Məhkəmə qərarları › İş №2(006)-137/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-137/2025

12.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-137/2025 12.08.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilinə vurulan ziyanın təmiri və bərpası üçün tikinti materiallarına görə 747.50 manat, söküntü və təmir işlərinə görə 1190.05 manat xərclər daxil olmaqla (cavabdeh tərəfindən ona ödənilmiş 600 manat istisna olmaqla) cəmi 1337.05 (min üç yüz otuz yeddi manat, beş qəpik) manat maddi ziyan, 700 manat məbləğində mənəvi zərər və ödənilmiş 41 manat məhkəmə rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər, Nəsimi rayon sakini, Cavabdeh İdris qızı onun qonşusudur. Onun mənzilində sanitar qovşağının xətlərində yaranan problem nəticəsində mənzilinə xeyli miqdarda ziyan dəymişdir. Baş vermiş problem zamanı mənzilinin giriş hissəsi (dəhliz) tavanı, döşəməsi, divarı, oboyu, yataq otağının tavanı, divarı və sanitar qovşağında elektrik xətləri yararsız vəziyyətə düşmüşdür. Etdiyi müraciət əsasında 151 saylı MİKS-nin rəisi və sahə nəzarətçiləri tərəfindən onun iştirakı ilə mənzilə baxış keçirilərək mənzilə həqiqətən ziyan dəydiyi müəyyən edildi və müvafiq akt imzalandı. Ərizəyə əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan göründüyü kimi, Cavabdeh məxsus Nəsimi rayonu, Bakıxanov küçəsi ev 7, 51-ci mənzilinin sanitar qovşağının xətlərində yaranmış problem nəticəsində mənzilə ziyan dəymişdir. 51-ci mənzilə dəfələrlə qalxmaqlarına baxmayaraq mənzilin qapısını açmamışdır. Bu səbəbdən 48-ci mənzilə dəymiş ziyanın hansı səbəbdən baş verməsi məlum olmamışdır. 48-ci mənzilin giriş hissəsinin (dəhliz) tavanı, divarı, oboyu, yataq otağının tavanı, divarı, oboyu və sanitar qovşağında elektrik xəttinə ziyan dəymişdir. Sonradan cavabdehlə telefon vasitəsi ilə əlaqə yaratmışdır. Cavabdeh təmir xərclərini çəkməyi təklif edərək, sonradan həmin xərcləri ona ödəyəcəyinə söz vermişdir. Qeyd etməlidir ki, adıkeçən mənzilin təmir bərpası üçün çəkdiyi 1937.55 manat vəsaitdən Cavabdeh ötən müddət ərzində cəmi 600 manat ödəniş edərək, qalan 1337.55 manat dəymiş ziyanı bu günə qədər ödəməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Ərizəyə əlavə edilmiş "xxxx" MMC-nin 26 oktyabr 2023-cü il tarixli, 07-186/23 saylı mütəxəssis rəyindən göründüyü kimi Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa ünvan 3, (Y/Q AZ 1065, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 45.2 kv/m, yaşayış sahəsi 29.8 kv.m olan iki otaqlı mənzilə üst mərtəbədəki qonşudan su axması nəticəsində dəymiş zərərin təmir bərpa işlərinin təqribi ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1937.55 manat məbləğində müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, mənzilə tikinti materiallarının alınması üçün ümumilikdə 747.50 manat, söküntü və təmir işləri üçün 1190.05 manat xərclər daxil olmaqla cəmi- 1937.55 manat xərc çəkilmişdir. Cavabdeh isə dəymiş ziyandan ona cəmi 600 manat zərər ödəmişdir. Lakin cavabdeh bütün bunları bildiyi halda vurduğu zərərin əvəzini ödəməkdən yayınmış, beləliklə də, ona 1337.55 manat maddi və 700 manat məbləğində mənəvi zərər vurmuşdur. Beləliklə də, o pozulmuş hüquqlarının bərpa edilməsi məqsədindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Odur ki, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddiaya uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının izahatlarını nəzərə alaraq, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan: - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilən xx.xx.2023cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. - 151 saylı MKİS-nin rəisi V.F.Allahverdiyev, nəzarətçisi F.Ş.Cümşüdzadə, sahə nəzarətçisi M.İ.Şıxıyev tərəfindən imzalanan aktdan görünür ki, bu aktı ondan ötrü imzalayıblar ki, xidməti ərazilərində yerləşən Nəsimi rayonu, ünvan 3 ünvanında yaşayan İddiaçı şikayəti əsasında mənzilinə baxış keçirdilər. Baxış keçirən zaman, həqiqətən də, mənzildə su izləri aşkar olundu. Mənzil sahibinin söylədiyinə görə, yuxarı mərtəbədə yaşayan 51-ci mənzilin sahibi Cavabdeh mənzilində Sanitar qovşağının xətlərində yaranmış problem nəticəsində mənzilinə ziyan dəymişdir. 51-ci mənzillə dəfələrlə çıxmaqlarına baxmayaraq mənzilin qapısını açmamışdır. Bu səbəbdən 48-ci mənzilə dəymiş ziyanın hansı səbəbdən baş verməsi məlum olmamışdır. Mənzilin giriş hissəsinin (dəhliz) tavanı, döşəməsi, divarı, oboyu, yataq otağının tavanı, divarı oboyu, sanitar qovşağında elektrik xətlərinə ziyan dəymişdir. - "xxxx" MMC-nin 07-186/23 nömrəli, 26 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa ünvan 3. (Y/Q AZ 1065, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi 29.8 kv.m olan 2 otaqlı mənzilə üst mərtəbədəki qonşudan su axması nəticəsində dəymiş zərərin təmir bərpa işlərinin təqribi ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1937.55 AZN (bir min doqquz yüz otuz yeddi manat, 55 qəpik) məbləğində müəyyən olunur. Mülki iş materiallarına Flaşdisk və CD-disk əlavə edilmişdir. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1111.2-ci maddəsinə görə, əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılması nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə ilk olaraq onu vurğulamağı zəruri hesab edir ki, məhkəmə hazırki mülki iş üzrə bir neçə dəfə məhkəmə tikinti-texniki ekspertizasının keçirilməsi ilə bağlı qərardad qəbul etsə də, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən ekspertizanın aparılmasından imtina olunmuş, eyni zamanda Cavabdeh tərəfindən "xxxx" MMC-nin 07-186/23 nömrəli, 26 oktyabr 2023-cü il tarixli rəyində əksini tapan halları təkzib edən və ya onlara zidd sübutlar təqdim edilməmişdir. Bu halda məhkəmə iddianın pul məbləği ilə bağlı araşdırmanı iş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Xidmətləri” MMC-nin 07-186/23 nömrəli, 26 oktyabr 2023-cü il tarixli rəyində göstərilmiş cədvəllərə əsasən aparmağı məqsədəuyğun hesab edir. Məhkəmə bu yerdə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göstərilən Məcəllənin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edir ki, "xxxx" MMC-nin 07-186/23 nömrəli, 26 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Abbasqulu Ağa ünvan 3. (Y/Q AZ 1065, ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 45.2 kv.m, yaşayış sahəsi 29.8 kv.m olan 2 otaqlı mənzilə üst mərtəbədəki qonşudan su axması nəticəsində dəymiş zərərin təmir bərpa işlərinin təqribi ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1937.55 AZN (bir min doqquz yüz otuz yeddi manat, 55 qəpik) məbləğində müəyyən olunur. Eyni zamanda ünvan 5 ünvanında yerləşən mənzilə suyun sızması 151 saylı MKİS əməkdaşları tərəfindən tərtib edilmiş aktla da öz təsdiqini tapmışdır. Göründüyü kimi, cavabdehə məxsus ünvan 5 ünvanında yerləşən 51 saylı mənzildən iddiaçıya məxsus ünvan 5 ünvanında yerləşən 48 saylı mənzilə suyun axıdılması ilə iddiaçıya qarşı mülki hüquq pozuntusunun törədilməsi və bunun nəticəsində ona zərər dəyməsi işin mübahisəsiz halıdır. Beləliklə, məhkəmə hesab edir ki, vurulmuş maddi ziyanın əvəzi olaraq 1337.05 manat Cavabdeh alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən mənəvi ziyanın əvəzi olaraq 700 manat məbləğində pulun tutulması hissəsinə münasibətdə qeyd edir ki, Eyni zamanda, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmçinin, Plenum yuxarıda adı çəkilən qərarda izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə iddia tələbinə hüquqi qiymət verərək hesab edir ki, iddiaçı ona vurulmuş mənəvi zərərin nədən ibarət olmasını əsaslandırmadığı, mübahisə yalnız mənzilə suyun axıdılması ilə əlaqədar olduğu və bu cür hallarda mənəvi zərərin ödənilməsi üçün hüquqi əsasın olmadığı üçün iddia mənəvi ziyan hissəsində də təmin edilə bilməz. Həmçinin, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Odur ki, ödənilmiş 26 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1337.05 manat və dövlət rüsumu olaraq ödənilmiş 41 manatın 26 manatı, ümumilikdə 1363.05 (bir min üç yüz altmış üç manat, beş qəpik) manat pul vəsaiti İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbinə dair" iddia qismən təmin edilsin. Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 1337.05 manat, həmçinin dövlət rüsumu olaraq ödənilmiş 41 manatın 26 manatı, ümumilikdə 1363.05 (bir min üç yüz altmış üç manat, beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar