Məhkəmə qərarları › İş №2(006)-1530/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1530/2023

10.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1530/2023 10.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən onun xeyrinə təyin edilmiş xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 150 manat sabit pul məbləğində alimentin artırılaraq cavabdehdən hər ay bir uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)- 1831/2020 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh onun xeyrinə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. O, Cavabdeh iki uşağı üçün cəmi 300 manat məbləğində aliment pulu alır. Halbuki, X6 Əliyev Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Qanunu imzalayıb və uşaqların saxlanması üçün minimum pul 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Bu Qanun 2023-cü ilin yanvar ayının 1-dən qüvvəyə minmişdir. Ona görə də düşünür ki, cavabdeh bir övladına 150 manat məbləğində alimenti yox, 220 manat ödəməlidir. Cavabdehin bir ata kimi övladı üçün tək etdiyi şey aliment ödəməkdir. Cavabdeh övladlarının səhhəti, yeməyi, içməyi, geyinməyi və s. həm maddi, həm də ki, mənəvi ehtiyacları ilə bir dəfə də olsun maraqlanmır və dediyi kimi tək etdiyi minnətlə ödədiyi aliment puludur. İddiaçı övladları ilə birlikdə Abşeron rayonu, Digah qəsəbəsində yaşayır. Heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə bocludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla, yanaşı həm də vacib hüquqi vəzifələridir. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Mülki iş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılmış, lakin qabaqcadan heç bir məlumat vermədən məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən İddiaçı iddiası qismən təmin edilməlidir. Mülki işin materiallarında olan Şahbuz rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 15 noyabr 2017-ci il tarixli, AZ-İİİ № 966451 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2012-ci il tarixdə Şahbuz rayonunda doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Xəzər rayon Qeydiyyat şöbəsi tərəfindən verilən 10 may 2018-ci il tarixli, AZ-İV № 102111 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)-1831/2020 saylı qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, 06 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilmişdir. Mülki işin materiallarında olan 11 fevral 2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, bu Arayış Cavabdeh İddiaçı tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi üzrə (alimentin artırılması tələbi) xx.xx.2023-cü il tarixində keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmiş, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir (Mediator: T.Hüseynova). Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanununun 5-cı maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların manafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizə edilməsi valideynlərin vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideyinlər daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2012-ci il təvəllüdlü X2 doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli, 2(006)-1831/2020 saylı qətnaməsinə əsasən iddianın qismən təmin edilməsi, 06 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmcinin müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir ki, Rusiyada işləyir, onun sabit məbləğində gəliri yoxdur. Eyni zamanda müəyyən edilmişdi ki, o, əvvəlki qətnamə ilə tutulan 300 manat məbləğində aliment vaxtında ödəyir, onun iddiaçiya borcu yoxdur. Məhkəmə işdə olan sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, cavabdehdən hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində alimentin tutulması haqqında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən 3 ildən çox müddət keçdiyindən ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Buna görə də, məhkəmə tərəflərin birgə nikahından olan uşaqların ananın himayəsində olmasını, cavabdehin gəlirləri barədə məhkəmədə heç bir məlumat olmadığından, uşaqlar üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddini, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 fevral 2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, 06 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsini məqsədəmüvafiq hesab edir. Eyni zamanda, məhkəmə qeyd edir ki, hər il ölkə üzrə uşaqlar üçün yaşayış minimumu artdığından iddiaçının növbəti il üçün aliment məbləğinin artırılması barədə iddia ərizəsilə məhkəməyə müraciət etmək hüququ vardır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh 06 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin tutulması xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1831/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsilə müəyyən edilmiş aliment məbləği artırılaraq, Cavabdeh 06 dekabr 2009-cu il təvəllüdlü X3 və 07 mart 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 200 (iki yüz) manat, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar