Məhkəmə qərarları › İş №2(006)-1423/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1423/2021

14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1423/2021 14.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin borclu tərəfindən ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «alqı-satqı müqaviləsindən irəli gələn pul ödənişinin, dəbbə pulunun və digər xərclərin borclu tərəfindən ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazalar şəbəkəsindən 664 manat dəyərində “Samsung SM-A310 Black” markalı mobil telefon almışdır. Cavabdeh eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 40 manat həcmində ilkin ödəniş etmişdir. Müqaviləyə əsasən 664 manat ümumi məbləğdən 40 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 624 manat etmişdir. Bu isə 12 aylıq ödəmə şərti ilə, hər aya 52 manat ödəniş edir. Ödəniş cədvəlinə əsasən cavabdeh xx.xx.2017, xx.xx.2017, xx.xx.2017, xx.xx.2017 və xx.xx.2017ci il tarixlərində yalnız 5 ayın ödənişini etmiş, digər aylarla bağlı indiyə qədər heç bir ödəniş etməmişdir. Cavabdeh ümumilikdə 208 manat ödəniş etmişdir. Hazırda 416 manat qalıq borc, xx.xx.2017-ci il tarixinə qədər olan gecikdirmə üzrə dəbbə pulu isə 561,60 manat etmişdir. Ümumilikdə cavabdeh tərəfindən qalıq borc və dəbbə pulu və məhkəmə üçün 30 manat dövlət rüsumu ilə birlikdə 1007 manat 60 qəpik ödənilməlidir. Daha əvvəllər cavabdehə bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Göstərilənlərə əsasən, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 416 manat məbləğində əsas borcun, 561 manat 60 qəpik məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 1007 manat 60 qəpik pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, X2 664 manat dəyərində “Samsung SM-A310 Black” markalı mobil telefonu cavabdehə satmağı, cavabdeh isə malı qəbul etməyi və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini X1 ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli borc müqaviləsindən görünür ki, cavabdeh borc olaraq aldığı 624 manat nağd pul vəsaitini 12 ay müddətində X1 geri qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli Təhvil-təslim aktından görünür ki, “Samsung SM-A310 Black” markalı mobil telefon cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli BM-001/20 saylı Bağışlama müqaviləsindən görünür ki, X2 xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını İddiaçı MMC-yə vermişdir. İşə əlavə olunmuş xx.xx.2020-ci il tarixli Maliyyə arayışından görünür ki, cavabdehin iddiaçıya olan borcu, 416 manat əsas, 561,60 manat cərimə borcu təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X2 ilə cavabdeh arasında xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən X2 664 manat dəyərində “Samsung SM-A310 Black” markalı mobil telefonu cavabdehə satmağı, cavabdeh isə malı qəbul etməyi və müqaviləyə əlavə edilmiş ödəniş cədvəlində qeyd edilmiş məbləğdə və müddətdə malın dəyərini X1 ödəməyi öhdələrinə götürmüşlər. “Samsung SM-A310 Black” markalı mobil telefon cavabdehə təhvil verilmiş və cavabdeh tərəfindən təhvil alınmışdır. X2 xx.xx.2020-ci il tarixli BM- 001/20 saylı Bağışlama müqaviləsi ilə xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli alqı-satqı müqaviləsi üzrə tələb hüquqlarını İddiaçı MMC-yə vermişdir. Cavabdehin iddiaçıya olan borcu, 416 manat əsas, 561,60 manat cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üstüstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malı cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, STN01- 2147 nömrəli alqı-satqı müqaviləsinə əsasən yaranmış 416 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Belə ki, müqavilənin 5.3-cü bəndinə əsasən cavabdeh dəbbə pulu ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan 561,60 manat dəbbə pulu məbləği yaranmış 416 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 50 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 416 manat məbləğində əsas borc, 50 manat məbləğində dəbbə pulu və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 496 manat pul məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2016-cı il tarixli, STN01-2147 nömrəli alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 416 (dörd yüz on altı) manat məbləğində əsas borc, 50 (əlli) manat məbləğində dəbbə pulu və 30 (otuz) manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 496 manat pul məbləği Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar