Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1343/2025 22.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, İddiaçı, Cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “borcun olmaması barədə məlumatın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ASC-də bağlanmış xx.xx.2008-ci il tarixli, F2-2003 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə Cavabdeh1 MMC-yə məlumat verilməsi vəzifəsinin cavabehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh3 ASC tərəfindən 2015ci il tarixdə əsassız olaraq Yasamal Rayon Məhkəməsində iddia qaldırılmışdır. Həmin iddiaya əsasən o, 30 iyul 2008-ci ildə kredit müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməmiş və buna görə onun 1235,92 manat əsas borcu, 465,75 manat faiz borcu, cəmi 1701,67 manat borcu yaranmışdır. Həmin kredit müqaviləsindən onun xəbəri olmamış və kredit götürməmişdir. Məhkəmə araşdırması zamanı bu öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və müəyyən olunmuşdur ki, xx.xx.2008-ci il tarixdə F2-2003 saylı kredit müqaviləsində “borcalan” qrafasında imza onun tərəfindən deyil, başqa şəxs tərəfindən icra edilmişdir. Həmin kredit müqaviləsinin saxta olması məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmış və onun bank qarşısında öhdəliyi olmadığı müəyyən olunmuşdur. Bu əsasla Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(004)-252/2015 saylı qətnaməsi ilə Cavabdeh3 ASC-nin ona qarşı olan iddiası təmin edlməmişdir. Bununla onun hər hansısa bir kredit öhdəliyi olmadığı təsdiq edilmişdir. Məhkəmə qətnaməsindən 9 il keçməsinə baxmayaraq, hal-hazırda bankın əməliyyat sistemində və eyni zamanda Cavabdeh1 MMC-nin reyestrındə həmin kreditlər üzrə borclu kimi görünür. Bu qanunsuzluğa görə o, borclu olmasa belə kredit bürosunda çıxarışda aktiv öhdəliyinin olduğu qeyd olunmaqdadır ki, bu halda onun hüquqları məhdudlaşdırılır. Kredit üçün müraciət etdiyi banklar hal-hazırki durumu əsas gətirərək ona kredit verməkdən imtina edirlər. Hesab edir ki, onların tutduqları mövqeyə görə onun hüquqlarının məhdudlaşdırılması qanunauyğun deyil və o, hüquqlarını müdafiə etmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinin təmin edilməsinə hər hansı bir etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, digər Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-252/2015 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh3 ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin məhkəmədə iddia qaldıraraq cavabdeh İddiaçı ilə bağlanmış xx.xx.2008-ci il tarixli, F2- 2003 saylı kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə cavabdehdən iddiaçının xeyrinə 1235,92 manat əsas borc, 465,75 manat faiz borcu, cəmi 1701,67 manat borcun tutulması barədə iddiası təmin edilməmişdir (məhkəmənin məktubu əsasında sözügedən qətnamə xx.xx.2015-ci il tarixdə qanuni qüvvəsini almışdır). - Əmanətlərin Sığortalanması Fondunun İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 12-5/2-Y-27xx-xx-6521/2024 saylı məktubu əsasında iş üzrə qəbul olunmuş məhkəmə qərarı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu üzərinə icra ediləcək hər hansı bir öhdəliyin qoyulmadığı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Qeyd edilməlidir ki, işdə olan sənədlərin məcmusu iddia tələbini təmin etməyə əsas yaradır. Belə ki, 2015-ci il tarixdə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə görə bank (ləğvedicisi) tərəfindən İddiaçı qarşı borcun tutulması tələbi ilə müraciət edilmiş, məhkəmə icraatı zamanı aparılmış araşdırma nəticəsində (ekspertin rəyi və sair) müqavilənin İddiaçı tərəfindən imzalanmadığı, müqaviləyə dair hüquqi proseslər barəsində tərəf kimi faktiki iştirak etmədiyi, hərəkətləri ilə mülki hüquqlar əldə etmədiyi və özü üçün mülki vəzifələr yaratmadığı, müqavilə şərtlərinin onun iradəsi çərçivəsində müəyyənləşdirildiyi, bankdan pul götürmədiyi müəyyən edilmiş, sadalanan hallar nəzərə alınıb, ona qarşı irəli sürülmüş iddia tələbi rədd edilmişdir. Baxmayaraq ki, xx.xx.2008-ci il tarixli, F2-2003 saylı kredit müqaviləsi üzrə İddiaçı icra etməli olduğu hər hansı öhdəlik müəyyən edilməmiş, sonuncunun reyestr məlumatlarında borclu şəxs kimi göstərilməsi hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir ki, bunlardan biri də bankın şəxslə müqavilə bağlamaqdan imtina etməsidir. İddiaçı qeyd olunan məsələ ilə əlaqədar cavabdehə müraciət etsə də, onun haqlı müraciəti cavabdeh tərəfindən təmin edilməmiş, məhkəmə qətnaməsi ilə bankın üzərinə hər hansı öhdəliyin qoyulmadığına istinad edilmişdir. Halbuki, Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Nəzərə alınmalıdır ki, mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun: - 6.1-ci bəndinə əsasən kredit bürosu kredit tarixçəsi subyektinin kredit tarixçəsini təşkil edən məlumatları toplayır, saxlayır, təhlil edir və kredit hesabatlarını verir. - 6.3-cü bəndinə əsasən kredit tarixçələrinin formalaşdırılması və kredit hesabatlarının verilməsi üzrə kredit bürosunun fəaliyyəti məlumat təchizatçıları və məlumat istifadəçiləri ilə (bu Qanunun 12.3-cü maddəsində nəzərdə tutulmuş neqativ məlumatları təqdim edən məlumat təchizatçıları, 13.2.2-ci və 13.2.3-cü maddələrində nəzərdə tutulmuş məlumat istifadəçiləri istisna olmaqla) bağlanan müqavilələr əsasında həyata keçirilir. Müqavilədə tərəflərin qarşılıqlı hüquq və öhdəlikləri, o cümlədən məlumat təchizatçısının və məlumat istifadəçisinin bu Qanunla nəzərdə tutulmuş vəzifələri, təqdim edilən məlumatın tərkibi və təqdimetmə müddətləri, kredit hesabatının alınması üçün sorğuların təqdim edilməsi və kredit hesabatlarının verilməsi qaydası, habelə tərəflərin məsuliyyəti öz əksini tapmalıdır. - 10.1-ci bəndinə əsasən kredit bürosu topladığı məlumatı həmin məlumatda edilmiş son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Bu müddət başa çatdıqdan sonra məlumat məhv edilir və ya kredit tarixçəsi subyektinin razılığına əsasən arxivləşdirilir. - 10.2-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti neqativ məlumatın bu Qanunun 10.1-ci maddəsində göstərilən müddətdən tez məhv olunmasını tələb edə bilməz. - 18.1-ci bəndinə əsasən kredit tarixçəsinin subyekti öz kredit hesabatını təşkil edən məlumatın yanlış olmasını aşkar etdikdə, düzgün olmayan məlumatın aradan qaldırılması üçün müvafiq kredit bürosuna və məlumat təchizatçısına müraciət edə bilər. Müraciətə məlumatın düzgün olmamasını təsdiq edən sənədlərin surətləri əlavə edilməlidir. “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X2 xx.xx.2021-ci il tarixli, 32/1 saylı Qərarının 3-cü bəndinə əsasən kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir. Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 (dörd) iş günü ərzində təqdim edilir. MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir. Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 (iki) iş günü ərzində təqdim edilir. Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir. Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat bu Qaydaya Əlavə 1-də göstərilmiş informasiyanı əks etdirməlidir. Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə kredit təşkilatı tərəfindən yazılı məlumat verilməklə, köhnə və yeni nömrələrin siyahısı təqdim edilir. Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidirlər. MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, iddiaçının reyestrdə Cavabdeh3 ASC-nin ləğvedicisi Azərbaycan Əmanətlərin Sığortalanması Fondu qarşısında xx.xx.2008-ci il tarixli, F2-2003 saylı kredit müqaviləsi üzrə icra edilməmiş öhdəliyi (borcu) olan şəxs kimi qalması üçün hər hansı qanuni və müqavilə əsası yoxdur. Halbuki, qanunvericiliyin tələblərinə görə öhdəliyin yaranması üçün başlıca əsas kimi müqavilə çıxış edir. Tərəflər arasında müqavilə olmadığı halda, iddiaçının bağlamadığı müqavilə üzrə borclu kimi göstərilməsi qanunla qorunan hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, xx.xx.2008-ci il tarixli, F2-2003 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il tarixli, F2-2003 saylı kredit müqaviləsi üzrə İddiaçı borcunun olmaması barədə Azərbaycan Kredit Bürosu MMC-yə məlumat verilməsi öhdəliyi cavabdeh LPO Cavabdeh3 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1343/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1343/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver