Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1506/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X3 oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 60000 (altmış min) manat məbləğində pulun, dövlət rüsumu qismində ödənilmiş 287 (iki yüz səksən yeddi) manatın, hüquqi yardım xidməti olaraq ödənilmiş 300 (üç yüz) manat pulun, maddi ziyana görə 3000 (üç min) manat, mənəvi zərərə görə 2000 (iki min) manat, ümumilikdə 65587 (altmış beş min beş yüz səksən yeddi) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı iş üzrə Cavabdeh xx.xx.2022-ci il tarixli notarial təsdiqli müqavilə əsasında 60000 (altmış min) manat məbləğində pulu vermiş və bunu borc olaraq aralarında rəsmiləşdirmişlər. Müqavilə Bakı şəhər 6 saylı Notariat Ofisinin xüsusi notariusu Ə.İmanovun təsdiq etdiyi xx.xx.2022-ci il tarixli, 3M-193 saylı reyestr qeydli kredit müqaviləsidir. Cavabdeh verilmiş pul məbləğini xx.xx.2023-cü il tarixədək qaytaracağına söz vermiş və üzərinə öhdəlik götürmüşdür. Lakin aradan keçən müddət ərzində pul vəsaiti geri qaytarılmamış və aralarındakı öhdəliyə riayət edilmədiyindən iddiaçıya maddi ziyan vurulmuşdur. Baş vermiş hüquq pozuntusu nəticəsində cavabdeh tərəfindən edilmiş edilmiş hərəkətə görə iddiaçıya əsas məbləğlə yanaşı, dəymiş ziyan geri ödənilməlidir. Tərəfə göndərilmiş pretenziyaya cavab verilməmişdir. İddiaçı cavabdehdən pul vəsaitini ala bilmədiyi üçün məhkəmə müdaxiləsi zərurəti yaranmışdır və bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hazırki işdə iddiaçının tələbi cavabdehlə aralarında bağlanmış yazılı əqdə əsaslanır, ona görə də borc məbləği, məhkəmə xərcləri, maddi və mənəvi ziyan da cavabdehdən tutularaq ona ödənilməlidir. Cavabdeh teleqram vuraraq, iddiaçıdan göstərilən məbləği birlikdə iş qurmaq, ortaq olmaq məqsədilə aldığını, bir müddət ortaq işbirliyində olduqlarını bildirmişdir. Lakin sonradan iddiaçının özü əqdi pozmuşdur. Aralarındakı mübahisəyə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğundan, işə xitam verərək, aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə, Cavabdeh vəsatət təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh xx.xx.2022-ci il tarixdə, daha öncə cavabdehin işlətdiyi Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 145 ünvanında yerləşən “High Level” gecə klubunu birlikdə, ortaq işlətmək qərarına gəlmişlər. Bu məqsədlə cavabdeh iddiaçıdan 60000 (altmış min) manat alaraq, bu vəsaiti klubun təmir, avadanlıq almaq və digər ehtiyaclarına xərcləmişdir. Həmin gecə klubunu, uzun müddətdir ki, cavabdeh tək işlədirmiş. İddiaçı həmin kluba müştəri olaraq tez-tez gəlirmiş. Bir müddət daha sonra iddiaçı özü könüllü olaraq cavabdehə yaxınlaşmış və həmin obyektdə onunla şərik olmaq istədiyini bildirmişdir. Cavabdeh isə ona təklif edəcəyi şərtləri qəbul edəcəyi təqdirdə, şərik olmağa razı olacağını bildirmişdir. Cavabdehin şərtləri ondan ibarət olmuşdur ki, həmin obyektin daha səmərəli işləməsi üçün klubun təmirə, bəzi avadanlıqlar almaq üçün isə pul vəsaitinə ehtiyacı var imiş. Habelə, əvvəllər öz vəsaiti hesabına almış olduğu bəzi avadanlıqların pulunun bir miqdarı ona ödənilməli imiş. İddiaçı onun bütün şərtlərini qəbul etmiş, ona 60000 (altmış min) manat pul verə biləcəyini söyləmişdir. Sadəcə olaraq, cavabdehə bildirmişdir ki, atasının xahişinə görə notariusa gedib borc müqaviləsi bağlasınlar. Cavabdeh iddiaçı tərəfin xahişini yerə salmayaraq, birlikdə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, 6 saylı notariusa gedərək, borc müqaviləsini imzalamışdır. Əslində isə həmin vəsait “High Level” gecə klubunun təmirinə, bəzi avadanlıqıarın alınmasına xərclənmişdir. Həmin vəsaitin xərclənməsində iddiaçı özü də iştirak etmişdir. Hətta bir müddət sonra cavabdeh başqa işlərlə əlaəqdar olaraq, həmin kluba mütəmadi olaraq gələ biləmiş, həmin klubun idarəçiliyini bilavasitə iddiaçı həyata keçirirmiş. Tərəflər yalnız klubun hesabatlarında görüşürmüşlər. İddiaçı heç vaxt işlərin gedişatından narazılıq etmirmiş. Əksinə, klubun işindən və qazanılan mənfəətdən razılıq edirmiş. Ancaq daha sonra iddiaçının ona qarşı məhkəmədə iddia qaldırdığını öyrənmişdir. Bu məbləğin qaytarılmasına görə, iddiaçı cavabdehə rəsmi pretenziya şəklində müraciət etməmişdir. İşin mahiyyətindən də görünür ki, bu iş kommersiya xarakterlidir. İddiaçı ilə cavabdeh arasında olan mübahisə kommersiya məhkəməsi tərəfindən həll edilməlidir. Həmçinin, hazırki iddia rədd edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə hazırki iş mahiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan: Bakı şəhəri 6 saylı Notariat Ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş 3M-193 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı 60000 (altmış min) manat məbləğində pulu Cavabdeh faizsiz borc vermiş, Cavabdeh isə xx.xx.2023-cü il tarixinədək krediti qaytarmağı öhdəsinə götürmüşdür; İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış “öhdəlik münasibətləri üzrə borc pul məbləğinin geri ödənilməsi tələbi barədə” müraciətdən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsində qeyd olunan 60000 (altmış min) manat məbləğində pulun 3 (üç) iş günü ərzində qaytarılması, əks təqdirdə məhkəməyə müraciət olunacağı və çəkilmiş əlavə xərclərə, əldən çıxmış faydaya, maddi və mənəvi ziyana görə əlavə pul vəsaitinin ödənilməsinin tələb ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə 287 (iki yüz səksən yeddi) manat rüsum ödənilmişdir. Fərdi Vəkil ilə İddiaçı arasında bağlanmış hüquqi yardımın göstərilməsi haqqında xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq əsasında müraciət edənə hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə 300 (üç yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı tərəfindən Vəkil məxsus hesaba cəmi 300 (üç yüz) manat pul köçürülmüşdür. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, iddiaçı 60000 manat məbləğində pulu faizsiz olaraq cavabdehə vermiş, cavabdeh krediti xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı müqavilə üzrə götürdüyü öhdəliyi yerinə yetirərək cavabdehə borc pul vermiş, lakin cavabdeh həmin müqavilədən irəli gələn öhdəliyini yerinə yetirməmiş, kredit müqaviləsində göstərilən müddətdə borcu geri qaytarmamışdır. Mülki qanunvericiliyin tələbləri baxımından cavabdehin hərəkətləri öhdəliyin pozulması kimi qiymətləndirilir, buna görə də məhkəmə hesab edir ki, o, hərəkətsizliyinin təqsirli pozuntusu üçün məsuliyyət daşımalıdır. İddia tələbinin “60000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materialları əsasında müəyyən edilir ki, iddiaçı tərəfindən 1 il müddətinə geri qaytarmaq şərtilə cavabdehə 60000 manat məbləğində borc verilməsi və cavabdeh tərəfindən həmin borcun qaytarılmaması işin mübahisəsiz halını təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin “maddi ziyana görə 3000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçı tərəf maddi ziyana görə 3000 manat pulun ödənilməsini cavabdehdən tələb etsə də, məhz cavabdehin təqsirli hərəkəti nəticəsində ona həmin məbləğdə maddi ziyan dəyməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki qanunvericiliyin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Cavabdehin kredit müqaviləsi əsasında verilmiş borcu vaxtında iddiaçıya qaytarmaması ilə bağlı ona hər hansı məbləğdə maddi ziyan dəyib-dəyməməsinə dair sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, tələbin bu hissəsi iddiaçı tərəfindən əsaslandırılmamış, bununla da iddiaçının hər hansı məbləğdə real maddi zərərə məruz qalması müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb bu hissədə təmin edilməməlidir. İddia tələbinin “mənəvi ziyana görə 2000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdehin müqavilə üzrə götürdüyü borcu şərtləşdirilən vaxtda iddiaçıya qaytarmaması nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi halı şübhəsizdir. Belə ki, cavabdehin yuxarıda qeyd edilən hərəkətləri iddiaçının stress, narahatlıq keçirməsinə səbəb olmaqla ona mənəvi ziyan vurmuşdur. Bununla yanaşı məhkəmə hesab edir ki, mənəvi zərərin iddia edilən məbləğdə təmin edilməsi ağlabatan və ədalətli deyildir. Məhkəmə işin bütün diqqətəlayiq hallarını nəzərə alaraq qənaətə gəlir ki, iddia tələbinin bu hissədə qismən təmin edilməsi, yəni mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi daha ağlabatan, ədalətli və mütənasibdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 390.1 və 390.5-ci maddələrinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 740.1-740.2-ci maddələrinin tələblərinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə görə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». İddia tələbinin “məhkəmə xərclərinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində qeyd edilməlidir ki, iddia qismən təmin edildiyindən, hüquqi xidmət xərcinin 279 manat hissəsi və dövlət rüsumunun 267 manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməlidir. Məhkəmə onu da qeyd edir ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə tələbdən asılı deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0, 115.0.6-cı maddəsinə görə, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 60000 (altmış min) manat və mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 60200 (altmış min iki yüz) manat məbləğində pul, hüquqi xidmət xərcinin 279 (iki yüz yetmiş doqquz) manat hissəsi və dövlət rüsumunun 267 (iki yüz altmış yeddi) manat hissəsi tutularaq İddiaçı ödənilməli, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 60000 (altmış min) manat və mənəvi zərərin əvəzi olaraq 200 (iki yüz) manat, cəmi 60200 (altmış min iki yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Hüquqi xidmət xərcinin 279 (iki yüz yetmiş doqquz) manat hissəsi və dövlət rüsumunun 267 (iki yüz altmış yeddi) manat hissəsi Cavabdeh tutularaq İddiaçı ödənilsin, məhkəmə xərclərinin qalan hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1506/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1506/2023
17.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver