Məhkəmə qərarları › İş №2(006)-1572/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1572/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1572/2023 26.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət vasitəsinin dəyəri, yəni 2.277,40 manat məbləğində pulun dövlət nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökmün icrası İddiaçınə həvalə edilmişdir. xx.xx.2022-ci il il tarixdə idarənin icra məmuru G.Şükürova məhkumun iştirakı ilə müvafiq protokol tərtib etmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Məhkuma “Attenti" markalı elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd mobil qurğunun kabrosu, bir ədəd elektron qolbaq, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Lakin məhkum ona tətbiq edilmiş 35631127 qeydiyyat nömrəli “Attenti V6” mobil qurğusunu sındırmaqla və CE 06760 qeydiyyat nomrəli elektron qolbağın kəmərini kəsməklə elektron nəzarət vasitəsini yarasız vəziyyətə salmış, eyni zamanda mobil qurğunun enerji toplayıcı kabeli və başlığı təhvil verilməmişdir. 35631127 qeydiyyat nömrəli mobil qurğu və CE 06760 qeydiyyat nömrəli elektron qolbağ istifadəyə tam yararsızdır. "Evrodizayn” QSC tərəfindən verilmiş maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından, tərəflərindən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. İddiaçı icra məmuru Gülnar Şükürova tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi xahiş edilmişdir.

4. Məhkəmə qeyd olunan ərizəni nəzərə alaraq, işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh məhkəmə iclasında iddianı etiraf etdiyini bildirdi.

6. Məhkəmə, cavabdehin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar:

7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-422/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Cavabdeh tutulduğu və həbsdə olduğu 02 (iki) ay 21 (iyirmi bir) gün müddətin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 05 (beş) ay 12 (on iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 06 (altı) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi, Cavabdeh cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddətinin onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasının İddiaçınə tapşırılması, Cavabdeh barəsində seçilmiş “həbs” qətimkan tədbirinin dəyişdirilərək, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi və onun dərhal məhkəmə iclas zalından azad edilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökmün qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Cavabdeh narkomaniyadan məcburi müalicənin təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması hökm edilmişdir.

8. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markalı elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd seriya nömrəli sadə elektron qolbaq CE 06760) təhvil verilmiş və istifadə qaydaları izah olunmuşdur. Məhkuma Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-422/2022 saylı hökmünün tələbləri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir.

9. "xxxx" ("xxxx") QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-N 96-21 saylı məktubundan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinin cəmi məbləği 2.277,40 manat təşkil edir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh üzərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(006)-422/2022 saylı hökmü ilə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə baxış keçirilmiş, lakin elektron qolbağın kəməri kəsilməklə, elektron nəzarət vasitəsinin yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Eyni zamanda, mobil qurğunun enerji toplayıcı kabelinin və başlığının təhvil verilmədiyi aşkar olunmuşdur.

11. Məhkəmə onu da qeyd edir ki, "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli, ED-M-N 96- 21 saylı məktubuna əsasən “Attenti” markalı elektron nəzarət vasitəsinin dəyəri 2.277,40 manat təşkil edir.

12. Məhkəmə hesab edir ki, törədilmiş mülki hüquq pozuntusuna görə cavabdeh iddiaçı qarşısında mülki məsuliyyət daşıyır və iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur.

13. Habelə məhkəmə qeyd edir ki, işə baxılan dövrdə cavabdehin məhkəmə iclasında iştirakı təmin edilmiş və Cavabdeh məhkəmə iclasında iddianı etiraf etməklə, ona təhkim edilmiş elektron nəzarət vasitəsini yararsız vəziyyətə saldığını məhkəmənin diqqətinə çatdırmışdır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

15. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

16. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır.

17. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər.

18. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildkdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.

19. 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

20. Məhkəmə iddianın etiraf edilməsinin qanunun tələblərinə zidd olmamasını, iddianın etiraf edilməsinin üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etiraf etməsi məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Tətbiq edilən prosessual normalar:

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

22. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2.277,40 manat pul vəsaiti alınaraq dövlət nəfinə ödənilməlidir.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 238, 241-244 və 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh vurulmuş zərərin əvəzi olaraq 2.277,40 manat pul vəsaiti alınaraq dövlət nəfinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar