Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1351/2023 07.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə onun adına borc olaraq əsassız hesablanmış 529.51 (beş yüz iyirmi doqquz dollar əlli bir sent) ABŞ dolları və 30 manat dövlət rüsumunun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iddia ərizəsinin mümkünlüyü məsələsinə baxıb iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2-153.2.1-153.2.2-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə; eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. İddia tələbinin mahiyyətindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə onun adına hesablanmış borc məbləğinin silinməsini məhkəmədən xahiş edir. İddia ərizəsinə əlavə edilmiş ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanladığı xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2011-ci il tarixli 2034 USD nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən ona 1657 (bir min altı yüz əlli yeddi) ABŞ dolları məbləğində kredit verilmiş, sözügedən kredit müqaviləsi üzrə bank qarşısındakı öhdəliyini vaxtında yerinə yetirmədiyi üçün borcun məhkəmə qaydasında tutulması məqsədilə bank tərəfindən məhkəmədə iddia qaldırılmış və Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(012)-2197/2013 saylı qətnaməsi ilə cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə 1412.34 (bir min dörd yüz on iki dollar otuz dörd sent) ABŞ dolları borcun və 30 (otuz) manat dövlət rüsumunun tutulması qət edilmişdir. Qətnamə qüvvəyə mindikdən sonra İddiaçı qeyd olunan kredit müqaviləsi üzrə banka 882.83 (səkkiz yüz səksən iki dollar səksən üç sent) ABŞ dolları məbləğində ödəniş həyata keçirmişdir. Sözügedən məhkəmə qərarına əsasən borclu İddiaçı 529.51 (beş yüz iyirmi doqquz dollar əlli bir sent) ABŞ dolları və 30 (otuz) manat dövlət rüsumu borc öhdəliyi qalmışdır. Beləliklə, sənədlərin ilkin araşdırılması zamanı məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçının iddia tələbi borclunun kredit hüquq münasibətləri üzrə yaranmış borcunun silinməsi ilə bağlı olduğundan, işə məhkəmədə baxıla bilməz. Habelə, iddiaçının silinməsini tələb etdiyi borc məbləği üzrə qanuni qüvvəyə minmiş, icraya yönəldilmiş və qismən icra edilmiş məhkəmə qətnaməsi olduğundan, işə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyil. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-4685/2021 saylı qərardadı ilə müəyyən edilmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, borclunun kredit hüquq münasibətləri üzrə yaranmış kredit borcunun və ya onun bir hissəsinin silinməsi, borcun azaldılması və ya borc öhdəliyindən tam və qismən azad edilmə, yaxud borcun məbləğinin müəyyən edilməsi kimi tələblər ayrıca iddia tələbi kimi məhkəmədə mülki işin başlanmasına əsas ola bilməz. Çünki kreditor tərəfindən yaranmış borc məbləği borcludan məhkəmə qaydasında tələb edilməyənədək kredit müqaviləsi üzrə kreditor və ya borclu tərəfindən hesablanmış borc məbləği özü-özlüyündə borclunun qanunla qorunan hüquqlarını və mənafelərini pozmur. Eyni zamanda, borclu hesablanmış borc məbləğinə etirazını məhkəmədən kənar qaydada birbaşa kreditorun özünə şifahi və ya yazılı qaydada bəyan etmək hüququna da malikdir. Bu cür tələblər mahiyyətcə kreditorun borcun qaytarılması barədə gələcəkdə irəli sürəcəyi iddiaya etirazını təşkil etməklə, əsaslı olduğu halda iddianın tam və ya qismən rədd olunması üçün əsas ola bilər. Bundan başqa, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-2163/21 saylı qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Fiziki və hüquqi şəxslər məhz özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəmədə iş o halda başlanır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etmiş olsun. Bu baxımdan iddia icraatı qaydasında məhkəməyə verilən istənilən iddia tələbi üzrə deyil, elə iddia tələbi üzrə məhkəmə icraatı başlana bilər ki, həmin tələb şəxsin qanunvericilikdən irəli gələn hüquqlarının və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün verilmiş olsun. MPM-in 149 və 153-cü maddələri iddianın müvafiq olaraq qəbuledilənliyi və yolverilənliyi şərtlərini müəyyən etməklə yanaşı, Məcəllənin 151.1-ci maddəsi nəzərdə tutur ki, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında mübahisələndirilməsinin yolverilməzliyini ehtiva edir. Qeyd edilməlidir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında onun adında mövcuddur. Buna görə də həmin borca dair yaranmış mübahisə üzrə iddiaçının qətnamədən qanunla nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti vermək, həmçinin, icra icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Məhkəmə hesab edir ki, hazırki tələb ayrıca məhkəmə icraatının predmeti ola bilməz, həmin məsələyə icra icraatı qaydasında baxılmalıdır (müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə). Mülki Prosessual Məcəllənin 114.1, 114.1.3-cü maddəsinə müvafiq olaraq, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə İddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, hesab edirəm ki, hazırki məsələyə məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 153.2.2, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında 8 indeksi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1351/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-1351/2023
07.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver