Məhkəmə qərarları › İş №2(006)-1393/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1393/2023

23.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1393/2023 23.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «sığorta ödənişinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona məxsus «QAZ 3110» markalı, **- XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol-nəqliyyat hadisəsi nəticəsində maddi ziyan dəymişdir. İddiaçının təqdim etdiyi qüsur aktından göründüyü kimi ümumi dəymiş zərər 3939 manat təşkil edir. Lakin avtomobilə ziyan vuran şəxs X2 avtomobilin sığortalı olduğu hazırki iş üzrə cavabdeh "xxxx" ASC dəymiş ziyanı ödəməkdən imtina edir. İddiaçı hazırki tələbinin məhz dəymiş olan ziyan və ziyanın bərpası üçün çəkilmiş xərcdən ibarətdir. Qeyd olunanlara əsasən o da maddi zərərin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən iddiaçı cavabdeh "xxxx" ASC-dən mülkiyyəində olan «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş 3939 manat məbləğində maddi zərərin, 59 manat dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçı göstərmişdir ki, ona məxsus «QAZ 3110» markalı avtomobilinə yolnəqliyyat hadisəsi zamanı ziyan dəymiş, həmin ziyanın məbləği məhkəməyə təqdim edilmiş qüsur aktından göründüyü kimi 3939 manat təşkil edir. O, sığorta ödənişinin verilməsi ilə əlaqədar cavabdeh şirkətə müraciət etmişdir. Cavabdeh şirkət tərəfindən vurulmuş ziyanın müəyyən edilməsi üçün “Avanqard Servis” tərəfinfən avtomobilin qiymətləndirilməsi həyata keçirilmişdir. Lakin həmin servisin əməkdaşı avtomobilə sadəcə qıraqdan baxmaqla və şəkillərini çəkməklə kifayətlənərək onu əmin etmişdir ki, ziyan dəymiş bütün detalları qeyd edəcəkdir. Lakin o, öz hesabatında sadəcə bir neçə detalı yazmaqla kifayətlənlənmiş və yekun zərər kimi 1625 manat müəyyən etmişdir. İddiaçı bununla razı olmadığından maşına müstəqil ekspert tərəfindən də baxış keçirilmiş, o da öz növbəsində əvvəlki hesabatı təkrarlayan rəy vermişdir. İddiaçı cavabdeh şirkətə dəfələrlə obyektiv sığorta ödənişinin edilməsi barədə müraciətlər etsə də, onlar tərəfindən müxtəlif bəhanələr gətirilərək bundan imtina olunmuşdur. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, iddiaçı tərəf iddia tələbini kifayət qədər şişirdilmiş məbləğdə müəyyən etmişdir. Belə ki, iddia tələbində vurulmuş ziyan kimi göstərilən məbləğ ziyan çəkmiş maşının orta bazar qiyməti həcmindədir. Belə olan halda, iddia qismən təmin olunmalı və bu zaman cavabdeh tərəfdən təqdim edilmiş rəylər əsas götürülməlidir. Qeyd olunanlara əsasən iddianın qismən təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

6. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. İddiaçı baş vermiş hadisə ilə bağlı sığorta ödənişinin alınması üçün cavabdehə müraciət etmiş, lakin sığorta şirkəti dəymiş ziyanı 1625 (daha sonra 1845) manat məbləğində qiymətləndirilmişdir. İddiaçı avtomobilə dəymiş zərərə görə müəyyən olunmuş qiymətlə razılaşmadığından “X7” MMC yə müraciət etmiş və “X7” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Qüsur Aktı ilə iddiaçının avtomaşına dəymiş ziyan 3939 (üç min doqquz yüz otuz doqquz) manat təşkil etmişdir. İş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, «QAZ 3110» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 3589 (üç min beş yüz səksən doqquz) manat təşkil etmişdir. Hazırda iddiaçı cavabdehdən vurulmuş ziyanın əvəzi kimi 3939 manat məbləğində sığorta ödənişinin, həmçinin 59 manat ödənilmiş dövlət rüsumunun tutulmasını xahiş etmişdir.

b) Mülki işin materialları:

7. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər rayon Polis İdarəsindən verilən xx.xx.2022-ci il tarixli 043284 nömrəli arayışın surətindən aydın olur ki, «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil həqiqətən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsinin iştirakçısı olmuşdur.

8. Mülki işin materiallarında olan “X7” MMC tərfindən verilən xx.xx.2023-cü il tarixli Qüsur Aktından görünür ki, «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 3939 manatdır.

9. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Nəsimi Rayon Məhkəməsinə verilən məlumata əsasən «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər “Avanqard Servis” tərəfindən qiymətləndirilmiş, xx.xx.2022-ci il tarixli “ Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən zərər 1625 (min altı yüz iyirmi beş) manat məbləğində müəyyən edilmişdir. İddiaçının müraciəti əsasında Əhməd Talıblı da rəy vermiş, xx.xx.2022-ci il tarixli rəyə əsasən zərər 1845 ( min səkkiz yüz qırx beş) manat məbləğində müəyyən edilmişdir.

10. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərtib edilmiş icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək PPA********** saylı sığorta şahadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır.

11. Mülki işin materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş “zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair” hesabatdan görünür ki, «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1625 manat ziyan dəymişdir.

12. Mülki işin materiallarında olan müstəqdil ekspert tərəfindən verilmiş rəydən görünür ki, «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1845 manat ziyan dəymişdir.

13. Mülki işin materiallarında olan Azərbaycan Republikası Ədliyyə Nazirliyi Məhkəmə Elspertizasının təqdim etdiyi xx.xx.2023-cü il tarixli 9/3311 nömrəli ekspert rəyinə əsasən nəzəri hesablama yolu ilə, iş materiallarında olan “Azərmaş” avtoservis tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2002-ci il buraxılışlı «QAZ 3110» markalı, **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verəntarixə təxminən 3589 manat müəyyən edilir. «QAZ 3110» markalı, 2002-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı avtomobilin yol-nəqliyyat hadisəsindən əvvəlki vəziyyətdə nəzəri orta bazar qiyməti təxminən 5500 manat müəyyən edilir. Avtomobilin zədələnməsi nəticəsində aşınması (amortizasiyası) nəzərə alınmaqla əmtəə dəyərinin normal vəziyyətdə qəzaya uğramamış avtomobilin əmtəə dəyərindən 10% - 550 manat (5500 manat x 10%) aşağı olması istisna edilmir. Ekspert tədqiqatının dəyəri 50 manat təşkil etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

14. Məhkəmə ilk növbədə qeyd edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi sığorta hadisəsi hesab olunması ilə bağlı tərəflər arasında hər hansı mübahisə yoxdur və yaranmış mübahisə göründüyü kimi vurulmuş ziyan məbləği ilə əlaqədar olmuşdur.

15. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

16. Həmin Məcəllənin 923.1-ci maddəsinin tələbinə görə sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda, həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir.

17. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur.

20. “İcbari sığorta haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir.

21. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir.

22. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir.

23. Məhkəmə qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

24. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edərək hesab edir ki, iddiaçı tərəf daha böyük məbləği məhkəmədə sübut edə bilmədiyindən, həmçinin cavabdeh tərəf də bunun əksinə dair mötəbər sübutu təqdim edə bilmədiyindən bu halda ekspertizanın vermiş olduğu rəy əsaslı hesab edilməlidir.

25. Məhkəmə iddiaçıya məxsus avtomobilə dəymiş ziyan məbləğinin 3589 manat həddində olmasını və belə olan halda sığorta şirkəti tərəfindən təklif olunan sığorta ödənişinin avtomobilə vurulmuş ziyanın aradan qaldırılması üçün kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində qismən təmin edilməli və cavabdehdən dəymiş ziyan kimi iddiaçının xeyrinə 3589 manat məbləğində pul tutulmalıdır.

26. Bundan əlavə, Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi 3589 manat (iddia tələbinin 92%) məbləğində maddi ziyanın tutulması həddində təmin edildiyindən, həmçinin iddiaçı tərəfindən dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut (ödəniş qəbzi) məhkəməyə təqdim edildiyindən, dövlət rüsumunun əvəzi kimi 59 AZN-nin (əlli doqquz) manatın 54,30 AZN-ni (əlli dörd manat, otuz qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməli, 4,7 AZN-ni dörd manat, yetmiş qəpik) isə İddiaçı aid edilməlidir.

28. Həmçinin iş üzrə keçirilmiş iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 4 AZN-i (dörd manat) İddiaçı, 46 AZN-i (qırx altı manat) isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülməlidir.

29. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

31. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

32. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən İddiaçı məxsus olan «QAZ 3110» markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan kimi 3589 AZN (üç min beş yüz səksən doqquz manat) məbləğində pul tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi kimi 59 AZN-nin (əlli doqquz) manatın 54,30 AZN-ni (əlli dörd manat, otuz qəpik) cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, 4,70 AZN-ni dörd manat, yetmiş qəpik) isə İddiaçı aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə keçirilmiş iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 AZN-nin (əlli manat) 4 AZN-i (dörd manat) İddiaçı, 46 AZN-i (qırx altı manat) isə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ43CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar