Məhkəmə qərarları › İş №2(006)-1420/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1420/2023

04.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1420/2023 04.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyan və əldən çıxmış gəlir» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyan və əldən çıxmış gəlir» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı hazırda Hacıqabul rayonunun 2-ci Udulu kəndində yaşayır, tək dolanışıq yeri nar bağından dərdiyi məhsuldan əldə etdiyi gəlirdir, başqa heç bir gəliri yoxdur. Özü qazi atasıdır, oğlu X4 2-ci Qarabağ Müharibəsində sücayətlə iştirak etmiş və Xocavəndin azad olunması medalına layiq görülmüşdür. Hacıqabul rayonu, Qubalı kəndində yerləşən iddiaçıya məxsus nar bağı sahəsində xx.xx.2021-ci ildə yanğın hadisəsi baş vermiş və həmin yanğın nəticəsində 200 nar kolu yanaraq məhv olmuş, 50 ha kolu yanğın nəticəsində qarşılmışdır. Fövqəladə Hallar Nazirliyinin X3 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli yanğın haqqında aktda ona dəyən ziyanın 3.200 manat olduğu göstərilsə də, əslində bu məbləğ göstəriləndən dəfələrlə çoxdur. Belə ki, baş vermiş yanğın nəticəsində məhv olmuş 200 ədəd nar kolunu yenidən əkərək həminki vəziyyətinə gətirmək üçün ona ən azı 5-10 il arası vaxt lazımdır ki, bu da bu müddət ərzində nar kollarını yetişdirmək üçün xeyli maddi vəsait və fiziki əmək sərf etmək gərəkdirir. Fövqəladə Hallar Nazirliyinin X3 Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli «yanğın haqqında akt»da qeyd edilən rəqəm yalnız əkiləcək nar kollarının dəyərini özündə əks etdirir. Bundan başqa, bu müddət ərzində iddiaçı həmin nar bağından ən azı hər il 5000 manat gəlir əldə edəcəkdir ki, hazırda həmin nar kollarını yetişdirənə kimi həmin gəlirdən məhrum olmuşdur. Belə ki, həmin nar kollarını yenidən yetişdirmək üçün ən azı 5 il müddət lazımdır ki, bu müddət ərzində o, hər il nar ağacından ən azı 25 kq məhsul əldə edəcəkdir. Həmin məhsulun 1 kq-nı ən azı 1 manatdan satdıqda isə o, 5000 manat gəlir əldə etmiş olacaqdır. Lakin "xxxx" ASC-nin əməkdaşlarını öz işlərinə laqeyd yanaşması nəticəsində ona ümumilikdə 28.200 manat maddi ziyan dəymişdir. Bu barədə dəfələrlə müvafiq dövlət orqanlarına müraciət etsə də, ona şifahi qaydada məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən "xxxx" ASC-dən 3.200 manat dəymiş maddi ziyan və 25.000 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 28.200 manat pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, Hacıqabul rayonu, Qubalı kəndində yerləşən ona məxsus nar bağı sahəsində cavabdeh şirkətə məxsus elektrik xətlərinin bir-birinə toxunması nəticəsində xx.xx.2021-ci il tarixdə yanğın hadisəsi baş vermiş və ona məxsus 200 ədəd nar kolu yanaraq məhv olmuş, 50 ha kolu isə alov nəticəsində qarşılmışdır. Nəticədə ona xeyli maddi ziyan vurulmuşdur. Belə ki, həmin nar bağı onun və ailəsinin yeganə dolanışıq yeri idi. Onu əvvəlki vəziyyətinə qaytarmaq üçün 5-10 il vaxt lazımdır və bunun üçün həm də xeyli vəsait tələb olunur. Həmçinin bu həmin müddətdə əldə edəcəyi gəlirdən də, faktiki olaraq məhrum olması deməkdir. O, bununla bağlı dəfələrlə müvafiq dövlət orqanlarına və cavabdeh şirkətə müraciət etsə də, bir nəticəsi olmamışdır. Bağ sahəsinin üzəri ilə keçən elektrik xətlərini "xxxx" ASC çəkmişdir. Belə ki, həmin ərazidə yaşayan sakinlər bağçılıqla məşğuldur. Həmin bağların suvarılması isə su nasosları vasitəsi ilə həyata keçirilir. Həmin ərazidə yerləşən elektrik xətləri dəyişdirilərək yeni kabellərlə əvəz olunarkən orada yaşayan sakinlər su nasosları ilə bağlı əlavə xətlər çəkilməsini tələb etdilər. Nəticədə "xxxx" ASC tərəfindən bunu üçün bir çox sakinin bağ sahələrinin üzəri ilə keçən elektrik xətləri çəkildi. Baş vermiş yanğın da onlar tərəfindən çəkilmiş elektrik xətlərinin bir-birinə dəyməsi nəticəsində yaranan qığılcımlarının baş sahəsinə düşməsi ilə baş vermişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 4.Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iş materiallarına əlavə olunmuş yanğın aktında baş vermiş yanğın hadisəsinin elektrik xətlərinin bir-birinə toxunması nəticəsində baş verməsinin güman olunduğu bildirilir, yəni bu ehtimallara söykənir. Bunu təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Bundan əlavə ziyançəkmiş bağ sahəsinin həqiqətən iddiaçının mülkiyyətində və ya sahibliyində olması ilə bağlı da, heç bir sənəd təqdim edilməmişdir. Bundan başqahəmin bağ sahəsinin iddiaçı tərəfindən əkilməsi və ona məxsus olması da sübuta yetirilmir. Əlavə olaraq iddiaçı tərəfindən həmin bağ sahəsində yanğın təhlükəsizliyi qaydalarına riayət edilməmişdir. Belə ki, həmin bağ sahəsi quru alaq otlarından təmizlənməmişdir ki, bu da birbaşa yanğın təhlükəsi yaratmışdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddia tələbi tam əsassız olduğundan rədd olunmasını xahiş etmişdir. 5.Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.Belə ki, iş materiallarında olan Fövqəladə Hallar Nazirliyinin DYNX-nin Muğan regional DYMİ-nin DYMŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli yanğın haqqında aktın surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Hacıqabul rayonu, Qubalı kəndində yerləşən İddiaçı məxsus nar bağında yanğın baş vermiş, yanğının baş verməsinə səbəb bağ sahəsinin nar kollarının üzəri ilə keçmiş 220V-luq elektrik xəttindən düşən qığılcımı olması ehtimal olunmuş, baş vermiş yanğın nəticəsində bağ sahəsində 200 ədəd çoxillikli nar kolu yanmış, 50 ədəd nar kolu istinin təsirindən qarşımışdır, 3200 manat məbləğində maddi ziyan dəymişdir.

7. İş materiallarında olan Hacıqabul rayonu, İİ-ci Udullu Bələdiyyəsi tərəfindən verilmiş arayışından görünür ki, İddiaçı faktiki istifadəsində olan 0,61 ha sahəsində özünə məxsus nar bağı salmışdır və həmin bağ sahəsində xx.xx.2021-ci ildə yanğın baş vermişdir.

8. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş «Aqrar sığorta Qaydaları»nın 1.6.2-ci yarımbəndinə əsasən ağac (kol) təminatına dair sığorta məbləği gözlənilən məhsulun miqdarının üç misli nəzərə alınaraq hesablanır. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ənənəvi nar bağında 15 il ömrü olan hər nar ağacı üçün orta illik məhsuldarlıq 15 kq.2022-ci ildə məhsulun sahədən satış qiyməti isə 0,52 manat olmuşdur. Ənənəvi nar bağının salınmasının investisiya və orta illik əməliyyat xərclərinin 1 ağaca düşən hissəsi müvafiq olaraq 2,5 manat və 45 manat təşkil edir. Qeyd olunanları, həmçinin sığorta məbləğinin sığortalanan əmlaklar üçün orta bazar qiyməti hesab olunduğunu nəzərə alaraq, 1 ədəd bar verən nar ağacının orta bazar qiyməti 487,5 (162,5 x 3) manat olaraq müəyyən edilmişdir.

9. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Hacıqabul rayonu, Qubalı kəndində yerləşən İddiaçı məxsus torpaq sahəsinin ətrafından keçən elektrik verilişi xətti bağ sahəsini suvarmaq üçün istifadə edilən su nasosunu elektrik enerjisi ilə təmin etmək üçün İddiaçı tərəfindən çəkilmiş, hal-hazırda isə həmin xətlər abonent tərəfindən sökülmüşdür.

10. Məhkəmənin sorğusuna cavab olaraq "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Hacıqabul rayonu, Qubalı kəndi ərazisində yerləşən İddiaçı məxsus bağ sahəsindən keçən 0,4 kV-luq hava elektrik verilişi xətti "xxxx" ASC-yə məxsus deyil.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2021-ci il tarixdə Hacıqabul rayonu Qubalı kəndində yerləşən iddiaçıya məxsus məxsus nar bağı sahəsindən keçən cavabdehə məxsus 220V-luq elektrik verilişi xətlərinin bir-birinə dəyməsi nəticəsində yanğın baş vermişdir. Baş vermiş yanğın nəticəsində 200 ədəd çoxillikli nar kolu yanmış, 50 ədəd nar kolu istinin təsirindən qarşımışdır. Yanğın nəticəsində iddiaçıya 3200 manat məbləğində maddi ziyan dəymişdir. Həmin hal Fövqəladə Hallar Nazirliyinin X6 Yanğın Mühafizə Xidmətinin əməkdaşları tərəfindən tərtib edilmiş yanğın haqqında aktla öz təsdiqini tapmışdır. Hazırda iddiaçı 3.200 manat maddi ziyanın və 25.000 manat əldən çıxmış fayda olmaqla, cəmi 28.200 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2).

13. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

14. Məhkəmə qeyd edir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına səbəb olan təqsirli, hüquqazidd əməldir. Mülki hüquq pozuntusunun yaranmasında nəzərdə tutulan hüquqazidd əməl dedikdə mülki qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizlik anlaşılır. Eləcə də delikt törətmiş şəxsin əməli təqsirli olmalıdır. Təqsirli əməl şəxsin qəsdi və ya ehtiyatsızlığı nəticəsində yaranır. Bu səbəbdən də mülki hüquqi məsuliyyətin əsasında şəxsin qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətləri dayanır. Kobud ehtiyatsızlıqda şəxs öz hərəkətinin və ya hərəkətsizliyinin zərərli nəticələr baş verə biləcəyi aşkar göründüyü halda etinasızlıq göstərərə onların qarşısını almır, adi ehtiyatsızlıqda isə baş verə biləcək zərərli nəticələr aşkar görünmür, onların aşkarlanması üçün xüsusi diqqət və qayğı tələb olunur. Yuxarıda göstərilən əlamətləri özündə ehtiva edən mülki hüquq pozuntusu (delikt) törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Delikt törətmiş şəxsin mülki hüquqi məsuliyyətinin yaranması üçün bir sıra əsasların mövcudluğu tələb olunur. Ümumiyyətlə, zərərin əvəzinin ödənilməsi üçün, bir qayda olaraq, mülki hüquq pozuntusunun (deliktin) mövcud olması tələb olunur. Beləliklə, mülki hüquq pozuntusunun tərkibini mülki-hüquqi məsuliyyətin aşağıdakı ümumi şərtləri təşkil edir:

1. Törədilmiş əməlin (hərəkətin və ya hərəkətsizliyin) hüquqazidd olması; hüquqazidd əməl dedikdə şəxsin qanunla birbaşa qadağan edilmiş və ya qanunun imperativ normalarını pozan hərəkət və ya hərəkətsizliyi anlaşılır.

2. Törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə birbaşa ziyan və ya zərər yetirilməsi. Bu halda şəxsin maddi və ya mənəvi itkilərə məruz qalması anlaşılır. Maddi zərər əmlak itkilərinə səbəb olur.

3. Zərərvuranın hüquqazidd hərəkəti ilə baş vermiş zərərli nəticələr arasında səbəbli əlaqənin olması. Belə ki baş vermiş zərərli nəticə məhz məsuliyyətə cəlb edilməli şəxsin hərəkəti nəticəsində baş verdikdə onun məsuliyyəti yarana bilər. Səbəbli əlaqə zərərli nəticənin konkret əməldən yaranmasını ehtiva edir.

4. Hüququpozan şəxsin təqsirinin olması.

15. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən ziyanın vurulması və mülki hüquq pozuntusunun yaranması üçün dörd şərtin olması vacibdir. Beləliklə yalnız yuxarıda göstərilən dörd şərtin hamısını özündə ehtiva edən mülki qanunvericiliyin normalarını pozmuş əməl (hərəkət və ya hərəkətsizlik) mülki hüquqi məsuliyyətin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayılır.

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

17. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

18. Göründüyü kimi qanunvericiliyin yuxarıda göstərilən müddəaları baxımından vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə məsuliyyəti ətrafdakılar üçün yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsaslarla sahiblik edən fiziki və ya hüquqi şəxs daşıyır.

19. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.

22. Məhkəmə qeyd edir ki, cavabdehə məxsus elektrik verilişi xəttləri yüksək təhlükə mənbəyidir və bu səbəbdən həmin elektrik xəttlərin bir-birinə dəyməsi nəticəsində baş vermiş yanğın hadisəsi nəticəsində 200 nar kolunun məhv olmasına və 50 nar kolun yanğın nəticəsində qarşımasına görə həmin yüksək təhlükə mənbəyinin sahibi məsuliyyət daşıyır. Məhkəmə baş vermiş yanğın nəticəsində məhv olmuş nar bağının iddiaçıya məxsus olmasını və bununla da həmin nar bağının yanğın nəticəsində yanmasını nəzərə alaraq hesab edir ki, iddiaçı yüksək təhlükə mənbəyinin sahibi olan cavabdehə qarşı vurulmuş ziyanla bağlı məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

23. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı 200 ədəd nar kolunun məhv olması nəticəsində ona dəyən ziyanı 3200 manat kimi qiymətləndirmişdir. Lakin mülki işin materiallarında olan müvafiq sorğunun nəticəsi olaraq müəyyən edilmişdir ki, iddiaçının sahibliyində olmuş nar kolunun birinin dəyəri təqribən 487 manat təşkil etmişdir. Bu isə 200 ədəd nar koluna münasibətdə iddiaçının iddia tələbindən artıq olmaqla kənara çıxmadır ki, bunada məhkəmənin hüquqi qiymət verərək artıq məbləğin tutulması hüquqa ziddir.

24. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

25. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus nar bağında baş vermiş yanğın nəticəsində 200 nar kolunun yanaraq məhv olması halı öz təsdiqini tapdığından və bunun nəticəsində iddiaçıya 3200 (üç min iki yüz) manat məbləğində maddi ziyanın vurulduğundan (tələbdən kənara çıxmamaqla) , iddia dəymiş maddi ziyanın tutulması hissəsində əsaslı hesab edilməli və təmin edilməlidir.

26. Məhkəmə iddia tələbinin 25.000 manat əldən çıxmış faydanın tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb təmin edilməməlidir.

27. Məhkəmə qeyd edir ki, iddiaçının iddiasının bu hissəsi onunla əsaslandırılmışdır ki, o, 5 illik nar kollarını hazırda əksəydi ona xeyli vəsait xərcləyər və vermiş olduğu bəhərdən gəlir əldə etmiş olardı. Lakin məhkəmə bu hissəsi əsassız hesab edərək qeyd edir ki, iddiaçının iddia tələbinin ilkin hissəsi olan 200 ədəd nar kolunun dəyəri kimi onun 5 illik dəyərində olması ilə əsaslanaraq məbləğ müəyyən etmiş və məhkəmə həmin hissəni əsaslı hesab edərək iddia tələbini təmin etmişdir. Yəni iddiaçının cavabdehdən alacağı məbləğ artıq 5 illik və bəhrə verən nar kolunun qiymətidir ki, yenidən həmin nar kolunun böyüməsinə və kifayət qədər bəhər verməsinə zərurət qalmamışdır (kifayət qədər bəhər verən nar kolunun qiyməti olduğundan).

28. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi 25.000 manat əldən çıxmış faydanın tutulması hissəsində təmin edilməməlidir.

29. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 3200 (üç min iki yüz) manat məbləğində pul tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

30. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «maddi ziyan və əldən çıxmış gəlir» tələbinə dair iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən İddiaçı xeyrinə dəymiş maddi ziyanın əvəzi kimi 3200 (üç min iki yüz) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar