Məhkəmə qərarları › İş №2(006)-1381/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1381/2021

01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1381/2021 01.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, X7 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı "maddi ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, DƏDRX- nın Bakı Ərazi İdarəsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş 17.12.2016-cı il tarixli Seriya RX № ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı mənzil mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Cavabdeh «xxxx» MTK binanın ərazisində çoxmərətbəli bina inşa etmək üçün icra hakimiyyəti orqanlarından razılıq alaraq, qarşılıqlı razılaşma əsasında binanın sakinlərini kirayə haqqını ödəmək şərtilə başqa mənzillərə köçürmüşlər. Lakin, iddiaçı ilə razılaşa bilmədiyi üçün cavabdeh onları mənzildən çıxara bilməmiş və zorakı hərəkətlərə keçərək 18 noyabr 2017-ci il tarixdə iddiaçının mənzilinə soxulub güc tətbiq etməklə onu və ailə üzvlərini mənzildən çıxararaq bayıra atmış, mənzildə olan əşyaları isə yük maşınına doldurub başqa yerə daşınmışdır. Bundan sonra, cavabdeh ağır texnikanı işə salıb binanı uçurub məhv etmişdir. Cavabdehin qanunsuz əməlləri nəticəsində iddiaçı ona vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Uzun sürən məhkəmə çəkişmələrinin yekunu olaraq Bakı Apellyasiya Məhkəməsinin 21.10.2019-cu il tarixli, 2(103)-11518/2019 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək cavabdehin vurduğu maddi ziyana görə 101 manat, səkkiz aylıq dövr üçün 300 manat kirayə haqqının əvəzi, cəmi 2 400 manat, mənəvi ziyana görə 3 000 manat, ümumilikdə 106.400 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar verilmişdir. Cavabdeh həmin binada olan mənzillərə dair notariat qaydada təsdiq edilmiş oxşar tipli müqavilələr bağlamış və həmin müqavilədə iki otaqlı mənzillər üçün kirayə haqqını 342 mant məbləğində müəyyən etməklə həmin məbləğdə sakinlərə kirayə haqqı ödəmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin əməllərini mülki hüquq pozuntusu kimi qiymətləndirmiş və ziyanın tam həcmdə ödənilməsi barədə qərar qəbul etmişdir. Cavabdehin təqsiri üzündən iddiaçı 18 noyabr 2017-ci il tarixdən bu günə kimi kirayədə yaşamağa məhkum olunmuş, bu isə ümumilikdə 3 ildən artıq olaraq 37 ay təşkil edir. Bu günə kimi cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini də icra etməmişdir. Kirayə haqqının ödənilməsi hissəsində iddia tələbini təmin edərək Bakı Apellyasiya Məhkəməsini aylıq kirayə haqqını 342 manat hesablamalı olduğu halda 300 manat hesablamaqla cəmi 8 aylıq dövr üçün hesablanmış, bu isə 2 400 manat təşkil (300*8 =2 400) edir. Bu zaman apellyasiya instansiya məhkəməsi iddia ərizəsi verilən zaman iddia ərizəsində göstərilən dövr üçün irəli sürülmüş iddia tələbi əsas götürmüşdür. Lakin iddiaçının hüquqlarının pozulması davamlı olduğu üçün bu hal davam etmiş və hazırda da davam etməkdədir. Ona görə, sonrakı 29 aylıq dövr üçün də kirayə haqqı cavabdehdən tutulmalı və iddiaçıya ödənilməlidir. Bu isə 9.918 (29 x 342 = 9. 918 manat) manat təşkil edir. Bakı Apellyasiya Məhkəməsinin 21.10.2019-cu il tarixli, 2(103)-11518/2019 saylı qətnaməsində konkret olaq qeyd edilmişdir ki, 8 aylıq kirayə haqqı olaraq cavabdehdən 2400 manat tutulmalıdır. Kirayə haqqının qalan hissəsi ilə bağlı iddiaçı müstəqil iddia qaldıra bilər. Göstərilənlərə əsasən aylıq 300 manat hesablanmaqla, 29 ay üçün cavabdeh «xxxx» MMC-dən 9.918 manat kirayə haqqının tutulması və iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, kirayə haqqı olaraq hər ayı 300 manat hesablanmaqla, 41 ay üçün cavabdehdən 12300 manat məbləğində kirayə haqqının tutulması və ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X3 iddianı müdafiə edərək, habelə iddia ərizəsində göstərilənləri təsdiq edərək tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili X4 iddia tələbinə etiraz edərək tələbin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2019-cu il tarixli, 2(103)-11518/2019 saylı qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(009)-979/2018 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, dəymiş maddi ziyana görə 90.000 manat, səkkiz aylıq dövr üçün aylıq 400 manat kirayə haqqının əvəzi, cəmi 3.200 manat, mənəvi ziyanın əvəzi olaraq 1.000 manat, ümumilikdə 94.200 manatın Cavabdeh MTK-dan İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pulun 100 manat hissəsinin İddiaçı, 150 manat hissəsinin isə Cavabdeh MTKdan tutulub, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdeh MTK-nın apellyasiya şikayətinin təm edilməməsi, İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 iyul 2018-ci il tarixli, 2(009)-979/2018 saylı qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, dəymiş maddi zərərə görə 101.000 manat, səkkiz aylıq dövr üçün aylıq 300 manat kirayə haqqının əvəzi, cəmi 2.400 manat, mənəvi ziyanın əvəzi olaraq 3.000 manat, ümumilikdə 106.400 manatın Cavabdeh MTK-dan iddia İddiaçı xeyrinə tutulması, ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat məbləğində pulun 100 manat hissəsnin İddiaçı, 150 manat hissəsinin isə cavabdeh “xxxx” MTK-dan tutulub, “xxxx” Məhdud Məsuliyyə Cəmiyyətinin hesabına (VÖEN **********, BankıGünay Bank ASC, H AZ30GUNA********************, M/h AZ25NABZ********************, Kd 505594, SWİFT: GÜAAZ22, VÖEN **********) köçürülməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.06.2020-ci il tarixli, 2(102)-1849/2020 saylı qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21.10.2019-cu il tarixli, 2(103)-11518/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması (mübahisələndirilən hissədə) qərara alınmışdır. İş materiallarında olan 04 noyabr 2020-ci il tarixli, № 10823 saylı ödəniş tapşırığından görünür ki, "Cavabdeh" Mənzil Tikinti Kooperativ tərəfindən İddiaçı hesabına 106.400 manat məbləğində pul köçürülmüşdür. Hazırki iddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bundan əlavə, göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında kirayə haqqının ödənilməsi ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Qeyd olunan qətnamə ilə səkkiz aylıq dövr üçün aylıq 300 manat kirayə haqqının əvəzi, cəmi 2400 manat pulun tutulması müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 2018-ci ilin iyun ayından 2020-ci ilin noyabr ayına kimi, yəni məhkəmə qətnaməsi əsasında İddiaçı ziyanın əvəzinin ödənildiyi tarixə 28 aylıq dövr üçün kirayə haqqı 8400 manat (28 x 300 = 8400) məbləğində müəyyən edilməlidir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 8400 (səkkiz min dörd yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar