Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1577/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, ona dəymiş 432 (dörd yüz otuz iki) manat məbləğində maddi ziyanın qarşılanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(010)-598/2023 saylı qərardadına əsasən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixində ona aid olan 5522 0993 5798 6793 A.B.B bank kartından 7771 *** ** ** nömrəsinin whatsappından zəng gələrək 432 manat məbləğində pulunu dələduzluq yolu ilə oğurlanmışdır. Onun telefon nömrəsini həmin adam tap.az saytından götürmüş və ona həmin malı almaq üçün A.B.B və ya Kapital kart olsa, pulu karta atardı, malı kuryer vasitəsilə göndərməyi xahiş etmişdir. Onun bu sahədə savadsızlığından istifadə edərək 432 manat pulunu A.B.B kartından oğurladılar. Həmin an ona SMS gəldi və o gördü ki, bunlar ona pul göndərmək yox, kartda olan pulundan 432 manat pulunu oğurladılar. O, həmin an A.B.B-ə zəng edərək operatora pulunun aldadılaraq oğurlandığını və həmin köçürülən məbləğin ya geri çəkilməsini, ya da dondurulmasını xahiş etdi. Operator kartın həqiqətən də ona aid olduğunu dəqiqləşdirəndən sonra bunu edə bilməyəcəyini bildirdi və bu haqda polisə şikayət etməyini məsləhət gördü. O, həmin gün Yeni Günəşli 33 bölməyə yazılı şəkildə şikayət etdi. xx.xx.2022-ci il tarixində isə ona polisdən məktubla bildirilmişdir ki, polis 500 manatdan aşağı məbləğ olduğuna görə 227-ci maddəni rəhbər tutaraq işə xitam verib və onun Suraxanı Rayon Məhkəməsinə şikayət etməyini bildirmişdir. Onun adına olan kart sığortalıdır. İki filialına yaxınlaşmışdır, bu barədə hər bir filialdan ona ayrı-ayrı fikirlər bildirilib. Sığorta isə belə hadisəyə pul vermir dedilər. Amma hər ay ondan pul tutulub və sığorta haqqında müqavilədə ödəniş göstərilir. Qeyd edilənləri nəzərə alaraq iddiaçı iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəməyə yazılı ərizə təqdim edərək mülki işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş və əlavə olaraq izahatında qeyd etmişdir ki, iddia tələbi ilə razı deyildir, belə ki, əgər məbləğ 500 manatdan aşağıdırsa, iddiaçı inzibati qaydada şikayət verə bilər. Burada bankın cavabdehlik daşıdığı bir məsələ yoxdur. Polis iddiaçını düzgün istiqamətləndirməmişdir. Burada əsas məsələ kodun verilməsidir. Cavabdov Seymur özü kodu naməlum şəxsə verib və kartından 432 manat oğurlanıb. Kartdan pul çıxanda bank xəbərdarlıq olaraq məxfi kod göndərir və bu kodu başqa şəxslərə vermək olmaz. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə baxış iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin ərizəsini nəzərə alaraq iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli İddiaçı məxsus hesabdan çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya məxsus kartdan 432.25 manat məbləğində pul çıxılmışdır. - "xxxx" ASC tərəfindən verilən xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, xx.xx.2022-ci il tarixdə ***-***-**-** nömrəsindən mesaj daxil olmuş və mesajda iddiaçıya hesabın təhlükəsizliyi ilə bağlı olaraq 3 dəfə kod göndərilmiş və təhlükəsizlik üçün həmin kodun digər şəxslərlə paylaşılmamalı olduğu bildirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2022-ci il tarixdə iddiaçıya naməlum şəxsə məxsus nömrədən zəng edilmiş, iddiaçıya məxsus kartdan 432 manat məbləğində pul vəsaiti çıxılmışdır. Həmin vaxt iddiaçıya cavabdeh tərəfindən 3 dəfə təhlükəsizlik kodu göndərilmiş, lakin iddiaçı məlumatları qarşı tərəfə bildirmiş, nəticədə kartdan pul vəsaiti çıxılmışdır. Hazırda iddiaçı Bankdan həmin pul vəsaitinin geri qaytarılmasını tələb edir, cavabdeh tərəf iddia tələbi ilə razı deyildir. Məhkəmə hazırki iddia tələbi ilə bağlı tərəflər arasında bağlanılmış BPM**********45№-li tam kart çərçivə müqaviləsinin 7.3.3-cü maddəsinə istinad edərək bildirir ki, tam kartı digər şəxslərə verməmək, SEN kodu gizli saxlamaq müştərinin-borc alanın əsas vəzifələrindən biridir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən həmin gün 3 dəfə təhlükəsizlik kodu göndərilməsinə baxmayaraq özünə məxsus məxfi məlumatları naməlum şəxsə özü təqdim etdiyindən hazırki vəziyyətdə Bank cavabdehlik daşıya bilməz. Digər tərəfdən, iddiaçı məhz cavabdeh tərəfindən ona maddi ziyan vurulması ilə bağlı sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə qeyd olunanlara qiymət verərək, belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-1577/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1577/2023
13.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver