Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-1649/2025 18.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızı, İddiaçı Cavabdeh qarşı “qətnamə ilə sabit pul məbləğində tutulmuş alimentin artırılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “qətnamə ilə sabit pul məbləğində tutulmuş alimentin artırılması” tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə kəsilmiş alimentin miqdarını iddiaçının xeyrinə dəyişdirərək, xx.xx.2013-cü il təvəllüdlü X1 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün sabit pul məbləğində hər ay hər bir uşağa görə 246 manat, cəmi 492 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Əsaslandırıcı hissə:
3. Məhkəmə qeyd edir ki, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yarandığından, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu tərəfindən xx.xx.2024-cü il tarixli, 15 №-li qərar qəbul edilərək, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarına, o cümlədən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına əlavə və dəyişikliklər edilmişdir.
4. Həmin əlavə və dəyişikliklərdən biri də ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərarda, həmçinin, qeyd edilmişdir ki, əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.
5. Qərarda o da göstərilmişdir ki, yalnız Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu (tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa) məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.
6. Qərarda qeyd olunan göstərişləri nəzərə alaraq məhkəmə hazırkı iddia ərizəsini araşdırıb hesab edir ki, ərizə tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olması ilə deyil, yaşayış minimumunun artırılması, yetkinlik yaşına çatmayan uşaqların tələbatlarının artması ilə əsaslandırıldığından, yəni ərizənin mahiyyəti indeksasiya xarakteri daşıdığından, hazırkı ərizəyə müstəqil olaraq, ayrıca iddia icraatı qaydasında deyil, müvafiq yekun məhkəmə aktının icrası çərçivəsində “8” indeksi ilə baxılmalıdır.
7. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 151.1-ci maddə. Ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür; 153.2, 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.5-153.6-cı maddə. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir.
8. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına əlavə və dəyişikliklərin edilməsi barədə” xx.xx.2024-cü il tarixli, 15 №-li qərarı: 1.1-ci bənd. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilmişdir: 1.2.1-ci bənd. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-2-ci bənd. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. 8.4-3-cü bənd. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.
9. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda, yaxud iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə, xüsusi icraat, icra icraatı) baxılmalı olmasını, habelə qanunla xüsusi mübahisələndirmə qaydası müəyyən edilmiş aktların iddia icraatı qaydasında baxılmalı olmadığından ərizənin qəbul edilməsindən imtina edilməsini ehtiva edir.
10. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddiaçıya müvafiq yekun məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmaqla, hazırkı iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.
Nəticə:
11. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151, 153.2.1, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “qətnamə ilə sabit pul məbləğində tutulmuş alimentin artırılması” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya izah edilsin ki, müvafiq yekun məhkəmə aktının icrası qaydasında – “8” indeksi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.
Hakim: Günay Abidova