Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-1614/2021 17.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.930 manat məbləğində pulun, ödədiyi 60 manat və 90 manat dövlət rüsumlarının Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 mənzil 97 ünvanında yaşayan Cavabdeh 2019-cu ilin 15 avqust tarixində pula ehtiyacı olduğunu deyərək ona borc pul verməsini xahiş etmişdir. O, da onun səmimiyyətinə inanaraq borc pul verməyə razı olmuşdur. xx xxxxxx 2019-cu ildə 1.500 manat pul məbləğini borc olaraq notariusla Cavabdeh vermişdir. 1 aydan sonar yenidən borc pula ehtiyacı olduğunu və əlavə borc pul verməsini xahiş etmişdir. 27 oktyabrda əlavə olaraq 2.980 manat borc pul vermişdir. Pulun verildiyi an o, qəbz yazaraq aldığı bütün pulu, yəni 4.480 manat pul məbləğini yanvar ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. O, Vahidin dediyi vaxtı gözləsə də, sonuncu pulu bu günə qədər ödəməmişdir. O, hər dəfə ona zəng edib pulu tələb etdikdə, cavabdeh müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırmışdır. Onun bu hərəkətləri ailədə sözsöhbətin yaranmasına gətirib çıxarır, maddi vəziyyəti pisləşdirir və ona xeyli ziyan vurur. Məhkəməyə müraciət etdikdən sonar öz aralarında həll edək deyərək müxtəlif vaxtlarda 550 manat pul ödəmişdir. Hətta məhkəmədə də, pulu ödəyəcəyini bildirdiyi üçün işin baxılmamış saxlanılması üçün ərizə yazmışdır. Lakin o gündən Cavabdeh heç bir xəbər yoxdur. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, cavabdehə notariusda 1.500 manat məbləğində pul vermişdir. Sonradan, cavabdeh yenidən ondan pul istəmiş və o, cavabdehə əlavə olaraq 2.980 manat pul vermişdir. Cavabdeh həmin borcdan cəmi 550 manat qaytarmışdır. Cavabdeh ona 3.930 manat borc məbləğini, əlavə olaraq 60 manat və 90 manat ödənilmiş dövlət rüsumlarının əvəzini, cəmi 4.080 manat pul məbləğini qaytarmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddia tələbini etiraf edərək, məhkəməyə bununla bağlı ərizə təqdim etdi və izahatında bildirdi ki, İddiaçı ona qarşı olan iddiasını qəbul edir. İddiaçıya 3.930 manat məbləğində borcu vardır. Habelə borcun tutulması ilə bağlı məhkəməyə ödənilən 60 manat dövlət rüsumlarının və notariusda kredit müqaviləsinin bağlanması üçün 90 manat pulu, cəmi 4.080 manat məbləğində pulu xx xxx 2021-ci il tarixinə qədər iddiaçıya ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlər toplusundan, həmçinin Cavabdeh iddianı etiraf etməsinə dair ərizəsindən görünür ki, İddiaçı tanışı, Cavabdeh Bakı şəhəri 3 saylı notariat ofisi tərəfindən müvafiq qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1.500 manat, daha sonra, yəni xx.xx.2019-cu il tarixdə isə müqavilə bağlamadan 2.980 manat məbləğində borc pul vermişdir. Cavabdeh həmin məbləğdən 550 manat ödəniş etsə də, borcun qalan hissəsini geri qaytarmamışdır. Hazırda İddiaçı borcun qalan hissəsini, yəni 3.930 manat pul məbləğini və məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün onun tərəfindən ödənilmiş dövlət rüsumlarının əvəzi olan 60 manat və xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin bağlanması üçün ödənilmiş 90 manat, ümumilikdə 4.080 manat məbləğində pulu Cavabdeh tələb edir. Cavabdeh öz növbəsində isə iddianı qəbul edərək, xx xxx 2021-ci il tarixinə qədər iddiaçıya ödəyəcəyini bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəfindən məhkəməyə hazırki iddianın verilməsi üçün 30 manat və 2(006)- 2493/2020 saylı mülki iş üzrə (Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-2493/2020 saylı qərardadı ilə İddiaçı ərizəsi əsasında baxılmamış saxlanılmışdır) 30 manat, cəmi 60 manat məbləğində dövlət rüsumları ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, 3.930 manat pul vəsaiti, ödənilmiş 60 manat və 90 manat dövlət rüsumu olmaqla, cəmi 4.080 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 3.930 manat pul vəsaiti, ödənilmiş 60 manat və 90 manat dövlət rüsumu olmaqla, cəmi 4.080 manat pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-1614/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-1614/2021
17.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver