Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1471/2025 24.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı "əsassız yaranmış faiz borcun mərkəzləşdirilmiş kredit reyestri sistemindən silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı "əsassız yaranmış faiz borcun mərkəzləşdirilmiş kredit reyestri sistemindən silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.Tələb onunla əsaslandırılmışdır ki, 2009-cu ildə “X4” Açıq Səhmdar Cəmiyyətində mühafizə xidmətində işləyərkən bankın rəsmi şəxsləri tərəfindən iddiaçı da daxil olmaqla 10-dan çox əməkdaşların şəxsiyyət vəsiqələri alınmış və bir həftədən sonra onlara qaytarılmışdır. Sonradan məlum olmuşdur ki, bankın vəzifəli şəxsləri tərəfindən şəxsiyyət vəsiqələri yığıldıqdan sonra onların adına külli miqdarda maliyyə vəsaitləri ABŞ dolları məzənnəsi ilə rəsmiləşdirilmiş və adlarından qanunsuz olaraq saxta imzalardan istifadə edilmişdir. X4 ASC-nin qeyd olunan qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işi başlanılmış, ibtidai istintaq aparılmış və yekunda Nəsimi rayon məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 1(101)-975/16 nömrəli hökmü ilə bankın aidiyyəti şəxsləri cəzalandırılmış və iş üzrə bilavasitə tanınan zərərçəkmiş şəxslərin adlarına rəsmiləşdirilən kredit məbləğləri silinmişdir. Eyni zamanda, Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli çıxarışdan da göründüyü kimi, adına rəsmiləşdirilən 243,050.00 USD məbləği xx.xx.2014-cü il tarixdə silinmişdir. Lakin, xüsusi şəkildə məhkəmənin diqqətinə çatdırılır ki, həmin məbləğdə kredit bir illik müddətdə, yəni xx.xx.2009-xx.xx.2010-cu illər üçün götürüldüyü üçün, göstərilən müddətdə ödənilməyəcəyi təqdirdə yaranan gecikmə günlərinə əlavə faizlər və əsas borcun gecikdirildiyi günlərin sayı hesablanmağa başlanılmışdır. Sonradan, adına qanunsuz rəsmiləşdirilən 243,050.00 USD məbləğ xx.xx.2014-cü il tarixdə silinsə də, gecikdirilən günlərə (aylara və illərə) görə yaranan faizlər və əsas borcun gecikdirildiyi günlərin sayı mərkəzləşdirilmiş kredit reyestri sistemində adında qalmışdır. Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən adına rəsmiləşdirilən kredit məbəğinin qanunsuzluğunu sübut edən faktlar yetərincədir. Belə ki, hələ Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 1(101)-975/16 nömrəli hökmü ilə göstərilən əmələ hüquqi qiymət verilmiş, iş üzrə çoxlu zərərçəkən şəxslər müəyyən olunmuşdur. Həmçinin, 2009-cu ildə bankın mühafizə xidmətində işləyərək, minimum əməkhaqqı məbləğində məvacib alan bir şəxsin bu qədər məbləğində krediti götürməsi sadəcə mümkün deyil. Rəsmiləşdirilən kreditin qanunsuzluğu təkcə onun məbləğində deyil, həm də aylıq ödənişlərindən açıq-aşkar görünür. Hansı ki, Azərbaycan Kredit Bürosu MMC tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli çıxarışdan göründüyü kimi, həmin kredit rəsmiləşməsi üzrə aylıq ödənişlər 1 illik müddət üzrə 97,097.70 ABŞ dolları müəyyən olunmuşdur. Sadəcə bu formada aylıq ödənişlərin müəyyən olunması mübahisələndirilən rəsmişlədirmənin sadəcə kredit görüntüsü yaratmasına xidmət etdiyi bütün çılpaqlığı ilə aydındır. Eyni zamanda, bank öz qanunsuz əməllərinin aradan qaldırılması istiqamətində xx.xx.2014-cü il tarixdə əsas borc üzrə ilkin məbləği, yəni 243,050.00 ABŞ dollarını silsə də, sonradan yaranan 97,097.70 ABŞ dolları məbləğində faiz borcu hələ də mərkəzləşdirilmiş kredit reyestri sistemində adında qalmaqda davam edir. Hal-hazırda adında mərkəzləşdirilmiş kredit reyestri sistemində bu qədər məbləğdə faiz borcunun qalması və illərlə silinməməsi digər banklarda iddiaçı barəsində problemli müştəri təəssüratı yaratmaqda davam edir. Göstərilənlərə əsasən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçının adına qanunsuz rəsmiləşdirilmiş kredit nəticəsində yaranmış 97,097.70 ABŞ dolları məbləğində faiz borcunun mərkəzləşdirilmiş kredit reyestri sistemindən silinməsi və tərəfindən ödənilən 410 manat dövlət rüsumunun cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Əvvəlki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında qeyd etmişdi ki, cavabdeh şirkətdə Hüquq departamentinin direktoruna müraciət etdiyi zaman oradan ona Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə onun adı zərərçəkmiş şəxs kimi keçmədiyi üçün onlar adını silə bilmirlər, ona görə müvafiq orqanlara müraciət etməyi tövsiyə etmişlər. O da Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi ilə tanış olduqda həqiqətən də adının olmadığını görmüşdür. Səbəbini soruşduqda ona polis əməkdaşı olduğuna görə onu zərərçəkmiş şəxs qismində cəlb etmədiklərini bildirmişlər. Onun hadisə ilə bağlı heç bir günahı yoxdur. Olsa belə, nəyə görə Bank əsas borc məbləğini bağlamış, faiz borcunu saxlamışdır? O, bununla bağlı DİNin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə də müraciət etmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, əlavə olaraq suallara cavab olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etdiyini, oradan məhkəməyə müraciət etməyinin tövsiyə edildiyini, kredit müqaviləsindəki imzanın ona məxsus olmadığını, onun heçnədən xəbəri olmadığını bildirmişdi. 4.Əvvəlki məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdi ki, hal-hazırda o işlər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla mübarizə idarəsindədir, həmin işlə bağlı bugün də yeni hallar, yeni materiallar toplanılır. İddiaçıya tövsiyə edilir ki, ora müraciət etsin. Onu da zərərçəkmiş şəxs kimi işə cəlb etsinlər. Məhkəmə hökmündə qeyd edilən şəxslərin borcları bank tərəfindən silinmişdir. Zərərçəkmişlərə münasibətdə şahidləri 2 qrupa ayırıblar: Bir qrup şəxslər ümumiyyətlə müqaviləyə imza atmayıblar, bir qrup şəxslər isə 3-cü şəxslər tərəfindən aldadılıblar. Novruz müəllim bildirir ki, bank tərəfindən o aldadılmışdır. Onu Bank yox, 3-cü şəxslər aldatmışdır. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Hazırki məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 6.Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, tələbin onlara aid hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış digər Cavabdeh2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə gəlməyən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iddiaçının və cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 9.Mülki işin materiallarında olan "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanan xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 14 oktyabr 2016-cı il tarixli, 1(101)- 975/16 nömrəli məhkəmə qərarına münasibətdə bildirilir ki, həmin məhkəmə qərarı tərəflərindən təhlil olunmuş və ərizədə qeyd edilən iddialar öz əksini tapmamışdır. Ərizədə qeyd edilənlərlə bağlı əlavə narazılığı olduğu halda Hüquq-Mühafizə Orqanına müraciət etməyi tövsiyə olunmuşdur. 10.Mülki işin materiallarında olan Cavabdeh2 MMC tərəfindən verilən xx.xx.2024-cü il tarixli Azərbaycan Kredit Bürosundan Çıxarışdan görünür ki, İddiaçı Vaqif oğlunun "xxxx" ASC qarşısında 243,050.00 USD məbləğində kredit üzrə qalıq məbləğ 0.00, faiz məbləği 97,097.70 USD həcmindədir. 11.Mülki işin materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 410 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 12.Mülki işin materiallarında olan borcverən "xxxx" ASC ilə borcalan İddiaçı arasında bağlanan 26 avqust 2009-cu il tarixli, 104 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilənin 2.2-ci bəndinə əsasən borcverən ev təmiri məqsədi ilə istifadə etmək üçün borcalana 243.050 ABŞ dolları məbləğində kredit verməyi, 2.3-cü bəndinə əsasən isə borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdəsinə götürür. Müqavilənin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə hər gün illik 17%-lə hesablanır. 13.Mülki işin materiallarında olan İddiaçı tərəfindən "xxxx" ASC-nin rəhbərliyinə ünvanlanan xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixdə Cavabdeh2 MMC-dən aldığı çıxarışda "xxxx" ASC-yə kredit borcunun olmadığını, lakin 97.097.70 USD faiz borcu olduğu qeyd edərək, əsassız olaraq "xxxx" ASC-də qeyriqanuni olaraq adına açılmış kredit üzrə öhdəlik kimi qeyd edilmiş 97.097.70 USD faiz borcunun silinməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli, 4/618 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 45-51-ci vərəqələrində olan 26 avqust 2009-cu il tarixli, 104 nömrəli kredit müqaviləsində “borc alan” qrafasındakı imzalar – İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat təşkil edir. 15.Mülki işin materiallarına Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmü əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 16.Beləliklə, məhkəmə müəyyən etdi ki, iddiaçı və cavabdeh Bank arasında 26 avqust 2009-cu il tarixdə 104 nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank iddiaçıya 243.050 ABŞ dolları məbləğində kredit verməyi, iddiaçı isə bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Məlum oldu ki, həmin kredit müqaviləsi üzrə yaranan 243.050 ABŞ dolları məbləğində əsas borc xx.xx.2014-cü il tarixdə bağlanmış, lakin həmin müqavilə üzrə 97.097.70 ABŞ dolları məbləğində faiz borcu bugünkü günədək qalmaqda davam edir. Həmçinin, müəyyən edildi ki, iş materiallarına əlavə edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmünə əsasən cavabdeh Bankın bir sıra vəzifəli şəxsləri qanunsuz əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmişlər. 17.Hazırda iddiaçı, Bank tərəfindən onun adına rəsmiləşdirilən 26 avqust 2009-cu il tarixli kredit müqaviləsinin onun xəbəri olmadan bağlandığını, Bakı Ağır Cinayətlər Məhkəməsinin qeyd edilən hökmünə istinadən Bankın əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı adına kreditin rəsmiləşdirildiyini, sonradan Bank tərəfindən əsas borcun silinməsinə baxmayaraq, faiz borcunun hələ də silinmədiyini iddia edərək, faiz borcun mərkəzləşdirilmiş kredit reyestri sistemindən silinməsini və məhkəmə xərcinin cavabdeh "xxxx" ASC-dən tutulmasını tələb edir. Cavabdeh "xxxx" ASC iddia tələbini ona aid hissədə qəbul etməyərək, iddia tələbinin rədd edilməsini tələb edir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir; 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 432.4-cü maddəsinə əsasən əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir. Borclunun müəyyənləşdirdiyi başqa qayda etibarsızdır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 19.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1-76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir; 103.1-cu maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 20.İddia tələbi ilə əlaqədar məhkəmə qeyd edir ki, tərəfləri iddiaçı və cavabdeh Bank olan 26 avqust 2009-cu il tarixdə kredit müqaviləsinin bağlanması, həmin müqavilə üzrə iddiaçının adına mərkəzləşdirilmiş kredit reyestrində 97.097.70 ABŞ dolları məbləğində faiz borcunun qalması işin mübahisəsiz hallarıdır. 21.İddiaçı məhkəməyə müraciət edərək, 26 avqust 2009-cu il tarixli kredit müqaviləsinin onun tərəfindən bağlanmadığını, ümumiyyətlə müqavilədən xəbərsiz olduğunu, bunu Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı olduğunu, Bakı Ağır Cinayətlər Məhkəməsinin müvafiq hökmü əsasında Bankın vəzifəli şəxslərinin həmin qanunsuz əməlləri ilə bağlı onların cinayət məsuliyyətinə cəlb edildiyini, nəticədə həmin cinayət işi üzrə zərərçəkmiş şəxslərin borclarının silindiyini, lakin özü zərərçəkmiş şəxs qismində tanınmadığı üçün borcunun hələ də sistemdə qaldığını mübahisələndirmişdir. 22.İddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi halların mövcudluğunu müəyyən etmək məqsədilə məhkəmə tərəfindən ekspertizanın keçirilməsi labüd hesab edilmiş, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, nəticədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2025-ci il tarixli, 4/618 nömrəli ekspert rəyinə əsasən 26 avqust 2009-cu il tarixli, 104 nömrəli kredit müqaviləsində “borc alan” qrafasındakı imzaların – İddiaçı tərəfindən icra olunduğu müəyyən edilmişdir. 23.Bununla əlaqədar məhkəmə qeyd edir ki, tədqiq edilən ekspert rəyinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən 26 avqust 2009-cu il tarixli, 104 nömrəli kredit müqaviləsindəki imzaların iddiaçıya məxsus olduğu faktı öz təsdiqini tapmışdır. Bu da tərəflər arasında kredit müqaviləsinin həqiqətən bağlanmasına, bu müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasına dəlalət edir. 24.Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. 25.Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, mübahisəli kredit müqaviləsi qanunvericiliyə uyğun şəkildə bağlanılmış, həmin müqavilə, müqavilə tərəfi olan şəxslər tərəfindən şəxsən imzalanmış və hərəkətlərinin hüquqi nəticələri onlara məlum olmuşdur. İddiaçının kredit müqaviləsinin onun tərəfindən imzalanmadığına, həmin sənədlərə əsasən ona aid hər hansı öhdəliyin yaranmadığına dair irəli sürdüyü dəlillər isə heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mübahisələndirilən kredit müqaviləsinin Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanması qənaətinə gəlmək üçün əsas vermir. 26.Məhkəmə qeyd edir ki, iddiaçı, tələbini yalnız Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli, 1(101)-975/2016 saylı hökmünə istinad edərək əsaslandırsa da, həmin hökm hazırki iddianın əsaslı sayılaraq təmin edilməsi üçün yetərli sübut hesab edilmir. Belə ki, həmin hökm əsasında həqiqətən də iddiaçının qeyd etdiyi tarix aralığında bankın bir sıra vəzifəli şəxsləri tərəfindən qanunsuz cinayət əməllərinin törədilməsi faktı öz təsdiqini tapmış və həmin qanunsuz əməllər nəticəsində bankda işləyən əməkdaşların borcları bank tərəfindən sonradan silinmişdir (tərəflərin izahatlarına əsasən). Lakin, buna baxmayaraq həmin hökm əsasında iddiaçı zərərçəkmiş şəxs qismində tanınmamış, yalnız həmin cinayət işi üzrə şahid qismində ifadə vemişdir. Hazırki iş üzrə isə iddiaçı adına kredit müqaviləsinin qanunsuz rəsmiləşdirildiyini və onun bu müqavilədən xəbərsiz olduğunu iddia etsə də, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar onun iddiasının əsassız olduğunu təsdiq etmişdir. 27.Odur ki, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesablanmış faiz borcunun mərkəzləşdirilmiş kredit reyestri sistemindən silinməsi hissəsində əsassız hesab edilməklə rədd edilməlidir. 28.Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsas hissədə rədd edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənilmiş 410 (dörd yüz on) manat dövlət rüsumu iddiaçının özünə aid edilməli, həmçinin, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində pul iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. 29.Bundan başqa, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hər nə qədər ki məhkəmə araşdırması zamanı cavabdeh Bankın iddiaçıya münasibətdə qanunsuz əməllərə yol verməsi faktı öz təsdiqini tapmasa da, yəni mübahisələndirilən kredit müqaviləsində “borc alan” qrafasındakı imzaların iddiaçının özü tərəfindən icra olunmasının müəyyən edilməsinə baxmayaraq, iddiaçı bu fakta qarşı qəti şəkildə etiraz etdiyindən məhkəmənin müvafiq qərardadı ilə cavabdeh Bankın hərəkətlərində cinayətin əlamətlərinin olmasına dair faktların araşdırılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. 30.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2nə qarşı "əsassız yaranmış faiz borcun mərkəzləşdirilmiş kredit reyestri sistemindən silinməsi" tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə) Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-1471/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1471/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver