Məhkəmə qərarları › İş №2(006)-153/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-153/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-153/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, iddiaçı X2, iddiaçının vəkil Nümayəndə iştirakı ilə, iddiaçı X2 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı "icra qeydlərinin və kreidit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC və Abşeron rayonu 2 saylı Notariat Ofisinə qarşı "icra qeydlərinin və kreidit müqaviləsinin ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 2018/00458 nömrəli kredit müqaviləsinin, 19 dekabr 2019-cu ildə Sumqayıt ASAN Xidmətində yerləşən Notariat ofisi tərəfindən verilmiş 8İ-53466 nömrə ilə Reyestrdə qeyd edilmiş İcra qeydini və xx.xx.2021-ci ildə Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən 8İ-6575 nömrə ilə Reyestrdə qeyd edilmiş icra qeydlərinin ləğv edilməsi barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona pul lazım olduğu üçün "xxxx" BOKT-dən xx.xx.2018-ci il tarixdə 2018/00458 nömrəli kredit müqaviləsi əsasında 25 min manat məbləğində kredit götürdü. Həmin kredit müqaviləsinin tərkibində əlavə müqavilə bağlamadan qanunsuz olaraq təminat kimi ona məxsus ünvan 1ində yerləşən 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 238,4 kv.m olan fərdi yaşayış evi göstərilmişdir. Əvvəla, kredit müqaviləsi qanunvericiliyin tələblərinə zidd formada və şərtlərlə tərtib edilmişdir. Belə ki, əsassız olaraq yüksək faizlər və ağır qanunlara zidd, qəbulediməz şərtlər qoyulmuşdur. Bundan başqa qanunsuz və əsassız olaraq yüksək və əsassız olaraq hesablanmış fazilərlə birlikdə xx.xx.2019-cu ildə Sumqayıt ASAN Xidmətində yerləşən Notariat orqanı tərəfindən İcra qeydi verilmiş və həmin icra qeydində 29464,31 manat borc göstərilmişdir. Bundan sonra ikinci dəfə isə yenə qanunsuz və əsassız olaraq təkrar Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən icra qeydi verilmiş və həmin icra qeydində isə fantastik bir rəqəm göstərilərək guya borcun 50699,21 manat təşkil edildiyi qeyd edilmişdir. Həmin məbləğin hardan və necə müəyyən edilməsi tamamilə qeyri-müəyyən olmaqla qanunsuz və əsassız hesablanmışdır. Bank tərəfindən əsassız və qanunsuz hesablamalar nəticəsində verilmiş bu icra qeydləri tamamilə əsassız və qanunsuz olmaqla nəinki faizlər və dəbbə pulu artıq hesablanmış, hətta banka ödənilmiş pullar da nəzərə alınmamışdır. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X5 ilə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 2018/00458 nömrəli kredit müqaviləsinin və xx.xx.2021-ci ildə Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən 8İ-6175 nörmə ilə Reyestrdə qeyd edilmiş icra qeydlərinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı X5 ilə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 2018/00458 nömrəli kredit müqaviləsinin və xx.xx.2021-ci ildə Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən 8İ-6175 nömrə ilə Reyestrdə qeyd edilmiş icra qeydinin ləğv edilməsi, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam verilməsi, "xxxx" BOKT xx.xx.2019-cu ildə Sumqayıt ASAN Xidmətində yerləşən Notariat ofisinə icra qeydinin verilməsi barədə müraciət etdikləri vaxtda qədər olan müddətə qədər, yəni ekspertiza qərarında göstərilmiş məbləğ həcmində - 18.975,03 manat əsas borc, 1.962,51 manat faiz borcun X1 tutulması barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. X5 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 2018/00458 nömrəli kredit müqaviləsinin, 19 dekabr 2019-cu ildə Sumqayıt ASAN Xidmətində yerləşən Notariat ofisi tərəfindən verilmiş 8İ-53466 nömrə ilə Reyestrdə qeyd edilmiş İcra qeydini və xx.xx.2021-ci ildə Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən 8İ-6575 nömrə ilə Reyestrdə qeyd edilmiş icra qeydlərinin ləğv edilməsi, "xxxx" BOKT xx.xx.2019-cu ildə Sumqayıt ASAN Xidmətində yerləşən Notariat ofisinə icra qeydinin verilməsi barədə müraciət etdikləri vaxtda qədər olan müddətə qədər, yəni ekspertiza qərarında göstərilmiş məbləğ həcmində - 18.975,03 manat əsas borc, 1.962,51 manat faiz borcun X1 tutulması barədə ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın “iddiaçıdan borcun tutulması” ilə bağlı hissəsində xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 və iddiaçının vəkil Nümayəndə yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və onun vəkilinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2018-ci il tarixli, 2018/00458 saylı Kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT ilə X4 arasında 25000 manat məbləğə münasibətdə 30 ay müddətə şəxsi məqsədlər üçün illik 30%-lə (faktiki illik 40,78% faizlə) müqavilə bağlanmışdır. Hər gecikdirilmiş günə münasibətdə müqavilə məbləğinin 0,1% dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. bu Müqavilə ilə öhdəliklərin icrasına təminat olaraq: mülkiyyət hüququ ilə tam X3 məxsus olan Abşeron rayonu. Məmmədli kəndi, 0,04 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 238,4 kv.m. olan fərdi yaşayış evi ipoteka qoyulmuşdur. İpoteka predmeti müstəqil qiymətləndirici FM consulting tərəfindən xx.xx.2018-ci il tarixində likvid dəyəri 117000 manat məbləğində qiymətləndirilmişdir. Sumqayıt ASAN Xidmətində yerləşən Notariat ofisi tərəfindən verilmiş 8İ-53466 nömrə ilə Reyestrdə qeyd edilmiş xx.xx.2019-cu il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" BOKT MMC-nin tələbi ilə ipoteka qoyan X3 məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 238.4 kv/m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0,04 ha torpaq sahəsindən ibarət əmlaka tutmanın yönəldilməsi müəyyən edilmişdir. Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən 8İ-6575 nömrə ilə Reyestrdə qeyd edilmiş xx.xx.2021-ci il tarixli icra qeydinin surətindən görünür ki, "xxxx" BOKT MMC-nin tələbi ilə vaxtında ödənilməmiş 19269,37 manat əsas borc, 16454,84 manat faiz borcu, 14975,00 manat dəbbə pulu olmaqla cəmi tutulmalı məbləğ 50699,21 manat təşkil edir. İpoteka qoyan X3 məxsus ipoteka predmeti olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 238.4 kv/m olan fərdi yaşayış evindən və onun yerləşdiyi 0,04 ha torpaq sahəsindən ibarət əmlaka tutmanın yönəldilməsi, 0,04 ha torpaq sahəsi və üzərində olan fərdi yaşayış evinin hərracda satılması, satıldıqdan sonra 1 ay ərzində boşaldılması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli, 9/7864 nömrəli ekspert rəyindən görünür ki, X5 ilə "xxxx" BOKT arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 2018/00458 saylı kredit müqaviləsi üzrə borcalanın kreditora ödənilməli borcu xx.xx.2019-cu il tarixə 18.975,03 manat əsas, 1.962,51 manat faiz, xx.xx.2021-ci il tarixə 18.975,03 manat əsas, 8.730,27 manat faiz təşkil edir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilən mübahisəsiz hal ondan ibarət olmuşdur ki, "xxxx" BOKT ilə X4 arasında xx.xx.2018-ci il tarixdə 2018/00458 saylı Kredit müqaviləsi 25000 manat məbləğə münasibətdə 30 ay müddətə şəxsi məqsədlər üçün illik 30%-lə (faktiki illik 40,78% faizlə) müqavilə bağlanmış, iddiaçı isə müqavilə üzrə bütün ödənişləri vaxtında həyata keçirməyi öhdəsinə götürmüşdür. İddiaçı müqavilənin bütün səhifələrinə imza etməklə müqavilənin şərtləri ilə razı olduğunu açıq-aşkar ifadə etmişdir. Lakin sonradan iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmişdir. Cavabdeh "xxxx" BOKT MMC iddiaçının öhdəliyinin icrasının təmini məqsədilə iddiaçıya onun bank qarşısında icra edilməmiş öhdəliyin mövcud olması barədə və bu öhdəlik 20 gün müddətində icra edilmədiyi halda notariat icra qeydinin aparılması üçün müraciət ediləcəyi barədə bildiriş göndərməmişdir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə cavabdeh Abşeron rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən icra qeydi cavabdeh "xxxx" BOKT MMC-nin müraciəti əsasında verilmişdir. Cavabdeh Abşeron rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən Notariat Haqqında Azərbaycan Respublikası Qanununun, Təlimatın tələbləri pozularaq əsassız olaraq icra qeydi açılmış və aidiyyəti üzrə göndərilmişdir. Qanunvercilikdə icra qeydi institutu tələbkarla yanaşı, eyni zamanda borclunun da hüquqlarının kifayət qədər qorunmasına xidmət edir. Belə ki, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edərsə, aparılır. Notariat ofisi isə ümumiyyətlə heç bir sənəd təqdim edilmədən icra qeydini aparmışdır. Tələbkarla borclu arasında bağlanmış müqavilələr üzrə yaranan öhdəliklərə dair mübahisə olduğu halda, icra qeydi aparılmır və bu halda yaranmış mübahisə məhkəmədə öz həllini tapmalıdır. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh Abşeron rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 iddiaçının öhdəliyinin icrasının təmini məqsədilə iddiaçıya tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış borc məbləğinin mövcud olması barədə və 20 gün müddətində həmin borc ödənilmədiyi halda notariat icra qeydinin aparılması üçün müraciət ediləcəyi barədə bildiriş göndərməmiş və bununla da, iddiaçı onun banka borclu olmasına dair məbləği mübahisələndirə bilməmiş və bu hüquqdan məhrum olmuşdur. Yəni belə olan halda notarius borcun mübahisəsiz olduğuna əmin ola bilməzdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Təlimatın 161-ci bəndinin 10-cu abzasında qeyd edilmişdir ki, tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. Çünki MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi daşımaqla yanaşı, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Hazırki iş üzrə iş materiallarından görünür ki, iddiaçının ünvanına bildiriş çatdırılmamışdır. Beləliklə iddiaçının kredit müqaviləsi ilə yaranan öhdəliklərə mübahisənin olub-olmaması müəyyələndirilməmiş, yəni iddiaçı icra qeydinin verilməsi barədə ümumiyyətlə məlumatsız olmuş, cavabdeh Abşeron rayonu 2 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən borcun məbləğinin mübahisəsiz olduğunu araşdırılmadan "xxxx" BOKT MMC-nin xeyrinə iddiaçıdan 19269,37 manat əsas borc, 16454,84 manat faiz borcu, 14975 manat dəbbə pulu olmaqla, cəmi 50699,21 manat pulun tutulmasına dair xx.xx.2021-ci il tarixli 8İ-6175 saylı qeyd ilə reyestrdə qeyd edilmiş icra qeydi aparılmışdır. Təlimatın 162-ci bəndində qeyd edilmişdir ki, İcra qeydi aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, X5 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 2018/00458 nömrəli kredit müqaviləsi üzrə 19 dekabr 2019-cu ildə Sumqayıt ASAN Xidmətində yerləşən Notariat ofisi tərəfindən verilmiş 8İ-53466 nömrə ilə Reyestrdə qeyd edilmiş İcra qeydi və xx.xx.2021-ci ildə Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən 8İ-6575 nömrə ilə Reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilməlidir. İddia kredit müqaviləsinin ləğvi hissəsində təmin edilə bilməz. Belə ki, geniş mənada “ləğvetmə” anlayışı, etibarlı olan əqdlər üzrə əmələ gələn mövcud və davam edən hüquqi münasibətlərin birtərəfli olaraq aradan qaldırılması hallarını ifadə edir. Qeyd olunmalıdır ki, “ləğvetmə”, ləğvetmənin baş verdiyi andan sonrası üçün hüquqi nəticə əmələ gətirir. Yəni ləğvetmə, əqd üzrə əmələ gələn hüquq və öhdəliklərə əqdin bağlandığı andan deyil, ləğvetmə hadisəsinin baş verdiyi andan sonrakı dövr üçün xitam verir. Müqavilənin ləğv edilməsi əsasları mülki qanunvericiliklə (MM-nin 365.1, 411.2, 529.8, 618..2, 622.2, 685, 686, 691 ,692, 704, 719.3, 737, 744, 745, 786.1, 794.2) dəqiq müəyyən edilmişdir və bunlara istinadən iddiaçı tərəfindən hər hansı tələb bildirilməmiş, habaelə ləğvetmə əsasları ilə bağlı hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Müki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. X5 ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı arasında bağlanmış xx.xx.2018-ci il tarixdə 2018/00458 nömrəli kredit müqaviləsi üzrə 19 dekabr 2019-cu ildə Sumqayıt ASAN Xidmətində yerləşən Notariat ofisi tərəfindən verilmiş 8İ-53466 nömrə ilə Reyestrdə qeyd edilmiş İcra qeydi və xx.xx.2021-ci ildə Abşeron rayonu 2 saylı Notariat ofisi tərəfindən 8İ- 6575 nömrə ilə Reyestrdə qeyd edilmiş icra qeydi ləğv edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar