Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-161/2025 07.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş zərərin ödənilməsi tələbinə dair" iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "dəymiş zərərin ödənilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən avtomobilinin təmiri üçün tələb olunan 2930 (iki min doqquz yüz otuz) manat pulun və 50 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə ona məxsus “TOYOTA CAMRY” markalı ** GC *** dövlət qeydiyyat nişanlı avtomobilim Nərimanov rayonu ərazisində binanın həyətində dayandığı yerdə “Mersedes Benz” markalı ** OF *** dövlət qediyyat nişanlı avtomobili darə edən şəxs X2 yol hərəkəti qaydalarını pozması nəticəsində, onun təqsirindən hadisə baş verdi. Həmin an 102 nömrəsinə zəng vuraraq hadisə barədə polsiə məlumat verdi. Bundan sonra Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin DYP Şöbəsində araşdırma aparılaraq X3 inzibati məsuliyyətə cəlb olunmuşdur. X2 idarə etdiyi avtomobilin cavabdeh olan Cavabdeh ASC-də icbari qaydada sığortalanmışdır. Cavabdeh ASC-yə müraciət etmişlər və ona bildirilmişdir ki, onun nəqliyyat vasitəsinə 500 manat zərər dəymişdir. O bununla razılaşmayaraq bildirmişdir ki, qeyd etdikləri məbləğ azdır və onun nəqliyyat vasitəsinin təmir olunması həmin məbləğlə mümkünsüzdür. O, 10 mart 2023-cü il tarixdə "xxxx" MMC-yə müraciət edərək nəqliyyat vasitəmə dəymiş ziyanı müəyyən etdirmişdir və ona rəsmi olaraq rəy verilmişdir ki, onun avtomobilinin bərpa olunması üçün 2 930 manat pul tələb olunur. Bununla bağlı cavabdehə dəfələrlə müraciət etmişdir, lakin cavabdeh öhdəliyini yerinə yetirmir. O, məcbur qalaraq Məhkəməyə müraciət edir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək növbəti iclasın onun iştirakı olmadan keçirlənməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkməyə ərizə ünvanlayaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul eilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Belə ki, mülki işin materiallarında olan: - AP № ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, “Mersedes Benz” minik markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. - "xxxx" ASC tərəfindən tərtib olunmuş zərərdəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2023cü il tarixli hesabatdan görünür ki, “Toyota Camry” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə görüləcək işlər üçün ödənilməli olan cəmi məbləğ 500 manat təşkil edir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktından görünür ki, “Toyota Camry” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülmüş işlərə görə ödənilməli olan məbləğ 2930 manat təşkil edir. - "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, “Toyota Camry” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qiymətləndirmə əməliyyatı və ehtiyat hissələri üçün ödənilməli olan yekun məbləğ 200 manat təşkil edir. Həmin fakturaya əlavə edilmiş qəbzdən görünür ki, 200 manat "xxxx" MMC-yə ödənilmişdir. - Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 9/2529 nömrəli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2021 -ci il buraxılışlı “Toyota Camry” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir. 1.Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla - 2917,95 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 866,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1605,00 manat; ƏDV - 446,95 manat. 2.Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2403,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 866,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1605,00 manat. Nəzəri hesablamalar yolu ilə, "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2021-ci il tarixli “Toyota Camry” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisə baş verən tarixə təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir.
1. Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 490,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 110,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 380,00 manat.
2. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 481,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 101,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 380,00 manat. - Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 9/10488 nömrəli, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsas 2021-ci il buraxlışlı “Toyota Camry” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanma 2916.00 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 1022,00 (866+18% ƏDV) manat; Təmir- bərpa işlərinin q0iyməti - 1894,00 (1605+18% ƏDV) manat; Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 2836,00 manat: cümlədən: Dəyişilməli hissələrin qiyməti - 942,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1894,00 manat. Nəzəri hesablama yolu ilə, ekspertiza tədqiqatına təqdim edilmiş iş materialında olan, "xxxx" ASC tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən, 2021-ci il buraxlışlı “Toyota Camry” markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən aşağıdakı kimi müəyyən edilir: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanma: 1140.00 manat, o cümlədən: Dəyişilməli hissələrin qiyməti - 110,00 manat Təmir-bərpa işlərinin qiyməti - 1030,00 manat . Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1131 manat. Dəyişilməli hissələrin qiyməti - 101,00 manat; Təmir- bərpa işlərinin qiyməti - 1030,00 manat. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə ekspertizası mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422 №-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunduğundan, 2(006)-1849/2024 №- li mülki iş üzrə ekspertiza tədqiqatı iş nıaterialında olan qüsur aktları üzrə təqribi və təxmini hesablandı. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 925.1-ci maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığortaçı zərərin qiymətləndirilməsinə dair məlumatları (zərər dəymiş əmlakın hər bir hissəsinin təmir və ya bərpasına tələb olunan konkret xərclərin məbləği) sığortalıya, sığorta olunana və faydalanan şəxsə kağız daşıyıcıda, habelə elektron poçt və ya digər elektron kommunikasiya vasitələri ilə təqdim etməlidir. 925-1.1 və 925-1.5-ci maddələrinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 16.2-ci maddəsinə və bu Məcəllənin 925.2-ci maddəsinə uyğun olaraq sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbləri nəzərə alınmaqla müstəqil ekspert fəaliyyətini həyata keçirən şəxs tərəfindən aparılır. 926-cı maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. “İcbari sığorta haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatı icbari sığortaların əsas prinsiplərindən biridir. Həmin Qanunun 4.1-ci maddəsiən əsasən bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri fiziki və hüquqi şəxslərin əmlak mənafeləri ilə bağlı məruz qaldıqları zərərlərin əvəzinin ödənilməsini təmin etmək məqsədi ilə tətbiq edilir. Qeyd edilən Qanunun 15.1-ci maddəsinə əsasən icbari sığorta növlərində əmlaka dəyən zərər həmin əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı onun əmlak mənafelərinə dəyən zərərlərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 115.0.1-ci maddəsinə əsasən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinə münasibətdə “2.930 manat məbləğində sığorta ödənişinin ödənilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə qismən təmin edilməlidir. Belə ki, sığorta hadisəsi nəticəsində iddiaçının avtomobilinə “Mersedes Benz” markalı ** OF *** dövlət qediyyat nişanlı avtomobili darə edən şəxs X3 tərəfindən zərərin dəyməsi və X2 idarə etdiyi avtomobilin cavabdeh olan Cavabdeh ASC-də icbari qaydada sığortalanması faktı hazırkı iş üzrə mötəbər sübutlarla öz təsdiqini tapan, işin mübahisəsiz halıdır. Buna görə də iddiaçının dəymiş zərərlə bağlı Cavabdeh ASC-dən sığorta ödənişini tələb etməyə hüququ olmuşdur. Lakin zərərin qiymətləndirilməsi, yəni sığorta ödənişinin müəyyənləşdirilməsi ilə bağlı tərəflər arasında mübahisə olmuş, belə ki, iddiaçı sığorta hadisəsindən sonra "xxxx" MMCyə müraciət etmiş, oradan verilən xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən təmirbərpa xərcinin 2930 manat olması iddiaçı bildirilmişdir. Bundan sonra cavabdehlə müqavilə əsasında fəaliyyət göstərən "xxxx" MMC tərəfindən avtomobilə baxış keçirilmiş və zərərin həcmi 500 manat müəyyən edilmişdir. Lakin iddiaçı bu məbləğlə razı olmamış, buna görə məhkəməyə müraciət etmiş, məhkəmə tərəfindən təyin edilmiş ekspertizanın nəticəsində verilmiş xx.xx.2024-cü il tarixli, 9/2529 nömrəli rəyə əsasən, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 2403,00 manat (aşınma tətbiq edilməklə), "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən isə 481,00 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Lakin cavabdeh həmin rəy ilə razılaşmadığı üçün iş üzrə təkrar ekspertiza keçirilmiş və xx.xx.2025-ci il tarixli 9/10488 nömrəli rəyə əsasən, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 2836,00 manat, "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən isə 1131 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş hər iki ekspertiza rəyi arasında müəyyən uyğunsuzluq olduğunu və təmir-bərpa xərclərinin hesablanmasında fərqli yanaşmalar tətbiq edildiyini nəzərə alaraq, obyektiv və ədalətli yanaşma kimi son ekspertiza rəyində göstərilən zərər məbləğlərinin nəzərə alınmasını daha müvafiq hesab edir. Belə ki, sonuncu ekspertiza rəyi hər iki hesablama arasında olan fərqi daha dəqiq və əsaslandırılmış şəkildə izah etmiş, ekspertiza nəticələri arasında fərq nisbətən az olmuş və daha obyektiv qiymətləndirmə təqdim olunmuşdur. Beləliklə məhkəmə sözügedən xx.xx.2025-ci il tarixli 9/10488 nömrəli ekspert rəyini hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edərək hesab edir ki, həmin rəydə iş materiallarında olan hər iki qüsur aktına istinadən ayrı-ayrı məbləğlər müəyyən edildiyindən məhkəmə tərəfindən təyin edilmiş ekspertiza nəticəsində təqdim edilmiş ekspert rəyində zərər kimi həmin məbləğlərə uyğun ortaq məbləğ çıxarılaraq 1983,5 (2836,00 (yüksək məbləğ olan rəy) + 1131 (az məbləğ olan rəy) ≈1983,5 (ağlabatan məbləğ)) manat məbləğində sığorta ödənişi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə tələbin ödənilmiş 50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə isə münasibətdə isə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 34 manatı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumunun qalan hissəsi İddiaçı aid edilməlidir. Həmçinin, ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatı İddiaçı, qalan 50 (əlli) manatı isə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1983,5 (bir min doqquz yüz səksən üç manat, əlli qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 34 (otuz dörd) manat hissəsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilsin, qalan hissəsi iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatı İddiaçı, qalan 50 (əlli) manatı isə Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 013601**********3944 SWİFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.