Məhkəmə qərarları › İş №2(006)-1561/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1561/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1561/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsi ilə 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün ayrılıqda 235 manat məbləğində olmaqla təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 14 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahından 06 oktyabr 2006-cı il tarixdə X6 və 31 yanvar 2010-cu il tarixdə X7 adlı övladları doğulmuşdur. Aralarında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(006)-3021/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə azyaşlı uşaqların yetkinlik yaşına çatanadək onun yanında saxlanması qət edilmişdir. Həmin qətnamə ilə azyaşlı uşaqların saxlanması üçün alimentin tutulması nəzərə alınmamışdır. Sonradan o aliment tələbi ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuş və Cavabdeh 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin hazırda tutulan həmin aliment məbləği uşaqlarının maddi təlabatlarının və təhsil xərclərinin ödənilməsi üçün kifayət etmir. Belə ki, qızının hal-hazırda 17, oğlunun isə 13 yaşı vardır. Qızı artıq tələbədir və o, Türkiyədə təhsil alır. Oğlu isə 8-ci sinifdə oxuyur və hazırlıqlara gedir. Bu səbəbdən uşaqların məsrəfləri artmışdır. O, uşaqlarının artan maddi ehtiyaclarını tək təmin etməkdə çətinlik çəkir. Həmçinin məlumdur ki, 2024-cü ildə uşaqlar üçün yaşayış minimumunun məbləği də dəyişdirilmişdir. Uşaqlarının maddi tələbatının təmin edilməsi bir valideyn kimi cavabdehin də borcudur. Lakin cavabdeh övladlarının təhsil və digər ehtiyaclarının ödənilməsi ilə maraqlanmır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğini ödəməkdən yayınır. Onun təxminən 3000 manatdan çox ödənilməmiş aliment borcu qalmışdır. O, tək qadın olaraq uşaqların təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həmçinin onarın təhsil və digər maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Göstərilənləri nəzərə alaraq, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsi ilə 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək, izahatında göstərdi ki, onun İddiaçı ilə birgə nikahından 06 oktyabr 2006-cı il tarixdə X6 və 31 yanvar 2010-cu il tarixdə X7 adlı iki uşağı doğulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli, 2(006)-3021/2019 saylı qətnaməsi ilə onların arasındakı nikah pozulmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsi ilə 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X1 üçün ondan hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. O, uşaqlarının maddi tələbatıarını ödəməkdən yayınmır, lakin 480 manat məbləğində məvacib aldığından, həmçinin kirayədə yaşadığından tələb olunan məbləğdə alimenti ödəməyə maddi imkanı çatmır. Bu səbəbdən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş edir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA1797152 nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2010-cu ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş ASAN 1 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 12733556 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X6 adında yetkinlik yaşına çatmamış uşaqları vardır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı 8 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/8/2024-00114 saylı “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etsə də, cavabdeh tərəf Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmiş hallardan görünür ki, tərəflər 14 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Birgə nikahdan xx.xx.2006-cı il tarixdə X6 və xx.xx.2010-cu il tarixdə X7 adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3021/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan uşaqların - 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsi ilə Cavabdeh 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən hesablanmaqla Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsi ilə 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün ayrılıqda 235 manat məbləğində olmaqla təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - AM) 60.3, 75.1, 75.2 və 75.4-cü maddələrinə müvafiq olaraq uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1 və 78.2-ci maddələrinə müvafiq olaraq valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də AM-nin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinin tələbinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Yuxarıda qeyd edilən qanunvericiliyin məzmunundan göründüyü kimi, valideynlər arasında yetkinlik yaşına çatmayan uşağa aliment ödənilməsi barədə saziş yoxdursa, alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Alimentin valideynin gəlirinin bir hissəsi kimi deyil, sabit pul məbləğində tutulması yuxarıda qeyd edilən şərtlərdən birinin mövcud olduğu halda mümkündür. Bundan başqa, həmin maddələrin məzmununa görə alimentin sabit pul məbləğində tutulması uşağın saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi olduqda mümkündür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən «2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir». «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə, mövcud qanunvericiliyin tələblərinə əsasən uşaqlar üçün yaşayış minimumunun əvvəlki illərlə müqayisədə artmasını, tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının mənafeyini nəzərə alaraq, qanunvericiliyin qeyd edilən müddəalarına əsasən hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 saylı qətnaməsi ilə müəyyən edilən alimentin məbləği artırılaraq Cavabdeh 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, miqdarı dəyişdirilmiş həmin alimentin tutulması məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, uşağın tələbatı təkcə yaşayış minimumundan ibarət deyildir. Ona görə də yaşayış minimumunu təşkil edən məbləğin bir valideyndən tutulması, digər valideyn tərəfindən isə uşağın digər zəruri xərclərinin ödənilməsi valideynlərin uşağını maddi cəhətdən saxlamaq vəzifəsində müəyyən tarazlığı təmin edəcəkdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2, 234.2.1-ci maddələrinin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 iyul 2020-ci il tarixli, 2(006)-2938/2020 qətnaməsi ilə 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Cavabdeh 06 oktyabr 2006-cı il təvəllüdlü X3 və 31 yanvar 2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə qanuni qüvvəyə mindiyi gündən həmin alimentin tutulması hesablansın. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Əfsanə Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar