Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1390/2022 01.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçı X8 və cavabdehin nümayəndələri X7 və X6 iştirakları ilə, İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X8 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən ona vurulmuş 900 (doqquz yüz) manat maddi ziyanın və dövlət rüsumu kimi ödədiyi 30 (otuz) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı X8 iddianı müdafiə etdiyini bildirərək, izahatında göstərdi ki, o, Cəlilabad rayonu, Qamışlıgöl kəndində yaşayır. Onun həyətyanı sahəsində iki ədəd elektrik dirəkləri basdırılmışdır. Həmin elektrik dirəkləri çürüyüb yarasız vəziyyətə düşmüşdür. O, 21 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Cənub RETSİ Cəlilabad elektrik Şəbəkəsinə gedərək, bu barədə rəsmi olaraq ərizə ilə müraciət etmişdir ki, həyətyanı sahədə olan 2 ədəd elektrik dayağı çürüyüb qəza vəziyyətinə düşmüşdür, odur ki, həmin dayaqların dəyişdirilməsini xahiş etmişdir. Lakin, Cəlilabad elektrik Şəbəkəsi tərəfindən heç bir tədbir görülməmişdir. Nəticədə, 25 noyabr 2021-ci il tarixdə şəxsi təsərrüfatında olan bir baş “camış” cinsindən olan heyvanı elektrik vurması nəticəsində tələf olmuşdur. O, yenidən cavabdeh "xxxx" ASC-nin Cənub RETSİ Cəlilabad elektrik Şəbəkəsinə müraciət edərək bu barədə məlumat vermiş və ona dəymiş ziyanın ödənilməsini tələb etmişdir. Lakin, cavabdeh X2 bildirmişlər ki, ona heç bir ziyan qarşılığı ödənilməyəcək. O da məcbur olub məhkəməyə müraciət etmişdir. Bir baş “camış” cinsindən olan heyvanın elektrik vurması nəticəsində tələf olmasına görə ona 900 (doqquz yüz) manat maddi ziyan dəymişdir. Odur ki, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndələri X7 və X9 iddianı qəbul etməyərək izahatlarında bildirdilər ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 10.02.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddiaçı X8 iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən 900 manat dəyərində camış heyvanın elektrik cərəyanı vurması nəticəsində ona ziyan vurulmuş maddi zərərin əvəzi kimi 900 manat pulun və ödədiyi dövlət rüsumunun alınıb ona verilməsini xahiş edir. Lakin, iddiaçı X4 iddia ərizəsinə sübut qismində əlavə etdiyi 25 noyabr 2021-ci il tarixli akt məhkəmə tərəfindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, sözügedən akt qanunvericiliyin norma və tələblərinə riayət olunmadan tərtib olunmuş, bundan əlavə akt tərtib olunarkən "xxxx" ASC səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamışdır. Məhkəmə nəzərə almalıdır ki, camış heyvanın ölməsi faktı üzrə iddia qaldıran tərəf baş vermiş faktı təsdiq edən dolğun şəkildə foto və video görüntülər təqdim etməlidir. İddiaçının istinadına inanılsa, o zaman məhkəmə tərəfindən sual olunmalıdır ki, camışı elektrik cərəyanı vurubsa, onların video görüntüsü, hal şahidlərinin hadisə yerində olması, baytar həkimin ölmüş heyvanlara keçirdiyi baxışı təsdiq edən mötəbər dəlillər təqdim edilməlidir. Ölmüş heyvanların elektrik cərəyanı vurmasından sonra ölmüş cəsədlərinin harada, hansı şəraitdə, kimlərin iştirakı ilə basdırılması faktı tam olaraq araşdırılmalıdır. Bu hallar araşdırılmazsa, bu birmənalı şəkildə həmin heyvanların hər hansı xəstəlikdən tələf olması, lakin bu işdən ziyansız çıxmaq məqsədilə iddiaçı tərəfindən qurulmuş bir ssenaridir. Məhkəmə mülki işi araşdırarkən ehtimallara deyil, əsaslandırılmış sübutlara istinad etməlidir. Bundan əlavə, iddia tələbində göstərilən faktlar həqiqətə uyğundursa, bəs bu halda hansı səbəbdən "xxxx" ASC baş vermiş hal barədə məlumatlandırılmayıb. Son olaraq iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə tərəfindən müəyyən edildi ki, X1 rayonu, Qamışlıgöl kəndində yaşayır. Onun həyətyanı sahəsində iki ədəd elektrik dirəkləri basdırılmışdır. Həmin elektrik dirəkləri çürüyüb yarasız vəziyyətə düşmüşdür. O, 21 sentyabr 2021-ci il tarixdə "xxxx" ASC-nin Cənub RETSİ Cəlilabad elektriik Şəbəkəsinə gedərək, bu barədə rəsmi olaraq ərizə ilə müraciət etmişdir ki, həyətyanı sahədə olan 2 ədəd elektrik dayağı çürüyüb qəza vəziyyətinə düşmüşdür, odur ki, həmin dayaqların dəyişdirilməsini xahiş etmişdir. Lakin, Cəlilabad elektrik Şəbəkəsi tərəfindən heç bir tədbir görülməmişdir. Nəticədə, 25 noyabr 2021-ci il tarixdə şəxsi təsərrüfatında olan bir baş “camış” cinsindən olan heyvanı elektrik vurması nəticəsində tələf olmuşdur. Bununla bağli akt tərtib edilmişdir. Lakin, sözügedən akt tərtib olunarkən "xxxx" ASC-nin səlahiyyətli nümayəndəsinin iştirakı təmin olunmamış, baytar həkimin ölmüş heyvana keçirdiyi baxışı və ölmüş cəsədınin harada hansı şəraitdə kimlərin iştirakı ilə basdırılması təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən verilmiş iddia kifayət qədər əsaslar olmadığından verildiyindən rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı X4 "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1390/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1390/2022
01.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver