərəkəti zamanı yararsız vəziyyətə salınaraq eroziyaya uğramışdır. Eyni zamanda əkin olan ərazidə Cavabdeh3 ASC və təşkilatları tərəfindən əkin sahəsindən 11D000 kilovatlıq yüksək gerginlikli elektrik xətti çəkilmişdir. Xəttin çəkilişi zamanı yüksək tonajlı maşınların hərəkəti və manevr etməsi nəticəsində 166m uzunluğunda, 4m enində və 34m uzunluğunda, 4m enində 0.14 ha əkin sahəsi məhv edilmişdir. Həmin ərazidə münbit qat ağır texnikalar vasitəsilə tapdalanaraq bərkimiş, relyef pozulmuş, torpaq sahəsi əkin üçün yararsız hala düşmüşdür. Aparılmış tədqiqatlar nəticəsində, ağır tonnajlı texnikaların hərəkəti zamanı yararsız vəziyyətə salınaraq eroziyaya uğrayan torpaq sahəsinə dəymiş ziyanın məbləği (əldən çıxmış fayda) - 4281 manat, yüksək gərginlikli xətlərin çəkilməsi nəticəsirıdə torpaqdan istifadə təhlükəsi yarandığı üçün hər il əlavə olaraq dəymiş ziyan - 1485 manat müəyyən edilir. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02-163/22 saylı mütəxəssis rəyindən görünür ki, Beyləqan rayonu ərazisində yerləşən 3,73 ha torpaq sahəsinin ağır tonnajlı texnikaların hərəkəti zamanı 0,08 ha hissəsi yararsız vəziyyətə salınaraq erroziyaya uğramışdır ki, bu zaman dəymiş ziyanın məbləği (əldən çıxmış fayda) aparılmış hesablamalar və təhlillərə əsasən 88 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 7/722-9/3759-7/756 saylı ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş 2(006)-25/2023 saylı mülki iş (01 cild-səhifə 164) materialındakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Beyləqan X8 Mərkəzinin 15 mart 2023-cu il tarixli 3-22-3-11/2-10/2023 nömrəli məktubunda göstərilənlərə əsasən 3.73 hektar pay tərpaq sahəsinə mütəxəssislər tərəfindən baxış keçirilərkən Beyləqan rayonu Şitilçilik qəsəbəsi ərazisində İddiaçı miilkiyyətində olan torpaq sahəsində taxıl əkininin aparılması müəyyən olunmuşdur. Həmin məktubda dəqiq olaraq hansı taxıl bitkisinin əkilməsi, illik məhsuldarlığı barədə heç bir məlumat verilmədiyindən qərardadda qoyulmuş "Ziyan dəymiş sahədə iddiaçının əkdiyi kənd təsərrüfatı məhsulu (arpa və yonca ayrıayrılıqda) illik nə qədər məhsuldarlıq verə bilərdi" sualı üzrə tədqiqat işləri aparılmadı. Tədqiqata təqdim edilmiş 2(006)-25/2023 saylı mülki iş (01 cild-səhifə 164) materialındakı Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Beyləqan X8 Mərkəzinin 15 mart 2023-cü il tarixli 3-22-3-11/2-10/2023 nömrəli məktubunda 3.73 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ağır tonnajlı texnikaların hərəkəti zamanı (elektrik xətti dirəkləri yerleşdirilərkən) yararsız vəziyyətə salınaraq eroziyaya uğraması haqqında heç bir məlumat verilmədiyindən qərardadda göstərilən "İddiaçı xüsusi mülkiyyətində olan Beyləqan rayon ərazisində yerləşən 3.73 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ağır tonnajlı texnikaların hərəkəti zamanı (elektrik xətti dirəkləri yerleşdirilərkən) yararsız vəziyyətə salınaraq eroziyaya uğrayıbmı (sahənin dəqiq ölçüsü göstərilməklə)" sualı üzrə cavab vermək mümkün olmadı. Rəyin tədqiqat hissəsində və iş materiallarında olan məlumatlara əsasən qərardadda qoyulmuş 2-ci və 3-cü suallar üzrə tədqiqat işləri aparılmadı. Ekspertiza tədqiqatlarının dəyəri 210 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri- əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahihlik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Yüksək təhlükə mənbələrinin sahibləri bu mənbələrin qarşılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşması və i.a.) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsində yonca əkininə yüksək gərginlikli 110 kv-luq elektrik xəttinin çəkilişi zamanı texnikaların hərəkəti nəticəsində ziyan dəymişdir. Bu səbəbdən iddiaçı cavabdehlərdən müştərək qaydada ona məxsus torpaq sahəsinə vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş ziyanı özü hesablasa da, bununla bağlı məhkəmə tərəfindən müstəqil qiymətləndirmə keçirilmiş, "X2" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 146 saylı qiymətləndirmə rəyi ilə iddiaçıya dəymiş ziyan 1485 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, "X2" MMC-nin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, "X2" MMC tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin dəymiş zərərin məbləği ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş maddi ziyana görə ümumilikdə 1485 manat məbləğində pul tutulmalıdır. İddiaçı tərəfindən gələcəyə münasibətdə (vərəsəlik nəzərə alınmaqla 25 ilə 10000 manat, qəzalardan sığortalanmağa görə 10000 manat, mühafizə zolağına görə 16500 manat və s) ehtimala əsaslanan məbləğlər müəyyən edilmişdir ki, bu halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissələrdə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin vurulmuş ziyanın cavabdehlərdən müştərək qaydada tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə də tələb qismən təmin edilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh3 ASC ilə "xxxx" MMC arasında bağlanmış podrat müqaviləsinə əsasən 110 kv-luq 2 dövrəli 1-ci Beyləqan HX-dən 110/35/10 kv-luq Şükürbəyli YS-na budaqlanma sxemi ilə əlaqənin yenidən qurulması işləri "xxxx" MMC-yə həvalə olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinə vurulmuş ziyana görə "xxxx" MMC məsuliyyət daşımalı, buna görə də dəymiş ziyan yalnız onun tərəfindən ödənilməlidir. Digər cavabdehlər isə Cavabdeh3 ASC və "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı subyektiv cavabdehlər olmadığından onlara qarşı iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən iddiaçının xeyrinə torpaq pay sahəsinə vurulmuş maddi ziyana görə 1485 manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Eyni zamanda, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 210 manat məbləğində ekspertiza xərclərinin 105 manat məbləği cavabdeh "xxxx" MMC-dən, qalan 105 manat məbləği isə iddiaçıdan tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən torpaq pay sahəsinə vurulmuş maddi ziyana görə 1485 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş ekspertiza tədqiqatlarının dəyəri 210 manat məbləğində ekspertiza xərclərinin 105 manat məbləği cavabdeh "xxxx" MMC-dən, 105 manat məbləği isə İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar