Məhkəmə qərarları › İş №2(006)-152/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-152/2024

15.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-152/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın vurulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın vurulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mənzilə vurulmuş 1500 manat məbləğində maddi ziyan və 30 manat məbləğində dövlət rüsumunun tutularaq onun xeyrnə ödənilməsinə və 54 saylı mənzilin mətbəxinin və sanuzel qovşağının su və kanalizasiya sisteminin təmir edilməsi ilə əlaqədar cavabdehin üzərinə öhdəliyinin qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi, 113/115 saylı evin 40 saylı mənzili ona məxsusdur. Mənzil 5-ci mərtəbədə yerləşir, alınandan sonra bahalı tikinti materialları ilə tam təmir edilmiş, lakin heç bir yaşayış olmamışdır. xx.xx.2022-ci il tarixində həmin ünvanda yerləşən cavabdehə məxsus 54 saylı mənzildən səhlənkarlıq nəticəsində onun mənzilinin mətbəxinin eyvanına və hamam otağına su axıdılaraq, maddi ziyan vurulmuşdur. Bu barədə komendant tərəfindən ilkin baxış keçirilərək, akt da tərtib edilmişdir. Həmin anda müəyyən etmək mümkün olmasa da, bir müddət keçdikdən sonra axıdılan su nəticəsində paltar qardirobuna da ziyan dəymişdir. Belə ki, qardirobun mebeli su axıdılması nəticəsində şişərək yarasız hala düşmüşdür. Həmçinin mətbəxin və dəhlizin tavanına su sızması nəticəsində tavandakı alçipan, üzərindəki astar və üzlük yararsız hala düşmüş, mətbəxin divar kağızı divardan aralanaraq qopmuş, hətta giriş qapısı şişmişdir. Bununla da mənzilə 1500 manat məbləğindən çox maddi ziyan dəymişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq, mülki iş üzrə keçirilən məhkəmə baxışının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 169 kv.m olan 40 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsi 113, M5, mənzil 3) İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan "xxxx" MTK tərəfindən məhkəməyə təqdim edilmiş Arayışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 54 saylı mənzil Cavabdeh məxsusdur. İş materiallarında olan xx.xx.2022 tarixli Aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 169 kv.m olan 54 saylı mənzilin mətbəxində yaranmış nasazlıq və edilmiş səhlənkarlıq nəticəsində həmin mənzilin altında yerləşən 40 saylı mənzilə maddi ziyan vurulmuşdur. 40 saylı mənzilə baxış zamanı mətbəxin eyvanına, hamam otağına su axıdılması müəyyən olunmuşdur. Aktıın doğruluğu hal şahidləri, komendant və mülkiyyətçi tərəfindən təsdiqlənmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 noyabr 2023-cü il tarixli 3-16-16/2-10/5212 saylı ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən sahəsi 169 kv.m olan 40 saylı mənzildə olan qüsurları, həmin qüsurların su sızmaya xarakterik olduğunu, eləcə də xx.xx.2022-ci il tarixli Aktın məlumatlarını nəzərə alaraq 40 saylı mənzilə 54 saylı mənzildən su sızması baş verdiyi müəyyən olunmuşdur. Su sızma hallarının başvermə səbəbinə su sızma su, kanalizasiya boru xətlərində qəza yaranması və ya sakinlər tərəfindən sudan nəzarərsiz istifadə edilməsi səbəbindən baş verə bilər. Tədqiq olunan 40 saylı mənzildə su sızma nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 671 manat məbləğində müəyyən olunur. İş materiallarında olan Ekspertiza xərclərinə dair Bildirişdən görünür ki, aparılmış tədqiqatın (tikinti-texniki obyektlərin tədqiqi) dəyəri 100 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericilik normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq pozuntusuna görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə qarşı maddi ziyan vurulmasına dair iddia tələbi irəli sürməkdə qismən haqlıdır. İş materialları ilə təsdiq edilir ki, həqiqətən də iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən sahəsi 169 kv.m olan 40 saylı mənzilə cavabdehin səhlənkarlığı nəticəsində 671 manat (ekspert rəyinə əsasən) ziyan vurulmuşdur. Belə ki, məhkəmə işin tam və daha obyektiv araşdırılmasının təmin edilməsi məqsədilə tikinti-texniki ekspertiza təyin etmişdir. Ekspertiza nəticəsində həqiqətən də cavabdehin səhlənkarlığı nəticəsində iddiaçıya 671 manat maddi ziyan dəydiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən yuxarıda qeyd edilmiş 22 noyabr 2023-cü il tarixli 3-16- 16/2-10/5212 saylı ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, cavabdeh də bununla bağlı sübutlar təqdim etməmişdir. Yuxarıda qeyd edilmiş iş materiallarına əlavə edilmiş, komendant, hal şahidləri, mübahisə predmeti olan mənzilin mülkiyyətçisi tərəfindən imzalanmış Aktdan da görünür ki, iddiaçı iddia tələbində (qismən) haqlıdır. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə həmçinin qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İddia tələbinin 54 saylı mənzilin mətbəxinin və sanuzel qovşağının su və kanalizasiya sisteminin təmir edilməsi ilə əlaqədar cavabdehin üzərinə öhdəliyinin qoyulmasına dair hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmadığından təmin edilə bilməz. Belə ki, iddiaçıya dəymiş zərər cavabdehin səhlənkarlığı nəticəsində onun mənzilindən olan su sızma nəticəsində baş verdiyi mötəbər sübutlarla təsdiqlənsə də, ekspert rəyindən də göründüyü kimi su sızmanın texniki səbəbi konkret olaraq müəyyənləşdirilməmişdir. Yuxarıda da qeyd edildiyi kimi sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, iddiaçının tələbi bu hissədə formal mülahizələrə əsaslanır. Bu səbəbdən də təmin edilməməlidir. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, iddiaçıya dəymiş maddi zərər 671 manat həcmində müəyyənləşdirilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 671 manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. İş üzrə ekspertiza xərcini təşkil edən 100 manat məbləğində pulun 50 manat hissəsi İddiaçı, 50 manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu-142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əvəzi olaraq 671 (altı yüz yetmiş bir) manat məbləğində pul və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərcini təşkil edən 100 (yüz) manat məbləğində pulun 50 (əlli) manat hissəsi İddiaçı, 50 (əlli) manat hissəsi Cavabdeh tutularaq, büdcə təsnifatının kodu- 142595, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS), X1, kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, hesab AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar