Məhkəmə qərarları › İş №2(006)-1356/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1356/2024

13.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1356/2024 13.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 15000 manatın və ödənilmiş 135 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh şirkətdə 2021-ci ilin avqustsentyabr aylarında usta vəzifəsində çalışmış və 1 kv.m hörgünü 5 manata hörmüşdür. Gündəlik 100 manatlıq iş görmüşdür. Şirkət onu əmək müqaviləsi olmadan işlətmişdir. xx.xx.2021-ci il tarixdə saat 16:00-da yəni iş vaxtı ayaqaltından yıxılmış və nəticədə sol baldır sümüyündən zədə alaraq əmək qabiliyyətini itirmişdir. Əsa ilə gəzir. Pilləkənləri qalxa bilmir. Bu qəza istehsalatda baş vermiş hadisədir və işəgötürənin əməyin mühafizə qaydalarına əməl etməməsi nəticəsində baş vermişdir. Onun iş vaxtı xəsarət almasını şahidlər təsdiq edə bilərlər. Cavabdeh şirkət ona heç bir ödəniş həyata keçirməmişdir. Gündəlik 100 manat qazancı olduğu nəzərə alınsa, şirkətdə aldığı xəsarət nəticəsində 5 ay işləyə bilmədiyi üçün ümumilikdə 15000 manat pul tələb etmək hüququnu özündə saxlayır. Şirkət onunla maraqlanmamış, heç bir ödəniş həyata keçirməmiş, müalicəsinə köməklik etməmişdir. Cavabdeh MMC iddia etiraz təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, bütün məhkəmə hazırlıq iclaslarında iddianı qəbul etmədiklərini bəyan etmişlər. Lakin, məhkəmə hazırlıq iclaslarında iştirak etsələr də, iddiaçı iddianın sübutu kimi hansı sübutları təqdim edəcəyi onlara aydın olmadığına görə etrazlarını rəsmi şəkildə təqdim edə bilməmişlər. xx.xx.2024-cü il tarixli hazırlıq iclasında İddiaçı izahat verərkən onun iddiaya dair sübutlarının olmaması aydın şəkildə biruzə vermişdir. Həmin hazırlıq iclasında iddiaçı iddiasını əsaslandıra və sübut edə bilməmişdir. Hazırlıq iclasında "xxxx" MMC-nin rəhbərinin kim olmasını, onu işə kimin qəbul etməsini, gördüyü işlər üçün ödənişin MMC tərəfindən ödənilməsinə dair hər hansı bir sübut təqdim edə bilməmişdir. "xxxx" MMC xx.xx.2021-ci il tarixdə fəaliyyətini dayandırmışdır. Bundan başqa, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyevin xx.xx.2019-cu il tarixli məktubundan da məlum olur ki, "xxxx" MMC-nin inşa etdiyi bina artıq başa çatmışdır və istismara verilməlidir. Lakin, iddiaçının təqdim etdiyi xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə (həmin vaxtda MMC fəaliyyət göstərməmişdir) xəsarət alaraq xəstəxanaya müraciət etmişdir. Yəni, MMC fəaliyyətdə olmadığı dövrdə işçi qəbul etməmişdir, inşaat işləri də görməmişdir. İnşa etdiyi yaşayış binasında isə 2019-cu ildə artıq tikinti-quraşdırma işlərini başa çatdırmış və bina istismara hazır olmuşdur. Onu da qeyd etmək istəmişdir ki, xəstəlik tarixindən çıxarışda iddiaçı istehsalat xəsarəti almasını deyil evdə ayağına daş düşməsi nəticəsində xəsarət almasını göstərmişdir. Bütün bu xüsusatlar onun iddiası ilə ziddiyyət təşkil etməklə, iddiasının əsassız olmasını təsdiq edir. Ona görə də hesab etmişdir ki, iddiaçının iddiasında irəli sürdüyü dəlillər tam əsassız olmasına görə iddia təmin olunmamalıdır. Məhkəmə iclasında iddiaçı və onun vəkili iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini etiraf etməyərək, onun təmin olunmamasını xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş şahid X1 ifadəsində bildirmişdir ki, iddiaçı onun atasıdır. Onunla birlikdə Xırdalan şəhərində yerləşən binada işləmişlərdir. Bina Cavabdeh MMC-yə məxsus olmuşdur. Hadisə 2021-ci ilin yay aylarında baş vermişdir. Atası hörgü hörərkən ayağı sürüşərək yıxılmış və sol baldır sümüyündən zədə almışdır. Atasını xəstəxanaya apararkən binanın nəzarətçisi Asəf Bayramov da onlarla olmuşdur. Atası 1 həftə-10 gün xəstəxanada qalmışdır. Hadisə ilə əlaqədar şirkət onlara köməklik göstərməmişdir. Sadəcə gördükləri iş müqabilində onlara 600 manat ödənilmişdir. Onlar tikintidə şirkətlə əmək müqaviləsi bağlamadan işləmişlər. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını, şahid ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli xəstəlik tarixindən çıxarışdan görünür ki, İddiaçı “sol baldır sümüklərinin aşağı 1/3 nin oynaqdaxili yerdəyişmiş sınığı” diaqnozu qoyulmaqla, üzərində xx.xx.2021-ci il tarixində sol baldır sümüklərinin İlizarov üsulu ilə osteosintez əməliyyatı edilmiş, qısa anamnezində “xəstənin deməsinə görə evdə ayağına daş düşməsi nəticəsində xəsarət alması” qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə sol baldır sümüyündən zədə almaqla klinikaya yerləşdirilmiş, onun üzərində əməliyyat aparılmışdır. Hazırki iddiasının əsasını təşkil edən pul məbləğini həmin hadisə ilə əlaqələndirməklə cavabdehdən 15000 manatın tutulmasını xahiş etmişdir. Lakin, iddiaçı iş materiallarına nə həmin məbləğdə pulun sərf edilməsi, nə də həmin zədənin istehsalatda baş verməsi barədə sübutlar əlavə etməmişdir. İddiaçı özü cavabdehlə aralarında əmək müqaviləsinin bağlanmadığını qeyd etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 fevral 2000-ci il tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş «İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na əsasən həmin Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsində işçi — işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxs kimi göstərilmişdir. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs kimi göstərilmişdir. Beləliklə də, müəyyən edilir ki, tərəflər arasında əmək müqaviləsi bağlanmadığından, aralarında işçi və işəgötürən münasibətləri olmamaqla iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyildir. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını, yalnız bundan sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu müəyyən edildikdən sonra, həmin hüququn pozulmasının məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında əmək müqavilə bağlanmadığından, iddiaçının xx.xx.2021-ci il tarixdə aldığı zədənin istehsalatda baş vermiş bədbəxt hadisənin nəticəsi səbəbindən alması kimi qiymətləndirilə bilməz. Bu səbəblə də iddiaçı sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə onun iddiası təmin edilməməlidr. Həmçinin, qeyd edilməlidir ki, belə halda hazırki tələbin araşdırılması, hüququ olmayan şəxsin iddiasına qiymət verilməsi mənasına gəlməklə məhkəmə müdafiəsi hüququnun ümumi prinsiplərinə zidd olardı. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cu maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia tələbi təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar