Məhkəmə qərarları › İş №2(006)-1527/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1527/2023

21.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1527/2023 21.11.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı X11 Cahit mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 Cahit mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Sağlamlıq Mərkəzinin uzman mama-ginekoloqu Dr. Öndər Tulumbacının iddiaçıya vurmuş olduğu 9297 (doqquz min iki yüz doxsan yeddi) manat maddi ziyanın Bakı Sağlamlıq Mərkəzindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X4 ilə 2004-cü il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. 18 ildir, ailəli olmalarına baxmayaraq, onların övladları olmamışdır. Yaş üstünə yaş gəldikcə artıq övlad həsrəti çəkməmək üçün süni mayalanma edərək ata-ana olmaq qərarına gəlmişlər. İddiaçı 2022-ci ilin yanvar ayının ilk günlərində sosial şəbəkələrdə və televiziya verilişlərində hazırki iş üzrə cavabdeh Bakı Sağlamlıq Mərkəzinin uzman mama-ginekoloqu Dr. Önder Tulumbacını görmüşdür. Bundan sonra iddiaçı həyat yoldaşı ilə birlikdə müayinə olunmaq üçün Bakı Sağlamlıq Mərkəzinə yaxınlaşmış, orada danışıqdan sonra aparacağı proseduru rəsmiləşdirmək üçün iddiaçı ilə həyat yoldaşı arasında razılıq müqaviləsi bağlanmalı olduğu bildirilmiş, iddiaçı bir qadın olaraq son ümid yeri qeyd edilən mərkəz deyərək müqaviləyə imza etməyə razılaşmış və tezliklə müalicəyə başlamalarını bildirmişdir. Razılıq müqaviləsi bağlanana qədər iddiaçı həyat yoldaşı ilə birlikdə müəyyən vaxtlarda Bakı Sağlamlıq Mərkəzində olmuş və hər gedişdə klinikalara yoxlanışlar üçün ödənişlər etmişlər. İddiaçı həyat yoldaşı ilə birlikdə xx.xx.2022ci il tarixdə Dr.Önder Tulumbacının qəbulunda olduğu zaman sonuncu müayinənin yaxşı getdiyini bildirərək artıq süni mayalanma edə biləcəyini və müqavilənin artıq bağlanmalı olduğunu bildirmişdir. Bundan sonra tərəflər arasında razılıq müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən ilkin olaraq 200 manat ödəniş edildikdən sonra Dr.Önder Tulumbacı tərəfindən süni mayalanma prosesi həyata keçirilmişdir. Hazırki vaxta qədər iddiaçı ilə həyat yoldaşı Dr.Önder Tulumbacının qəbulunda olduğu zaman klinikada müəyyən bir məbləğdə onun, ondan başqa iddiaçını müayinə edən klinika həkimlərinin adına və laboratoriyaya ödənişlər etmişlər. Dr.Önder Tulumbacının göstərişi ilə xx.xx.2022-ci il tarixdə RSM laborator xidmətinə 2750 AZN, xx.xx.2022-ci il tarixdə RSM laborator xidmətinə 1530 AZN və 500 AZN, xx.xx.2022-ci il tarixdə TSH analizinə 18 AZN, xx.xx.2022-ci il tarixdə Progesteron analizinə 19 AZN, xx.xx.2022-ci il tarixdə RSM laborator xidmətinə 2750 AZN, xx.xx.2022-ci il tarixdə razılıq üçün 200 manat, xx.xx.2022-ci il tarixdə Obstetrik yoxlanış üçün 94 AZN, xx.xx.2022-ci il tarixdə təkrar hamilə müayinəsi üçün 47 AZN, xx.xx.2022-ci il tarixdə laborator xidmətinə 208 AZN, xx.xx.2022-ci il tarixdə süni mayalanma üçün 200 AZN, xx.xx.2022-ci il tarixdə süni mayalanma üçün 981 AZN, cəmi 9297 AZN və bundan başqa müəyyən dövrlərdə xeyli ödənişlər də edilmişdir. İddiaçı ilə həyat yoldaşı ödənişlər edib müalicə və müayinə olunduqları zamanlarda Dr.Önder Tulumbacı onların sağlıqlı bir övladlarının olacağını və onun sağlıqla dünyaya gələcəyini bildirsə də, həkimin dediyi olmamış və əks təsirlər başlamışdır. Dr.Önder Tulumbacı iddiaçı hamilə olduğu müddət ərzində həkim yoxlanışları zamanı uşağın sağlam olduğunu, ana bətnində hər bir prosedurun yaxşı getdiyini və qorxulu heç nə olmadığını bildirsə də, döl ana bətnində 6 aylıq olan zaman açılış baş verdiyindən döl tələf olmuşdur. Dr.Önder Tulumbacının iddiaçı ilə həyat yoldaşını müalicə edən zaman yazmış olduğu reseptlərdəki dərmanları da sonuncular özləri almış, həmin dərmanlar və cavabdehin etdiyi səhv müalicə nəticəsində hazırda iddiaçının bətnində uşaq qalmır. Səhv müalicənin nəticəsində iddiaçının psixilogiyası pozulmuş, mədəsi xarab olmuşdur. Dr.Önder Tulumbacının yanlış müalicəsi və müayinəsi nəticəsində iddiaçı ilə həyat yoldaşına xeyli maddi ziyan dəymişdir. Belə ki, iddiaçı tərəfindən 30000 manatdan çox xərc çəkilməsinə baxmayaraq Dr.Önder Tulumbacının müayinə və müalicəsinin heç bir xeyri olmamışdır. İddiaçı ilə həyat yoldaşı hər ay davamlı olaraq müəyyən günlərdə Ağdam rayonundan Bakı şəhərinə gedib-gələndə yol xərci, yazılan reseptlərdə dərmanlar alınan zaman ödənilən pul, hər ay klinikaya ödənilən pul və iddiaçının günlərlə dolu 50 manatdan qaldığı klinika xərci daha çoxdur. İddiaçının həyat yoldaşı X4 layiqincə xidmət edən hərbçidir və müharibə veteranıdır. X4 hər ay müalicə üçün işdən icazə alaraq müalicəyə getmişdir. Hazırda iddiaçıda olan ödəniş qəbzlərinə əsasən cavabdeh Bakı Sağlamlıq Mərkəzinin uzman mamaginekoloqu dr.Öndər Tulumbacının iddiaçı ilə həyat yoldaşına vurmuş olduğu ziyan 9297 (doqquz min iki yüz doxsan yeddi) manatdır. İddiaçı dəfələrlə Bakı Sağlamlıq Mərkəzindən və dr.Öndər Tulumbacıdan dəymiş ziyanın ödənilməsini tələb etsə də, heç bir nəticəsi olmamış və bu səbəbdən məhkəməyə müraciət etmişdir. Cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsi (Nümayəndə) iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı X13 tərəfindən aparılmış müalicəni səhv hesab etsə də, bu iddiaya dair sübuta yetiriləcək dəlilləri məhkəməyə təqdim etməmişdir. X13 tərəfindən süni mayalanma ilə əlaqədar prosedurlara başlamamışdan əvvəl pasiyent – İddiaçı müvafiq yazılı razılıq alınmış, habelə vətəndaş prosedurların uğursuz nəticələnə biləcəyi barədə yazılı şəkildə məlumatlandırılmışdır. Qeyd edilənlər barəsində pasiyent razılığını bildirərək imza etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X4 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verib, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib, etirazın məzmununa uyğun izahat verib, iddia tələbinin əsassız olduğunu bildirirərək təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 Cahit məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qeyd edilməlidir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 Cahit xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş və izahatında bildirmişdir ki, 2007-ci ildən etibarən Azərbaycanda süni mayalanma ilə məşğul olur, hazırda “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində süni mayalanma üzrə şöbənin müdiridir. Pasientə süni mayalanma tətbiq etdikdən və süni mayalanma tutduqdan sonra işlərdən məlumatlı olsa da, pasientlərə başqa həkimlərin nəzarət etdiyini, iddiaçı barədə olan tibbi sənədlərə və təyinatlara baxış keçirdikdə hər hansı problem görmədiyini, iddiaçının əvvəlki hamiləliyində qan laxtalanması ilə əlaqədar problem yaşadığını, 2022-ci ildəki hamiləliyi dövründə qanın durulması üçün ona “Klexan” tətbiq edildiyini bildirmiş, qəti şəkildə problem olmayacağı barədə vəd vermədiyini əlavə etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və ekspert rəyini nəzərdən keçirib, iş üzrə tərəflərin izahatlarına və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, mülki işin materiallarında olan: Nikah haqqında AZ-İ seriyalı 111737 nömrəli şəhadətnamədən görünür ki, X4 ilə X2 nikahı 14 sentyabr 2004-cü il tarixdə 44 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Süleymanova” soyadı verilmişdir. Qəbzlərdən görünür ki, İddiaçı tərəfindən “Bakı Sağlamlıq Mərkəzi”nə (X10 və Laboratoriya): xx.xx.2022-ci ildə 18 manat; xx.xx.2022-ci ildə 19 manat; xx.xx.2022-ci ildə 94 manat; xx.xx.2022-ci ildə 47 manat; xx.xx.2022-ci ildə 200 manat; xx.xx.2022-ci ildə 981 manat; xx.xx.2022-ci ildə 208 manat; “Reproduktiv Sağlamlıq Mərkəzi”nə isə: xx.xx.2022-ci ildə 2750 manat; xx.xx.2022-ci ildə 500 manat və 1530 manat; xx.xx.2022-ci ildə 2750 manat; xx.xx.2022-ci ildə 200 manat məbləğlərində pul ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli “Süni mayalanma və embrionun implantasiyasına (köçürülməsinə) qadının (arvad) razılığı”na; o və X4 “Qadın donordan istifadə razılığı”na imza etmişdir. Embrionun dondurulub saxlanmasına cütlüyün razılığından görünür ki, İddiaçı və X4 özlərinə aid embrionun xx.xx.2022-ci ildən xx.xx.2023-cü ilədək dondurulub saxlanılmasına razılıq vermiş, 1200 manat ödəməyi öhdələrinə götürmüşlər. Epikrizdə qeyd edilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə 17 həftə 6 gün hamiləlik diaqnozu ilə “Bakı Sağlamlıq Mərkəzi”nə gəlmiş, şikayəti uşaqlıq yolundan gələn qanlı ifrazat olmuş, klinik, laborator və instrumental müayinələr aparılmış, kafi vəziyyətdə saxlanılmış hamiləliklə evə yazılmış, xx.xx.2022-ci ildə Mərkəzdən çıxmışdır. Ambulator kartdan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2022-ci ildə dəqiqləşdirilməmiş yalançı doğuş sancıları diaqnozu ilə Mərkəzə gəlmiş, həkim müayinəsindən keçmiş, həkim nəzarəti altında stasionar yatış və həkim təyinatına uyğun müvafiq müalicə məsləhət görülmüş, lakin hamilə qadın maddi vəziyyəti ilə əlaqədar məsuliyyəti öz boynuna götürüb, yatışdan imtina edərək digər mərkəzdə müalicəsini davam etdirəcəyini bildirmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 həvalə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ-nin xx.xx.2023-cü il tarixli cavab məktubu ilə iddiaçının adına tərtib edilmiş tibbi sənədlər cavabdeh tərəfindən təqdim edilmədiyindən qərardad icrasız olaraq geri qaytarılmışdır. Bu səbəbdən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə sübutların təqdim edilməsi cavabdehdən və “Reproduktiv Sağlamlıq Mərkəzi”ndən tələb edilmişdir. “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı övlad sahibi olmaq üçün həmin müəssisədə həkim-ginekoloqa müraciət etmiş, süni mayalanma və embrionun implantasiyası ilə əlaqədar əməliyyatların uğursuz nəticələnə biləcəyi, sağlamlığı üçün fəsadların və risklərin, habelə həyat və sağlamlığı üçün digər təhlükəli nəticələrin yarana biləcəyi xəstəyə və həyat yoldaşına hərtərəfli izah olunmuş və xəstə öz razılığı ilə “Razılıq” vərəqəsini imzalamışdır. xx.xx.2020-ci il tarixində həkim-ginekoloq yanında olan xidmətə görə (59.00 AZN), xx.xx.2020-ci il tarixində laborator analizdən keçmiş (15.00 AZN), xx.xx.2020-ci il tarixində histerosalpingografiya xidmətinə görə (150 AZN), xx.xx.2020-ci il tarixində EKQ, Rentgen və laborator xidmətinə görə (103 AZN) ödənilmiş, xx.xx.2020-ci il tarixində həkimginekoloq yanında müayinədə olmuş “Anamnezində nəsilartırma və ya mamalıq problemlərinə təsir edən digər ağırlaşmaları olan qadınların hamiləliyinin gedişi üzərində müşahidə” diaqnozu qoyulmuş, “Diaqnostik histeroskopiya” əməliyyatı icra edilmiş (650 AZN), xx.xx.2022-ci il tarixində yenidən həkim-ginekoloq yanında müayinədə olmuş (59.00 AZN), xx.xx.2022-ci il tarixində laborator analizdən keçmiş (15.00 AZN), xx.xx.2022-ci il tarixində laborator analizdən keçmiş (19.00 AZN), xx.xx.2022-ci il tarixində laborator analizdən keçmiş (18.00 AZN), xx.xx.2022-ci il tarixində laborator analizdən keçmiş (18.00 AZN), xx.xx.2022-ci il tarixində yenidən həkimginekoloq yanında müayinədə olmuş (94.00 AZN), xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində həkim-ginekoloq yanında müayinələrə görə (47.00 AZN), xx.xx.2022-ci il tarixində laborator analizlərdən keçmiş (208.00 AZN), xx.xx.2022-ci il tarixində həkim-ginekoloq yanında müayinədə olmuş (47.00 AZN), xx.xx.2022-ci il tarixində yenidən həkim-ginekoloq yanında müayinədə olmuş (94 AZN), xx.xx.2022-ci il tarixində “Abort təhlükəsi. 17 həftə +6 gün hamiləlik. EKM.FMA” diaqnozu ilə stasionar yatışda olmuş, xx.xx.2022-ci il tarixində isə kafi vəziyyətdə evə yazılmış (1181 AZN), xx.xx.2022-ci il tarixində laborator analizlərdən keçmiş (27.00 AZN) və xx.xx.2022-ci il tarixində yenidən həkim-ginekoloqa müraciət etmiş, ona “Dəqiqləşdirilməmiş yalançı doğuş sancıları 24 həftə + 1 gün hamiləlik. EKM.FMA.VƏDT” diaqnozu qoyulmuş, həkim nəzarəti altında stasionar yatış və həkim təyinatına uyğun müvafiq müalicə məsləhət görülmüş, lakin hamilə qadın maddi vəziyyəti ilə əlaqədar məsuliyyəti öz boynuna götürüb, yatışdan imtina edib və digər mərkəzdə müalicəsini davam edəcəyini bildirmişdir. Bu xidmətə görə isə 94.00 AZN xəzinəyə ödəniş etmişdir. Onun barəsində olan tibbi sənədlər və X13ya aid olan sənədlər məktuba əlavə edilmişdir. Tələb olunan zəruri sənədlər cavabdeh tərəfindən məhkəmə araşdırmasına təqdim edildiyindən məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə komission məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Respublika Perinatal Mərkəzinin, M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının və “X15” MMC-nin (X6) mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 həvalə edilmişdir. “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli cavab məktubunda əlavə olaraq qeyd edilmişdir ki, düşmə halı həmin Mərkəzdə olmadığına görə bu barədə heç bir fikir bildirə bilmirlər. “X15” MMC-nin xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş respublikanın Əməkdar Həkimi, mama-ginekoloq Qədirova Nuriyə tərəfindən verilmiş rəydə qeyd edilmişdir ki, “İddiaçı Bakı Medical Plazaya EKM üçün müraciət etmişdir. Dr.Öndər Tulumbacı lazımi yoxlamalardan sonra EKM aparmışdır və nəticədə qadın hamilə qalmış, lakin 6 aydan sonra düşük baş vermişdir. Anamnezində: 1-ci hamiləlik – doğuş (2005-ci il) uşaq 3300 qr., 3 gündən sonra ölüb. 2-ci hamiləlik-kesar kəsiyi (2006-cı il) uşaq 3000 qr., 1 həftədən sonra ölüb. 3-cü hamiləlik-kesar kəsiyi (2009-cu il) uşaq 3000 qr., 5 gündən sonra ölüb. 4-cü hamiləlik-kesar kəsiyi (2016-cı il) uşaq 3200 qr. ölü döl, 5-cı və 6-cı hamiləlik inkişafdan qalmış hamiləlik. Qohumlu nikah. Digər xəstəliklər: epilepsiya, tireoidit, öd daşı xəstəliyi. EKM-dan sonra hamiləlikdə daimi yoxlamalarda olub. Hamiləliyin 17-18-ci həftəsində stasionarda “Uşaqsalma təhlükəsi” diaqnoz ilə müalicə almışdır. Hamiləliyin 24-25-ci həftəsində həkimə uşaqsalma təhlükəsi olduğuna görə müraciət etmişdir, stasionarda yatış təklif olunmuşdur, lakin qadın imtina etmişdir. Rəy ondan ibarət olmuşdur ki, EKM düzgün aparılmışdır və hamiləlik baş vermişdir. Hamilə qadına müalicə düz aparılmışdır. Qadın öz təkidi ilə hamiləliyin 24 həftəsində stasionar müalicədən imtina etmişdir. Qadının anamnezini (6 hamiləlik, 3 kesar kəsiyi, 2 düşük, tireoidit, epilepsiya) nəzərə alaraq, düşük ehtimalı çox idi”. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 579/KEŞ nömrəli rəyində qeyd edilmişdir ki, 1985-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə və iş materiallarına əlavə edilmiş məlumatlara əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir:

1. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən, İddiaçı xx.xx.2020-ci il tarixdə “Bakı Sağlamlıq Mərkəzi”nə müraciət etmiş və fəsadlaşmış mamalıq anamnezi ilə əlaqədar ona “Diaqnostik histeroskopiya” əməliyyatı icra edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə yenidən “Bakı Sağlamlıq Mərkəzi”nə “Abort təhlükəsi; H7D4A2.; 17 həftə + 6 gün hamiləlik; EKM; FMA” diaqnozu ilə daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra diaqnoz öz təsdiqini tapmış və hamiləyə qoruyucu, simptomatik, hormonal, infuzion və antibakterial müalicələr təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə hamiləyə ambulator müalicə təyin edilmiş və saxlanılmış hamiləliklə evə yazılmışdır. xx.xx.2022-ci il tarixdə İddiaçı təkrar olaraq “Bakı Sağlamlıq Mərkəzi”nə müraciət etmişdir. Hamiləyə “Dəqiqləşdirilməmiş yalançı doğuş sancıları; H7D4A2.; 24 həftə + 1 gün hamiləlik; EKM; FMA; VƏDT” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq müvafiq təyinat verilmiş və qoruyucu müalicələr təyin edilmişdir. Lakin hamilə stasionar müalicədən imtina etmişdir. Beləliklə, İddiaçı müxtəlif vaxtlarda müraciət etdiyi “Bakı Sağlamlıq Mərkəzi”ndə ona müvafiq müayinələr aparılmış və hamiləliyin gedişinə uyğun olaraq müalicələr təyin edilmişdir.

2. İddiaçı bətnində olan sonuncu tələf olan dölün meyiti müayinə olunmadığı üçün dölün ölümündə hansı səbəbin həlledici olması və aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söylənilməsi mümkün olmadı.

3. İddiaçı “Bakı Sağlamlıq Mərkəzi”ndə aparılmış müalicələr hamiləliyin gedişinə uyğun olmuşdur. Beləliklə, tərəflərin izahatları, iş materialları və ekspertin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı X4 ilə xx.xx.2004-cü ildə ailə qurmuşdur. Birgə nikahdan uşaqları olmamışdır. Ötən illər ərzində iddiaçının 6 hamiləliyi uğursuzluqla nəticələndikdən sonra – 2022-ci ilin əvvəlində o, əri ilə birlikdə cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsində süni mayalanma üzrə şöbə müdiri olan hazırki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilən Önder Tulumbacıya müraciət edərək, süni mayalanma edilməsinə razılıq vermiş və onlar müayinə, müalicə və digər lazımi prosedurlar üçün tələb olunan məbləğləri ödəmişlər. Önder Tulumbacı tərəfindən iddiaçıya tətbiq edilmiş süni mayalanma tutduqdan sonra o, 3 nəfər başqa ginekoloqun nəzarətində olmuşdur. Hamiləliyin 17-18-ci həftə aralığında – xx.xx.2022-ci ildə iddiaçı “abort təhlükəsi” diaqnozu ilə stasionar yatışda olmuş, xx.xx.2022-ci ildə kafi vəziyyətdə evə yazılmış, 24-25-ci həftə aralığında – xx.xx.2022-ci ildə isə “dəqiqləşdirilməmiş yalançı doğuş sancıları” diaqnozu ilə həkim nəzarəti altında stasionar yatış və həkim təyinatına uyğun müvafiq müalicə məsləhət görülsə də, iddiaçı maddi vəziyyəti ilə əlaqədar məsuliyyəti öz boynuna götürərək, yatışdan imtina etmiş və digər mərkəzdə müalicəsini davam edəcəyini bildirmişdir. Bundan sonra iddiaçı düşük yaşamışdır. Hazırda iddiaçı Önder Tulumbacının səhv müalicəsinin nəticəsində zərər çəkdiyini bildirərək, oan dəymiş maddi ziyanın cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının heç bir sübut təqdim etmədiyini və uğursuz nəticə barədə xəbərdar olduğunu təsdiq edən yazılı razılığının nəzərə alınaraq, iddianın rədd edilməsini xahiş edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Önder Tulumbacı isə iddiaçıya süni mayalanma tətbiq etdiyini və uğurlu olduğunu, bundan sonra iddiaçıya başqa həkimlərin nəzarət etdiyini, iddiaçı barədə olan tibbi sənədlərə və təyinatlara baxış keçirdikdə hər hansı problem görmədiyini bildirərək, qəti şəkildə problem olmayacağı barədə vəd vermədiyini əlavə etmişdir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh publik hüquqi şəxsdə şöbə müdiri olan həkimin səhvi nəticəsində maddi ziyana məruz qaldığını bildirərək, ödənişlərə dair müvafiq qəbzləri təqdim edib həmin maddi ziyanın əvəzini cavabdehdən tələb etsə də, dəlillərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, habelə, aparılmış araşdırma nəticəsində iddiaçının sonuncu hamiləliyinin uğursuzluqla nəticələnməsinə səbəb olan halın cavabdehin işçisinin təqsiri ucbatından baş vermədiyi, həkimin iddiaçıya tətbiq etdiyi süni mayalanmanın uğurlu olduğu, başqa həkimlər tərəfindən aparılmış müalicələrin də hamiləliyin gedişinə uyğun olduğu, iddiaçının öz istəyi ilə stasionar müalicədən imtina etməsi müəyyən edilmişdir. Buna görə də hazırki işin faktiki hallarının iddia tələbinin qanuni əsası ilə uzlaşmadığı məlum olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tələb əsassız olduğundan təmin edilməməlidir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096-cı maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. 1099-cu maddəsinə görə, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Qanunvericiliyin qeyd olunan müddəalarının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-76.2-ci maddəsinə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə müvafiq olaraq, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdeh “Bakı Sağlamlıq Mərkəzi” publik hüquqi şəxsinə qarşı “maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar