Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1586/2023 04.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X8 oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 15.10. 2020-ci tarixli, 2(006)-4839/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq, hər ay, hər uşağa görə 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-4839/2020 saylı qətnaməsi ilə iddiaçının iddia tələbi qismən təmin edilərək, cavabdehdən tutulacaq alimentin miqdarı dəyişdirilərək xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 145 manat olmaqla, cəmi 290 manat alimentin tutulması qərara alınmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə qətnamədə buraxılmış məbləğ yanlışlığı düzəldilmişdir. Məhkəmə həmin dövrdə aliment miqdarını az müəyyən edərkən cavabdehin izahatına əsaslanmışdır ki, guya o, vərəm xəstəsidir. Cavabdeh vərəm xəstəsi deyil, onda vərəmin yüngül simptomları olmuş və müalicə olunaraq sağalmışdır. Hazırda sağlamdır. Xəzər Rayon Məhkəməsi tərəfindən iddiaçının iddiası təmin edilərək, ona cavabdehin evində yaşamaq üçün bir otaq ayrılsa da, cavabdeh qərəzli olaraq, iddiaçının və uşaqlarının orada yaşamalarına hər vəchlə mane olmuş və iddiaçı məcbur qalaraq Ramana qəsəbəsində kirayə ev tutmuşdur. Hazırda yaşlı və xəstə valideynlərinin köməyi ilə həmin evin kirayəsini verir. Uşaqları günü-gündən böyüyür, istər onların gündəlik yemək-içmək qayğıları, istərsə də təhsilləri-məşğələləri ilə bağlı maddi xərclər durmadan artır. Ölkədə də hər şeyin qiyməti günü-gündən yüksəlir ki, bu da uşaqların onsuz da ağır olan dolanmasını daha da ağırlaşdırır. Cavabdeh çox qoçaq və yaxşı dəmirçidir. Əslində onun əmək haqqı daha çoxdur. Fərdi adamlar və şirkətlər üçün də dəmirçi işləri görür və oradan da yaxşı qazancı var. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş, lakin cavabdeh iştirak etmədiyindən müvafiq mediator tərəfindən ona “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayış verilmişdir. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verdi. “DOST” Agentliyində xadimə işlədiyini və 345 manat məbləğində əmək haqqı aldığını bildirdi. Cavabdeh tərəfindən hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat alimentin ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qeyd edilməlidir ki, əvvəlki məhkəmə hazırlıq iclasında Cavabdeh iştirak etmiş və iddia tələbini qəbul etmədiyini bildirmişdir. Alimentin əvvəlcə 230 manat, daha sonra artırılaraq 290 manat olduğunu, daha artıq məbləğdə alimenti ödəyə bilməyəcəyini, xəstə olduğundan başqa ağır işlərdə işləyə bilmədiyini və hazırda inşaatda işlədiyini, 350 manat əmək haqqı aldığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının izahatını dinləyib, təqdim edilmiş və araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan AZE seriyalı 12862617 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Allahverdi Murad xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə Allahverdiyeva Rəqsanə qeyd edilmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 12862577 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Allahverdi Həsən xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası qrafasında Cavabdeh, anası qrafasında isə Allahverdiyeva Rəqsanə qeyd edilmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4839/2020 saylı qətnaməsindən və xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 145 manat olmaqla, cəmi 290 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Mülki işin materiallarında olan MŞB/xx/xx/00059 nömrəli xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, alimentin artırılması tələbinə dair mediasiya prosesində hər iki tərəf iştirak etmiş, İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, İddiaçı "xxxx" MMC-də “sosial işçi, ictimai işlər” vəzifəsində işləyir və aylıq əmək haqqı 345 AZN təşkil edir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, Cavabdeh X4 işçisi kimi “dəmirçi” vəzifəsində işləyir və aylıq əmək haqqı 345 AZN təşkil edir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(006)-4839/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmalarına görə hər ay hər uşağa görə 145 manat olmaqla, cəmi 290 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda iddiaçı hesab edir ki, həmin məbləğ uşaqların tələbatlarını ödəməyə imkan vermir, buna görə də müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat məbləğində alimentin tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçı əvvəllər müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanaraq alimentin miqdarının artırılmasını tələb etmiş və bu tələbində haqlı olmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi xx.xx.2020-ci il tarixli 2(006)-4839/2020 saylı qətnaməsi ilə iki uşağa görə cəmi 290 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini müəyyənləşdirərkən istinad etdiyi hallar artıq dəyişmiş, həyat standartları yüksəlmiş, gündəlik tələbat mallarının qiyməti 2020-ci ilə nisbətdə xeyli artmış, buna görə də alimentin eyni qaydada ödənilməsinin davam etməsi uşaqların əvvəlki təminatının mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra - Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarında göstərmişdir ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmin qərarın 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2020-ci il üçün yaşayış minumumu uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2023-cü il üçün yaşayış minumumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartlarını və istehlak qiymətlərini, eləcə də uşaqların böyüməsini, onların xərclərinin artmasını, iddiaçının işləməsi və aylıq 345 manat məbləğində əmək haqqı aldığını nəzərə alaraq, həmçinin, cavabdehin əmək haqqının az olması onun uşaqlarını saxlamaq, minimum dolanacaq xərclərindən az olmayan maddi təminatını ödəmək vəzifəsindən azad etmədiyini vurğulayaraq, alimentin məbləğinin artırılması və cavabdehdən hər ay hər uşağa görə 195 (bir yüz doxsan beş) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində alimentin tutulması məqsədəmüvafiq, ədalətli, əvvəlki qətnamə ilə müəyyənləşdirilmiş alimentin məbləğinə mütənasib və uşaqların əvvəlki maddi təminat səviyyəsinin saxlanılması üçün uyğundur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, tərəflərin birgə nikahından olan uşaqların anasının himayəsində olmalarını, uşaqların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, uşaqların mənafeyini, 2020-ci il üzrə uşaq üçün qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumunun həddinin 170 manat olmasını, onların saxlanması üçün cavabdehdən hər ay 145 (bir yüz qırx beş) manat miqdarında alimentin tutulmasının isə hazırki dövrdə kifayət etmədiyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 195 (bir yüz doxsan beş) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4839/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər uşağa görə 195 (bir yüz doxsan beş) manat olmaqla, cəmi 390 (üç yüz doxsan) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-1586/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1586/2023
04.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver