Məhkəmə qərarları › İş №2(006)-1474/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1474/2022

30.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1474/2022 30.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" ASC-yə qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin X4 birbaşa təqsiri üzündən ona məxsus 5 (beş) ədəd iri-buynuzlu malqaranın (cöngə, inəyin) ölməsi səbəbindən dəymiş 5800 manat zərər pulunun cavabdeh "xxxx" ASC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, artıq bir neçə ildir ki, Siyəzən rayonu Dərəzarat kəndində özünə məxsus iri və xırdabuynuzlu mal-qara təsərrüfatı var. xx.xx.2021-ci ildə Siyəzən rayonu, Dərəzarat kəndi ərazisində ona məxsus iri və xırdabuynuzlu mal-qaranı otararkən, Darazarat kəndi ərazisindəki elektrik transfarmatoruna gələn elektrik dirəyi aşmış vəziyyətdə olduğu üçün sürünün əvvəlində gedən 4 baş iribuynuzlu mal-qaranı ( 1 cöngə - 3 illik (təmiz əti -180 kq), 1 düyə - 3 illik (təmiz əti - 160 kq), 1 düyə - 2 illik (təmiz əti - 140 kq), 1 erkək dana ( təmiz çəkisi 80 kq) elektrik cərəyanı vurması nəticəsində hadisə yerindəcə tələf olublar. Hadisənin mobil telefonla videosu çəkilib. Hadisə baş verən vaxtı Beşdam Bələdiyyəsinin nümayəndəsi X10 hadisə yerində olub. Həmçinin hadisə baş verən günü təxminən saat 15-00 radələrində "xxxx" ASC-nin Siyəzən sahəsində işləyən 6-7 mantyor da hadisə yerinə gəlmişdir. Onlar aşmış elektrik dirəyini dikəldib, bərkidib çıxıb getdilər. Bütün bunları mobil telefonu ilə çəkmişdir. Tələf olunmuş mal-qaranın şəkilləri də çəkilib. Dərəzarat kəndinin bir neçə üzvünün iştirakı ilə akt tərtib olunub və Beşdam Bələdiyyəsinin möhürü ilə təsdiq olunub. Hadisə nəticəsində ona külli miqdarda ziyan dəyib. Hal-hazırda bazar qiymətləri ilə bu təxminən 6.160 manat təşkil edir. Ona dəymiş zərərin əvəzinin ödənilməsi üçün "xxxx" ASC-nin rəhbərliyinə rəsmi məktub ünvanlamışdır. xx.xx.2021-ci il tarixli, 6-10/06-10/M- 1143/9945 saylı cavab məktubu İlə ona bildirilib ki, xx.xx.2021-ci il tarixində Siyəzən rayonu, Dərəzarat kəndi ərazisindən keçən 6 kv-lıq “Dərəzarat” hava elektrik verilişi xəttində elektrik dirəyinin aşmasına səbəb, həmin ərazidən keçən iribuynuzlu mal-qaranın elektrik dirəyinə sürtünməsi nəticəsində baş vermişdir. Çox absurd və məntiqə uyğun olmayan bir fikirdir. Əgər bir elektrik dirəyi iribuynuzlu mal-qaranın sürtünməsi ilə aşırsa bu qurumun fəaliyyəti göz qabağındadır. Elektrik dirəkləri mal-qara ora gedərkən artıq aşmışdı. Bu barədə video çəkiliş, şəkillər var. Elektrik montyorların qəzanı aradan qaldırmalarını əks etdirən şəkillərdən də göründüyü kimi, 4 nəfər həmin diləkləri güclə qaldırmışlar. İribuynuzlu mal-qaranın buynuzunun sürtünməsı ilə bu hadisənin baş verməsi reallıqdan uzaq bir şeydir. Ona görə də ona dəymiş zərərin ödənilməsini "xxxx" QSC-dən tələb edir. Daha sonra İddiaçı1 ərizə ilə məhkəməyə müraciət edərək hazırki mülki iş üzrə əlavə iddiaçı qismində İddiaçı2 cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 yuxarıda qeyd olunan məzmunda izahat verərək əlavə olaraq bildirmişdir ki, işıq dirəyi aşmış, malları tələf olmuşdur. 4 baş heyvan, 1 heyvan isə şəxsən ona məxsusdur. Digər 3-ü isə pul əvəzində heyvanına baxdığı digər iddiaçıya aiddir. Hazırda digər iddiaçı ondan pul tələb edir. Heyvanlar yerli növ idi. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 izahatında bildirmişdir ki, ona məxsus heyvanları digər iddiaçıya pul əvəzində baxmağa vermişdir. Heyvanları tok vuran kimi zəng gəldi, hadisə yerinə getdikdə işıq dirəyinin yıxıldığını və heyvanların öldüyünü görmüşdür. Sonradan eşitmişdir ki, hadisə yerinə "xxxx" ASC işçiləri gəlmiş, heyvanlar parçalandıqdan sonra kənd camaatı tikələri itlərinə aparıb. Heyvanlar öldükdən sonra satılmamışdır. Digər iddiaçı bu məsələlərlə maraqlandığı üçün o, özü əlavə şikayət və müraciət etməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X13 iddiayə etiraz edərək bildirmişdir ki, iddiaçı X1 iddia ərizəsinə sübut qismində əlavə etdiyi 13 oktyabr 2021-ci il tarixli akt məhkəmə tərəfindən mötəbər sübut qismində qiymətləndirilə bilməz. Belə ki, sözü gedən akt qanunvericiliyin norma və tələblərinə riayət olunmadan tərtib olunmuş, bundan əlavə akt tərtib olunarkən "xxxx" ASC səlahiyyətli nümayəndəsinin iştrakı təmin olunmamışdır. Məhkəmə nəzərə almalıdır ki, baytar iddiaçıya təqdim etdiyi aktda 4 baş iribuynuzlu mal-qaranı elektrik cərəyanı vurması nəticəsində ölməsi göstərilmişdir. Ola bilsin ki, baytar normativ aktlardan xəbərsizdir, bəlkə də heç baytar deyil. Odur ki, sözü gedən aktı tərtib edən M.Əhmədov heyvanlara baxış keçirmədən, onları yarmadan sadəcə fərziyyələrə əsaslanaraq heyvanların elektrik cərəyanın vurmasından öldüyünü yazmışdır. Bu isə özü özlüyündə qanunsuzdur. 4 baş iribuynuzlu mal-qaranın ölməsi faktı üzrə iddia qaldıran tərəf baş vermiş faktı təsdiq edən dolğun şəkildə foto və video görüntülər təqdim etməlidir. İddiaçının istinadına inanılsa o zaman məhkəmə tərəfindən sual olunmalıdır ki, 4 baş iribuynuzlu mal-qaranı elektrik cərəyanı vurubsa onların video görüntüsü, hal şahidlərinin hadisə yerində olması, baytar həkimin ölmüş heyvanlara keçirdiyi baxışı təsdiq edən mötəbər dəlillər təqdim edilsin. Ölmüş heyvanların elektrik cərəyanı vurmasından sonra ölmüş cəsədlərinin harada hansı şəraitdə kimlərin iştrakı ilə basdırılması faktı tam olaraq araşdırılmalıdır. Bu hallar araşdırlmazsa bu bir mənalı həmin heyvanların hər hansı xəstəlikdən tələf olması, lakin bu işdən necə deyəllər ziyansız çıxmaq məqsədi ilə iddiaçı tərəfindən qurulmuş bir ssenaridir. Məhkəmə mülki işi araşdırarkən ehtimallara deyil, əsaslandırılmış sübutlara istinad etməməlidir. İddia tələbində göstərilən faktlar həqiqətə uyğundursa bəs belə olan halda hansı səbəbdən "xxxx" ASC baş vermiş hal barədə məlumatlandırılmayıb. Bütün günahları "xxxx" ASC-də görən iddiaçı tutarsız istinadlara söykənərək ASC-dən pul almaq niyyətindədir. İddiaçı X5 iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əsaslandırıcı hissə: İddiaçı1 iddiası qismən təmin edilməli, İddiaçı2 iddiası isə rədd edilməlidir. X14 (Beşdam bələdiyyəsinin sədri), X16 (DərəZarat kənd sakini), X8 (DərəZarat kənd sakini), X11 (DərəZarat kənd sakini), İddiaçı1 (DərəZarat kənd sakini) tərəfindən xx.xx.2021-ci il tarixdə tərtib edilmiş və öz imzaları ilə təsdiq etdikləri aktdan görünür ki, xx.xx.2021-ci ii tarixdə Siyəzən rayon DərəZarat kəndi ərazisində sonuncuya məxsus iri və xırda buynuzlu mal qara otarılarkən, DərəZarat kəndi ərazisindəki elektrik transformatoruna gələn yüksək gərginlikli elektrik dirəyinin aşması nəticəsində İddiaçı1a məxsus dörd baş iri buynuzlu mal qarası elektrik cərəyanı vurması nəticəsində tələf olmuşdur.Tələf olmuş heyvanlardan bir baş üçillik erkək dana təmiz əti 180 kq, bir üçillik düyə təmiz əti 160 kq, bir ikiillik düyə təmiz əti 140 kq, bir baş erkək dana təmiz əti 80 kq civarında olmuşdur. Hadisə baş verən vaxtı Beşdam bələdiyyəsinin işçisi X10 orada olmuşdur. "xxxx" ASC tərəfindən İddiaçı1 ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun surətindən görünür ki, Dərəzarat kəndi ərazisindən keçən 6 kV-liq “Dərəzarat” hava elektrik verilişi xətti “Şimal” X9 və Satışı İdarəsinin X4 xidmət və balansındadır. 12 oktyabr 2021-ci il tarixində Siyəzən rayonu, Dərəzarat kəndi ərazisindən keçən 6 kV-liq "Dərəzarat” hava elektrik verilişi xəttində elektrik dirəyinin aşmasına səbəb, həmin ərazidən keçən iribuynuzlu mal-qaranın elektrik dirəyinə sürtünməsi nəticəsində baş vermişdir. Siyəzən elektrik şəbəkəsinə məlumat daxil olan kimi qəza briqadası tərəfindən nasazlıq aradan qaldırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı İlə təsdiq edilmiş "X2 Qaydaları”nın 10.2. maddəsinin 10.2.1-ci bəndinə əsasən fors-major hadisəsinə görə enerjitəchizatı müəssisəsi istehlakçıya dəyən ziyana görə maddi məsuliyyət daşımır. Siyəzən rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı1 Siyəzən rayon İcra Hakimiyyəti başçısının Beşdam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində kənd təsərrüfatı (maldarlıq və qoyunçuluq) fəaliyyəti ilə məşğul olur. Hazırda İddiaçı1 təsərrüfatında 60 baş iribuynuzlu mal-qara və 430 baş xırdadırnaqlı qoyun və keçi var. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin HSBXM-nin Siyəzən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 məxsus şəxsi təsərrüfatda 2021-ci ildə Siyəzən rayon Baytarlıq İdarəsi tərəfindən epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu heyvanlarda sentyabr ayında dabaq, aprel ayında nodulyar-dermatit, xırdabuynuzlu heyvanlarda aprel-may aylarında çiçək və dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirləri aparılmışdır. 2021-ci il ərzində İddiaçı1 məxsus təsərrüfatda xüsusi təhlükəli xəstəliklər qeydə alınmamışdır. İş materiallarında olan fotoşəkillərdəki və diskdəki təsvir - qırılaraq yerə düşmüş elektrk naqili və elektrik dirəyi, naqilin üzərində tələf olmuş heyvanların cəsədidir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. MM-nin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. MM-nin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. MM-nin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Belə ki, Mülki Məcəllənin 21.2, 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olmasıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bundan başqa, ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət adi mülki-hüquqi məsuliyyətdən daha ciddidir, belə ki, bu məsuliyyət yüksək təhlükə mənbəyinin sahibinin təqsirindən asılı olmayaraq yaranır. Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 4 baş iri buynuzlu heyvanın tələf olması yüksək elektrik xəttinin yerə düşməsi nəticəsində baş vermişdir. Belə ki, X14 (Beşdam bələdiyyəsinin sədri), X16 (DərəZarat kənd sakini), X12 (DərəZarat kənd sakini), X11 (DərəZarat kənd sakini), İddiaçı1 (DərəZarat kənd sakini) iştirakı ilə xx.xx.2021-ci il tarixdə bu faktı təsdiq edən akt tərtib edilmişdir. Həmçinin cavabdeh hadisənin baş verməsində özünü təqsirli bilməsə də, heyvanların məhz yüksək gərginlikli elektrik enerjisindən tələf olmasını qəbul edir. Bununla əlaqədar cavabdeh heyvanların nəzarətsiz buraxıldığına, hadisənin işıq dirəyinə inəyin sürtülməsi və bununla da yüksək elektrik xəttinin heyvanın üstünə düşməsi nəticəsində baş verdiyinə istinad etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin HSBXM-nin Siyəzən rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən İddiaçı1 məxsus şəxsi təsərrüfatda 2021-ci ildə Siyəzən rayon Baytarlıq İdarəsi tərəfindən epizootik tədbirlər planına uyğun olaraq iribuynuzlu heyvanlarda sentyabr ayında dabaq, aprel ayında nodulyar-dermatit, xırdabuynuzlu heyvanlarda aprel-may aylarında çiçək və dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinin aparıldığı, 2021-ci il ərzində İddiaçı1 məxsus təsərrüfatda xüsusi təhlükəli xəstəliklərin qeydə alınmadığı müəyyən edilmişdir. “X2 Qaydaları”nın 10.1-ci bəndinə əsasən enerjisistemdə və ya enerjitəchizatı müəssisəsinin şəbəkəsində baş vermiş qəza nəticəsində istehlakçıya ziyan dəymişdirsə (elektrikqəbuledicilərin zədələnərək yararsız hala düşməsi, məhsulun zay olması və s.), enerjitəchizatı müəssisəsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq istehlakçı qarşısında maddi məsuliyyət daşıyır. Həmin Qaydaların 10.17-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. Həmin Qaydaların 10.18.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi ona məxsus olan elektrik qurğularının və mühafizə vasitələrinin texniki vəziyyətini yoxlamağa, profilaktik sınaqlar keçirməyə və təmir etməyə, həmçinin mövcud qaydalarla və normalarla müəyyən edilmiş həcmlərdə və müddətlərdə paylayıcı qurğuları, transformatorları və onların yerləşdiyi tikililəri təmir etməyə borcludur. MM-nin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Beləliklə zərərin mövcud olması, cavabdehin hərəkətsizliyinin qanunsuz olması və zərərin məhz cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində baş verməsi və zərərlə cavabdehin qanunsuz hərəkətsizliyi arasında səbəbli əlaqənin olması iş materiallarına əsasən öz təsdiqini tapmışdır. Bundan başqa məhkəmədə araşdırılmalı olan məsələlərdən biri tələf omuş heyvanların kimə məxsus olması ilə bağlı olan məsələdir. Belə ki, araşdırma zamanı heyvanlardan cəmi birinin İddiaçı1 məxsus olması müəyyən edilmişdir. Sözü gedən bu hal işə əlavə edilmiş sənədlərə əsasən öz təsdiqini tapmaqdadır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı1 məxsus heyvanın (2 illik-düyə) tələf olması ilə əlaqədar dəymiş maddi zərərə görə 1.000 manat məbləğində pul vəsaiti yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə sahiblik edən cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, məhkəmənin təklif etməsinə baxmayaraq iddiaçı tərəfindən heyvanın təhmini dəyəri ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmənin gəldiyi qənaətə əsasən İddiaçı1 məxsus olmuş heyvanın (2 illik-düyə) 1000 manat məbləğində qiymətləndirilməsi ağlabatan və ədalətlidir. İddiaçı2 iddiası ilə bağlı məhkəmə fərgli nəticəyə gəlmişdir. Belə ki, iş materiallarından göründüyü kimi tələf olmuş heyvanların (üçünün) İddiaçı2 məxsus olması ilə bağlı məhkəməyə hər hansı sənəd təqdim edilməmişdir. Qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Belə ki, həmin maddənin məzmununa görə vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ yalnız hüquqları pozulmuş şəxsə məxsusdur. İstənilən şəxsin əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququ onun mübahisəli əmlaka münasibətdə mülkiyyətçi və ya qanuni sahib olmasına əsaslanır. Lakin iş materiallarından göründüyü kimi İddiaçı2 mülkiyyətində olduğunu iddia etdiyi heyvanlara dair hər-hansı hüquqa malik olması öz təsdiqini tapmamşıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 1000 manat və dövlət rüsumu kimi ödənilmiş 78 manatın 13 manatı, cəmi 1.013 manat məbləğində pul tutularaq İddiaçı1 ödənilməlidir. İddiaçı1 iddiası digər hissədə və İddiaçı2 iddiası tam şəkildə rədd edilsin. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 iddiası qismən təmin edilsin. Dəymiş maddi zərərə görə 1000 manat və dövlət rüsumu kimi ödənilmiş 78 manatın 13 manatı, cəmi 1.013 (bir min on üç) manat məbləğində pul cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı1 ödənilsin. İddiaçı1 iddiası digər hissədə və İddiaçı2 iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar