Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-162/2022 25.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, cavabdehin nümayəndələri X1 və Nümayəndə Habil oğlunun iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx.xx.2022-ci il tarixdə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş borcun geri qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətləri Sığortalanması Fondundan 60.000 ABŞ dolları məbləğində pulun alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh1 ASC-nin Gəncə filialı ilə arasında bağlanmış 16 avqust 2011-ci il tarixli, kredit müqaviləsinə əsasən 140.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi İddiaçı2 məxsus Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 3-cü mikrorayon, bina 14, mənzil 76 və X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsi ev 152 ipotekaya qoyulmuşdur. Qanuni qüvvəsini almış qətnamə ilə ondan borcun tutulması qət edildikdən sonra da o, ödənişləri etməyə davam etmişdir. Onun adına cavabdeh tərəfindən iki hesab açılmış, bir hesab manatla, bir hesab isə dollar hesabı ilə müəyyən olunmuşdur. Bu səbəbdən də hesablama düzgün aparılmamışdır. Qanuni qüvvəyə minmiş qətnamə ilə ondan tutulan məbləğ X2 məxsus ev satılaraq borca silinmişdir. Lakin həmin vaxta kimi o, artıq 60.000 (altmış min) ABŞ dolları məbləğində pulu ödəmişdir. Ancaq ona həmin məbləğ qaytarılmamışdır. Nəticədə bank əsassız olaraq varlanmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri X1 və Nümayəndə işə mahiyyəti üzrə baxılmasını tələb etmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişlər. İddiaçılara məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Cavabdeh1 ASC İddiaçı1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 310/7-USD nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ASC borcalan İddiaçı1 30 ay müddətinə illik 20% dərəcəsi ilə 140.000 ABŞ dolları məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/2290 saylı ekspert rəyindən görünür ki, İddiaçı1 xx.xx.2013-cü il tarixə (sualda göstərilən qətnamənin tarixinə) Cavabdeh1 ASC-nə olan borcu 121.635,14 USD məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 103.679,51 USD, faiz borcu üzrə 17.955,63 USD həmçinin hesabdan çıxarış məlumatlarından göründüyü kimi, xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 5.347,96 USD məbləğində ödəniş edilmiş və xx.xx.2016-cı il tarixdə isə ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Y/Gəncə qəsəbəsi, 3-cü mkr., bina 1/2 , 76 saylı mənzilin açıq hərrac vasitəsi ilə satışdan əldə edilmiş pul hesabına 142.800,00 manat (88.126,39 USD) (84.342,33 USD əsas borc, 3.784,06 USD isə faiz borcuna silinmişdir. 93.474,35 USD (5.347,96+88.126,39) USD məbləğində ödəniş nəzərə alındığı təqdirdə 28.160,79 USD (121.635,14 -93.474,35) məbləğində borcu qalacaqdır. O cümlədən əsas borc üzrə 14.115,91 USD, faiz borcu üzrə14.044,88 USD. İşin mübahisələndirilməyən hallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-52/2013 saylı, xx.xx.2013-cü il tarixli qətnaməsinə əsasən İddiaçı1 Cavabdeh1 ASC-yə xx.xx.2011-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 119.335,63 ABŞ dolları məbləğində kredit borcunun olması müəyyən edilmiş, tutmanın ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Bu faktın hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Hazırda iddiaçılar isə qanuni qüvvəsini almış qətnamə ilə borcun tutulması qət edildikdən və ipoteka predmeti olan əmlaklar açıq hərracda satıldıqdan sonra ondan əsassız olaraq əlavə 60.000 ABŞ dolları məbləğində pulun tutulduğuna istinadən bu məbləğdə pulun cavabdeh təşkilatdan alınaraq onlara qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Qeyd edilən xüsusatların yoxlanılması məqsədilə məhkəmə tərəfindən mühasibatlıq ekspertizası təyin edilmiş, xx.xx.2022-ci il tarixli 9/2290 saylı ekspert rəyinə əsasən İddiaçı1 tərəfindən xx.xx.2013-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 5.347,96 ABŞ dolları məbləğində ödəniş edildiyi və xx.xx.2016-cı il tarixdə ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, Y/Gəncə qəsəbəsi, 3-cü mkr., bina 1/2, 76 saylı mənzilin açıq hərrac vasitəsi ilə satışından əldə edilmiş 88.126,39 ABŞ dollarının 84.342,33 ABŞ dolları əsas borcundan, 3.784,06 ABŞ dolları isə faiz borcundan silindiyi, hazırda isə onun əsas borc üzrə 14.115,91 ABŞ dolları, faiz borcu üzrə 14.044,88 ABŞ dolları məbləğində borcu qaldığı müəyyən edilmişdir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iddianın qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsi təşkil edir. Belə ki, iddiaçılar “artıq ödənilmiş borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 bağladığı kredit müqaviləsinin şərtləri ilə əhatə olunmayan əsasla və müqavilənin tələblərinə zidd olan qaydada Bankın onlardan aldığı artıq pul vəsaitinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. Məhkəmə İddiaçı1 iddia tələbləri ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi hazırkı işdə qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur. Belə ki, Bank ilə İddiaçı1 arasında bağlanmış xx.xx.2011-ci il tarixli 310/7-USD saylı kredit müqaviləsi üzrə artıq ödənişlərin həyata keçirildiyi halı müəyyən edilməmişdir. Əksinə yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərəfindən İddiaçı1 cavabdehə hələ də borclu qaldığı müəyyən edilmişdir. Beləliklə iddiaçının tələblərinin əsası kimi istinad etdiyi hallar, yəni cavabdeh tərəfindən onun tərəf olduğu kredit müqaviləsi üzrə tutulmaların düzgün aparılmadığı, cavabdehin onun hesabına əsassız olaraq varlandığı sübuta yetirilmədiyindən və beləliklə də iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən hazırki iddia rədd edilməlidir. Məhkəmə belə qənaətə gələrkən mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə İddiaçı2 iddia tələbləri ilə əlaqədar isə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, məhkəmənin gəldiyi qənaətə görə İddiaçı2 müqavilə tərəfi olmayan xx.xx.2011-ci il tarixli 310/7-USD nömrəli kredit müqaviləsi üzrə artıq ödənilmiş pulun geri qaytarılmasına dair iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələləri araşdırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarında əks edilmiş hüquqi mövqeyə əsasən “.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Beləliklə pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə o zaman yol verilə bilər ki, iddiaçının müvafiq subyektiv hüququnun mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edilmiş olsun. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı2 iddiası, buna müvafiq subyektiv hüququ olmayan şəxs tərəfindən qaldırıldığından rədd olunmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “artıq ödənilmiş pulun geri qaytarılması” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-162/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-162/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver